Putinin ad günündə qan qaraldan söhbətlər -MDB sammiti hansı nəticələrlə yadda qaldı?
Oktyabrın 7-8-də Moskvada Rusiya Prezidentinin 72-ci doğum günündə planlaşadırılan MDB dövlət başçılarının qeyri-formal sammiti gözləniləndən daha maraqlı keçdi. Çünki Rusiya-Ermənistan, Azərbaycan-Rusiya, Azərbaycan-Ermənistan münasibətlərində bir sıra mübahisəli məsələlər həm dövlət başçılarının, həm də xarici işlər nazirlərinin üzbəüz oturduğu masada əsas müzakirə mövzusu idi.
Yenixeber.org: Əvvəlcə Azərbaycan-Rusiya danışıqları barədə.
Prezident V.Putin və Prezident İ.Əliyev arasında müzakirələrdə diqqətçəkən mövzu Kreml sahibinin avqustda Bakıya sonuncu səfəri zamanı razılaşdırılan yeni layihələrin icrası ilə bağlıdır. Liderlər mahiyyətə varmasalar da, ehtimal ki, yeni razılaşmalar siyasi, iqtisadi və regional mövzuları əhatə edir.
Rusiya Qərbin Azərbaycan-Ermənistan sülh danışıqlarına müdaxilə etməsindən, İrəvan üzərindən regionda nüfuzunun möhkəmləndirmək cəhdlərindən narahatdır. V.Putinin köməkçisi Uşakovun sammit ərəfəsindəki açıqlamasını xatırladaq:
“ABŞ və bir sıra Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi prosesinə müdaxilə etməyə cəhdlər göstərirlər. Biz hesab edirik ki, bütün əsas iş Moskvada görülüb. Hazırda qərblilər danışıqlar prosesinə və bununla da regiona soxulmağa cəhd göstərirlər".
Beləliklə, Moskva Gürcüstandakı seçkiqabağı prosesləri diqqətlə izləyir və hazırkı status-kvo-nun qalmasında maraqlıdır, bu istiqamətdə Bakının imkanlarına ehtiyac duyur;
Sanksiyalardan dolayı Rusiyanın iqtisadi vəziyyəti çətinləşir, enerji məhsulları üçün yeni satış bazarları, Qərb bazarlarına çıxacaq alternativ infrastruktur axtarır;
Rusiya Azərbaycanla Qərb strukturları arasında, xüsusən ABŞ-la münasibətlərinin kəskinləşməsində maraqlıdır və əlindəki resurslarla Bakıya dəstək verərək vəziyyətin daha da dramatikləşməsinə çalışır və s.
Putinin Azərbaycana səfərindən sonra müxtəlif dövlət strukturları arasında təmaslar intensivləşib, bütün görüşlərdə vurğulanır ki, 2022-ci ilin 22 fevral tarixində imzalanmış “Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında” Bəyannamə icra olunmalıdır. Liderlər Moskvada həm Bəyannamə, həm də onun çərçivəsində əldə olunmuş yeni razılaşmaların icra vəziyyətini bir daha nəzərdən keçirərək, əməkdaşlığın faydalılıq əmsalını yüksəltmək niyyətində olduqlarını bəyan ediblər.
MDB sammitində Rusiya-Ermənistan arasında mövcud iqtisadi-siyasi əlaqələr, xarici siyasət istiqamətləri üzrə kəskinləşən münasibətlər Putin və Paşinyan arasında müzakirə olundu. Gözləntilərin əksinə, Ermənistan lideri “müttəfiqləri” tərəfindən nümayişkərana təzyiq və aşağılanma ilə üzləşmədi. Əksinə, Paşinyan həm sammitdə, həm də ikitərəfli görüşdəki çıxışlarında özünə inamlı təsir bağışladı. Sosial şəbəkələrdə Moskvadakı əhval-ruhiyyəsini əks etdirən foto-videolar paylaşması da Baş nazirin Rusiya elitası qarşısında duruş gətirdiyini göstərirdi. Tədbirin yekunlarına baxdıqda Paşinyanın istədiklərinə nail olduğunu vurğulamaq lazım gəlir:
Əvvala Paşinyan Putinin iştirakı ilə Azərbaycan lideri ilə üçtərəfli görüş keçirmədi. Əlbəttə, bu, Azərbaycan-Ermənistan sülh danışqılarını israrla, böyük zəhmətlə ikitərəfli məcraya yönəltmiş İlham Əliyevin də ürəyindən idi. Amma Paşinyan razılıq versəydi, Azərbaycan lideri formal da olsa onun keçirilməsinə etiraz etməzi. Çünki Rusiya ilə xüsusi münasibətlər bu demarşa imkan vermir.
Kreml sahibi Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda sülh danışıqlarını müzakirə etməyə məcbur oldu. O, xüsusi ilə diqqəti Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında açılmasına yönəltdi.
Paşinyan həm Putinlə söhbətdə, həm də MDB liderlərinin görüşündə çıxış edərək bildirdi ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında açılmasına qarşıdır. “Ermənistanın guya öz suveren ərazisində kommunikasiyalara üçüncü ölkələrin nəzarət etməsinə razılıq verməsinə və guya belə bir icazəni ehtiva edən hər hansı sənədin varlığına dair bütün iddialar sadəcə olaraq doğru deyil. Öz ərazisində təhlükəsizliyi təmin etmək hər bir ölkənin suveren vəzifəsidir”, - Baş nazir deyib.
O, ilk dəfə publik şəkildə 10 noyabr üçtərəfli bəyanatına qarşı çıxdı, Rusiyanın tələbini rədd etdi, gözləntilərin əksinə V. Putin ona cavab vermədi. Beləliklə, Moskvada üçtərəfli görüşün baş tutmaması Paşinyanın Qərb müttəfiqləri arasında “hörmətini” artırdı. Rusiya bu mövzudan, demək olar, tamamilə kənarda qaldı.
Amma Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə sammitdən sonra bəyan edib ki, Ermənistan və Azərbaycan öz sərhədlərini ticarət və səfərlər üçün yalnız Rusiyanın iştirakı ilə aça bilərlər: “İrəvan artıq bir ilə yaxındır ki, Ermənistan-Azərbaycan nəqliyyat kommunikasiyalarının açılışı ilə məşğul olan üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan komissiyasındakı fəaliyyətini dondurub”. Bəyanatdan göründüyü kimi, Rusiya Ermənistanın israrı ilə barışmaq niyyətində deyil, təzyiqlər davam edəcək.
İkincisi, Ermənistan MDB sammitinin iki sənədinə - “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Birtərəfli tədbirlərdən istifadənin yolverilməzliyi” ilə bağlı bəyanatlara qoşulmadı.
Belə ki, Xarici işlər naziri Ararat Mirzoyan Rusiya və keçmiş sovet respublikaları xarici işlər nazirlərinin Qərbin Moskvaya qarşı birtərəfli sanksiyalarını pisləyən və çoxqütblü beynəlxalq təhlükəsizlik nizamına çağıran birgə bəyanatları imzalamaqdan imtina edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə çıxışında bu sənədin əhəmiyyətini xüsusi vurğulamışdı. O, Rusiyanın Ukraynaya təcavüzkar müharibəsi başlanandan bəri Moskva üzərinə qoyulmuş geniş Qərb sanksiyalarını pisləyib: “Birləşmiş Ştatlar və onun satellitləri qanunsuz sanksiyaları artıq üçüncü ölkələrə tətbiq edirlər. Biz bu kriminal fəaliyyətin qarşısının necə alınmalı olduğunu bilirik”.
“Avropada təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığın prinsipləri” bəyanatı da açıq şəkildə Qərbə ünvanlanmışdı. Bəyanatda deyilir ki, “MDB ölkələri Avrasiyada inteqrasiya və bərabərhüquqlu proseslərin əngəllənməsinə yönəlmiş zorakı diktəni pisləyirlər”.
Beləliklə, Mirzoyan Moskvada bu sənədlərə imza atmamaqla Qərb müttəfiqlərinə Ermənistanın “sədaqətini” nümayiş etdirib.
Ən mühüm nəticələrdən biri isə Nikol Paşinyan və Vladimir Putinin gözlənilmədən Rusiya sərhədçilərinin 1 yanvar 2025-ci il tarixdən Ermənistan-İran sərhədinin buraxılış-yoxlama məntəqəsindən çıxarılmasına dair razılığa gəlməsi idi.
Bu razılaşmaya əsasən, Ermənistan sərhədçiləri sərhəd-buraxılış məntəqəsində bütün fəaliyyəti öz üzərilərinə götürəcəklər. Bundan başqa, Ermənistan-Türkiyə sərhədinin mühafizəsində bundan sonra Rusiya hərbçiləri ilə yanaşı Ermənistan hərbçiləri də iştirak edəcəklər.
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryanın bugünkü açıqlamasını xatırlatmaq yerinə düşər:
“Zvartnots” sərhədçilərimizin nəzarətə keçməsinin hansı fəaliyyətin nəticəsində reallığa çevrildiyini xatırlayırsınız? Heç kim inanmırdı, lakin Ermənistanın hakimiyyət orqanları nəzarət-buraxılış məntəqələrində suverenliyimizin təmin olunması ilk addımı məhz “Zvartnots” hava limanında atıblar. Növbəti addımı da gördünüz, artıq qərar verilib, yanvarın 1-dən İranla sərhəddə nəzarət-buraxılış məntəqəsini bizim Sərhəd Qoşunlarının bölmələri idarə etməlidir. Deyə bilərik ki, Ermənistan müəyyən müddətdən sonra həm Türkiyə, həm də İranla dövlət sərhədlərini tam müstəqil şəkildə qorumağı qarşısına məqsəd qoyub”.
Xatırladaq ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini onilliklərdir ki, Rusiya hərbçiləri mühafizə ediblər. İki ölkə arasında dərinləşən ziddiyyətlər olduğu halda bu razılaşmanın necə əldə olunması təəccüb və maraq doğurur.(pressklub)