Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” -Kremlin inadkarlığı iqtisadi, siyasi əlaqələrə ciddi təsir edə bilər
Braziliya Hərbi Hava Qüvvələrinin laboratoriyası ötən ay qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus Braziliya istehsalı “Embraer 190” təyyarəsindən götürülən qara qutunun oxunmasını başa çatdırıb.
Yenixeber.org: Bildirilir ki, uçuş qeydləri məlumatları qəzanı araşdıran Qazaxıstanın müvafiq orqanına göndərilib. İndi adıçəkilən dövlətin istintaq orqanları qəzanın dəqiq səbəbləri barədə açıqlama verməlidirlər. Əlbəttə, ümumi şəkildə təyyarənin Qroznı səmasında Rusiya HHM tərəfindən vurulması, daha sonra cinayətin izini itirmək məqsədi ilə Xəzər dənizinə istiqamətləndirilməsi barədə Azərbaycan ictimaiyyətində möhkəmlənmiş fikir var. İctimai rəyin formalaşmasında foto, video sübutlar, sərnişinlər və uçuş heyətinin ifadələri ilə yanaşı, Azərbaycan rəhbərliyinin açıq, kəskin mövqeyi də rol oynayıb. Görünür, Rusiya-Azərbaycan münasibətləri daha əvvəlki səviyyədə olmayacaq, Moskva Bakının gözlədiyi reaksiyanı vermək niyyətində deyilsə, 2025-ci ildə ümumiyyətlə yaxşı heç nəyə ümid etməyə dəyməz.
Bu kontekstdə Prezident İlham Əliyevin məsələyə dəfələrlə qayıtması da təsadüfi deyil. Ehtimal ki, Kremlin hələ də susqunluq nümayiş etdirməsi Bakının səbir kasasını daşırır. Dövlət başçısı sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə Rusiyanın ünvanına əvvəlkindən daha sərt ifadələr işlədib, həmçinin yeni informasiyaları da açıqlayıb.
Prezident bildirib ki, Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Dövlət başçısı vurğulayıb ki, bu fakt ortada çox ciddi cinayət tərkibli məsələlərin olduğunu göstərir. “Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi”, - o, qeyd edib.
İlham Əliyev açıqlayıb ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi, AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. “Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi”, - ölkə başçısı sual edib.
Prezident vurğulayıb ki, Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq cəhdi həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur.
Məntiqlə, Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi iki qonşu ölkənin maraqlarına uyğun deyil. Xüsusən, 2 ilə yaxındır Ukraynaya qarşı apardığı müharibədə ağır itkilər verən, beynəlxalq sanksiyalara məruz qalan Rusiya cənub qonşularından Azərbaycanla sabit inkişafda olan münasibətlərini tormozlaya bilməz. Rəsmi Bakı müharibədən əvvəl və sonrakı dövrdə proqnozlaşdırılan siyasət yürüdüb, Rusiyanın regionda təhlükəsizlik, siyasi və iqtisadi maraqlarını mümkün qədər nəzərə alıb. Münasibətlərin sınaq dövrü hesab olunan zaman kəsiyində Azərbaycan qarşılıqlı bərabərhüquqlu münasibətlər çərçivəsində öhdəliklərinə əməl edib.
Azərbaycana gəldikdə, Rusiya onun ən böyük qeyri-neft ticarət tərəfdaşıdır, ötən il ticarətin həcmi 4 milyard dolları keçib, qonşu ölkədə yüz minlərlə azərbaycanlı çalışır, onların göndərdikləri vəsaitlər ölkədə sosial sabitliyin təmin olunmasında rol oynayır. Habelə Rusiya Azərbaycanın aqrar sektorunda istehsal olunan məhsulların əsas bazarıdır, bu sektor ölkəyə ildə 900 milyon dollara qədər valyuta gətirir.
Qroznı səmasında sərnişin təyyarəsinin HHM tərəfindən vurulmasına Moskvanın verdiyi reaksiya, xüsusən Azərbaycanın ən yüksək səviyyədə gözlədiyi addımları atmaması, əskinə xüsusi xidmət orqanlarına bağlı informasiya resurslarında şantaj tipli təbliğata start verməsi münasibətləri ciddi şəkildə zədələyir. Rusiya rəhbərliyi niyə belə mövqe tutub, aydın deyil. Çünki ortalıqda insanlığa qarşı cinayətlər kateqoriyasına aid ediləcək cinayət faktları var. Bəlkə Kremldə Azərbaycan rəhbərliyinin öz xalqı və dünya ictimaiyyəti qarşısında bu faktları görməzdən gəlməsinə ümid ediblər? Prezidentin kəskin mövqeyi Rusiya isteblişmentində belə ümidləri qırıb və narazılıq doğurub...
Rusiya-Azərbaycan münasibətlərində soyuqluq qarşıdakı aylarda artan gərginliklə, qarşılıqlı addımların atılması ilə nəticələnə bilər. Artıq ilkin addımlar atılıb, Rusiya miqrasiya qanunlarını sərtləşdirib, azərbaycanlı miqrantlar yeni qaydalardan və dövlət qurumlarının kobud münasibətindən əziyyət çəkir. Azərbaycan XİN də buna cavab olaraq Rusiya vətəndaşlarının ölkədə qalma müddətini azaldıb. Təbii ki, bu qərardan həm də Rusiya vətəndaşlığı almış azərbaycanlılar da əziyyət çəkəcək, onların istədikləri vaxt, ilin bir hissəsini Azərbaycanda qalması mümkün olmayacaq.
Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlı miqrantlara qarşı təqiblərə başlaması da gözləniləndir. Artıq bu barədə soydaşlarımızdan siqnallar gəlir. Yaxın keçmişdə -“Krokus” Ticarət və əylənə Mərkəzində baş vermiş terror aktından sonra Tacikistandan olan işçi miqrantlar kütləvi şəkildə Rusiyadan deportasiya edilmişdi, bu gün də təqiblər davam edir. Günün birində azərbaycanlı miqrantlara qarşı eyni addımların atılması gözləniləndir. Rusiya münasibətlərin eniş dövründə Azərbaycana qarşı daim bu təzyiq rıçaqından istifadə edib.
Rusiyanın növbəti təzyiq aləti Azərbaycandan bu ölkəyə ixrac edilən kənd təsərrüfatı məhsullarına maneələr yaratmasıdır. Bu “alətdən” zaman-zaman Türkiyəyə, Gürcüstana, Ermənistana və elə Azərbaycana qarşı istifadə olunub. Pomidor, digər tərəvəz məhsulları, meyvələr sərhəddən müxtəlif bəhanələrlə geri qaytarılıb.
Bundan başqa, Rusiya Azərbaycana taxıl və s. ərzaq məhsullarının, eləcə də yanacaq və sənaye mallarının ixracını da məhdudlaşdıra bilər.
Şübhəsiz, bu təzyiq üsulları Azərbaycanda problemlər yarada bilər. Amma Rusiyanın iqtisadi təzyiqləri uzun müddət davam etdirmək, miqrantları ölkədən qovmaq lüksü yoxdur. Çünki Rusiya Ukraynaya qarşı işğalçı müharibədə işçi qüvvəsinin əhəmiyyətli hissəsini itirib, ölkədə ciddi işçi qıtlığı yaşanır. İtkilərin yerini ticarətdə, müxtəlif kommunal qurumlarda, sənayedə çalışan miqrantlar doldurur. Onlara qarşı diskriminasiya yaxın perspektivdə Rusiya hökuməti üçün ciddi başağrısına səbəb ola bilər.
İqtisadi-ticarət əlaqələrinin məhdudlaşdırılması da ölkədə qıtlıq və bahalığı tətikləyə bilər. Azərbaycandan göndərilən təzə meyvə, tərəvəz məhsulları əhalinin istehlakında mühüm yer tutur. Hazırkı ağır sosial-iqtisadi şərtlərdə bu məhsulların idxalını diversifikasiya etmək çətin məsələdir, ikincisi, Rusiyanın postsovet ölkələrindən olan başqa ticarət tərəfdaşları ilə münasibətləri də ürəkaçan deyil.
Azərbaycan Rusiya ilə müqayisədə kiçik imkanlara malik olsa da, həmsərhəd ölkə kimi strateji təhlükəsizlik əhəmiyyəti daşıyır. Mübaliğəsiz demək olar ki, hazırda Rusiyanın ən təhlükəsiz, insidentsiz sərhədləri Azərbaycan Respublikası ilədir.
Rəsmi Bakı müttəfiqinin üzləşdiyi qeyri-adekvat münasibətə qarşı bəzi tədbirlərə əl ata bilər. Məsələn, 3+3 formatında iştiraka yenidən baxmaq, Qərbin regionda nüfuzunun genişlənməsinə qarşı “birgə mübarizədən” imtina etmək, ABŞ və Avropa İttifaqı ilə korlanan münasibətlərə yeni nəfəs vermək kimi imkanlara sahibdir. Xüsusən Türkiyə ilə hərbi-strateji müttəfiqliyin Rusiyanın arzulamadığı ölçüdə inkişaf etdirilməsinə heç bir maneə yoxdur. Rusiyalı jurnalistlər Azərbaycan Prezidentinə Türkiyə hərbi bazaları ilə bağlı növbəti dəfə sual ünvanlayarkən çox fərqli cavablar ala bilərlər...(pressklub)