Hökumət küçə nümayişlərini zorla dağıtmağa, aksiya iştirakçılarına qarşı güc tətbiq edərək, onların etiraz hüququnu əlindən almaqla özünü qorumağa çalışır. 2018-ci ildən etibarən ölkəni bürüyən “Sarı jiletlilər” hərəkatının çoxsaylı üzvü hələ də həbsxanalarda cəza çəkməkdə, hərəkat nümayəndələri isə E.Makron hökuməti tərəfindən ən müxtəlif formalarda təzyiqlərə, diskriminasiyaya məruz qalmaqdadır.
Faktiki olaraq hər ay “mükafatlandırılan” Fransa liderini bu dəfə qorxaqlıqda, acizlikdə ittiham ediblər. Xarici media yazır ki, dünya E.Makronun qorxudan Kiyevə getməməsinə gülür. Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, heç bir siyasi lider heç vaxt Fransa prezidenti Emmanuel Makron kimi qorxusunu belə göstərməyib. O, dövlət başçısının güc göstərməyə çalışdığını, lakin bütün Rusiyanın qorxusundan Kiyevə getməməsinə görə ona güldüyünü vurğulayıb: “Bütün Rusiya ona gülür! Heç bir siyasi lider heç vaxt qorxusunu belə göstərməyib”. Onun sözlərinə görə, Makron güc nümayiş etdirməyə çalışsa da, ağır formada alçaldılıb.
“Politico” nəşri bir gün əvvəl yazıb ki, Parislə müttəfiqləri arasında Rusiyaya yanaşmada fikir ayrılıqları yaranıb. Bu səbəbdən Fransa rəhbəri Ukraynaya planlaşdırılan səfərini təxirə salıb. Məqalədə bildirilib ki, E.Makron Ukraynanı "əhəmiyyətli nəticələrlə" ziyarət etmək üçün müttəfiqlərlə danışıqlar aparmaq üçün "lazımi vaxt ayırmağı" planlaşdırır. Bundan əvvəl isə “Tribune” nəşri E.Makronun mart ayına planlaşdırılan Kiyevə səfərinin növbəti dəfə təxirə saldığını xəbər verib. Qeyd edək ki, az əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş Prezident Dmitri Medvedev də Fransa rəhbərini “zooloji qorxaq” adlandırmışdı.
E.Makronun Ukrayna məsələsində birdən-birə qətiyyətli olmasının səbəbi nədir? Birincisi, Ukraynanın müharibədə məğlubiyyəti Fransa üçün əlverişli deyil. Kiyev məğlub olarsa və ya əlverişsiz sülh şəraiti olarsa, bu, Avropada bir sıra mənfi nəticələrə gətirib çıxara bilər. Bu da 10 milyon ukraynalı qaçqını narahat edir. Bundan əlavə, Rusiya Moldova, Polşa və ya Baltikyanı ölkələrə qarşı hərbi əməliyyatları davam etdirə bilər ki, bu da Aİ iqtisadiyyatı üçün fəlakətli vəziyyət yaradar.
İkincisi, Fransada müharibə 1938-ci il hadisələrini xatırladır. O zaman Sudet əyaləti Adolf Hitleri sakitləşdirmək üçün ona verildi. Lakin nəticədə Fransa özü dörd il işğal altında qaldı.
Üçüncüsü, Avropa İttifaqında liderlik uğrunda rəqabətdir. E.Makron Almaniyanın Ukraynaya raket göndərməkdə qətiyyətli olmamasından istifadə edib təşəbbüsü ələ almağa çalışır.
Beləliklə, son illər beynəlxalq aləmdə Fransa qədər uğursuzluqlarla üzləşən ikinci bir dövlət tapmaq mümkün deyil. Səbəb də bəllidir – E.Makronun uğursuz siyasəti. Təsadüfi deyil ki, bundan əvvəl 90-dan artıq fransız senatorun imzaladığı bəyanatda da xarici siyasətdə uğursuzluqlar sadalanıb və günahkar kimi də indiki hakimiyyət qeyd edilib. Keçmiş müstəmləkələrdə antifransız əhvali-ruhiyyənin artması məhz yarıtmaz xarici siyasətlə bağlıdır.
Bakıda neokolonializmə həsr olunan beynəlxalq konfranslar da bu qəbildəndir. Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları bu tədbirlərdə diqqətə çatdırılıb. E.Makron və komandası bu ittihamlardan nəticə çıxarırmı? Təbii ki, yox! Əksinə, Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq edirlər. Beləliklə, E.Makron hakimiyyəti uğursuz siyasətinin “bəhrəsini” dadmaqdadır.(Report)
Azər Nuriyev