“Mən vəzifəyə kimisə güllələməyə, yaxud həbsxanaya göndərmək üçün gəlməmişəm. Hər şey qanun çərçivəsində olmalıdır. Vəzifədə olan şəxsin şəxsi qisas hissi qanunlardan üstün tutularsa, demək həmin vəzifəli öz yerində deyil. Siz də onlardan birisiniz...”
Yenixeber.org: Bu ifadələr 1951-1953-cü illərdə SSRİ dövlət təhlükəsizliyi naziri vəzifəsində işləyən Semyon İqnatyevə məxsusdur və nazir bu ifadələri Lavrenti Beriyaya ünvanlayıb.
Beriya da öz növbəsində İqnatyevin pafoslu ifadəsini cavabsız qoymayıb:
“Biz faşistləri güllələmişik, xalq düşmənlərini isə həbsxanalara göndərmişik. Siz isə həmin vaxtlarda kabinetlərdə mürgüləyirdiniz...”
Bu konflikt nazirə baha başa gəlsə də, İqnatyev Beriya ilə mübarizədən qalib çıxıb.
O, Ukraynada, Xerson vilayətinin Karlovka kəndində yoxsul bir kəndli ailəsində anadan olub. Milliyyətcə ukraynalı olan Semyon İqnatyevin 30 ildən artıq siyasi fəaliyyəti dövrünün bir günü də olsun belə Ukrayna ilə bağlı olmayıb. Uşaqlıq illərindən İqnatyevin valideynləri Özbəkistana köçüb və o, ilk əmək fəaliyyətinə 12 yaşında Termez şəhərində pambıq zavodunda başlayıb. Ailənin ehtiyacları İqnatyevi çox erkən yaşlarından zəhmətə alışdırıb, harada daha çox əmək haqqı verilibsə, o, həmin müəssisəyə üz tutub.
1920-ci ildən İqnatyev fəaliyyətini komsomol orqanlarında davam etdirib, Buxara Mərkəzi Dəmiryolu Deposunun komsomol katibi seçilib, daha sonra Daşkənddə Həmkarlar İttifaqında sektor müdiri təyin edilib.
Semyon İqnatyev fəaliyyətini Özbəkistanla məhdudlaşdırmayıb, bir neçə il ərzində bu respublikanın siyasi dairələrində müsbət mənada tanınsa da, hətta rəhbərlik tərəfindən “ukraynalı özbək” statusunu alsa da, o, ali təhsil almaq üçün Moskvaya üz tutub, Stalin adına Sənaye Akademiyasına qəbul olunub.
Tələbəlik illərində də İqnatyev ictimai fəallığı ilə həmyaşıdlarından fərqlənib, xüsusilə mərkəzi qəzetlərdə mütəmadi çıxışları ilə siyasilərin diqqətini cəlb edib.
1935-ci ildə ali təhsil ocaqlarından Mərkəzi Komitə üçün gənc kadrlar seçimi ediləndə İqnatyevin də adı siyahıya salınıb və o, Mərkəzi Komitənin sənaye şöbəsinin müdirinin köməkçisi vəzifəsinə təyinat alıb. Məhz 1935-ci ildən İqnatyevin vəzifə karyerasında yeni mərhələ başlanıb.
İki il keçdikdən sonra İqnatyevi Buryat-Monqol vilayətinə birinci katib göndəriblər. Digər vilayətlərlə müqayisədə İqnatyev ən yüksək göstəricilərə nail olub. Həmin dövrdə əsasən kadr məsələləri ilə məşğul olan Georgi Malenkov dəfələrlə Mərkəzi Komitədə keçirilən müşavirələrdə İqnatyevin fəaliyyətini yüksək qiymətləndirib və 1947-ci ildə onun Belarusiyaya ikinci katib göndərilməsinin razılığını Stalindən alıb.
1951-ci ildə İqnatyev Moskvaya, Stalinin qəbuluna dəvət edilib. Bu dəfə o, Stalinin təşəbbüsü ilə SSRİ dövlət təhlükəsizliyi naziri vəzifəsinə təyinat alıb. Sovet liderinin bu təyinatı səbəbsiz olmayıb. 1950-ci ildən sonra Stalində komandasına qarşı inamsızlıq yarananda o, itaətkar İqnatyevi ətrafından bəzi məmurları sıradan çıxarmaq üçün istifadə etməyi planlaşdırıb. O cümlədən Stalinin “şübhəlilər” siyahısında Lavrenti Beriya, Nikolay Vlasik kimi səlahiyyətlilərin də adları yer alıb. Amma təbii ki, uzun illər Kremldə “at oynadan” məmurların zərərsizləşdirilməsi İqnatyevin gücü daxilində olmayıb. Buna baxmayaraq, o, Stalinin göstərişlərini mümkün qədər icra etməyə cəhd edib. Cəhdlər boşa çıxanda isə Stalin heç kimə qarşı etmədiyi təhqirləri İqnatyevə qarşı edib. Bir tərəfdən Stalinin təzyiqləri, digər tərəfdən Beriyanın və onun tərəfdarlarının ona qarşı yönəltdiyi planlar İqnatyevi Kreml oyunlarında oyuncağa çevirib. Amma bu hadisələr hələ ki, İqnatyev üçün dözülən olub. Dözülməz hadisələr isə Stalinin vəfatından sonra başlayıb.
15 mart 1953-cü ildə Dövlət Təhlükəsizliyi Nazirliyinin ləğv edilməsi və bu qurumun ümumilikdə Daxili İşlər Nazirliyinə çevrilməsi nəticəsində İqnatyev nazir vəzifəsindən kənarlaşdırılıb, Beriya nazir təyin edilib. İqnatyev isə Mərkəzi Komitədə katib vəzifəsinə seçilib.
Beriya İqnatyevin 1950-ci illərin əvvəllərində ona qarşı həmlələrini unutmayıb və Mərkəzi Komitəyə 1951-1953-cü illərdə dövlət təhlükəsizliyi naziri olan İqnatyevin fəaliyyətinin araşdırılması təklifini verib. Təklif qəbul olunub. Araşdırmalar nəticəsində “məlum” olub ki, Semyon İqnatyev bu vəzifədə olarkən kifayət qədər böyük səhvlərə yol verib, hətta onun dövləti böyük təhlükələr qarşısında qoyduğu kimi fikirlər də səsləndirilib. Mərkəzi Komitədə katib işləməyinin bir ayı tamam olmamış İqnatyev tutduğu bütün vəzifələrdən uzaqlaşdırılıb, Kommunist Partiyası sıralarından xaric edilib.
İqnatyev hər dəqiqə öz həbsini və güllələnməsini gözləyib. Amma onun bəxti bu dəfə də gətirib. Beriyanın həbsi və güllələnməsi İqnatyevi xilas edib. Kreml Beriyadan xilas olduqdan sonra İqnatyev partiya orqanlarına bərpa edilib.
Xruşovla münasibətləri normal olsa da, İqnatyevin Moskvada qalması yeni rəhbərlik tərəfindən məqbul sayılmayıb. İqnatyev əvvəlcə Başkir vilayət Partiya Komitəsinə, 1957-ci ildə isə Tatarıstan Muxtar Respublikasına birinci katib göndərilib.
İqnatyev Tatarıstanda birinci katib işlədiyi dövrdə muxtar respublika üçün çox işlər görüb. Məhz onun gərgin əməyi sayəsində bu respublikada bir sıra istehsal müəssisələri fəaliyyətə başlayıb. Onun ən böyük xidməti isə tatar dilinin, tatar mədəniyyətinin inkişafı ilə bağlı olub. Bu isə Kremldə çoxlarının xoşuna gəlməyib. 1960-cı ildə Kremldə ona “səhhəti ilə bağlı ərizə” yazmağı məsləhət görüblər. Əslində isə İqnatyev “milli məhdudiyyət” məsələsinə məhəl qoymadığına görə vəzifəsindən çıxarılıb.
1960-cı ildə təqaüdə göndərilən İqnatyevə bir daha vəzifə verilməyib. 1983-cü ildə, 79 yaşında vəfat edən sabiq nazir və birinci katib ömrünün sonuna qədər Mərkəzi Komitədən iş təklifi gözləsə də, Kreml onu “narahat” etməyib.
İlham Cəmiloğlu