Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünyanı gözləyən fəlakət ssenarisi: “Əgər nüvə silahları olmasaydı...”

Deputat: “Artıq baş verənlər Üçüncü Dünya müharibəsinin görüntüsü kimi qiymətləndirilir”

Politoloq: “Üçüncü Dünya müharibəsi bəşəriyyətin sonu deməkdir”

Yenixeber.org: Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər. Onun sözlərinə görə, hazırda davam edən İsrail-HƏMAS münaqişəsinin genişlənməsinin qarşısı alınmazsa, Üçüncü Dünya müharibəsi qaçılmaz olacaq: “İsrail və ABŞ qüvvələri İranla döyüşə başlasa, mütləq cavab alacaqlar. Hazırda vəziyyəti gərginləşdirən İran deyil, İsrail və ABŞ iranlıları müharibəyə dartmağa çalışır”.

O, Yaxın Şərqdəki vəziyyəti böyük fəlakət adlandırıb və bildirib ki, HƏMAS döyüşçülərinin İran istehsalı olan silah-sursatdan da istifadə etməsi İranın münaqişədə iştirakı demək deyil: “Dünyada silah ticarəti gedir və həmin silahlar hər hansı digər qüvvələrin vasitəsilə HƏMAS-ın əlinə keçə bilər. HƏMAS döyüşçülərinin İsrail ərazilərinə hücumunda İranın iştirakına dair faktlar yoxdur”.

Qeyd edək ki, HƏMAS-ın İsrailə məlum hücumundan və ikincinin cavab əməliyyatına başlamasından sonra İran İsrailin Qəzza zolağında quru əməliyyatını “qırmızı xətt” hesab etdiyini bəyan edib. Hətta, İran Prezidenti İbrahim Rəisi bildirib ki, İsrailə qarşı ən sərt tədbirlərə əl atılacaq. Rusiya-Ukrayna müharibəsindən və Tayvan uğrunda ABŞ-Çin qarşıdurmasından sonra ABŞ, Böyük Britaniya və Avropa ölkələrinin, Qərb blokunun İsraili, Rusiya, Çin və anti-Qərb blokunun Fələstini müdafiə etməsi beynəlxalq münasibətlər sistemində olan gərginliyi daha da artırıb.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi şərhçi Elman Nəsirov mövzuya dair deyib ki, dünyada konfliktlərin sayı artır və bu, sivilizasiyalararası toqquşmalara gətirib çıxara bilər: “Təhlükənin mövcudluğunu hiss etməmək ən böyük təhlükədir. Yaşadığımız dünya heç zaman indiki qədər təhlükəli olmayıb. Hətta “soyuq müharibə” dövründə belə, vəziyyət bu cür deyildi. Çünki “soyuq müharibə” dövründə təhlükəsizliyə təminat verən çox mühüm və strateji əhəmiyyətli sənədlər qəbul olunmuşdu və bu sənəndlər də işlək vəziyyətdə idi”.

“Mövcud vəziyyətdə isə beynəlxalq hüquqa və təhlükəsizliyə təminat verən bir işlək sənədin adını çəkmək mümkün deyil. Bu sənədlərin heç birinin işlək mexanizmləri yoxdur. BMT Təhlükəsizlik Şurası da ciddi təsir imkanlarına malik qurum deyil. Kollektiv Qərblə Rusiya arasındakı müharibənin ardınca Yaxın Şərqdə baş verənlər Üçüncü Dünya müharibəsinin görüntüsü kimi qiymətləndirilir”, - deyə deputat bildirib.

Müsahibimiz xatırladıb ki, dünyada 150 milyondan artıq ərəb və bir milyarddan çox müsəlman yaşayır: “Qəzzada baş verənlər müsəlman və qeyri-müsəlman dövlətləri arasında toqquşmaya gətirib çıxara bilər. Çox təəssüf ki, sivilizasiyaların toqquşması barədə Samuel Hanqtinqton tərəfindən hazırlanmış tezisin işlək vəziyyətə gəlməsi üçün münbit şərait yaranıb. Nəzərə alsaq ki, İsrail nüvə dövlətidir və xeyli sayda nüvə başlığına malikdir, bu, vəziyyəti daha da dramatikləşdirir”.

“Mövcud şəraitdə İran Fələstini müdafiə edir. Heç şübhəsiz ki, İranın və kənar dövlətlərin bu müharibəyə cəlb edilməsi coğrafiyanı genişləndirəcək. Bu da nəticə etibarilə qlobal partlayışa gətirib çıxara bilər. Bu mənada Belarus Prezidenti Aleksandr Lukaşenkonun son açıqlamasını təsadüfi saymıram. Yəqin ki, onun kifayət qədər ciddi əsasları var. Açıq şəkildə söyləmək olar ki, böyük dövlətlər müdaxilə edərsə, Üçüncü Dünya müharibəsi başlaya bilər”, - deyə Nəsirov vurğulayıb.

Beynəlxalq münasibətlər üzrə ekspert Murad Sadəddinov da məsələni şərhində təhlükənin miqyasının böyük olduğunu söyləyib: “İsraillə İranın arasında hərbi qarşıdurma olacaq. Yaxın tarixdə belə bir müharibə baş verəcək. Çünki İran açıq şəkildə bəyan edir ki, İsrailin dövlət kimi mövcudluğuna imkan yaratmayacaq. Digər yandan da nüvə başlıqlarına sahib olmaq istiqamətində fəaliyyətini davam etdirir. Belə bir xüsusda İranla İsrail arasında hərbi qarşıdurma, quru müharibəsi ehtimalları yüksəkdir”.

“Lakin düşünmürəm ki, bu, hazırkı şəraitdə baş verəcək. Mövcud şəraitdə daha çox gözlənilən İsrailin İranı hava hücumuna məruz qoyması ola bilər. Hansı ki, bu da az inandırıcıdır. O ki qaldı Üçüncü Dünya müharibəsinə, böyük güclər buna imkan verməyəcək. Əgər versəydilər, Rusiyaya qarşı hücumlar sərt və amansız olardı. Sadəcə dünyanın qütbləşməsi prosesi gedir ki, bu da davam edəcək”, - deyə analitik diqqətə çatdırıb.

Sadəddinov əmindir ki, Üçüncü Dünya müharibəsi bəşəriyyətin sonu deməkdir: “Çünki bir çox dövlətlər nüvə başlıqlarına malikdir. Həm ABŞ, Böyük Britaniya və onun müttəfiqləri - kollektiv Qərb, həm də anti-Qərb bloku bunun hansı fəsadlar doğuracağını gözəl bilir. Şübhəsiz ki, nüvə başlığı olmasaydı, Üçüncü Dünya müharibəsi çoxdan başlamışdı. İndiki halda isə buna imkan verməyəcəklər. Beynəlxalq münasibətlər sistemində isə gərginliklər aratacaq və yeni münaqişə ocaqları yaranacaq”.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam