Yenixeber.org: ABŞ Rusiyadan neft, qaz və kömürün idxalına qadağa qoyub. Bunu Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxışı zamanı ABŞ prezidenti Co Bayden deyib. Prezident çıxışında vurğulayıb ki, bu qərarı ilə ABŞ Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəfə alıb: “Biz Rusiyadan bütün neft, qaz və enerji idxalına qadağa qoyuruq. Bu, o deməkdir ki, Rusiya nefti artıq ABŞ limanlarına daxil ola bilməyəcək və Amerika xalqı Rusiya Prezidenti Vladimir Putinin döyüş maşınına daha bir güclü zərbə vuracaq. Bu, Konqresdə və inanıram ki, ölkədə güclü ikipartiyalı dəstəyi olan bir addımdır. Amerikalılar Ukrayna xalqını dəstəkləmək üçün toplaşdılar və Putinin müharibəsinin subsidiyalaşdırılmasında iştirak etməyəcəyimizi açıq şəkildə bildirdilər. Biz bu qərarı dünyada, xüsusən də Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələrdən sonra qəbul etdik”.
ABŞ-ın ardınca Böyük Britaniya da 2022-ci ilin sonuna kimi Rusiyanın neft və neft məhsullarını idxal etməkdən imtina edəcək. Bunu Krallığın biznes, energetika və sənaye strategiyası üzrə naziri Kvazi Kvartenq deyib. Onun sözlərinə görə, imtina bazara, şirkətlərə və təchizatçılara Böyük Britaniya tələbatının 8%-ni təşkil edən Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək.
Nazir qeyd edib ki, krallıq ABŞ, Niderland və Körfəz ölkələri ilə daha çox neftin tədarükü edilməsi istiqamətində işləyəcək: “Bazar artıq Rusiya neftini kənarlaşdırmağa başlayıb və onun demək olar ki, 70%-i hələ də alıcı tapa bilmir”. O, həmçinin bildirib ki, London Rusiya qazının ölkəyə idxalını dayandırmaq üçün imkanları araşdırır. Nazir qeyd edib ki, hazırda krallıqda Rusiya qazının payı 4% təşkil edir.
Böyük Britaniyanın transmilli neft-qaz şirkəti “British Petroleum” (BP) da Rusiyadan neft və qaz alışına dair yeni əqdlər bağlamamaq niyyətini bəyan edib. Bu barədə şirkətin nümayəndəsinin şərhində deyilir. Bundan başqa, neft-qaz nəhəngi “Şell” də Rusiya neft-qaz sektoru ilə əlaqəsini kəsdiyini bəyan edib.
ABŞ-ın qərarını şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, Avropadan fərqli olaraq, ABŞ üçün bu qərarı vermək daha asandır. “Çünki onun neft idxalında Rusiya cəmi 3% paya malikdir. ABŞ-ın neft idxalında Kanada 62%, Meksika 10%, Səuduyyə, Kolumbiya, İraq və Ekvador birlikdə təxminən 15% paya malikdir”.
Ekspertin sözlərinə görə, Avropanın neft tələbatının ödənməsində isə Rusiyanın rolu 20%-dən az deyil: “Niderland və Almaniyada isə daha yüksəkdir – 25% ətrafında. Bununla belə, Avropa üçün qısa müddətdə Rusiya neftinə, qazdan fərqli olaraq, alternativ tapmaq imkanları daha realdır”.
R.Ağayevə görə, Rusiya iqtisadiyyatı üçün də daha ölümcül sanksiya onun qaz ixracı imkanı saxlansa belə, qlobal neft bazarlarından izolyasiyası ola bilər. “Çünki onun resurs gəlirlərinin əsas hissəsi məhz neftdən formalaşır. Məsələn, 2021-ci ildə – hətta qazın qiymətinin daha yüksək olduğu bir ildə – Rusiyanın 250 mlrd. dollarlıq resurs gəlirlərinin cəmi 25%-i və ya 62 mlrd. dolları qaz ixracından formalaşıb. Yerdə qalan 75% xam neft və neft məhsullarının payına düşüb”, – iqtisadçı vurğulayıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Rusiyanın ABŞ-a nə qədər enerji məhsulları satdığını açıqlayıb. Onun sözlərinə görə, Rusiyanın bu ölkəyə enerji təchizatının böyük hissəsini neft deyil, neft məhsulları təşkil edir. “Bunu ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) statistikası sübut edir”, – ekspert qeyd edib.
İ.Şaban deyir ki, neft məhsullarının ABŞ-a tədarükünə görə, Rusiya 2021-ci ildə Kanadadan sonra ikinci yerdə qərarlaşıb – 172,586 milyon barel: “Ötən il ABŞ-a idxal olunan neft məhsullarının həcminin 20%-i Rusiyanın payına düşüb. Eyni zamanda, ötən il Rusiyadan ABŞ-a cəmi 72,608 milyon barel xam neft çatdırılıb. Bu, Kanada, Meksika, Səudiyyə Ərəbistanından sonra dördüncü nəticədir. İdxal olunan neftin ümumi həcmində Rusiyanın payı cəmi 3,3% təşkil edib. 2021-ci il üçün ABŞ-ın ümumi neft və neft məhsulları idxalında Rusiyanın payı 7,9% təşkil edib”.
Bu gün isə Avropa Birliyi qısa müddət ərzində Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün tədbirlər planını açıqlayıb.
Xatırladaq ki, ötən həftə Beynəlxalq Enerji Agentliyi də öz təkliflərini Birliyə təqdim etmişdi. Agentlik təklif etdiyi 10 addımla 2022-ci ilin sonuna qədər Rusiyadan alınan təxminən 150 mlrd. kub qazın 50 mlrd. kubmetrini ixtisar etməyin mümkün olduğunu göstərirdi.
AB ekspertləri isə təqdim etdikləri sənəddə yaxın 9 ayda Rusiyadan qaz asılılığının 67% və ya 100 mlrd. kub azaldılmasının mümkün olduğunu göstəriblər.
Ekspertlər imtina olunacaq 100 mlrd. kub Rusiya qazının alternativləri kimi aşağıdakı mənbələri göstərirlər:
1) 50 mlrd. kub yeni LNG müqavilələri hesabına
2) Əlcəzair, Azərbaycan və Norveçdən kəmər infrastrukturu hesabına əlavə 10 mlrd. kub qaz
3) enerjidən istifadənin səmərəliliyinin və qənaətin yüksəldilməsi, alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalının artırılması təxminən 35 mlrd. kub qazdan istifadəyə qənaətə imkan verəcək.
İqtisadçı Rövşən Ağayev bildirir ki, çox qısa zaman üçün kifayət qədər iddialı hədəfdir. Onun sözlərinə görə, planın nə dərəcədə əsaslandırılmış olmasını ilin sonunda görmək mümkün olacaq:
“Plana əsasən, aprel ayında yeraltı qaz anbarları ilə bağlı da bütün birlik üzvlərinin əməl etməli olduğu öhdəlik təsdiqlənəcək. Həmin standarta əsasən, oktyabrın 1-dək mövcud anbarların 90% doluluq səviyyəsi təmin edilməlidir”.
R.Ağayev bildirir ki, ən son statistikaya görə, Avropa qitəsinin illik xam neft idxalı 770 mln. ton ətrafındadır və bunun təxminən 18%-i (140 mln. ton) Rusiyanın payına düşür. “Qitənin təbii qaz istehlakı isə 500 mlrd. kubmetr ətrafındadır ki, Türkiyənin təxminən 20 mlrd. kubmetr idxalı nəzərə alınmadan Rusiyadan asılılıq 35% və ya 160 mlrd. kubmetr ətrafındadır”, – o qeyd edib.
İqtisadçının sözlərinə görə, Qərb koalisiyasının Venesuela və İranın bazara qaytarılması variantlarını nəzərdən keçirməsi, Kanadanın illik istehsalı 50 mln. tona qədər artırmaq imkanın olması barədə açıqlaması onu göstərir ki, Rusiya neftindən imtina üçün imkanlar real görünür: “Hətta rusiyalı ekspertlərin öz hesablamalarına görə, ABŞ-ın şist neft istehsalını gündəlik 1,5 mln. barrel artırmaq potensialı da nəzərə alınsa, yaxın 6-8 ayda yuxarıda qeyd olunan bütün mənbələr də nəzərə alınmaqla, dünya bazarına əlavə olaraq gündəlik 5 mln. barrel neft çıxarmaq mümkündür. Bu isə Rusiyanın dünya bazarından sıxışdırılması planlanan bütün neft həcmini kompensasiya etməyə yetərlidir”.(pressklub)
Turqut