2021-ci il üçün dünyada demokratiya indeksi açıqlanıb. 5 parametr üzrə aparılan qiymətləndirmədə ölkəmiz BMT üzvü olan 167 ölkə arasında 141-ci yerdə, avtoritar rejimlər içərisində qərarlaşıb.
Yenixeber.org: Hüquqşünas, Avropa Şurasının eksperti Ələsgər Əhmədoğlu hesabatı şərh edib. O, əvvəlcə hesabat haqqında geniş məlumat verdi.
Bu hesabat “Economist Intelligence” təşkilatı tərəfindən hazırlanır və dünyada demokratiyanın vəziyyətini qiymətləndirən sənəd hesab olunur. 2021-ci ildə ölkələr üzrə durumu əks etdirən hesabatda xeyli diqqət çəkən məqamlar var. Belə məqamlardan biri də 2008-ci ildən 2021-ci ilədək keçən müddətdə 5 parametrdən, siyasi iştirakçılıq istisna olmaqla, 4-də dünyada ciddi geriləmə müşahidə olunur:
“Ölçü aparılan 5 parametr bunlardır: seçki sistemi və plüralizm, hökumətin funksionallığı, siyasi iştirakçılığın vəziyyəti, siyasi mədəniyyət, mülki azadlıqların durumu. Bu çərçivədə demokratik standartların vəziyyətinə uyğun olaraq, ölkələri 4 kateqoriyaya bölüblər. Birinci kateqoriyaya tam demokratik dövlətlər daxildir, onlar hesabata salınan 167 ölkənin 12.6 faizini əhatə edir, sayı 21-dır. Burada ilk beşliyi Skandinaviya ölkələri, Danimarka, İsveçrə tutur. Avropa İttifaqının bəzi ölkələri – Almaniya, Niderland, Avstriya və s. bura daxildirlər. Dünya üzrə Yaponiya, Böyük Britaniya, Kanada da birinci cərgədə yer alıblar.
İkinci kateqoriyaya qüsurlu demokratiyası olan ölkələr aiddir. Bu indeks daha geniş ölkə sayını əhatə edir. İkinci qrupda 53 ölkənin adı var, bura ümumi sayın 31.7 faizi daxildir. Bizim demokratik ölkə kimi tanıdığımız Fransa ABŞ başda olmaqla, Avropa İttifaqı və Avropa Şurası üzvləri olan bir çox ölkələr bura daxildir.
Üçüncü kateqoriyaya isə hibrid rejimləri salıblar. Bu sırada olanlar hələ qüsurlu demokratiyaya da keçid edə bilməyiblər. Onların sayı 34-dür. Beş parametrlə qiymətləndirildikdə onlarda demokratiyanın vəziyyəti ortadan bir az aşağı göstəricilərə malikdir. Bu ölkələr isə ümumi sayın 20.9 faizini əhatə edib.
Sonuncu 59 dövlət isə avtoritar rejimlər kimi təsnif olunub ki, bu da ümumi sayın 35.3 faizini əhatə edir”.
Hüquqşünas qeyd edir ki, hesabata görə, tam demokratik rejimlərdə dünya əhalisinin cəmi 6.4 faizi yaşayır: “Qüsurlu demokratiya olan ölkələrdə isə bu nisbət xeyli yüksəkdir, planet sakinlərinin 39.3 faizi bu qrupa daxil olan ölkələrin sakinləridir. Hibrid rejimlərdə dünya əhalisinin 17.2 faizi, avtoritar rejimlərdə isə 37.1 faizi həyat sürür”.
Ə.Əhmədoğlu əlavə edir ki, hesabatda son 1 ildə 10 ölkənin daha yaxşı performans göstərdiyi, digər 10 ölkədə vəziyyətin kəskin pisləşdiyi əks olunub: “Məsələn, ən yaxşı irəliləyiş göstərən ölkələr arasında Uruqvay, Hindistan, Qana, İndoneziya, Zambiya var. Nəticələri sürətlə pisləşənlər isə Əfqanıstan, Myanmar, Nikaraqua, Haiti, Venesuela, Tunisdir”.
Azərbaycana gəldikdə, ekspert bildirib ki, ölkəmiz 167 ölkə arasında 141-ci yerdə qərarlaşıb: Azərbaycan 10 mümkün baldan cəmi 2.68 bal toplayıb:
“Azərbaycanın ən aşağı göstəricisi seçki sistemi və plüralizm üzrədir. Bu sahədə vəziyyət 10 mümkün baldan cəmi 0.5 balla qiymətləndirilib. Hökumətin funksionallığı isə 2.5 baldır. Siyasi iştirakçılıq səviyyəsi bir az bundan yüksəkdir – 2.78 bal. Siyasi mədəniyyət 5 bal qiymətləndirilib ki, bu da təxminən 50 faiz deməkdir. Mülki azadlıqlar bölməsində isə ölkəmiz 2.65 bal toplayıb, bu da 100 faiz üzrə götürsək, cəmi 26 faizlik nəticədir. Bir məqamı da qeyd edim ki, pisləşmə yalnız Azərbaycanla bağlı deyil. Ümumilikdə, dünya üzrə bu parametrlərdə pisləşmə qeydə alınıb. Azərbaycan sabit olaraq aşağı yerlərdə qərar tutur”.
Ə.Əhmədoğlu Azərbaycana qonşu ölkələrin hesabatdakı yeri haqda da məlumat verib: “Qardaş Türkiyə hibrid rejimli ölkələr sırasında yer alıb. Ermənistan və Gürcüstan da bu sıraya daxildir. İran isə Azərbaycan kimi avtoritar rejimlər sırasında göstərilib”.
Hesabatı şərh edən hüquqşünas, seçki üzrə mütəxəssis Hafiz Həsənov bildirib ki, Azərbaycanın seçki sistemi və plüralizmlə bağlı 10 mümkün baldan 0,5 bal toplaması obyektiv qiymətləndirmədir. “Çünki nə hazırkı seçki qanunvericiliyi azad və ədalətli seçkilərin keçirilməsi üçün hüquqi bazanı təmin edir, nə də keçirilən seçkilər demokratik olub. Ölkədə seçki sistemi bir institut kimi, demək olar ki, sıradan çıxıb. Demokrati seçki sisteminin olmadığı ölkədə isə təbii ki, siyasi plüralizmdən danışmaq olmaz”, – hüquqşünas vurğulayıb.
H.Həsənovun sözlərinə görə, ölkədə media və ifadə azadlığı getdikcə məhdudlaşdırılır, siyasi fəaliyyət imkanları sıxışdırılır, vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətindədir və belə olan halda, təbii ki, balımız 0,5 olacaqdı: “Hökumət bu qiymətləndirmələrdən obyektiv nəticələr çıxarmalı və ölkənin siyasi sistemində həqiqi islahatlar aparmalıdır”.(pressklub)
Turqut