Onlar iki illik həqiqi hərbi xidmət zamanı yalnız bir dəfə əllərinə silah alıblar, hərbi andiçmə mərasimi zamanı. Bundan sonra hərbi tikinti hissələrində (stroybat) xidmət edənlərin silahlarını əmək alətləri əvəz edib...
Yenixeber.org: Hərbi tikinti hissələri qırmızı orduda hələ 1918-ci ildə yaradılıb. Məqsəd hərbçilərin xalq və kənd təsərrüfatı sahələrində işçi qüvvəsi kimi istifadə etmək olub. Zaman-zaman SSRİ-nin silahlı qüvvələrində “stroybat”ın şəxsi heyətinin sayı artıb. Artıq 1950-ci illərin ortalarında hərbi tikinti hissələrində xidmət edənlərin sayı 700 minə çatıb. Bu bütövlükdə Britaniya ordusunun şəxsi heyətinin sayına bərabər olub.
1955-ci ildə marşal Konstantin Jukov SSRİ-nin müdafiə naziri təyin olunanda, orduda islahatlara başlayanda o, hərbi tikinti hissələrinin tam ləğv olunmasına çalışıb. Marşal bununla bağlı bir neçə dəfə Mərkəzi Komitəyə yazılı müraciət edib. Jukov müraciətində aşağıdakı arqumentləri əsas götürüb:
- Hərbi tikinti hissələrindəki şəxsi heyətin sayı mövcud qanunvericiliyə görə konstitusiyaya ziddir.
- Həqiqi hərbi xidmətə çağırılanlar əmək alətləri ilə tikintilərdə, kənd təsərrüfatı sahələrində deyil, öz xidmətlərini silahla keçirməlidirlər, hərbi təlimlərdə iştirak etməlidirlər.
- Hərbi tikinti hissələrinin əsgərlərinin cəlb olunduğu istənilən sahədə görülən işlərin keyfiyyəti olduqca aşağıdır.
- Uzun illər hərbi tikinti hissələrində hərbi nizam intizam məsələsi arxa planda qalıb. Elə bu səbəbdən də bu hissələrdə özbaşına xidməti ərazini tərketmə, əsgərlər arasında qarşıdurma və dava, istənilən vaxt alkoqoldan istifadə etmək imkanı və bu kimi hallar hər il artmaqda davam edir.
Sözsüz ki, müharibədən sonrakı illərdə Mərkəzi Komitə “stroybat”ları ləğv etmək haqqında düşünməyib. Kifayət qədər böyük sayda işçi qüvvəsini tikintilərdən çıxarmaq hökumət üçün sərfəli olmayıb. Əksinə, “stroybat” hökumət üçün ən sərfəli işçi qüvvəsi sayılıb.
1960-cı illərdən sonra Qafqaz və Orta Asiya respublikalarının hərbi çağırışçıları “stroybat”larda xidmət etməyə daha çox can atıblar. Təxmini statistikaya görə hərbi tikinti hisslərində xidmət edənlərin 30-35 faizi məhz bu bölgələrin çağırışçılarından ibarət olub.
Hərbi tikinti hissələri və dəstələri heç bir dövrdə qoşun növü kimi formalaşdırılmayıb. Bu təyinatlı hissələrin idarə olunması, səfərbərlik məsələləri, bölgülər, maliyyələşməsi SSRİ Müdafiə Nazirliyində ayrıca bir idarəsi tərəfindən həyata keçirilib. Yəni struktur baxımdan onlar digər qoşun növləri, hava hücumundan müdafiə, rabitə, raket, tank, piyada və s. qoşunlar kimi hərbi qoşunlar statusuna malik olmayıb.
Hərbi tikinti hissələrində xidmət edənlər gördükləri işə görə əmək haqqı da alıblar. Həmin əmək haqlarından işçi formasının və qidalanmanın pulu çıxdıqdan sonra qalan vəsait onların hesabına köçürülüb. Əmək haqqının məbləği SSRİ Nazirlər Sovetinin xüsusi normativlərinə görə müəyyənləşdirilib.
“Stroybat”larda xidmət edənlər arasında hərbi xidmətdən evə şəxsi avtomobillə geri qayıdanlar da olub. Belə ki, “VAZ 21-01” avtomobilinin qiymətinin 5000-5500 rubl olduğu halda iki il ərzində bu məbləği yığmaq mümkün olub. Xüsusilə iqlim şəraitinin soyuq olduğu yerlərdə, Sibirdə, Uzaq Şərqdə bu məbləği daha tez yığmaq mümkün olub. Elə hərbi tikinti hissələri olub ki, həmin hissədə xidmət edən əsgərlər 300-400 rubl əmək haqqı alıblar. Digər bölgələrdə isə aylıq əmək haqqı adətən 80-120 rubl təşkil edib. Amma bir şərtlə ki, tapşırılan işi icra edə biləsən.
1979-cu ildə sovet hərbi kontingenti Əfqanıstana yeridiləndə hərbi tikinti hissələrinə böyük ehtiyac yaranıb. Belə ki, Əfqanıstanın səhralarında hərbi infrastruktur yaratmaq, kazarmaların, səhra mətbəxlərinin, anbarların, tibb məntəqələrinin, komanda məntəqələrinin inşası hərbi tikinti hissələrinə həvalə edilib. Məhz bundan sonra “stroybat”a axının qarşısı xeyli azalıb.
SSRİ tarixində hərbi tikinti hissələrinin ən ağır dövrlərindən biri Çernobıl qəzası baş verən günlər sayılır. Bu faciədən sonra qəzanın fəsadlarını aradan qaldırmaq üçün əraziyə ilk olaraq “stroybat”lar şəxsi heyətləri göndərilib. Xilasedicilərin 70 faizi məhz onlardan ibarət olub. Bu hissələrdə xidmət edən minlərlə əsgər və zabit həmin hadisələr zamanı şüalanma nəticəsində əlillik qazanıblar.
O cümlədən təbii fəlakətlər, texnogen qəzalar, zəlzələlər zamanı da “stroybat”ların şəxsi heyətləri xilasedici qismində iştirak ediblər.
Statistikaya nəzər salanda o da məlum olur ki, hərbi tikinti hissələrində daha çox yeyinti faktları olub. Məhz həmin ərəfələrdə bununla bağlı yarızarafat, yarıgerçək bir ifadə tez-tez səsləndirilib: “Stroybat hamıya eyni gözlə baxır, sıravi əsgər də yeyir, hərbi hissə komandiri də...”
1960-cı illərin əvvəllərindən hərbi tikinti hissələri mülki nazirliklərin tabeliyində də işləyiblər. Belə ki, Müdafiə Nazirliyi ilə həmin nazirliklər arasında müqavilə bağlanıb və hərbi tikinti hissələri həmin nazirliklərin sifarişlərini icra ediblər.
SSRİ Müdafiə Nazirliyi ilə yanaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsinin strukturunda da hərbi tikinti hissələri fəaliyyət göstərib.
İlham Cəmiloğlu