Yenixeber.org: Ötən il iyunun 15-də Türkiyə və Azərbaycan prezidentlərinin Şuşa şəhərində imzaladıqları bəyannamə bu il fevralında hər iki ölkənin parlamentlərində ratifikasiya edildi. Daha sonra dövlət başçıları sənədi imzaladılar. Şuşa bəyannaməsi bütün sahələrdə iki dövlət arasında dərin müttəfiqlik münasibətlərini əhatə edir.
Ukraynada yaşanan Qərb-Rusiya gərginliyi fonunda Bakı və Ankara Şuşa bəyannaməsini təcili olaraq parlamentdə təsdiq edərək, prezidentlərin imzasına göndərməyə ehtiyac duydu. Çünki Rusiyanın Qərbdən tələb etdiyi təhlükəsizlik zəmanətləri içərində dolayısıyla Azərbaycan və Türkiyə münasibətlərini nəzərdə tutan bənd də vardı. Moskva bəyan edir ki, postsovet respublikaları NATO və Avropa İttifaqına inteqrasiya edə, hətta hərbi alyansa daxil olan ölkələrlə hərbi müttəfiqlik münasibətlərinə malik ola bilməzlər. Kremlin zəmanət tələbinə qədər Türkiyə və Azərbaycanın müttəfiqliyi 44 günlük müharibə sınağından fövqəladə uğurla çıxmışdı. Ankara birmənalı şəkildə öz müttəfiqini dəstəklədi, müdafiə sənayesinin ən müasir döyüş texnologiyaları ilə təmin etdi və bu amil qələbədə mühüm rol oynadı.
Müharibədən sonra iki ölkə arasında hərbi-siyasi əlaqələr sürətlə inkişaf edir. Azərbaycan rəhbərliyi bəyan edib ki, silahlı qüvvələri Türkiyə modelində yenidən formalaşdırır və bu zaman öz müttəfiqinin hərbi-texniki dəstəyindən yararlanır.
Şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı Moskvada narahatlıq doğurur. İstisna deyil ki, Kreml müxtəlif bu narahatlığını ən müxtəlif kanallarla hər iki ölkənin rəhbərliyinə çatdırılır. Amma Moskva qatarın artıq getdiyini də başa düşməmiş deyil. Məsələn Vladimir Putinin ən yaxın müttəfiqi olan Belarus prezidenti Aleksandr Lukaşenko bu günlərdə Rusiya ilə böyük ittifaq barədə danışanda, Azərbaycanın hipotetik gələcək ittifaqda olmayacağını dilə gətirmiş və bunu ilk növbədə Bakı-Ankara münasibətlərinin dərinləşməsi ilə izah etmişdi. Bununla belə, Kremlin hər şeyin bitdiyi ilə razılaşacağını gözləmək də ağılsızlıq olardı.
Əlbəttə, Rusiya təkcə diplomatik ritorika ilə kifayətlənmir, bölgədə atdığı müəyyən addımlarla Azərbaycana təzyiq göstərməyə çalışır. Bu zaman sözsüz ki ən əlverişli yer kimi sülhməramlıların müvəqqəti nəzarət etdiyi Qarabağ seçilir. Son həftələrdə burada baş verən insidentlər birmənalı şəkildə təxribatdır. Onların bir hissəsinin Rusiya Müdafiə Nazirliyi tərəfindən işıqlandırılması isə təxribatın Kremlin təlimatına uyğun həyata keçirilməsinə şübhə yeri qoymur.
Nə baş verir?
Fevralın 4-də separatçılar Rusiya sülhməramlılarının çətiri altında Ağdam istiqamətində səngərlər qazmağa başlayıblar. Caliber.az-ın əldə edərək (oxu – ötürülərək) yaydığı görüntülərdə erməni separatçılarının rusların müşayiəti altında işlədikləri aydın görünür. Azərbaycan hökuməti iki gün sonra elə həmin Caliber.az-ın dili ilə belə təxribatlara göz yummayacağın tərəflərə bəyan edir və terrorçulara qarşı “sıfır tolerantlıq” siyasətinin sona çatdığını bildirir.
Xəbərdarlığa baxmayaraq, üzərindən 10 gün keçəndən sonra erməni tərəfi səngər qazmağa başlayır. Ardınca isə Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması yayılır. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstə üzvlərinin səngər qazaraq möhkəmlənmə işləri apardıqları müşahidə edilib: “Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb”.
Ardınca isə erməni mənbələri Azərbaycan əsgərlərinin atəş açması nəticəsində bir hərbçinin ağır yaralandığını bildiririr.
Fevralın 16-da Azərbaycan sosial mediasında daha bir təxribat haqqında məlumat yayılıb. Belə ki, Tərtərin Suqovuşan yaşayış məntəqəsindən çıxıb Ağdərə-Kəlbəcər yolundan istifadə edərək Kəlbəcərə gedən Azərbaycana məxsus avtomobil kolonu Ağdərədən keçərkən dayandırılıb. Mülki paltarda olan təxminəm 200-ə yaxın erməni yük maşınlarının hərəkətinə imkan verməyib. Hətta sülhməramlıların qətiyyətsiz müdaxiləsi belə, kömək etməyib və yük maşınları yenidən Suqovuşana qayıdıb.
Ötən gün qondarma “Artsax təhlükəsizlik şurasının” yaydığı məlumata görə, fevral-may aylarında rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda silah atıcılığı təlimləri keçiriləcək. Təlimlərin vətəndaşların hərbi vərdişlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcəyi açıqlanıb. Təlimlərdə qondarma dövlət idarəetmə orqanlarının, eləcə də iri qurum və müəssisələrin əməkdaşları iştirak edəcəklər…
Tendensiyaya çevrilən bu təxribatlar cəmiyyətdə xeyli suallar, narahatlıq yaradır. Ermənilərin Rusiyanın himayəsi altında həyata keçirdiyi təxribatlar nədən xəbər verir? Yaxın gələcəkdə Qarabağda vəziyyət gərginləşə bilərmi? Artıq dəfələrlə xəbərdarlıqla çıxış edən Azərbaycan hansı addımları atmalıdır?
Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, son vaxtlar Rusiya sülhməramlılarının nəzarət etdiyi Qarabağ bölgəsindən gələn xəbərlər təkcə təxribatlarla kifayətlənmir, eyni zamanda baş verənlər yaxın illərdə ölkənin ərazi bütövlüyünün bərpa olunacağına şübhələr yaradır:
“Müharibənin bitməsindən 15 aydan çox vaxt keçməsinə baxmayaraq nə 10 noyabr 2020-ci il bəyanatının bir sıra maddələri həyata keçirilib, nə də Rusiya sülhməramlıları tərəfindən real sülhə doğru addım atılıb. Bu günlərdə gələn xəbərlər isə ya sülhməramlıların acizliyinin, ya da bilərəkdən separatçıların tərəfini tutmağın nümayişi kimi dəyərləndirilməlidir”.
Ekspert vurğulayır ki, Azərbaycana məxsus yük karvanının Suqovuşana qaytarılması ciddi suallar yaradır: “Bölgədə tərəflərin təhlükəsizliyini təmin etmək öhdəliyi olan Rusiya sülhməramlıları elementar maşın karvanının təhlükəsiz hərəkətini təmin edə bilmirsə, nəzarət etdiyi bu torpaqlarda hansı vəzifəni yerinə yetirir? Hələ müharibə təzəcə bitəndə də belə bir hadisə olmuşdu. Ağdərənin Heyvalı kəndinin erməniləri yenə sülhməramlıların müşayiət etdiyi Azərbaycan avtomobillərinin qarşısını kəsib şərt irəli sürmüşdülər ki, Basarkeçər istiqamətində sərhəd yolu ermənilər üçün açılmasa azərbaycanlıların Kəlbəcərə avtomobil hərəkətinə imkan verməyəcəklər. Niyə o zaman sülhməramlılar ermənilərə başa salmadılar ki, bura Azərbaycan dövlətinin ərazisidir, sizlər də bu dövlətin torpaqlarında yaşayırsınız və tədricən bir-birinizə alışmalısınız. Yoxsa, 15 ayın sülhü budur ki, separatçılığı dəstəkləyən bir qrup yol kəsib meydan oxuyur, Rusiya dövləti, sülhməramlılar yox, məhz Rusiya dövləti də onların şərtini də qəbul edir? Qəbul məsələsini sadəlövhlük kimi dəyərləndirməyək. Bu mövqe məhz Rusiyanındır”.
İlham İsmayılın sözlərinə görə, sülhməramlı statusunda olanlar bölgədə sülh yarada bilmir, əksinə indiyədək bütün hərəkətləri, törətdikləri daha çox gərginlik yaradır və düşmənçiliyi körükləyir: “Norayr Mirzoyanın sülhməramlıların gözü qarşısında Azərbaycan hərbiçilərinin postuna qumbara atması da bu qızışdırıcılığın nəticəsidir. Açıq şəkildə separatçıların tərəfinin tutulması bu cinayətkar rejimin əl-qolunu açıb. Moskvaya tez-tez səfər edən Araik Arutunyan, Brüsseldə görüşlər keçirən David Babayan indiyədək hansı sülh mesajlarını verib? Bu separatçı rejimin liderlərinə stimul verən, şərait yaradan, nəticədə onların anti-Azərbaycan bəyanatlar verməsinə səbəb olan da, məhz Rusiya sülhməramlıların sülhə xidmət etməyən mövqeyidir”.
Ekspert vurğulayır ki, Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazilərdə baş verən qanunsuz hərəkətlər barəsində Azərbaycanın indiyədək şifahi iradlarının real nəticəsi olmadığından, xəbərdarlıq formasına keçilməli və ictimailəşdirilməlidir. Onun sözlərinə görə, paralel olaraq qarşı tərəfin münasibət bildirməsi, yəni cavabı da tələb olunmalıdır: “Qayıdan maşın karvanı ləngimədən qeyd olunan marşrut üzrə hərəkətinə davam etməli və heç bir şərt olmadan sülhməramlılardan karvanın son məntəqəyə çatmasının təhlükəsizliyi tələb olunmalıdır. Azərbaycan 10 noyabr bəyanatının maddəsi kimi erməni silahlı qüvvələrinin çıxarılmasının vaxtını göstərməli və buna əməl edilmədiyi təqdirdə genişmiqyaslı anti-terror əməliyyatı keçirməyin onun müstəsna hüququ olduğunu bəyan etməlidir”.(pressklub)
Turqut