Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” -Ermənistanda “Rusiyanın forpostundan” “türk kəndinə” çevrilməni müzakirə edirlər

Nikol Paşinyan tez-tez bəyan edir ki, o, atdığı addımlarla 29 min 743 kvadrat kilometr əraziyə malik Ermənistanı qoruyur və nəticədə respublikanın suverenliyi möhkəmlənir.

Yenixeber.org: Baş nazir bununla da açıq şəkildə göstərir ki, Ermənistanın qonşu ölkələrə qarşı heç bir ərazi ambisiyası yoxdur.

O, həqiqətən də suveren olduğumuzu göstərmək üçün Ermənistanın “forpost”a çevrilməsinə imkan verməyəcəyini xüsusi olaraq vurğulayır və müvafiq olaraq, anti-Rusiya təbliğatına təkan verir. İlk baxışdan belə bir təəssürat yarana bilər ki, Ermənistan Rusiya asılılığından qurtulsa, bu, bizim müstəqil qərar qəbul etmək və daha müstəqil olmağımıza kömək edəcək. Eyni zamanda, Ermənistan hakimiyyəti Qərbə doğru addımlar atmağa çalışır. Amma Qərb bizim regionda praktiki olaraq yoxdur”, - İrəvanda çıxan “Past” (“Fakt”) qəzeti yazır.

Qərb hərbi-siyasi bloku Cənubi Qafqazda daha çox NATO şəklində, onun üzvü olan Türkiyə vasitəsilə mövcuddur.

Rusiya regionu tərk edərsə, indiki vəziyyətdə yaranan boşluğu yalnız Türkiyə doldurmağa qadirdir və bunun üçün lazımi resursları var. Təsadüfi deyil ki, Qərb analitik dairələrində Rusiyanı regiondan məhz Türkiyə vasitəsilə sıxışdırmaq məsələsi müzakirə olunur. Düzdür, Türkiyə əvvəlki kimi Rusiya ilə əməkdaşlığı davam etdirir. Lakin eyni zamanda, Ankara Rusiyanın Ukraynada davam edən münaqişə nəticəsində zəifləməsini gözləyir ki, lazımi anda arxadan zərbə endirsin”, - nəşr yazır.

Hazırda Ankaranın bölgəmizə təsiri xeyli artıb. Çünki Azərbaycan faktiki olaraq Türkiyənin nəzarəti altındadır, Gürcüstanda isə Türkiyə kapitalı üstünlük təşkil edir. Təkcə Ermənistan məsələsini həll etmək qalır və onların nail olmaq istədiyi kimi Cənubi Qafqaz Türkiyənin nəzarətində olacaq”, - material müəllifi iddia edir.

Təsadüfi deyil ki, Ankara Bakı vasitəsilə sırf bizim dövlətimizin daxili məsələləri olan ilkin şərtlər irəli sürür. Məsələn, İlham Əliyev bildirir ki, Ermənistan konstitusiyasını dəyişməlidir. Əslində, Türkiyə və Azərbaycanın tələbi ondan ibarətdir ki, biz onların diktə etdiyi konstitusiya qəbul etməliyik. Türkiyə və Azərbaycan bir qədər də irəli gedərək Ağrı dağın təsvirini Ermənistan Respublikasının gerbindən  çıxarmağı tələb edirlər. İstisna deyil ki, zaman keçdikcə Türkiyə və Azərbaycan yeni ilkin şərtlər irəli sürəcəklər. Məsələn, azərbaycanlıların Ermənistana qayıtmaq hüququnun qanuni şəkildə tanınması. Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl bir çox “şəffaf” işarələr verməsi diqqət çəkir. Onun sözlərinə görə, hazırda regionda “yeni nizam” yaradılır və “əsassız xatirələri” bir kənara ataraq, indiki zamanın reallıqlarından çıxış etmək vaxtı çatıb. Türkiyə lideri nəsihətlərini Paşinyanı təriflə möhkəmləndirib və qeyd edib ki, “indi o da bunu başa düşür”, - “Past” qəzeti qeyd edir.

Nəşr daha sonra Türkiyə-Azərbaycan tandeminin “diktəsi ilə” regionda yeni münasibətlərin qurulmasının daha bir amilinə diqqət yetirir: Prezident İlham Əliyev bu yaxınlarda Bakının Ermənistana qaz tədarük edəcəyini istisna etməyib.

Aydındır ki, Türkiyə və Azərbaycan kapitalı, malları və enerjisi Ermənistana daxil olsa, ölkəmiz gələcəkdə gözlənilən ağır nəticələrlə birlikdə bu ölkələrdən iqtisadi asılı vəziyyətə düşəcək. Başqa sözlə, Ermənistan iqtisadiyyatı Türkiyənin ixtiyarında olacaq və əgər bir gün Ankara yenidən məhdudiyyətlər tətbiq etmək qərarına gəlsə, Ermənistan iqtisadiyyatı çökə bilər”, - “Past” hesab edir.

Nəşr Ermənistanın hazırkı hakimiyyətinin “Türkiyə-Azərbaycan şərtlərini bir-birinin ardınca yerinə yetirmək yolu ilə getdiyini” güman edir.

Paşinyan respublikanın konstitusiyasının və gerbinin dəyişdirilməsi mövzusunu təsadüfən siyasi gündəmə gətirməyib. Belə çıxır ki, bizim hakimiyyət ölkəni “forpost” (Rusiyanın - red.) statusundan çıxarmaq, Ermənistanın suverenliyini möhkəmləndirməkdən danışsa da, əslində ölkəni “türk kəndinə” çevirmək yolu ilə aparır”, – qəzet yazır. 

Erməni mətbuatının bu cür iddiaları nə dərəcədə doğrudur? Onlar nəyə aparır, hansı nəticələrə səbəb ola bilər? Bəlkə, bu cür iddialar erməni cəmiyyətində parçalanmanı dərinləşdirməyə, nəticədə onu vətəndaş müharibəsinə sürükləməyə və ya mövcud hakimiyyəti devirməyə yönəlib?

Müstəqil analitik Rəşad Rzaquliyevmövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb.

O, hesab edir ki, Ermənistandakı vəziyyəti bu gün Gürcüstanda baş verənlərdən ayrı nəzərdən keçirmək kökündən yanlışdır. “Dünya və regional geosiyasi mərkəzlər arasında Cənubi Qafqaz uğrunda gedən mübarizənin intensivləşməsi bu ölkələrin elitasında və cəmiyyətlərində anormal ziddiyyətlərə səbəb olub. Biz qərbyönümlü Gürcüstan müxalifətinin “xarici agentlər haqqında qanuna” qarşı etiraz mitinqlərini müşahidə edirik və rusiyapərəst ermənilərin Azərbaycanın bir sıra işğal olunmuş ərazilərinin bu torpaqların əsl sahiblərinə qaytarılmasına qarşı təxribatlarını görürük. Paradoksal olan odur ki, Gürcüstanda nümayişçilərə faktiki dəstəyi prezident Salome Zurabişvili verir və nə qədər qəribə olsa da, erməni etirazının başında Erməni Apostol Kilsəsinin özü dayanır... Məncə, Gürcüstan və Ermənistan hakimiyyətləri öz ölkələrində real çevriliş cəhdi ilə üz-üzədirlər”, - ekspert deyir.

O hesab edir ki, Gürcüstandakı milli yönümlü hökumət, ölkəyə Aİ üzvlüyünə namizəd statusunun yenicə verilməsinə baxmayaraq, millətin və regionunun gələcəyi ilə bağlı müzakirələr və qərarların qəbulu zamanı Avropanı nəzərə almadan öz qanunvericilik standartlarını tətbiq etmək və həlledici səs hüququna malik olmaq uğrunda mübarizə aparır.

Ermənistanda vəziyyət başqadır - burada Qərb Nikol Paşinyanın köməkliyi ilə Rusiyanın forpost ölkəsinin ictimai-siyasi həyatına nüfuz etmiş “rus ruhunu” damla-damla sıxışdıraraq çıxarır. Bu zaman bir sıra qərbli siyasətçilər Rusiya və İrana qarşı “ikinci cəbhə” açacaqlarına və yaranmaqda olan türk geosiyasi birliyinə qarşı müqavimət göstərə biləcəklərinə ümid edirlər.

Amma etiraf etmək lazımdır ki, Paşinyan çətin proqnozlaşdırılan və avantürist siyasətçidir. Erməni güc elitasının gələcək seçimi isə həqiqətən də, qonşuları ilə “dinc yanaşı yaşama” proyeksiyasına qədər daralır. Yeganə alternativ “Ermənistan layihəsinin” faktiki bağlanması və bir vaxtlar dövlət olan bu qurumun tarixin arxivinə göndərilməsi kimi kədərli səyahət ola bilər. Ermənistanda bunu artıq dərk edirlər. Ona görə də, bu ölkənin yüksək vəzifəli şəxslərinin çıxışlarında “şüur işartıları” görünür.

Ümumiləşdirsək, əminliklə deyə bilərik ki, Ermənistan və Gürcüstanın hakimiyyət orqanları öz səlahiyyətlərini qoruyaraq, status-kvonu saxlaya bilsələr, regionun hər üç ölkəsi üçün vahid geosiyasi alqoritmin qurulması mümkün olacaq”, - deyə Rzaquliyev yekunlaşdırıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam