Assanj epopeyası:WikiLeaks partlayışından həbsxanaya qədər
Qalmaqallı haker sövdələşmə ilə azadlığa çıxacaq
Yenixeber.org: WikiLeaks layihəsinin yaradıcısı Culian Assanj iyunun 24-də Britaniya həbsxanasından çıxdı və ABŞ-ın ada ərazisi olan Şimali Marian adalarına yollandı. Onun ABŞ-ın milli müdafiəsi haqqında sirləri yaymaqda günahını etiraf edəcəyi və beş illik həbsdən sonra azad olunacağı gözlənilir.
Assanjın tərəfdarları onu həqiqət uğrunda cəsur mübariz hesab edirlər. Tənqidçiləri isə konfidensial informasiyanı şəbəkəyə yerləşdirməklə çoxlu adamın həyatını təhlükəyə atan məsuliyyətsiz şöhrət düşkünü adlandırırlar.
Assanjın nə ilə tanınması və başına gələnlərdən bəhs edirik.
İlk illər
Assanjla birlikdə işləyənlər onu olduqca məqsədyönlü, unikal haker qabiliyyətlərinə malik dərin və ağıllı adam kimi xarakterizə edirlər.
O, Avstraliyanın şimalında yerləşən Kvinslend ştatındakı Taunsvill şəhərində teatr antreprenerləri ailəsində anadan olub. Proqramlaşdırma ilə çox erkən maraqlanıb. 16 yaşından şəbəkədə Mendaks niki ilə çalışıb.
2006-cı ildə həmfikirləri ilə birlikdə WikiLeaks saytını yaradıb. Onların düşüncəsinə görə, sayt bir növ poçt qutusu olacaqdı ki, potensial informatorlar buraya öz materiallarını göndərəcəkdilər.
Assanjın işi nədən başladı
Saytda müxtəlif ölkələrdən materiallar paylaşılırdı, amma böyük şöhrətini 2010-cu ilin aprelində qazandı. O zaman resursda ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı Bredli (Çelsi) Menningemin ötürdüyü məxfi məlumatlar yerləşdirildi. Sənədlərin bəziləri İraqda dinc sakinlərin ölümünə aid idi.
“Reuters” agentliyi öz əməkdaşının İraqda həlak olmasının əks olunduğu videoyazını əldə etmək üçün illərlə cəhd göstərirdi. Pentaqon isə deyirdi ki, video çox məxfidir və nümayiş olunmasından söhbət gedə bilməz. 2010-cu ildə həmin video “WikiLeaks”də yerləşdirildi.
Görüntülərdən aydın oldu ki, amerikalı hərbçilər müxbirlərin əlindəki fotoaparatları və çəkiliş texnikasını silah hesab edirlər və qrupu vurmaq üçün icazə istəyirlər. Bu zaman hərbçiləri gülməsi və özlərini sanki kompüter oyunu oynayırmış kimi aparmaları eşidilir.
Daha sonra saytda ABŞ-ın İraq və Əfqanıstanda apardığı müharibəyə aid minlərlə məxfi sənəd - o cümlədən, diplomatik yazışmalar və hərbi xarakterli informasiyalar - paylaşıldı.
Həmin sənədlərin dərcindən sonra “WikiLeaks” ciddi maliyyə problemləri ilə üzləşdi, çünki ABŞ-ın bir sıra maliyyə qurumları onun hesabına göndərilən ianələri bloklamağa çalışdı.
Lakin sayt ən müxtəlif mövzulu məlumatların dərcinə davam edirdi.
2017-ci ildə “WikiLeaks” kompüter və smartfon virusları haqda, eləcə də “ağıllı” televizorları dinləyici qurğuya çevirən proqram təminatından bəhs edən minlərlə sənəd yerləşdirdi.
“Kəşfiyyat xidmətlərinin ABŞ-ı terrorçulardan və başqa düşmənlərdən qorumaq qabiliyyətinə zərər vurmağı hədəfləmiş “WikiLeaks”in istənilən sızması Amerika ictimaiyyətini ciddi narahat etməlidir”, - CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) o zamankı rəsmi nümayəndəsi Hezer Frits Horniak demişdi.
ABŞ hansı ittihamlar irəli sürdü
ABŞ Assanjı əvvəlcə hökumət kompüterlərinə müdaxilədə günahlandırdı, sonra isə buna casusluq haqda qanunların pozulması ilə bağlı 17 ittiham əlavə etdi. İddia olunurdu ki, Assanj öz materialları ilə yüzlərlə adamın həyatını təhlükəyə atıb.
Məsələn, o, Amerika kəşfiyyatına mühüm informasiya ötürən şəxslərin adlarının əks olunduğu məxfi sənədləri paylaşıb. ABŞ Ədliyyə nazirliyinin nümayəndəsinin dediyinə görə, onların arasında Əfqanıstan və İraq, eləcə də “repressiv rejimli” digər ölkələrin vətəndaşları vardı.
ABŞ hökumətinin maraqlarını müdafiə edən Ceyms Lyuis deyirdi ki, “WikiLeaks”in dərc etdiyi məxfi məlumatlarda adları keçən bəziləri sonralar yoxa çıxdılar. Doğrudur, ABŞ “yox olmanın sızma ilə əlaqədar olduğunu sübut edə bilmir”.
2011-ci ildə “Associated Press” agentliyi “WikiLeaks”in adlarını açıqladığı adamların taleyini araşdırdı. AP-nin məlumatına görə, çoxları adlarının ictimailəşməsinin heç də əleyhinə deyildilər, ən mühümü isə o idi ki, mənbələrdən heç biri bu dərclər üzündən zərər görməmiş və həyatını itirməmişdi.
ABŞ-ın Ədliyyə nazirliyi 2020-ci ilin yayında Assanja qarşı ittiham sənədini genişləndirdi. Sənəddə yeni sübutlar bazası peyda oldu. Məsələn, iddia olunurdu ki, Assanj bir neçə konfransda ona məxfi məlumatlar əldə etməkdə yardımçı ola biləcək hakerləri tovlamağa çalışıb.
Bundan əlavə, Assanjı haker qrupları ilə əlaqə saxlayaraq onlara müdaxilə üçün hədəf siyahısı verməkdə ittiham edirlər. Ədliyyə nazirliyi iddia edir ki, siyahıda CIA və NSA (Milli Təhlükəsizlik Agentliyi) olub.
ABŞ-da Assanjı 175 ilə qədər həbs cəzası gözləyirdi.
Zorlama işi
2010-cu ildə İsveçdə iki qadın Assanja qarşı zorlama ittihamı irəli sürdü. Araşdırma tezliklə qapadıldı, amma müəyyən müddət sonra yenidən açıldı. İsveç Britaniyaya sorğu göndərərək, Assanjın ekstradisiyasını istədi.
Adları açıqlanmayan iki qadın iddia edirdilər ki, Assanj iradələrinin ziddinə olaraq, onlarla prezervativsiz əlaqəyə girib. Onlardan birinə görə, həmin vaxt o, sərxoş olub və etdiyini tam anlamırmış. Ölkələrin çoxunda belə davranış qeyri-etik sayılır və qanun pozuntusu hesab edilmir, amma İsveçdə cinayət məsuliyyəti yaradır.
Assanj isə deyirdi ki, zorlama ittihamı onu ABŞ-a vermək üçün uydurulub. Özünün günahsızlığını sübut etmək üçün 2010-cu ilin dekabrında Londonda polis şöbəsinə gəldi və burada həbs olundu, amma 9 gündən sonra məhkəmə onu girov müqabilində sərbəst buraxdı.
İsveç prokurorluğu isə Assanja qarşı irəli sürülən ittihamlardan 2017-ci ilin mayında imtina etdi. Həbsi haqqında ümumavropa orderi də ləğv olundu. İş 2019-cu ildə tam bağlandı.
Ekvador səfirliyi epopeyası
2012-ci ilin mayında isə Böyük Britaniyanın Yüksək məhkəməsi Assanjın İsveçə ekstradisiyası haqda qərar çıxarmışdı. İsveçə, daha sonra isə Birləşmiş Ştatlara veriləcəyindən ehtiyat edən Assanj 2012-ci ilin iyununda Ekvadorun Londondakı səfirliyindən sığınacaq istədi və aldı. O, səfirlikdə 7 il keçirdi, oradan çölə çıxmadı, kənar aləmlə internet üzərindən əlaqə saxladı və hərdən ziyarətçilər qəbul etdi.
Assanjın vətəndaşlıq haqqında müraciəti qəbul edildi və 2018-ci ilin yanvarında ona Ekvador vətəndaşı pasportu verildi. O zaman ölkənin prezidenti olan Lenin Moreno hətta Böyük Britaniyanı maneəsiz tərk edə bilməsi üçün Assanja diplomatik pasport verməyə hazırlaşırdı.
Amma oktyabrda Ekvador səfirliyində qonağa yaşayış qaydaları məcmusu təqdim edildi. Elə o zaman məlum oldu ki, Assanj “fundamental hüquq və azaqlıqları”nın pozulmasına görə Ekvador hökumətinə qarşı məhkəmə açıb.
Ekvador 2021-ci ilin iyulunda Assanjın vətəndaşlığını ləğv etdi. “Assanjın hörmətsiz və aqressiv davranışı, ona dost olan təşkilatlar tərəfindən Ekvadorun ünvanına düşməncə və hədələyici bəyanatlar, xüsusən də beynəlxalq müqavilələrin pozulması Assanja sığınacaq verilməsini yolverilməz və mümkünsüz edir”, - Morena bildirdi.
Ekvador məhkəməsi onun vətəndaşlıq haqqında müraciətində və müşayiətedici sənədlərdə çoxsaylı uyğunsuzluqlar, saxta imzalar və sənədlərin dəyişdirilməsini aşkar etdi.
Həbs və həbsxana
Assanj Ekvador səfirliyində məskunlaşandan bəri binanın qapısı önündə gün boyu polislər növbə çəkirdilər. 2019-cu il aprelin 11-də səfirlikdən çıxarkən polis onu həbs etdi.
Assanj 7 il əvvəl onu girov müqabilində buraxan məhkəmənin qərarını pozmaqda günahkar bilindi. London Sazerk rayonunun kral məhkəməsi 2019-cu il mayın 1-də onu 50 həftəlik həbs cəzasına məhkum etdi və ciddi rejimli “Belmarş” həbsxanasına göndərdi.
Ekstradisiya haqqında məhkəmə
2019-cu ilin sentyabrında Assanjı həbsxanadan buraxmalı idilər. Amma hakim ekstradisiya haqqında dinləmələr yekunlaşana qədər orada qalmasına qərar verdi: qeyd olundu ki, məhkum istintaq orqanlarından gizlənməyə meyllidir.
Assanjın müdafiəçiləri məhkəmə araşdırmasının hələ ilkin mərhələsində müvəkkilin psixi sağlamlığında ciddi problemlər olduğunu bildirirdilər. Onu müayinə edən mütəxəssislərin gəldiyi qənaətə görə, “WikiLeaks” banisi artıq uzun illərdir ki, klinik depressiyadan əziyyət çəkir. Ekstradisiya olunduğu halda intihar ehtimalının çox yüksək olmasını iki professor təsdiq etdi.
2021-ci ilin yanvarında London məhkəməsi ABŞ-ın ekstradisiya istəyini məhz suisid ehtimalına görə rədd etdi. Birləşmiş Krallığın Ali məhkəməsi ABŞ Ədliyyə nazirliyinin qərardan şikayət hüququnu tanıdı.
2022-ci ilin yanvarında Assanj ekstradisiya olunması haqda London Yüksək məhkəməsinin qərarını Böyük Britaniya Ali məhkəməsində mübahisələndirmək hüququ qazandı. Fevralda vəkilləri ekstradisiyanı dayandırmaq üçün son şikayət verdilər.
2022-ci ilin iyununda Britaniya hökuməti Assanjın ABŞ-a ekstradisiyası haqda göstəriş verdi. Amma iş hələ də apelyasiya instansiyasında idi. Daxili işlər naziri Priti Patel də Assanjın verilməsini dəstəklədi.
2024-cü il mayın 20-də Yüksək məhkəmə Assanjın daha bir apelyasiya hüququnu tanıdı.
Sövdələşmə və azadlıq
Assanjın ABŞ ədalət məhkəməsi ilə əldə etdiyi razılığa görə, o, hərbi sirlərin yayılmasında günahını etiraf etməsi müqabilində azadlığa çıxacaq.
Assanj 1901 gün keçirdiyi “Belmarş” həbsxanasını iyunun 24-də tərk etdi. London Yüksək məhkəməsi onu girov müqabilində sərbəst buraxıb və o, Londonun Stensed hava limanında təyyarəyə minərək, ölkəni tərk edib.
Assanjın olduğu təyyarə yanacaq doldurmaq üçün Banqkokda eniş edəndən sonra Şimali Marian adalarına uçub. Bu gün - iyunun 26-da orada məhkəmə olmalıdır.
Sövdələşməyə görə, 52 yaşlı Assanja milli müdafiə haqqında məlumatların əldə olunması və açıqlanması məqsədilə əlbir olmaq ittihamı irəli sürüləcək.
“WikiLeaks” banisinin 62 aylıq həbsə məhkum ediləcəyi gözlənilir. Bu zaman ABŞ-a ekstradisiyanı gözləyərkən Britaniya həbsxanasında keçirdiyi 5 il nəzərə alınacaq və azad ediləcək. Bundan sonra da vətəni Avstraliyaya qayıdacaq.
Hazırladı: Yadigar Sadıqlı