Belarusda etirazların ilk gecəsi: bir ölü, xeyli yaralı -Tixanovskayanın da səhhəti pisləşib
Belarusda keçirilən prezident seçkilərindən sonra başlayan etiraz aksiyalarının bütün gecə və ölkənin paytaxtda daxil bir sıra böyük şəhərlərində - Brest və Qrodnıda davam etdiyi barədə xəbərlər gəlməkdədir.
Yenixeber.org: Minskin mərkəzindəki ilk toqquşma xəbərləri seçki məntəqələrinin bağlanmasından dərhal sonra gəlmişdi. Belə ki, Minskin Maşerova və Pobediteley prospektlərinin kəsişməsində etirazçılarla çevik qüvvət polisləri arasında toqquşmalar başlamışdı. Ən ciddi qarşıdurma xəbəri Minskdə Pobediteley prospektində və "Minsk - Qəhrəman Şəhər" stellasının yaxınlığında olmuşdu. Oraya toplaşmış bir neçə min etirazçıya qarşı hökumət qüvvələri səs bombalarından istifadə etmişdi.
Gecəyarı digər şəhərlərdən də qarşıdurma xəbərləri gəlib, Brestdə də xeyli insanların küçələrə çıxdığı deyilirdi.
Həmin vaxt mətbuat konfransı keçirən Belarus prezidentliyinə müxalifətin əsas namizədi olan Svetlana Tixanovskaya nəticələri saxtalaşdırıla bilməyən bir neçə dairədə Lukaşenkonu böyük səs çoxluğu ilə üstələdiyini deyərək, seçkilərdə qalib gəldiyini açıqlayıb. O, seçki məntəqəsinə gedən belarusların əksəriyyətinin onun lehinə səs verdiyinə əminliyini bildirib. Tixanovskayanın qərargahı dinc nümayişçilərə qarşı güc tətbiqini hakimiyyətin səhvi hesab edib. Səhərə yaxın Tixanovskayanın səhhətində ciddi problemlər yarandığı barədə xəbərlər yayılıb. Bildirilib ki, xanım namizəd çox yorğun görünüb, mətbuat konfransında zorla ayaqda dayanıb. O deyib ki, bu gün ilkin nəticələr elan olunduqdan sonra bütün suallara cavab verməyə çalışacaq.
Yerli vaxtla saat 01 radələrində Minskdə Pobediteley prospektində və "Minsk - Qəhrəman Şəhər" stellasının yaxınlığındakı ciddi qarşıdurmalar davam etdiyi xəbəri yayılıb. İlkin məlumatlarda bildirilirdi ki, oraya bir neçə min etirazçı toplaşıb. İnsanlara qarşı hökumət qüvvələri səs bombalarından və gözyaşardıcı qazlardan istifadə edib. Şahidlər Minsk şəhərinin mərkəzində çox sayda təcili yardım maşınları gördüklərini bildiriblər.
Səhərə yaxın bir etirazşının öldüyü, bir neçə nəfərin toqquşmalarda ağır yaralandığı xəbəri yayılıb. Öldürülmüş aksiyaçşı ilə bağlı da foto yayılıb. Minskdəki Müstəqillik prospektində seçkinin nəticələri ilə razılaşmayanların avtomobillərlə yürüşü də olub. Prospekt boyunca keçən bütün avtomobillər siqnal verərək etirazlarını bildiriblər.
Belarus Mərkəzi Seçki Komissiyası ilkin məlumatları bu gün səhər elan edəcək. Amma artıq aydındır ki, Lukaşenko artıq bu seçkinin qalibidir.
Politoloq Anton Davidçenko mk.ru-ya deyib ki, müxalifət avqustun 10-da mümkün qədər daha çox insanı meydanlara çıxarmağa çalışacaq.
“Üstəlik, əvvəlcədən proqnozlaşdırdığımız kimi, əsas diqqəti Minskə deyil, digər şəhərlərə yönəldəcəklər. İndi onlar üçün bütün Belarusun Lukaşenkoya qarşı olduğunu göstərmək vacibdir. Lukaşenkonun necə hərəkət edəcəyi sual altındadır. Etirazçılara qarşı çox sərt davranış katalizator rolu oynaya bilər. İndi Lukaşenko mümkün qədər vaxt qazanmalı və qanuni prezident olduğuna diqqət etməlidir. Mümkün qədər digər ölkələrdən legitimlik almalıdır. Əminəm ki, Qərb bu seçkiləri tanımayacaq” deyə, politoloq bildirib.
***
09.08.2020
Bu gün 10 milyona yaxın əhalisi olan Belarusda kritik prezident seçkisidir. Pandemiya səbəbindən avqustun 4-dən etibarən səsvermə başlayıb. Seçicilərin a22 faizdən çoxunun səs verdiyi deyilir.
Seçkidə hazırkı prezident Aleksandr Lukaşenko ilə yanaşı, Svetlana Tixanovskaya, parlamentin keçmiş deputatı Anna Kanopatskaya, Belarus Sosial-Demokrat "Qramadı"nın sədri Sergey Çereçeni və "Həqiqəti danış" İctimai Birliyinin həmsədri Andrey Dmitriyev mübarizə aparır.
Lukaşenkonun əsas rəqibi həbs edilən bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır. Sual oluna bilər ki, əri həbs edildiyi halda, niyə onun soyadını daşıyan xanımın namizədliyi qeydə alınıb. Səbəb sadədir: Lukaşenko əvvəldən bəyan edib ki, xanım namizədləri özünə rəqib hesab etmir...
Qeyd edək ki, Sergey Tixanovskidən başqa Vladimir Nepomnyaşi və Viktor Babariko da seçki yarışından uzaqlaşdırılıblar və həbsdədirlər.
Seçki qərərgahının rəhbəri saxlanıldı, Tixanovskaya gizlənməyə məcbur oldu
Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın seçki qərargahının rəhbəri Mariya Moroz avqustun 8-də axşam saxlanılıb. Ancaq onun niyə saxlanması barədə hər hansı rəsmi məlumat verilməyib. Avqustun 8-də axşam Svetlana Tixanovskaya da həbs olunma və ya hansısa təxribat səbəbindən Minskdəki evini tərk edib, qeyri-leqal şəraitdə işləməyə məcbur olub. Onun mətbuat katibi Anna Krasulinanın sözlərinə görə, Tixanovskaya gecəni tərəfdarları və jurnalistlərin əhatəsində keçirib. Krasulina Tixanovskayanın evinin yaxınlığında mülki geyimli asayiş keşikçilərinin toplandığını da qeyd edib.
Sükut günü, amma ölkə “tikan üstə”...
Avqustun 8-də ölkədə sükut günü elan edilsə də, seçkiqabağı gərginlik səngiməyib. Minskin bütün meydanlarında, küçələrində divarlar "Saşa 3 faiz" yazıları ilə “bəzənib”. Belarus hüquq-mühafizə orqanlarının təqiblərindən velosipedlərlə qaçan gənclər mümkün olan divar, hasar və səkilərə bu şüarı yazıblar. Minskin mərkəzində bir neçə müxalifət tərəfdarının aksiya keçirmək cəhdi isə baş tutmayıb. OMON mitinqin iştirakçılarını saxlayaraq naməlum istiqamətə aparıb.
Bildirilir ki, indi hər yerdə-avtomobillərdə, motosikiletlərdə Viktor Tsoyun Belarus müqavimətinin simvoluna çevrilmiş "Qəlblərimiz dəyişiklik tələb edir" mahnısını eşitmək olar.
Belarus hakimiyyəti həbsləri davam etdirdiyindən avqustun 8-də xüsusilə böyük şəhərlərdə-Minsk və Qrodnıda əhali çölə çıxmağa risk etməyib, küşə və meydanlarda tək-tək adamlar gözə dəyib. Bir çoxları şəhərətrafı bağlara gediblər, lakin Svetlana Tixanovskayanın çağırışına dəstək olaraq bu gün seçki məntəqələrinə gələcəklərinə söz veriblər. Amma “Lukaşenko özünə istədiyi nəticəni yazdıracaq” deyib, seçki məntəqəsini getməyin əbəs iş olduğunu düşünənlər də var. Bununla bərabər bəziləri ilk dəfə seçki məntəqəsinə gedəcəklərini və vətəndaş mövqelərini bildirəcəklərini deyib, ölkədə dəyişikliklər olacağına ümidlərini itirməyiblər. “Vesna” hüquq müdafiə təşkilatının rəhbəri Valentin Stefanoviç deyib ki, əgər əvvəllər yalnız Minsk və Qrodnı Lukaşenkoya əsasən müxalif şəhərlər hesab olunurdusa, indi əksər bölgələr dəyişiklik əhval-ruhiyyəsinə kökləniblər.
“İnternet və mobil telefonlar işləməyəcək” xəbərdarlığı
Minskdə hotellərin, müəssisələrin, ticarət obyektlərinin işçilərinə qeyri-rəsmi xəbərdarlıq edilib ki, bu gün ölkəboyu internet, mobil rabitə və hətta şəhər telefonları işləməyəcək. Seçkini işıqlandlırmaq üçün Belarus paytaxtında olan rusiyalı müxbirlər yerli mobil rabitə xidmətinin sim-kartını alıblar. Amma satıcılar onlara xəbərdarlıq edib ki, avqustun 9-da bu sim-kartlardan istifadə edə bilməyəcəklər, ən azı bu, paytaxt Minskdə mümkün olmayacaq. Xarici qonaqların qaldığı Minskin mərkəzindəki hotellərin birində də avqustun 9-da mobil rabitənin və internetin işləməyəcəyinin deyiblər. Bildirilir ki, iyulun 19-da Svetlana Tixanovskaya “Xalqlar Dostluğu” parkında təşviqat mitinqi keçirərkən də Minskdə rabitə ilə əlaqələrdə fasilələr yaranıb.
Belarus xalqı nə qərar verəcək?
Rusiyanın müstəqil mediası Belarus seçkisindən yazarkən, postsovet avtoritarizminin son illərdə ən böyük problemlə üzləşdiyini iddia edirlər. Qeyd olunur ki, 1994-cü ildən hakimiyyətdə olan Lukaşenko “xalq sevgisini itirib”, amma hakimiyyətdən əl çəkmək fikrində deyil. Proqnozlar isə bir-birindən yalnız Lukaşenkoya yazılacaq səs faizi ilə fərqlənir. Məsələn, “Novaya gazeta” yazır ki, prezidentə sadiq olan seçki komissiyaları Lukaşenkonun 75% civarında qələbə qazandığını elan edəcəklər, amma belaruslar bu qələbəni qəbul etməyəcəklər. İddia olunur ki, avqustun 10-u Belarus üçün həlləedici olacaq.
Açıq yazılmasa da, belə ehtimal olunur ki, seçkinin nəticələri Lukaşenkonun xeyrinə saxtalaşdırılacaq, bundan sonrasını isə belarus xalqı həll edəcək. Bəs, ilkin nəticələr elan olunanda nə baş verə bilər? Müşahidələr göstərir ki, Belarusun hakim elitasında, ilk növbədə, güc bloku Lukaşenkoya sadiqdir və hakimiyyəti əldən saxlamaq üçün çalışacaqlar.
Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusuna görə, Tixanovskaya Lukaşenkonu 3% üstələyir. “MSK səsləri vicdanla sayacağı təqdirdə prezident seçkilərinin ikinci turu qaçılmazdır” deyə, bildirilir.
Rəyi soruşanların 31%-i Svetlana Tixanovskaya, 28%-i Lukaşenkoya, 18%-i "Həqiqəti danış" İctimai Birliyinin həmsədri Andrey Dmitriyevə, 4%-i Belarus Sosial-Demokrat "Qramadı"nın sədri Sergey Çereçenə, Anna Kanopatskaya isə 3% səs verməyə hazırdır. 7% hamıya qarşı səs verməyə hazırdır, 9% isə qərar verməyib. Seçici fəallığın 79% olacağı gözlənilir.
Belarus rəsmi dairələrinin məlumataına görə, seçkini izləmək üçün 248 xarici, 50 minə yaxın yerli müşahidəçilər akkreditasiya olunub. Müxalifət isə müşahidəçilərinin seçki prosesinə buraxılmadığını iddia edir.
Seçkinin son nəticələri avqustun 19-dan gec olmayaraq açıqlanmalıdır.
***
Təxminən altı min seçki məntəsində seçicilər axşam saat 8-ə qədər (yerli vaxtla) səs verə biləcəklər. 44 seçki məntəqəsi isə ölkə xaricində açılıb. Ölkədə seçici sayı 6.8 milyondan çoxdur. Vətəndaşların 50 faizdən çoxu iştirak edirsə, seçki baş tutmuş sayılacaq. Bəzi siyasətçilər hesab edirlər ki, seçki ədalətli olarsa, ikinci turun keçirilməsi də mümkündür.
Svetlana Tixanovskaya video-müraciət yaydı: “Necə yəni ölkəni kimsəyə vermərik?”
"Voennoye Obozreniye" xəbər verir ki, Svetlana Tixanovskayanın video-müraciəti yayılıb. Lukaşenkonun əsas rəqibi olan xanım deyib ki, dövlət başçısı kim olursa-olsun, əhalini qorxu içində saxlamamalı, siyasətçiləri və onların övladlarını həbsxanalara doldurmamalıdır. Xanım namizəd Lukaşenkonun bir neçə gün əvvəl parlamentdəki çıxışında “ölkəni başqa kimsəyə vermərik” fikrini sərt tənqid edib.
“Biz bu sözləri başa düşmürük. Necə yəni kimsəyə verməyəcək? Kimsə dövləti onu verməmək üçün mənimsəyib? Biz kiminsə əmlakıyıq? Belaruslar şəxsi mülk deyil və ölkə də bir şəxsə məxsus olmamalıdır", - deyə, o bildirib.*
***
Belarusda seçki sonrası mümkün gərginlikləri önləmək üçün hakimiyyət Minskə qoşun yığıb. Bununla bağlı video və fotoları paytaxt sakinləri çəkib, sosial şəbəkədə yayıblar. Bildirilir ki, avqustun 9-na keçən gecə zirehli texnikanın Minskə doğru hərəkəti müşahidə edilib. Hökumət paytaxta niyə qoşun gətirilməsi ilə bağlı əlavə izahat verməyib.
Müxalifət qüvvələrinin seçki məntəqələri bağlandıqdan dərhal sonra küçələrə çıxacağı gözlənir. Amma əsas mitinq sabaha - avqustun 10-na təyin edilib. Amma çoxları bu gecə gərginliklər olacağını proqnozlaşdırır.
"Həqiqəti danış" İctimai Birliyinin həmsədri, prezidentliyə namizəd Andrey Dmitriyev isə əsgərlərə səslənib:
“Rejimin süqutunu izləyirik və onun qanla bitməsini istəmirik. Bu isə sizdən asılıdır. Siz hərbi xidmətə bir nəfəri deyil, bütün Belarusu müdafiə etmək üçün getmisiniz. Sizə müraciət edirəm: mülki insanları qoruyun. Bunlar analarınız, atalarınız, qardaşlarınız, bacılarınız, arvadlarınız, övladlarınızdır. Əgər bunu unutsanız, insanlar bu etdiyinizi heç vaxt unutmayacaqlar.”
Dmitriyev deyib ki, təhlükəsizlik qüvvələrinin xalqın tərəfini tutacağına şübhə edir:
“Onlara 1000 dollar maaş verilir. Bu, Belarus üçün çox böyük rəqəmdir"
İlk beş gündə nə qədər adam səs verib?
Belarusda pandemiya səbəbindən erkən seçki avqustun 4-də başlayıb. Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib ki, erkən səsvermədə seçicilərin 41,7% -i səs verib.
***
Gözləndiyi kimi, Belarusda seçki günü internet rabitədə ciddi problem yaraıb. Bakı vaxtilə saat 14:00-a olan məlumata görə, xarici jurnalistlər yalnız qısa mətnli xəbərlər göndərə bilir, video və fotoların göndərilməsi isə demək olar ki, mümkünsüzdür. Minskdə bir gün əvvəldən ölkəboyu internet, mobil rabitə və hətta şəhər telefonlarının işləməyəcəyi barədə xəbərdarlıq vardı.
Minskdə yerli sakinlər Telegram və digər sosial şəbəkələrdən istifadə edə bilmədiklərini deyiblər. İstifadəçilər internet və telefon bağlantıları ilə bağlı çətinliklərin təkcə paytaxtda deyil, digər şəhərlərdə də yarandığını bildiriblər.
Müxalifətçilərin isə hökumətin bu addımına hazırlıqlı olduğu müşahidə edilib. Rusiyalı jurnalistlər yazır ki, onlar sosial şəbəkələrdə çətinlik yaranacağı təqdirdə, telefonlarına artıq xüsusi proqram yükləyiblər. Yeni proqramda xəbərləşmənin necə olacağı barədə də əvvəldən təlimat verilib. Bluetooth vasitəsilə işləyən mesajlaşma proqramlarını əksəriyyət əvvəldən telefonuna yükləyib. Ancaq məlumdur ki, bu tip mesajlaşma yalnız iki cihaz arasındakı məsafə yaxın olduqda mümkündür.
***
“Seçkidən sonra Belarusda xaos və vətəndaş müharibəsi olmayacaq”.
Bu açıqlamanı səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında Belarus prezidentliyinə namizəd Aleksandr Lukaşenko deyib.
"Vəziyyətin gərgin olduğunu gizlətmək mümkün deyil, ancaq sabahdan etibarən ölkədə xaos və ya vətəndaş müharibəsi olacağını deməyə əsas yoxdur. Bunun belə olacağına təminat verirəm”, - deyə, Lukaşenko bildirib.
Lukaşenko əlavə edib ki, hakimiyyətin “hər cür variantını” nəzərdən keçirirlər. Hazırkı prezident ölkədə qarşıdurma və nifaq salmaq istəyən medianı hədələyib, “onlara anında cavab veriləcək” söyləyib.
Lukaşenko Moskva ilə münasibətlərin pisləşməsi barədə iddiaları da təkzib edib. O deyib ki, 33 rusiyalının Minskdə həbsi münasibətlərə kölgə sala bilməz.
Hər zaman olduğu kimi, Bədən Tərbiyəsi Universitetində səs verən “Batka”nın seçici məntəqəsində koronavirusla bağlı önləyici tədbir almadığı da diqqət çəkib. Koronavirusa yoluxduğunu gizlətməyən Lukaşenko seçki məntəqəsində hər kəslə əl tutub, seçki məntəqəsində heç kimin qoruyucu maskası olmayıb.
Saat 14:00 radələrində Belarus Mərkəzi Seçki Komissiyası seçkidə artıq 50 faizdən çox seçicinin iştirakını rəsmən təsdiqləyib və bununla da prezident seçkisinin baş tutduğu elan olunub.
***
Bir neçə dəqiqə əvvəl Minskdə Rusiyanın "Dojd" telekanalının əməkdaşları həbs ediliblər. Saxlanılan jurnalistlər - Vladimir Romenskiy, Vasili Polonskiy və operator Nikolay Antipova qarşı xüsusi zorakılıq olub. Onları küçədə saxlayan mülki geyimli şəxslər onları xüsusi zorakılıqla yerə yıxıblar. Jurnalistlərin niyə həbs edilməsi barədə rəsmi bilgi yoxdur, amma məlumdur ki, “Dojd” Kremlin nəzarətində olmayan telekanaldır və müxalifət mövqeyinə daha çox yer verir.
Məlumata görə, jurnalistləri prezidentliyə əsas müxalif namizəd Svetlana Tixanovskaya ilə söhbətdən dərhal sonra saxlayıblar.
S.Tixanovskaya gəlincə, xanım namizəd Minskin Kalinovskovo küçəsindəki 137 saylı məktəbdə səs verib. Çoxsaylı tərəfdarları onu “Sveta, afərin!” sədaları ilə qarşılayıblar. Tərəfdarları təhlükə səbəbindən seçki məntəqəsinə giriş-çıxışında onu hər tərəfdən əhatəyə alıblar.
Yada salaq ki, Svetlana Tixanovskaya təhlükəsizlik səbəbindən ötən gecəni jurnalistlərin və tərəfdarlarının əhatəsində keçirib. Onun seçki qərargahından 8 nəfər saxlanılıb. Onların arasında seçki qərargahının xanım rəhbəri də var.
***
“Seçkinin bitməsinə 1 saatdan az vaxt qalsa da, Belarusdakı seçki məntəqələrinin qarşısında uzun növbələr var. Seçicilər heç vaxt olmadığı kimi fəaldırlar və bu, hökumət üçün o qədər də sevindirici deyil. Çünki seçki məntəqələrində böyük növbələr yaradanlar Lukaşenkoya səs verməyə gələnlər deyil. Əksinə, insanlar səslərinin oğurlanmaması üçün ilk dəfə bu qədər fəallıq göstərirlər” deyə, mk.ru saytı Belarusdan yazır.
Bildirilir ki, ümumiyyətlə pandemiya səbəbindən avqustun 4-də başlayan erkən səsvermə budəfəki secici fəallığına görə fərqlənib.
Ölkənin əsas şəhərlərində əhalinin əhval-ruhiyyəsi həm də onu göstərir ki, belaruslar səslərinin oğurlanmasına imkan vermək fikrində deyillər və bu axşam küçələrə çıxmağa hazırdırlar. Bildirilir ki, seçicilər həbslərdən də narahat deyillər: "Hamını tutmayacaqlar ki... Ancaq görünür, Lukaşenko hamını tutmağa hazırdır. Günortadan sonra Minskə hərbi texnikanın gətirilməsi barədə məlumatlar belə düşünməyə əsas verir" deyə, xəbərdə bildirilir.
Son məlumata görə, seçicilərin 72 faizi artıq səs verib.
***
Belarusda 12 saat davam edən prezident seçkisində səsvermə Bakı vaxtilə saat 21-də başa şatıb. Belarus seçki qanunvericiliyində seçkidə “exit-poll” qadağandır, o səbəbdən ilkin nəticələr üçün ancaq rəsmi məlumatları gözləmək lazım gələcək.
Seçki bitdikdən dərhal sonra gözlər müxalifət düşərgəsinə və hakimiyyətə dikilib. İnternetin gün ərzində “ölə-ölə” işləməsi xüsusilə jurnalistləri çətin vəziyyətə salıb. Bir çox telekanallar efirə canlı qoşula bilməyib, yalnız telefonla xəbərləri ötürə biliblər. Gün ərzində YouTube işləməyib, seçki bitdikdən sonra internetin ümumiyyətlə kəsilməsi xəbərləri gəlməkdədir.
Seçki məntəqələri bağlanan kimi ən müxtəlif şayiələr yayılmağa başlayıb. Bunlar sırasında Lukaşenkonun ailəsinin ölkəni tərk etməsindən tutmuş ölkənin əsas şəhərlərinə ordu yeridilməsi xəbərləri var. Bildirilir ki, güc strukturlarlı xalqın hər hansı bir etiraza qalxacağı təqdirdə hərəkətə keçmək əmri gözləyir. Məlumdur ki, ötən gecə Minskə qoşun bölmələri gətirilib və bunlarla bağlı hökumət heç bir məlumat yaymayıb. Həbslərlə bağlı da xəbərlər xeyli intensivləşib.
Məlumdur ki, Svetlana Tixanovskayanın seçki qərargahının rəhbəri də daxil olmaqla dünəndən həbsdədirlər. Bildirilir ki, Svetlana Tixanovskaya həbsdə olan bankir Viktor Babarikonun seçki qərargahındadır, amma jurnalistlərlə heç bir təması yoxdur.
***
Səsvermə başa çatdıqdan sonra Belarus Daxili Qoşunlarının xüsusi texnikaları və yük maşınları ölkə prezidenti Aleksandr Lukaşenkonun Minskdəki iqamətgahının binasını əhatəyə alıb. Bu barədə RBC məlumat verib. Bildirilir ki, təhlükəsizlik qüvvələri iqamətgah yerləşdiyi ətraf küçələrin hamısını bağlayıblar.
Bundan əlavə, Daxili Qoşunlar Baş Poçt İdarəsinin yaxınlığındakı piyada yolunu da bağlayıblar.
Belarusun BelTA agentliyi xəbər verir ki, "Mir" Dövlətlərarası Televiziya və Radio Şirkətinin sifarişi ilə "BKMO" RSOO adlanan sosioloji qrup prezident seçkilərində exit-poll keçirib. Onların nəticələrinə görə, əsas rəqiblər-Lukaşenko 79,7%, Svetlana Tixanovskaya isə 6,8% səs alıb.
Azadlıq Radiosunun saytında (INOAGENT MEDİA kimi tanınır) ölkə xaricində keçirilən 18 seçki məntəqəsində aparılmış qeyri-rəsmi exit-pollun nəticələri yayılıb. Nəticələr Belarusdakı seçki məntəqələrindən keçirilən rəsmi exit-pollun birbaşa əksinədir. O nəticələrə görə, Svetlana Tixanovskaya 71,28% , Lukaşenko isə 10,09% səs toplayıb.
***
“Belarus prezidenti Aleksandr Lukaşenkonun təyyarəsi Minskdən havaya qalxıb və üçuş istiqaməti Türkiyəyədir”. Lenta.ru “PlaneFinder” saytına istinadən belə yazıb.
Bundan əvvəl Telegram NEXTA kanalı prezident təyyarəsinin uçuş üçün hazırlandığı haqda xəbər yaymışdı. Kanalın bildirdiyinə görə, minaaxtaranlar bir gün əvvəl təyyarənin uçuş zolağını yoxlayıblar. Bu isə adətən prezidentin xaricə uçuşa hazırlaşdığı zaman olur.
Məlumatlara görə, Lukaşenkonun üç təyyarəsi və bir helikopteli var: “Boeing 737-800, Kanadanın “Bombardier Challenger- 850 EW-301PJ”, “Yak-40 EW-88187” və Mi-8 EW-25049 helikopteri.
Qeyd edək ki, bir neçə gün əvvəl Lukaşenko heç bir halda ölkədən qaçmayacağını bəyan etmişdi.
Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidia Yermoşina isə artıq seçkidə Lukaşenkonun qalib gəldiyinə eyham edərək, digər namizədləri "məğlubiyyəti qəbu etməyə" çağırıb.
Polşa Seyminin deputatı Robert Tışkeviç rəsmi Varşavanın Belarusdakı saxta prezident seçkilərinin nəticələrini tanımayacağını deyib. Onun sözlərinə görə, bu, Belarus tarixindəki ən böyük saxta seçkidir və "dünyada heç kim" bu qələbəyə inanmır.
Musavat.com