Atasının Siyasi Büro üzvü, tanınmış siyasi xadim olmasına baxmayaraq, müharibə başlananda o, könüllü olaraq cəbhəyə gedib. Hərbi komissarlıqda ona gənc mütəxəssis kimi hərbi xidmətdən möhlət hüququ olmasını bildirəndə Yuri Jdanov bu möhlətdən imtina edib:
Yenixeber.org: -Jdanovun oğlu olmaq mənə heç bir imtiyaz vermir ki, mən həmyaşıdlarımdan geri qalım, müharibədən yayınım. O ki, qaldı gənc mütəxəssis məsələsinə, mən cəbhədə daha çox lazımlı olaram.
Yuri Jdanov bütün həyatı boyu atasının adından istifadə etməyib və nəyə nail olubsa öz gücü, zəhməti hesabına olub. Onu ölkənin bütün birinciləri tanıyıb. Gözünü açandan evlərində Stalini, Malenkovu, Voroşilovu və digər siyasi xadimləri görüb. Onların övladlarından fərqli olaraq Yuri daha tərbiyəli, daha ağıllı olması ilə fərqlənib.
1919-cu ildə Tver şəhərində anadan olan Yuri Jdanovun uşaqlıq və yeniyetməlik illəri Qorki və Leninqrad şəhərlərində keçib. Atası Andrey Jdanov Mərkəzi Komitəyə təyinat alanda ailə Moskvaya köçüb. Qeyd edək ki, Yurinin atası Andrey Jdanov Stalinin ən yaxın silahdaşlarından biri sayılıb. O, uzun illər Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi və Mərkəzi Komitənin katibi vəzifələrində işləyib, 1948-ci ildə 52 yaşında vəfat edib.
Yuri Jdanov Moskva Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb. Yuxarıda qeyd etdiyimiz kimi sovet-alman müharibəsi başlananda o, könüllü olaraq cəbhəyə yollanıb və müharibənin sonuna qədər döyüşən orduda xidmətini davam etdirib.
Müharibədən sonrakı illərdə Jdanov bütün fəaliyyətini elmə bağlayıb. Böyük imkanlarına baxmayaraq bir müddət Moskva Dövlət Universitetində kiçik bir vəzifədə çalışan Jdanov əvvəlcə fəlsəfədən dissertasiya müdafiə edərək fəlsəfə elmlər namizədi adını alıb, daha sonra isə kimya üzrə namizədlik və doktorluq işini müdafiə edib.
Elmi fəaliyyəti ilə yanaşı Jdanov ictimai işlərdə də fəallıq göstərib. 1940-cı illərin sonunda o, siyasətlə məşğul olmağa qərar verib. Fəal kommunist Mərkəzi Komitədə həmin dövrdə yeni yaradılmış elm sektorunun müdiri vəzifəsinə təyinat alıb.
Andrey Jdanovun vəfatından sonra, 1949-cu ildə Stalinin təkidli təşəbbüsü ilə qızı Svetlana Alliluyeva Yuri Jdanovla ailə həyatı qurub. Bu Svetlananın ikinci nikahı olub.
Yuri Jdanov istər elmi, istərsə də siyasi fəaliyyətində qayınatasının adından da istifadə etməyib. O, mərkəzi Komitədə işləsə də elmi yaradıcılığını da arxa plana çəkməyib, elmi fəaliyyətini universitetin kimya kafedrasında davam etdirib. Əslində Stalin onun siyasi fəaliyyətlə məşğul olmasını istəməyib və o, nəhayət, günlərin birində bu məsələ ilə bağlı fikrini Yuri Jdanova açıq formada bildirib. Belə ki, iş günlərini birində Jdanov kimya laboratoriyasında çalışarkən onu telefona çağırıblar. Dəstəyi qaldıranda ondan gözləməyi xahiş ediblər:
-Gözləyin, indi sizinlə yoldaş Stalin danıçacaq.
Qısa aradan sonra xəttin o başından Stalinin səsi eşidilib:
-Mənə məlumat çatıb ki, siz (Stalin kürəkəninə siz deyə müraciət edib) elmi fəaliyyətinizdən daha çox siyasətlə məşğul olursunuz. Diqqətinizə çatdırım ki, hazırda bizə siyasətçi yox, kimyaçı lazımdır. Bunu nəzərə alın.
Bu irada baxmayaraq Jdanov hər iki sahədə öz fəaliyyətini davam etdirib.
1952-ci ildə Jdanovla Svetlana Alliluyeva rəsmi şəkildə ayrılıblar. Stalinin qızı bu ayrılığın səbəbini Jdanovun “quru elm adamı” olması ilə izah edib. Stalin isə nikahın pozulmasında qızının günahkar olduğunu bildirib. Sovet liderinin mühafizə rəisi general Vlasik sonralar yazdığı xatirələrində həmin hadisəni aşağıdakı kimi xatırlayıb:
“Yuri ilə Svetlananın ayrılması Stalinə pis təsir etmişdi. Stalin Yuri Jdanova böyük hörmətlə yanaşırdı. Nikahın rəsmi pozulduğu gün Stalin Svetlananı yanına çağırdı və onu danladı:
-Bax, sən belə axmaqsan, belə bir vaxtda əlinə yaxşı bir adam düşdü, sən onu saxlaya bilmədin. Yuri çox vicdanlı, təmiz, ləyaqətli bir adamdır. Sənsə bunu qiymətləndirməyi bacarmadın...”
1953-cü ildə Stalinin vəfatından sonra ölkənin kadr siyasətində baş verən köklü dəyişiklikərin dalğası Yuri Jdanovdan da yan keçməyib. Heç vaxt “böyüklərin” işinə qarışmayan, adı heç bir siyasi konfliktdə hallanmayan Jdanovu heç bir səbəb olmadan Mərkəzi Komitədəki vəzifəsindən azad ediblər. Bununla yanaşı ona Nikita Xruşovun göstərişi ilə Moskvanı tərk etməyi də “məsləhət” görüblər.
Yuri Jdanova iki yerdə iş təklif olunub, Çelyabinskidə və Rostovda. O, 1953-1957-ci illərdə Rostov vilayət Partiya Komitəsində şöbə müdiri vəzifəsində işləyib. 1957-ci ildən 1988-ci ilə qədər isə Rostov Dövlət Universitetinin rektoru olub.
1988-ci ildə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma siyasəti dövründə Yuri Jdanov Andrey Jdanovun oğlu, Stalinin kürəkəni olduğu üçün rektor vəzifəsini də itirib. O, ömrünün son illərinə qədər Rostovda nəşr olunan “Qafqazın elmi düşüncələri” jurnalının baş redaktoru vəzifəsində çalışıb.
İlham Cəmiloğlu