Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putin çarpaz hədəfə çevrilir: ABŞ və Qərb Rusiyada hakimiyyət dəyişikliyi planlaşdırır

ABŞ və Qərb Rusiya ətrafında çəmbəri sürətlə daraltmaqla yanaşı, bütün oxları məhz şəxsən Kreml sahibinə qarşı çevirməyə çalışır; Rusiya əhalisinə Putin hakimiyyətini dəyişə biləcəkləri halda, hər şeyin normala qaytarılacağının açıq mesajları verilməkdədir...

Yenixeber.org: Ukrayna savaşı Rusiya üçün əsl bataqlığa çevrildi. Kreml nə qədər cəhd göstərsə də, Rusiyanı bu “savaş bataqlığı”ndan çıxartmağa nail ola bilmir. Hər ötən gün Rusiya bu “bataqlığın” dərinliyinə daha çox batmaqda davam edir.

Kremlin Rusiyanı mövcud durumdan çıxartması üçün savaş meydanında ciddi hərbi qələbəyə ehtiyacı var. Üstəlik, bu hərbi qələbənin Rusiyanın beynəlxalq məkanda öz mövqelərini geri qaytarıb, xarici rəqiblərini narahat edəcək qədər geniş əhatə dairəsinə malik olması da vacib şərtdir. Əks halda, savaş uzandıqca Rusiya daha da ağır vəziyyətə düşə bilər.

Məsələ ondadır ki, Kreml senzura tətbiq etmiş olsa da, son vaxtlar Rusiyanın savaşı davam etdirmək baxımından vacib olan daxili maliyyə-iqtisadi, hətta hərbi resurslarını belə, sürətlə tükətmək üzrə olduğu da etiraf edilir. Yəni, Kremlin Ukraynada düşdüyü “savaş bataqlığın” Rusiyanın daxilində nəhəng maliyyə-iqtisadi, sosial “bataqlıq” yaratmaqda olduğu nəzərə çarpır.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

İndi Rusiyanın marketlərində rəflərin sürətlə boşaldığı barədə məlumatlar artmağa başlayıb. Üstəlik, bəzi ərzaq məhsullarının satışında müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu da bildirilir. Eyni zamanda, inflyasiya əhalinin aztəminatlı təbəqələrinə təsirini artırdığı vurğulanır.

Digər tərəfdən, Rusiya əhalisi arasında işsizliyin də sürətlə artmaqda olduğu iddia olunur. Əslində, bu, o qədər də gözlənilməz deyil. Çünki, 350-dən çox xarici şirkətin Rusiyanı tərk etmək və ya bu ölkədə fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul etdiyi heç kəsə sirr deyil. Həmin xarici şirkətlərin isə Rusiya ərazisində yüzlərlə müəssisələr şəbəkəsi var. Və bütün bu müəssisələrin bir-birinin ardınca qapadılması yeni işsizlər ordusunun yaranması anlamına gəlir.

Maraqlıdır ki, Qərb mütəxəssislərinin hesablamalarına görə, indiyə qədər xarici şirkətlərin Rusiyanı tərk etməsi bu ölkədə 100 mindən artıq vətəndaşın iş yerlərini itirməsi ilə nəticələnib. İddialara görə, yaxın vaxtlarda daha 10 nəhəng xarici şirkətin Rusiyada fəaliyyətini dayandırması daha 120 min iş yerinin bağlanmasına səbəb ola bilər.

Eyni zamanda, Qərb mütəxəssisləri hesab edirlər ki, bir müddətdən sonra Rusiyada yerli müəssisələrin də bağlanması prosesi intensivləşməyə başlayacaq. Ona görə də, proqnozlara görə, 2022-ci ilin sonlarına doğru beynəlxalq sanksiyalar ucbatından Rusiyada işsizlik problemi ilə üzləşəcək insanların sayının təxminən 9 milyon nəfərə çata biləcəyi iddia olunur.

Göründüyü kimi, olduqca dəhşətli proqnozdur. Bir daha təsdiqlənmiş olur ki, savaşları həmişə siyasətçilər başlatsalar da, ancaq onun ziyanını məhz sadə insanlar çəkmək məcburiyyətində qalırlar. Yəni, bütün müharibələr ilk növbədə aztəminatlı təbəqələrə sarsıdıcı zərbələr vurmuş olur.

8a0f81741c2717ce6a0610d206931b4f.jpeg (111 KB)

Onu da qeyd etmək lazımdır ki, savaş uzandıqca Rusiyaya qarşı sanksiyaların təsiri də tədricən özünü göstərməyə başlayır. Kremlin hazırda müəyyən mənada, küncə sıxışdırılmış vəziyyətdə olduğu artıq qətiyyən şübhə doğurmur. Və Kreml üçün əh təhlükəli məqam ondan ibarətdir ki, beynəlxalq rəqibləri Rusiyanı tamamilə dünyadan təcrid etmək niyyətində olduqlarını qətiyyən gizlətmirlər.

Bəzi məlumatlara görə, Rusiya prezidenti Vladimir Putinin xarici kəşfiyyatla məşğul olan dövlət qurumlarından aldığı son hesabat, məzmun baxımından, onu ciddi şəkildə narahat edib. İddia olunur ki, həmin hesabatda Çin və ABŞ arasında maliyyə-iqtisadi sahədə olan bir sıra mübahisəli məsələlərin həlli üçün artıq fəal danışıqlar başlayıb. Və hər iki tərəf mövcud problemlərin fonunda hərbi-siyasi ziddiyyətlərin aradan qaldırılmasının yollarını da nəzərdən keçirirlər. Üstəlik, ABŞ və Çin arasında bir çox ziddiyyətli məsələlər ətrafında kompromislərin tapıla biləcəyi artıq qətiyyən istisna deyil.

Rusiya kəşfiyyatından sızan məlumatına görə, rəsmi Pekin Çinə tanınacaq iqtisadi imtiyazların qarşılığında ABŞ və Avropa Birliyinin Kremlə yönəlik bəzi sanksiyalarına açıq, bəzilərinə isə üstüörtülü şəkildə qatılmağa meyillidir. Və əgər, bu anlaşmalar reallaşarsa, tezliklə Rusiya iqtisadiyyatı daha sarsıdıcı yeni situasiya ilə üzləşə bilər.

Bir çox iqtisadiyyat mütəxəssisləri hesab edirlər ki, əgər, Rusiya kəşfiyyatından sızan məlumatlar doğru çıxarsa, bu, müəyyən mənada Rusiyanın iqtisadi böhrandan çıxarılması ilə perspektivlərin üzərindən də tamamilə xətt çəkə bilər. Belə anlaşılır ki, ABŞ və Qərb əslində, Rusiyanı “qaranlıq quyu”nun dibinə çəkməyin planlarını qururlar. Və belə planlar yalnız Rusiya deyil, ümumiyyətlə, bütün dünya üçün təhlükəli nəticələr verə bilər.

putin777.jpg (70 KB)

Bütün bu məlumatların nə qədər doğru olub-olmadığı hələlik məlum deyil. Ancaq buna baxmayaraq, bir müddət öncə Rusiyanın Çindən hərbi və maliyyə-iqtisadi dəstək istəməsi barədə iddialar hər halda, Kremlin kifayət qədər ağır vəziyyətdə olduğunu təsdiqləyir. Rəsmi Pekin belə məlumatları israrla təkzib etməyə çalışsa da, Rusiyanın yardım üçün ilk üz tutacağı ölkənin məhz Çin ola biləcəyi də inkaredilməz reallıqdır. Və Çin Rusiya ucbatından Qərb iqtisadi məkanında ciddi problemlərlə üzləşə biləcəyindən narahatlıq keçirtdiyini gpzlətməkdə də çətinlik çəkir.

Belə anlaşılır ki, ABŞ və Qərb Rusiya ətrafında çəmbəri sürətlə daraltmağa çalışır. ABŞ prezidenti Co Baydenin və Böyük Britaniya baş naziri Boris Consonun son açıqlamalarının məzmunu da Kremlin çarpaz hədəfə çevrildiyini göstərir. Bu iki beynəlxalq lider tədricən bütün oxları məhz şəxsən prezident V.Putinə qarşı çevirməyə çalışırlar.

Yəni, ABŞ və Qərb Rusiya əhalisinə Putin hakimiyyətini dəyişə biləcəkləri halda, hər şeyin normala qaytarılacağının mesajını verirlər. Bu, o deməkdir ki, hazırda prezident V.Putin Qərbin əsas hədəfidir. Və Rusiya ətrafında indi baş verənlər məhz onun hakimiyyətdən kənarlaşdırılmasına hesablanmış kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam