Müttəfiqlik də, fikir ayrılıqları da qalır -TƏHLİL
Türkiyə Azərbaycanın narahatlıqlarını bölüşürmü?
Yenixeber.org: Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəli həmkarı Hakan Fidanın dəvəti ilə Ankarada işgüzar səfərdə oldu. Bu barədə səfərdən bir gün öncə diplomatik mənbələrə istinadla Türkiyə mediasının yaydığı məlumatda müttəfiqlərin Şuşa bəyannaməsindən irəli gələn münasibətlərin daha da inkişaf etdirilməsi, ikitərəfli münasibətləri və regional məsələləri, Azərbaycan və Ermənistan arasında sülh prosesini, həmçinin Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edəcəyi açıqlanmışdı.
Böyük ehtimalla, bu səfər Rusiya prezidenti Vladimir Putinin (18-19 avqust) səfərindən bir gün öncə Azərbaycan və Türkiyə liderləri arasında aparılan telefon danışığında razılaşdırılmışdı. Dəvətin Ankaradan gəlməsi, habelə səfərdən əvvəl Türkiyə XİN-in yaydığı açıqlamada əsas müzakirə predmetinin sülh danışıqları olacağı da müttəfiqlərin gündəminə işıq salır.
Dünən gün ərzində Türkiyə XİN və nazir Fidan müzakirələrlə bağlı X (Tvitter) səhifəsində xüsusi açıqlama yaymadı. Nazirliyin səhifəsində isə nazirlərin səfərin yekunları ilə bağlı qısa açıqlamalarının videosu yerləşdirilmişdi. Hakan Fidan çıxışında Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin önəmini vurğulayıb, Şuşa bəyannaməsi ilə müttəfiqlik münasibətlərinə yüksəlmiş münasibətlərin daha da genişləndirilməsinin yollarını müzakirə etdiklərini deyib.
Habelə tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini də masaya yatırıblar.
Ceyhun Bayramov isə çıxışında diqqəti Ermənistandan regionda sülhə, barışa gələn təhdidlərə yönəldib:
“Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir. Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət dinamika müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalır. Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək, Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur”.
C.Bayramov həmçinin deyib ki, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var: "Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”.
Qeyd edək ki, H.Fidandan fərqli olaraq, C.Bayramov “X” səhifəsində Türkiyə səfəri ilə bağlı paylaşım edib, səfərin nəticələrindən məmnunluğunu ifadə edib. “İkitərəfli və çoxtərəfli Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələri regional təhlükəsizlik və rifah üçün mühüm mərhələdir ”.
Səfərin yekunlarına gəldikdə, son vaxtlarda mətbuat səhifələrinə çıxış fikir ayrılıqlarından sonra rəsmi şəxslərin bir araya gəlib müzakirələr aparması müsbət haldır. Bu, ziddiyyətlərin cari siyasi maraqlarla bağlı olduğunu, fundamental münasibətlərə təsir etmədiyini göstərir. Amma geosiyasi proseslərin yüksək dinamikası və dəyişkənliyi tərəflərin öz maraqlarını qorumaq, fürsətlərdən faydalanmaq, riskləri sığortalamaq üçün çevik addımlar atmağı tələb edir. Azərbaycan xarici işlər naziri türkiyəli həmkarına sülh üçün tarixi imkanların mövcud olduğundan, amma Ermənistanın Qərb müttəfiqləri tərəfindən silahlandırılmasının, konstitusiyasından Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını çıxarmamasının yaratdığı risklərdən danışıb.
Publik bəyanatlarda Hakan Fidanın azərbaycanlı həmkarının konkret olaraq bu narahatlıqlarına necə cavab verdiyi məlum deyil. Xatırladaq ki, rəsmi Ankara prezident, XİN başçısı, müdafiə naziri səviyyələrində Cənubi Qafqazda sülh üçün yaxşı şərait yarandığını bəyan edib və tərəfləri şansları dəyərləndirməyə çağırıblar. Türkiyə rəhbərliyi heç bir ilkin şərt olmadan Ermənistanla münasibətlərin normallaşdırlması və sərhədlərin açılmasına tərəfdar olduğunu da ifadə edib. Ötən ayın 17-də Ərdoğanla Paşinyan arasında keçirilən telefon danışığında, daha sonra hər iki tərəfin normallaşma prosesinə məsul diplomatların Marqara sərhəd keçid məntəqəsində görüşündə bu barədə niyyət ifadə olunub.
İndi rəsmi Bakı Ermənistanın sürətlə silahlanmasını və Konstitusiyasından hər iki ölkəyə qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsini yüksək səviyyədə Ankara qarşısında qaldırır. Maraqlıdır, Türkiyə rəhbərliyi müttəfiqinin bu narahatlığına konkret münasibət bildirməkdən yayınır. Bu, nazir Bayramovun “səfərdən məmnun qaldıq” açıqlamasına rəğmən, müttəfiqlər arasında fikir ayrılıqlarının davam etdiyinə işarədir. Məlum olduğu kimi, Türkiyə ABŞ-la hərbi, iqtisadi sahələrdə anlaşmalar əldə edib və hazırda onlar icra mərhələsindədir. Görünür, Ankara indiki mərhələdə bu anlaşmaları riskə atmaq istəmir...
Son günlər Azərbaycanın yarımrəsmi mediasında Ermənistanın Qərb tərəfindən silahlanmasına qarşı cavab tədbirləri müzakirə olunur, bəzi ekspertlər hətta Ermənistan ərazisindəki hədəfləri vuraraq bufer zona yaratmağı təklif edir. Bu yanaşmalar Kremlin təbliğat ruporlarının (Solovyov) “Ermənistan Qərbi regiona gətirmək siyasətini davam etdirəcəksə, Sovet dövründə Azərbaycandan ona hədiyyə oluna ərazilərdən məhrum ola bilər” tezisi ilə də müəyyən qədər səsləşir.
Şərti sərhədin Naxçıvan istiqamətində atəşkəsin pozulması barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamaları da müəyyən nəticələr çıxarmağa şərait yaradır. Yeri gəlmişkən, bu barədə sonuncu bəyanat elə bu gün səhərə yayılıb. “Bu gün saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan bölməsində yerləşən Azərbaycan mövqeləri istiqamətində iriçaplı pulemyotlardan atəşə tutulub”, - nazirliyin açıqlamasında bildirilir. Qeyd edək ki, erməni tərəfi atəşkəsin pozulmadığını iddia edir.
Beləliklə, Azərbaycan Zəngəzur dəhlizinin sülh danışıqlarının layihəsindən çıxarılması ilə bağlı Ermənistanla ilkin razılığa gəlsə də, Qərbin bu ölkəni silahlandırmasından, siyasi, iqtisadi münasibətlərini gücləndirilməsindən narahatdır. Rusiyadan verilən bəyanatlar isə onu göstərir ki, Qərbin Ermənistandakı fəallaşması Moskvanı Azərbaycandan daha çox narahat edib. Amma Azərbaycanın müttəfiqi Türkiyə Bakının əndişlərini soyuqqanlılıqla qarşılayır və bölüşmədiyini nümayiş etdirir. Ən azı publik çıxışlarda görünən durum bundan ibarətdir.
Ermənistan isə siyasi və lobbi imkanlarından istifadə edərək, Azərbaycanın yeni hərbi zərbələrə hazırlaşdığı barədə beynəlxalq aləmdə rəy yaratmağa çalışır. Bu barədə yayılan materiallardan görünür ki, bu dəfə daha çox Türkiyə deyil, Rusiya amili qabardılır və Bakıya xəbərdarlıq, preventiv siyasi zərbələr vurmaq təklif olunur. Söhbət COP-29-un boykot olunması, siyasi sanksiyalar kimi hədələrdən gedir.
P.S
Bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidneti İlham Əliyevə zəng edib. Açıqlamada deyilir:
“... prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər”.
“....Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.(pressklub)
Turqut