Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Zəngəzur dəhlizindən imtina?-Azərbaycanla İran arasında sazişin pərdəarxası və regiona təsiri

Yenixeber.org: Dünən Bakıda Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd, İran ərazisindən keçməklə, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılmasını ehtiva edir. Memorandumun məqsədi muxtar respublika ilə yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Əvvəlcə sənədin bəzi detallarına nəzər salaq:

– Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək;

– İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir;

– Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə işçi qrup yaradılacaq;

– Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirirlər;

– Avtomobil yoluna paralel olaraq tikiləcək dəmir yolunun maliyyələşdirilməsi və ödənilməsinə dair təkliflər 6 ay müddətinə hazırlanıb, tərəflərin hökumətlərinə təqdim ediləcək və s.

Beləliklə, Azərbaycan 44 günlük müharibədən sonra Ermənistan üzərindən Naxçıvana, oradan Türkiyəyə dəhliz tikilməsi məsələsindən geri çəkildi və bu strateji məsələni İran vasitəsi ilə gerçəkləşdirməyi qərara aldı. Xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatında bununla bağlı ayrıca bənd var. Orada qeyd olunur:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Müharibənin bitməsindən keçən müddət ərzində Ermənistan bu bəndin icra olunmasına razılaşmadı. Paşinyan hökuməti ölkənin ərazisindən dəhliz məntiqi ilə Naxçıvana və Türkiyəyə avtomagistralın və dəmir yolunun çəkilməsinin yolverilməz olduğunu bəyan etdi.

Beləliklə, indi bölgədə tamamilə yeni situasiya yaranıb və sözsüz ki, Rusiyanın Ukraynada apardığı müharibənin təsirləri özünü qabarıq göstərir. Çünki 10 noyabr bəyanatında Zəngəzur dəhlizinin Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olması razılaşdırılmışdı. Amma görünür, indi Moskvaya belə rol vermək bölgədə heç kimin marağına uyğun deyil. İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyəli həmkarı ilə 4 saatlıq müzakirəsində bu barədə ortaq qərarların alınması istisna olunmur.

Bölgədə artıq yeni reallıqlar və bu kontekstdə bir neçə vacib məsələnin çözülməsi gözlənilir:  

Laçın dəhlizinin bağlanması və dövlət sərhədinin nəzarətə götürülməsi;

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması (Bakı artıq 5 maddəlik sənəd göndərib);

Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi və Azərbaycanın suverenliyinin bərqərar edilməsi;

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Azərbaycanın rolunun artması;

Ermənistanın Rusiya və İran dəmir yolu şəbəkəsinə çıxışının bloklanması və s.

                Bu barədə mütəxəssislər nə deyir?

Deputat Tahir Mirkişili hesab edir ki, bu saziş ilə əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirdi. Onun sözlərinə görə, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə onu əvəz edəcək bu yeni kommunikasiya yolu Azərbaycanın və partnyorlarının imkanlarını xeyli genişləndirəcək, hər-hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq:

“Bu saziş ilə Azərbaycan Ermənistanın da yersiz və səbatsız siyasi hesablarını alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. Bu dəhliz də açılacaq. Və ya özünü təcrid şəraitində yaşamağa davam edəcək, edə bilsə…”

Politoloq Fərhad Məmmədov bildirir ki, Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarından İrana, oradan isə Naxçıvana və Türkiyəyə nəqliyyat infrastrukturunun tikintisi ilə bağlı İran və Azərbaycan arasında imzalanmış Memorandum Azərbaycanın regionda öz maraqlarını həyata keçirməsinin göstəricisidir. Onun sözlərinə görə, bunun üçün Bakının həm maliyyə, həm də təşkilati resursları var, üstəlik, öz milli maraqlarını qonşu ölkələrin maraqları ilə uzlaşdırmaq bacarığını xüsusi qeyd etmək vacibdir:

“Prezident İlham Əliyev regionda praqmatizmə və qarşılıqlı faydaya əsaslanan fəaliyyət mühiti yaradır. Azərbaycan il yarımdır ki, səbirlə Ermənistana kommunikasiyaların açılması ilə bağlı verdiyi təkliflərə cavab gözləyir. Amma Baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin adından yapışaraq, erməni cəmiyyətində emosional əhval-ruhiyyəni yüksəldir. Daha sonra dəmir yolu və magistral yolları ilə bağlı müxtəlif manevrlər etdi. Nəhayət, üçtərəfli hökumətlərarası komissiyaya məhəl qoymadan birtərəfli qaydada dəmir yolunun tikintisi üçün komissiya yaratdı. Nəticədə Azərbaycan özü üçün fundamental məsələni həll etdi: Ermənistana kommunikasiyalar açmaq öhdəliyi olmadan Naxçıvana və daha sonra Türkiyəyə qurudan çıxış yolu əldə etdi. Bu, çox vacib elementdir, çünki kommunikasiyaların açılması Ermənistan üçün də bütün yolların açılması demək idi. Amma indi Bakının belə bir öhdəliyi yoxdur və İrəvan Bakıdan öz ərazisi ilə İran və Rusiyaya dəmir yolu xətlərinin açılmasını xahiş etməli olacaq. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək imkanı istəyəcək”.

Fərhad Məmmədov daha bir vacib məqama diqqət çəkir: “Bununla yanaşı, Azərbaycan və Türkiyə prezidentləri Ankarada Naxçıvandan Qarsa dəmir yolunun tikintisini sürətləndirmək barədə razılığa gəliblər. Bu da Ermənistanın Gümrüdən Qarsa çıxışını Türkiyə üçün mənasız və ikinci dərəcəli edir. Beləliklə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin dayanması gündəmə gəlir. Bu məsələ artıq Ermənistanın Azərbaycanın tələblərinə çevik razılıq verməsindən asılı olacaq.  Əgər əvvəllər Ermənistan üçün bütün kommunikasiyaların açılması Zəngəzur dəhlizinin açılması müqabilində idisə, indi şərtlər başqa olacaq.  Sözsüz ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə sülh müqaviləsi prioritet olacaq”.

Politoloq xatırladır ki, Ermənistan öz inadkarlığı ilə Rusiyanı da çətin vəziyyətə salıb: “Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin edilməsində və regionda beynəlxalq dəmir yolu şəbəkəsində Rusiyanın iştirakı nəzərdə tutulmuşdu. Belə çıxır ki, Rusiya 10 noyabr üçtərəfli bəyanatın bəndlərinin icrasını təmin edə bilməyib”.

F.Məmmədovun sözlərinə görə, Zəngəzur dəhlizinə ehtiyac aradan qalxdığından Laçın dəhlizi məsələsi də yenilənir. Ekspert qeyd edib ki, bu məsələ çox güman ki, yaxın zamanlarda Azərbaycan-Rusiya formatında öz həllini tapacaq:

“Bununla da Azərbaycan nümayiş etdirir ki, çox gözləmək fikrində deyil. İrəvanın şıltaqlığı və inadkarlığı Ermənistana baha başa gəldi. İndiki çətin şəraitdə Bakı qərarlar verməyə tələsəcək, İrəvan isə nəzakətlə hərəkət etməlidir. Əks halda, kommunikasiya və sərhəd mövzusunda olduğu kimi, Azərbaycan öz mülahizələrinə uyğun olaraq birtərəfli addımlar atacaq”.

İqtisadçı, deputat Vüqar Bayramov isə bildirir ki, bu nəqliyyat xəttinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşağına çevirəcək: “Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda region üzərindən daşınan beynəlxalq yüklərinin həcmində artımların olacağı gözlənilir. Bu isə ondan xəbər verir ki, yeni anlaşma ilə Azərbaycan regiondakı geosiyasi mövqeyini daha da gücləndirə biləcək. Etiraf etmək lazımdır ki, bu layihə Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisadi inkişafına xüsusi töhfə verəcək”

Politoloq Elxan Şahinoğlu bildirir ki, Azərbaycanın İranla imzaladığı memorandum bölgədə yeni düzən yaradacaq: “İran Azərbaycana imkan yaradır ki, Bakı Ermənistanı yenidən oyundankənar vəziyyətə salsın, bu ölkənin kommunikasiya xəttinə qoşulmasını əngəlləsin. Günah Ermənistan hakimiyyətindədir, İrəvan Moskvaya güvənərək Qərbi Zəngəzur dəhlizinin açılması məsələsini yubatdı. Azərbaycan isə İrana imkan yaradır ki, yeni dəhliz vasitəsilə bölgədə rolunu və gəlirlərini artırsın, böyük arteriyanın tərkib hissəsinə çevrilsin”

Ekspert qeyd edir ki, buna baxmayaraq, Qərbin nüvə məsələsinə görə İrana qarşı sanksiyaları davam edir. “Bu sanksiyaların yumşalması və Qərbin Tehranla əməkdaşlığı genişləndirməsi artıq Azərbaycanın da maraqlarına cavab verir. Əslində Rusiyanın Ukraynaya işğalı fonunda Vaşinqton və Brüssel İranla anlaşmağa həvəsli görünürlər. Tehranın üzərindən sanksiyalar götürülərsə İran Avropa bazarına daha çox neft və qaz ixrac edə bilər ki, bu köhnə qitəni Rusiyanın enerji asılılığından böyük ölçüdə xilas edə bilər”. (pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam