Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistan-Azərbaycan münaqişəsi:2024-cü ildə nələr olacaq?

  Qonşudan baxış: Azərbaycan səbirli olmalı və nə yerli, nə də xarici təhrikçilərə uymamalıdır

Yenixeber.org: Uzun sürən Ermənistan-Azərbaycan qarşıdurmasının Azərbaycan tərəfinin Dağlıq Qarabağın bütün ərazisi üzərində tam nəzarəti bərpa etməsi (ötən ilin sentyabrından) və qondarma “Dağlıq Qarabağ Respublikasının” rəsmən ləğvi ilə (bu il yanvarın 1-dən) başa çatacağı gözləntiləri özünü doğrultmadı. Yeni ildən etibarən münaqişə yeni nəfəs alıb və onsuz da kövrək olan sülhü yeni güclə sarsıtmağa başlayıb.

Ermənistan-Azərbaycan münaqişəsi baxımından ötən həftə çox gərgin və gözlənilməz sürprizlərlə zəngin oldu. Tərəflər arasında diplomatik “pinq-ponq”un adi rejimdə davam etməsi ilə yanaşı, rəsmi İrəvan birdən-birə təşəbbüsü ələ keçirərək, keçmiş “strateji müttəfiqi və qoruyucu mələyinə” (indi onu əminliklə belə adlandıra bilərik) gözlənilməz “siyasi dərs” verdi – Ermənistan KTMT-də iştirakını dayandırdı:

“Fikrimizcə, xüsusən də 2021-2022-ci illərdə Ermənistana münasibətdə kollektiv təhlükəsizlik müqaviləsi həyata keçirilməyib. Bu, bizim diqqətimizdən kənar qala bilməzdi. Biz bu müqavilədə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq”, – Paşinyan deyib. Lakin o, dərhal Kremlə münasibətdə tonunu bir qədər yumşaltmaq qərarına gəlib və əlavə edib ki, “hazırda Ermənistandakı Rusiya hərbi bazasının mümkün bağlanması məsələsi qaldırılmayıb”. Buna cavab olaraq, Kreml Ermənistanı “ictimai qınaqlar və tənqidlər əvəzinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı işlərin vəziyyətini müzakirə etməyə” çağırıb. Gözlənildiyi kimi, Kremlin az-çox təmkinli reaksiyasından dərhal sonra rusiyalı təbliğatçılarının nifrətlə dolu isteriyası ilə müşayiət olunan hücumu başlayıb. Beləliklə, Paşinyan və onun hökuməti nifrət reytinqində hətta Qərb müttəfiqləri ilə birlikdə Zelenskinin özünü və komandasını belə üstələyib.

Burada, belə demək olarsa, Paşinyanın və KTMT-nin “birgə həyatından” bir hekayəni xatırlamamaq olmur. Ola bilsin, cənab Paşinyan bu əhvalatı xatırlamaq istəməz – bu, siyasətçilər üçün normaldır. Amma biz onlara həmişə keçmişlərini xatırladacağıq. Düz 2 il əvvəl məhz Paşinyan KTMT sədri kimi baş verən etirazları yatırmaq üçün bu blokun qoşunlarının Qazaxıstana göndərilməsi haqqında sərəncam imzalayıb. Rəsmi məlumatlara görə, həmin hadisələrdə 239 nəfər həlak olub. Bu hekayəni xatırlayaraq demək istəyirik ki, siz başqasına pislik edə bilməzsiniz, bu pislik sonradan sizi onun bir parçasına çevirir.

Nikol Paşinyanın ötən həftədəki aktivliyi təkcə KTMT mövzusu ilə məhdudlaşmayıb. Onun “France 24” telekanalına verdiyi açıqlamada Azərbaycanın Ermənistana hücuma hazırlaşdığını açıq şəkildə bəyan etməsi heç də az qalmaqallı və gözlənilməz olmadı. Paşinyanın fikrincə, “Qərbi Azərbaycanla” bağlı bəyanatlar o deməkdir ki, rəsmi Bakı Ermənistan ərazisinin böyük hissəsini Azərbaycan ərazisi hesab edir. Ermənistanın baş nazirinin sözlərinə görə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını demək olar ki, tanımır.

Bu halda, onun qorxularını bölüşməmək olmur. Çünki yeni müharibə ehtimalı kifayət qədər yüksəkdir və bu, onun ölkəsi üçün fəlakətli nəticələrə səbəb ola bilər. Gəlin, hər şeyi ardıcıllıqla təhlil edək.

2020-ci ilə qədər ermənilərin “iki dövləti” var idi (ən azı onlar belə düşünürdülər). Müharibədən sonra biri qaldı. Əgər növbəti müharibəni də uduzsalar, bu onların dünya xəritəsindən tamamilə yox ola biləcəyi anlamına gəlmirmi? Buna görə də, əgər müharibə başlasa, onların sona qədər döyüşməkdən başqa çarələri qalmayacaq, çünki söhbət artıq hansısa ərazinin itirilməsindən yox, ölkənin olub-olmamasından gedəcək. Belə insanlarla döyüşmək həmişə çətindir. Digər tərəfdən, bu halda Azərbaycan əvvəlki müharibədə olduğu kimi öz ərazilərini azad edən ölkə statusundan istifadə edə bilməyəcək. Üstəlik, o, işğalçı sayılacaq və bunu Qərbi Azərbaycanla bağlı heç bir iddia əsaslandıra bilməz. Üçüncüsü, Ermənistanın bir subyekt kimi yoxa çıxmasının kiminsə marağında olmasına şübhə edirəm. Onların arasında, ilk növbədə, rəsmi Bakının o qədər də xoş münasibətləri olmayan və istənilən bu cür hərəkətlərlə bağlı qəti və barışmaz mövqeyini dəfələrlə açıq şəkildə bəyan edən İran İslam Respublikasını (Qərbin reaksiyasını demirəm) göstərmək olar. Onu da əlavə edim ki, Gürcüstan üçün  Azərbaycan ərazilərinin işğalı qəbuledilməz olduğu kimi, indi də Ermənistanla bağlı belə bir ssenari qəbuledilməzdir. Gürcüstan həmişə beynəlxalq hüquq normalarına sadiq olub, qalacaq və sərhədlərin toxunulmazlığı prinsipini dəstəkləyəcək. Yeni müharibə heç bir halda gərgin vəziyyətin sabitləşməsinə kömək etməyəcək, əksinə, münaqişəni daha da alovlandıracaq və son nəticədə prosesləri idarəolunmaz hala gətirəcək. Məncə, bu gün müharibə ehtimalı kifayət qədər yüksəkdir. Mövcud vəziyyət bir çox amillərə görə 2020-ci ilin əvvəlini getdikcə daha çox xatırladır. Pandemiyadan başqa hər şey masanın üzərindədir: öz vacibliyi və miqyası ilə qarşıdan gələn müharibəni həmişə kölgədə qoyacaq Ukrayna müharibəsi və təbii ki, bu ilin ikinci yarısında hamıdan və hər şeydən üstün olacaq ABŞ-dakı prezident seçkiləri. Bundan əlavə, Yaxın Şərqdə və Tayvanda vəziyyətin həddindən artıq gərginləşməsi ehtiyatdadır. Şimali Koreya diktatoru sürprizlər də gətirə bilər. Deməli, Ermənistan-Azərbaycan münaqişəsini informasiya məkanında görünməz edə biləcək bir sıra hallar var. Bütün bunlar bizi yeni müharibənin sentyabrın sonu və ya oktyabrın əvvəlində başlaya biləcəyini ciddi düşünməyə vadar edir.

Güman edilən təhlükədən asılı olaraq dörd vacib aspekt müəyyən edilə bilər ki, onların birgə həyata keçirilməsi belə riskləri azalda bilər:

1.Qərbin (ilk növbədə ABŞ və bir sıra aparıcı Avropa ölkələri) dərhal və çevik cəlb edilməsi.

2.Kremlin proseslərdən maksimum kənarlaşdırılması.

3.Balansın bərpası üçün (az və ya çox) Ermənistanın hərbi potensialının artırılması.

4.Əliyev rejiminə qarşı tənqidlərin dayandırılması ilə yanaşı, Qərblə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin dərinləşməsi.

Ən əsası isə Ermənistanın özünün bu böhrandan çıxmaq üçün nələr etməsidir. Qeyd etmək istəyirəm ki, Ermənistan kifayət qədər sakit, emosiyalara qapılmadan, ağlabatan və məqsədyönlü siyasət aparır. Görünən odur ki, Ermənistan keçmiş səhvlərindən dərs alır və bunu ancaq alqışlamaq olar. İlk növbədə, onlar keçmişdə tez-tez onlara xas olan sərt və qıcıqlandırıcı ritorikadan xilas olublar. Onlar xarici vektorlarını şaxələndirə biliblər və var gücləri ilə müttəfiqlər axtarmağa başlayıblar. Nəticə göz önündədir, bu da onların diplomatiyasının yüksək keyfiyyətindən xəbər verir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığı ehtiva edən “iddialı” tərəfdaşlıq proqramını elan edib. Bu zaman Fransa Ermənistanın əsas strateji müttəfiqinə çevrilir. Ən əsası, bu əlaqələr həm sıx siyasi-iqtisadi, həm də hərbi əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, İrəvanda Ermənistan və Fransanın müdafiə nazirləri arasında yeni əməkdaşlıq sazişi imzalanıb. İstisna olunmur ki, yaxın gələcəkdə İrəvan Parisdən ən son müdafiə silahlarını alsın.

Əlbəttə, sadalanan addımlar riskləri azaltsa da, hələlik bütün təhlükələrin neytrallaşdırılması demək deyil. Eyni zamanda, qalib Azərbaycan səbirli olmalı, nə yerli, nə də xarici təhrikçilərə uymamalıdır. Və sonda: qızğın başlı şəxslər həmişə yadda saxlamalıdırlar ki, uğur riyazi dəyişəndir və bir gün (həyatda, karyerada) özünüz həlli olmayan bir tənliyin içinə düşə bilərsiniz.

Amiran Xevtsuriani, konfliktoloq, beynəlxalq münasibətlər üzrə doktor,
Gürcüstan Texniki Universitetinin professoru, Gürcüstan-Ukrayna Ekspert Mərkəzinin təsisçisi

P.S. Məqalədə razılaşmadığımız, bəzi mübahisəli məqamlar ola bilər. Amma qeyd edək ki, bu, gürcü politoloqun fikridir və maraqlı məqamlar var. (Pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam