Yenixeber.org: 18 il SSRİ-yə rəhbərlik edən Leonid Brejnevin şakərlərindən biri müharibə mövzusu olub. Baş katib qeyri-rəsmi görüşlərdə, ziyafətlərdə müharibə xatirələrini böyük həvəslə danışıb və o, bu söhbətləri ilə qələbənin təmin olunmasında az qala özünü əsas sərkərdələrdən biri kimi təqdim edib. Öz “qəhrəmanlığının” vurğunu olan Brejnev müharibədəki “xidmətlərini” rəsmiləşdirmək üçün 20 fevral 1978-ci ildə “Qələbə” ordeni ilə də təltif olunub. Qeyd edək ki, “Qələbə” ordeni 8 noyabr 1943-cü ildə təsis olunub və ən yüksək ali hərbi mükafat sayılıb. Brejnevə qədər bu ordenlə cəmisi 16 nəfər təltif olunub. Orden İkinci dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib. İlk dəfə bu ordenlə marşal Georgi Jukov təltif olunub. Beləliklə, Brejnev özü özünü “Qələbə” ordeni ilə təltif edərək Jukovla eyni statusda görünmək istəyib.
Brejnevin müharibə xatirələrinə böyük həvəsi özünü incəsənət sahəsində də göstərib. Baş katib müharibə mövzulu mahnılara qulaq asanda kövrəlib, hərbi marşlara xüsusi həssaslıqla yanaşıb. Müharibə mövzulu filmlər isə baş katibin zəif yeri olub. Hər həftənin beşinci günü axşamlar Brejnevin bağ evində baş katibə yeni filmləri nümayiş etdiriblər. Film menyusunda əsasən müharibə kinoları yer alıb.
Ümumiyyətlə Brejnev müharibə ilə bağlı kitabların çap olunmasında, filmlərin çəkilməsində, tədbirlərin keçirilməsində həmişə böyük fəallıq göstərib və bu işlərə diqqət ayırıb. 1971-ci ildə isə baş katib bu sahədə daha qətiyyətli bir addım atıb.
Tanınmış rejissor Yuri Ozerov 1971-ci ildə çəkdiyi beş filmdən ibarət olan “Azadlıq” kinoepopeyası ilə bağlı Brejnevlə görüşmək istəyib. Rejissor baş katiblə görüşə bir neçə dəfə cəhd etsə də onu Brejnevin yanına buraxmayıblar. Nəhayət, sırf təsadüf nəticəsində Ozerov Mərkəzi Komitənin katibi Suslovun qəbulunda olarkən Brejnevlə görüşə bilib və o, baş katibdən onu qəbul etməyi xahiş edib.
Baş katiblə rejissorun görüşü səmimi keçib. Brejnev Ozerovu mehribanlıqla qarşılayıb və ilk sualı da filmin çəkilişləri ilə bağlı olub:
- Yuri Nikolayeviç, “Azadlıq” əldə etməyimizə çox var, yoxsa hələ “döyüşürük?”
Ozerov özünəməxsus cavab verib:
- Leonid İliç, “döyüş” sona çatır, amma SSRİ-də Hitleri tapa bilmirik.
- Hitleri SSRİ-də yox, Almaniyada axtarmaq lazımdır.
- Məsələ ondadır ki, biz onu Almaniyadan SSRİ-yə gətirə bilmirik.
Sonra Ozerov Brejnevə Hitlerin rolunu oynamaq üçün alman aktyoru Frits Ditsə müraciət etdiyini bildirib. Qeyd edib ki, Frits Dits Almaniyada (ADR) bir neçə dəfə fürerin rolunda çəkilib və bu, çox uğurlu alınıb, amma alman aktyorunun Moskvada çəkiliş təklifindən imtina etdiyini söyləyib. Baş katib özünəgüvənliklə rejissoru sakitləşdirib:
- Bu problem deyil, həll edərik.
Brejnev masasının sol tərəfindəki telefonun düyməsini basıb və köməkçisinə Almaniya Vahid Sosialist Partiyasının baş katibi Erik Honekkerlə telefon əlaqəsi yaratmasını göstəriş verib. Az sonra baş katiblər telefon əlaqəsinə giriblər. Brejnev Honekkerə bir az amiranə, bir az da zarafatyana fikrini bildirib:
- Erik, (Brejnev almaniyalı həmkarına məhz belə müraciət edib) biz 1945-ci ildə Hitleri Moskvaya gətirə bilmədik. Gec də olsa, indi bu məsələni həll etməliyik. Hitleri təcili Moskvaya göndərin.
Brejnevin izahından sonra məsələni anlayan Honekker aktyoru Moskvaya göndərəcəyinə söz verib.
Bununla da Ozerovun aktyorla bağlı problemi öz həllini tapıb. Bir neçə gündən sonra Frits Dits SSRİ-də çəkilişlərə qatılıb.
Sonralar Frits Dits SSRİ-yə çəkilişlərə nəyə görə gəlmək istəmədiyinin səbəbini aşağıdakı kimi açıqlayıb:
“Bu filmin tamaşaçı auditoriyasının çox böyük olacağını bilirdim. Milyonlarla insan bu filmi seyr edəcəkdi. Mən bu insan kütlələrinin nifrətini və lənətini qazanmaq istəmirdim...”
Həqiqətən də, Frits Dits böyük peşəkarlıqla yaratdığı Hitlerin obrazı ilə milyonların “nifrət”ini qazanıb.
Qeyd edək ki, Frits Dits 1932-ci ildən Almaniya Kommunist Partiyasının üzvü olub. 1933-cü ildə Reyxstaq binası yandırılanda aktyor şübhəli şəxs kimi saxlanılıb və işlədiyi teatrdan heç bir günahı olmadan qovulub. Yanğını törədənlər aşkar olunanda Frits Dits sərbəst buraxılıb. Bu hadisədən sonra o, Almaniyanı tərk edərək İsveçrəyə köçüb və bu ölkədə aktyor kimi fəaliyyətini davam etdirib.
Frits Dits Adolf Hitleri insanlığın bir nömrəli düşməni adlandırıb və kütləvi tədbirlərdə nasist partiyasını tənqid etməkdən çəkinməyib.
İlham Cəmiloğlu