Müsavatçı ingilis casusunun sonu:düz 65 il əvvəl, dekabrın 23-də…
Düz 65 il bundan qabaq, 1953-cü il dekabrın 23-də Moskva hərbi dairəsinin qərargahının bunkerində məhkəmənin qərarı ilə sovet xüsusi xidmət orqanlarına uzun illər rəhbərlik etmiş, Sovet İttifaqı marşalı, Sosialist Əməyi Qəhrəmanı və nəhayət stalin rejiminin ən qəddar xadimlərindən biri Lavrenti Beriya güllələndi.
Yenixeber.org: Qafqazlı kəndlinin inqilabçıya və sonradan sovet cəza aparatının rəhbrliyinə gedən yolunu “İzvestiya” xatırayır. Qəzet Beriya barədə “Tarixçi” jurnalının baş redaktorunun müavini Arseni Zamostyanovun məqaləsini oxuculara təqdim edir.
Beriyanın ifşası Stalindən sonra SSRİ-nin publik siyasətində ilk böyük hadisə oldu. Ən təəcüblüsü budur ki, sovet adamları marşalın və az qala ölkənin ikinci adamının bütün bu illər ərzində xarici kəşfiyyata işlədiyinə asanlıqla inandı.
Beriya istintaqa ifadəsində günahını əsasən etiraf edirdi: “Mən musavatçı əkinqilabi kəşfiyyatda xidmət etdiyimi uzun müddət gizli saxlamışam. Amma bəyan edirəm ki, hətta orada xidmət edəndə də zərərli heç nə etməmişəm. Özümün mənəvi-məişət pozğunu olduğumu tam etiraf edirəm. Burada deyildiyi kimi qadınlarla çoxsaylı əlaqələrim məni vətəndaş və partiyanın keçmiş üzvü kimi rüsvay edir. Lakin müharibə illərində pozuculuq fəaliyyətimə dair ittihamları qəti rədd edirəm...Həmin günlərdə mənim bütün həyatım mərhum rəhbərin gözü qarşısında keçib”.
Beriyanın bioqrafiyası sovet kanonlarına tam uyğun gəlir. O, 1899-cu il martın 29-da Gürcüstanın Mingreli bölgəsində kasıb kəndli ailəsində anadan olub. Lavrentinin Suxumi hərbi kollecində ilkin təhsilinin xərcini ödəmək üçün onun valideyinləri evinin yarısını satmalı olmuşdu. Lavrenti Pavloviçin meqreli knyazı Dadiani ilə uzaq qohumluğu haqda şaiyələr dolaşırdı. Amma hansı qafqaz ailəsində belə əfsan yoxdur? Beriya inqilabi mübarizəyə 1916-cı ildən tez olmayaraq başlayıb. Görünür onu çox diribaş hesab etmişdilər ki, Bakıdakı mexaniki-tikinti peşə məktəbində Lavrenti marksistlərin xəzinədarına çevrildi.
Beriya, Yejov də digərləri...
Azərbaycan Demokratik Cümhuriyyəti illərində Beriya məxfi xidmətdə işləyib. Doğrudur, məlum deyil ki, həmin illərdə o kimə işləyirdi-bolşevik mərkəzə, yoxsa müsavatçılara. 1921-ci ilin yazında əkskəşfiyyatçı Beriya Azərbaycanda yeni qurulan sovet hökumətinin Fövqəladə Komissarlığında məxfi-operativ şöbənin rəis müavini təyin edildi. Gələcək marşalın çekist karyerası beləcə başladı.
Həmin illərdə Beriya futbolla da maraqlanırdı. “Spartak”ın əsasını qoyan əfsanəvi Nikolay Starostin sonradan xatırlayırdı ki, 1920-ci illərin əvvəllərində o kobud və heybətli gürcü yarımmüdafiəçiyə qarşı oyanmışdı. Bu, gələcək daxili işlər xalq komissarı Beriya idi. 30-cu illərdə isə Beriya “Dinamo” komandasının patronu və azarkeşi oldu. Təkcə Moskva yox, həm də Kiyev və Tbilisi “Dinamo”sunun. Axı bu çekistlərin və milislərin klubu idi.
1930-cu illərin əvvəllərində Beriya Zaqafqaziya vilayət partiya komitəsinin birinci katibi və eyni zamanda Gürcüstan Kommunist Partiyasının rəhbəri oldu. Yəni əsl zaqafqaziya sultanı. Həmin illərdə Zaqafqaziya sürətlə inkişaf edirdi. Bakı nefti bir tərəfdən, Çiatursk marqants mədəni bir tərəfdən-bunlar SSRİ üçün mühüm, strateji mədənlər və yataqlar idi.
Stalin də Zaqafqaziyada tez-tez olurdu və Beriya onun etimadını qazana bilmişdi. Lavrenti Pavloviç sərt rəhbər sayılırdı-həmin vaxtların zövqü beləydi. O, təmizləmələr dövründə xüsusi fərqlənirdi, Zaqafqaziya respublikalarının partiya təşkilatlarında öz rolunu gücləndirirdi. Artıq o vaxtlar təxmin etmək olardı ki, başı keçəlləşən bu enerjili yoldaş tezliklə ümumittifaq rəhbərlərinin cərgəsinə daxil olacaq. 1938-ci ildə Beriyanı Moskvaya, SSRİ daxili işlər komissarına müavin aparanda aydın idi ki, tezliklə o Nikolay Yejovu dövlət təhlükəsizliyinin kapitan körpüsündə əvəzləyəcək. Belə də oldu.
Həmin vaxt böyük terror artıq yekunlaşırdı və həddən artıq canfəşanlıq edən təşəbbüskarların da başlarını yeyirdi. Yejovun yerini tutan Beriya daxili işlər orqanlarını qanunçuluq çərçivəsinə qaytarmağa çalışdı. NKVD-nin metodları qismən yumşaldı. O vaxta qədər cəmi iki il ərzində Yejov Stalin repressiyası qurbanlarının 80-85 faizini artıq güllələtmişdi. Beriya bu divantutmanı dayandırmalı, yaxud heç olmasa azaltmalıydı. Beləliklə, məhkəmə “troyka”ları ləğv edildi, repressiya tempi 30-cu illərin əvvəllərindəki səviyyəyə qayıtdı. Hərçənd Beriya özü də on minlərlə qanunsuz hökmün həyata keçirilməsinə imza atmışdı.
Narkom Beriya üçün növbəti sınaq müharibənin başlaması oldu. Fövqəladə şərtlərdə o, Stalinə özünün əvəzedilməzliyini sübut edə bildi. 1944-cü ilin dekabrında Beriyaya akademik İqor Kurçatovun atom layihəsini kurasiya etmək həvalə edildi. 1949-cu il avqustun 29-da SSRİ ilk atom bombasını uğurla sınaqdan keçirəndən sonra marşal Beriya 1-ci dərəcəli Stalin mükafatına layiq görüldü. Bu mükafatı bir qayda olaraq ixtiraçılara və incəsənət adamlarına verirdilər, amma görünür narkomun atom silahının əldə edilməsində rolu mühüm olmuşdu.
Beriyanın yaşlanmaqda olan Stalinin çevrəsində nüfuzu getdikcə artırdı. Əlbətdə, bu digər nüfuzlu partiya rəhbərlərini narahat edirdi. Hələ rəhbər özü də hərdən özünün yaxın tərəfdaşlarının “tozunu almağı” faydalı hesab edirdi. Beriya üçün bu vaxtlar nisbətən gənc dövlət təhlükəsizliyi naziri Viktor Abakumov potensial təhdid sayılırdı.
Doğrudur, 1951-ci ilin yayında onu da repressiyaya məruz qoydular...Lakin təxminən elə o vaxtlarda Stalinə Gürcüstan prokurorluğundakı korrupsiya haqda məruzə etmişdilər. Şübhəlilərin çoxu isə sifarişə əsasən minqrelilər idi. Tezliklə Mərkəzi Komitə “mqreli-millətçi qruplaması” barədə qərar qəbul etdi, qruplaşmanın başında isə Beriyanın adamı Mixail Baramiey dururdu. Deyilənlərə görə Stalin şəxsən müstəntiqlərə tapşırmışdı ki, bu işdə “Böyük Mqrelili”nin rolunu araşdırsınlar.
Stalinin özünün ölümündə Beriyanın rolu barədə şaiyələr isə daha çox ağlasığmaz idi. Vyaçeslav Molotov yaşının qürub çağlarında xatırlayırdı: “1953-cü il mayın 1-də Movzoleyin tribunasında belə söhbət oldu...Beriya mənə bu sözləri elə dedi ki, yaxınlıqda dayanan Xruşşov və Malenkov da eşitsin: “Mən sizin hamınızı xilas elədim...Onu vaxtında aradan götürdüm”.
Oxşar xatirələri Xruşşov da danışıb. Onlar hesab edirdilər ki, Beriya generalsimusun ölümünü sürətləndirib. Hərçənd bunu sübut edən yazılı dəlil yoxdur.
Stalinin dəfnində Beriya Movzoleyin tribunasından nitqlə çıxış etdi. O vaxt çoxları onu Stalinin yerinə əsas varis kimi görürdü. “Onun ləhcəsi də Stalinin ləhcəsinə oxşayır. Yaxşı olardı ki, ölkəyə o başçılıq etsin!”-çoxları belə deyirdi. Hərçənd bu emosiyaların qısasmüddətli özünü büruzəsi idi. Beriya ümumən xalq arasında populyarlığı ilə fəxr edə bilməzdi.
Stalinin ölümündən, yaxud öldürülməsindən sonra Beriya heç cür hakimiyyəti ələ keçirə bilmədi. Bunun üçün etibarlı əlaqələri, kadrları çatmırdı. Nə partiya aparatına, nə orduya, nə dövlət təhlükəsizlik orqanlarına etibar edə bilərdi. Ölkədə yüksək posta iddia edən adam insanlarla yola getməyi bacarmalıdır, Beriya isə gah özündənrazı, gah tez özündən çıxan biri idi. O, Daxili İşlər Nazirliyinə arxalanmağa çalışdı, bütün səviyyələrə öz adamlarını yerləşdirdi. Amma bunlar nə dərəcədə Beriyanın adamları idi?
Üstəlik Stalinin ölümündən sonra o, tələm-tələsik dəyişikliklərə əl atdı. Beriyanın təşəbbüsü ilə 1950-ci illərdə siyasi təqiblər dayandırıldı. Mühakimə olunanlar buraxıldı, reablitasiya olundu. O cümlədən “minqreli qruplaşması”nın üzvləri azadlığa çıxdı. Məhz Beriya destalinizasiyanın təşəbbüskarı oldu, özü də açıq şəkildə. Və buna görə həmkarları Lazar Kaqanoviçin, İvan Tevosyanın və digərlərinin müqaviməti ilə qarşılaşdı.
Belə vaxtda Stalinin digər iki varisi Gerorgi Malenkovun və Nikita Xruşşovun taktiki ittifaqı tamamilə təbii idi. Onlar güc və partiya strukturlarının köməyi ilə Beriyanı məhv etdilər. Həm də birbaşa mənada. Onlar qüdrətli daxili işlər nazirinə qarşı riskli güc əməliyyatına niyə əl atmışdılar? Çünki təcrübəli aparatçılar Beriyanın qismində potensial uzurpatoru görürdülər. Beriya da onların bu şübhələrinə əsas verirdi.
Beləliklə, Beriyanın aradan götürülməsi əməliyyatı uğurla tamamlandı. Nə təcrübəsi, nə enerjisi ona kömək etmədi. Marşalın həbsinə dövlət təhlükəsizliyindən Qələbənin marşalı Georgi Jukov rəhbərlik edirdi. Məhkəmədə isə müharibənin daha bir qəhrəmanı-marşal İvan Konev sədrlik etdi.
Beriyaya qarşı ittihamlar yağdırıldı. Məlum oldu ki, stalinçi xalq komissarı bir neçə imperialist kəşfiyyatın agentidir, “kapitalizmin restavrasiyasına və burjuaziyanın hakimliyinə” can atırmış. Beriyanı həqiqətən də o vaxtların terminologiyası ilə gizli əks-inqilabçı saymaq olardı. Onun Almaniya Demokratik Resublikasının yaradılmasına skeptik münasibətini, Kuril adalarını yaponlara güzəştə getmək təklifini, Yuqoslaviya ilə barışığın vacibliyi haqda danışmasını xatırlatmaq kifayətdir. Görünür Beriya SSRİ-nin soyuq müharibədən çıxmasını istəyirdi və Stalinin müharibəsonrası sərt xarici siyasətinə yenidən baxılmasına çalışırdı. Praqmatik siyasətçi kimi Beriya hesab edirdi ki, müharibədə dağılmış ölkəni ancaq kapitalist təsərrüfat metodları ilə bərpa etmək olar. Ona görə uzun illər sonra da bu pensneli adamı hərdən ilk sovet liberalı hesab edirlər.
Məhkəmədə Beriyanın mənəvi-məişət pozğunluğu barədə də geniş danışılıb. O, doğrudan da qadın düşkünü idi. Şaiyələr gəzirdi ki, marşal Moskva küçələrində öz limuzini ilə yavaş sürətlə hərəkət edərək qurbanlarını axtarırdı. Beriyanın xoşuna gələn qadınları dərhal onun kabinetinə aparırdılar. Bu, əlbətdə kinosüjetə oxşayır. Amma Beriyanın bir neçə qadınla uzunmüddətli əlaqələri, onlarla qadınla isə birdəfəlik əlaqələri faktdır.
Hətta onun iqamətgahının zirzəmisində öldürülmüş məşuqələrin cəsədlərini doğrmaq üçün daşkəsən maşın da olduğu haqda deyilir. Doğrudur, bu aqreqatın özünü, heç olmasa fotosunu təqdim edən olmayıb.
Beriyanın məhkəməsi sürətli və absurd oldu-1930-cu illərin pis ənənələrinə uyğun. Onu hakimiyyəti ələ keçirmək üçün antisovet təşkilatı qurmaqda, kapitalizmin restavrasiyasına cəhddə və qərb kəşfiyyatı ilə əlaqələrdə ittiham etdilər. Marşalı hökm çıxan gün, vaxtı uzatmadan güllələdilər.
Ona heç kimin yazığı gəlmədi. Nə Mərkəzi Komitədə, nə Nazirlər Sovetində. Hamının Beriyadan zəhləsi gedirdi. Hətta sonradan xarici işlər naziri olmuş Andrey Qromıko kimi təmkinli adam da Lavrenti Pavloviçin barəsində olduqca kəskin ifadələr işlətmişdi.
Qromıko xatirələrində yazırdı: “Yaltada sovet nümayəndə heyəti amerikalılara və ingilislərə nahar ziyafəti verərkən Ruzvelt Stalinə tərəf dönüb dedi:
-Qromıko ilə üzbəüz oturan i cənab kimdir? Görünür Beriya masaya oturmazdan əvvəl özünü Ruzveltə təqdim etməmişdi. Stalin cavab verdi:
-Həə! Bu ki, bizim Gimmlerdir. Bu, Beriyadır.
Stalinin bu dəqiq müqayisəsi məni heyrətə saldı. Nəinki mahiyyətinə, eyni zamanda xarici görkəminə görə də bu iki qəddar cani bir-birinə oxşayırdı. Gimmler Hitlerin ətrafında pensne taxan yeganə adam idi, Beriyanı da pensnesiz təsəvvür etmək mümkün deyildi”.
Beriyanın ardınca onun bir qrup tərəfdarını, o cümlədən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovu da güllələdilər. Amma o vaxtdan rəhbər şəxslərə divan tutulması dayandı. Gözdən düşmüş rəhbərləri “xərcləmirdilər”, ya fərdi pensiya verib istefaya göndərirdilər, ya da üçüncü növ ölkələrə səfir göndərirdilər. Xruşşovun vaxtında da, Brejnevin vaxtında da belə oldu.(virtualaz)
Hazırladı: F.Məmmədov