Yenixeber.org: Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən Aİ-92 oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.
Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.
SOCAR-ın izahatı
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, bununla əlaqədar olaraq, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) bir çox qurğularının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq:
“Bu il zavod artıq Avro-5 standartlarına cavab verən dizel yanacağının istehsalına başlamağa hazırlaşır. Bu baş verməmişdən əvvəl müvafiq qurğuların işə salınması üçün zavod dayandırılmalıdır. Dövri təmir sazlama işləri də aparılmalıdır.
İ.Əhmədov vurğulayıb ki, bu, mütəmadi olaraq həyata keçirilən bir prosesdir, yenilik deyil: “Belə olan halda zavodda istehsal edilən benzin yanacağı qabaqcadan tədarük edilsə də, qabaqcadan tədarük edilən yanacaq dövrü təmir müddətində ölkənin benzinə olan tələbatına yetməyə də bilər. Buna görə də, SOCAR üçün dövlət idxal imkanı da yaradır, Aİ-92 gömrük rüsumundan müvəqqəti azad edilir və aksiz dərəcəsi azaldılır. Bununla da, benzinin istehsalına yenidən başlayanadək bir pəncərə yaradılır ki, bu müddət ərzində SOCAR lazımlı qədər, ölkə tələbatına uyğun olaraq benzin idxal edə bilsin.
Dizelin idxalına adətən ehtiyac yaranmır. Ona görə ki, bizim dizel istehsal edən başqa bir qurğumuz da var. Həmin müddətdə alternativ qurğu işləyir. O da ölkənin dizelə olan tələbatını təmin edə bilər. Lakin benzini istehsal edən qurğular həmin müddətdə işləmədiyinə görə, benzin idxalına müəyyən miqdarda ehtiyac yarana bilər. Buna görə də hökumət benzinin idxalı üçün daha əlverişli imkanlar yaradır, lakin bu müvəqqəti addımdır və dövri təmir başa çatandan sonra zavodun normal fəaliyyəti bərpa olunacaq. Benzinin istehsalı davam etdiriləcək”.
İlham Şaban: “Daxili bazarda qiymətlərin dəyişməməsi üçün…”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Nazirlər Kabinetinin qərarı ilə aşağı oktanlı benzinin idxal vergisindən azad olması o deməkdir ki, H.Əliyev adına NEZ yaxın zamanlarda modernizasiya proqramı çərçivəsində fəaliyyətini müvəqqəti olaraq dayandıracaq. Onun sözlərinə görə, təmir və modernizasiya müddətinin 15-20 gündən çox olması planlaşdırılır. Ekspert qeyd edir ki, NEZ-in anbarlarındakı hazır məhsul bu müddətdə ölkənin aşağı oktanlı benzinə olan tələbatını ödəməyə yetərli olmaya bilər. “Ai-80 və Ai-92 markalı benzinlərin daxili bazarda tələbatını ödəmək məqsədi ilə onların idxalı qaçılmaz olacaq bilər. Dövlət tərəfindən tənzimlənən benzin qiymətlərinin daxili bazarda qiymətlərinin dəyişməməsi üçün Azərbaycan hökuməti bu qərarı verib”,- Şaban vurğulayıb.
Xatırladaq ki, Azərbaycan yüksək otkanlı Aİ-95, Aİ-98 markalı benzini Belarus, Rumıniya və Rusiya zavodlarından idxal edir. Nəticədə hər il 100 milyon dollardan çox vəsait xarici şirkətlərə axır. Aİ-92 markalı yanacaq və dizel isə H.Əliyev adına NEZ-da istehsal olunur. SOCAR 2016-ci ildən adıçəkilən zavodda başladığı yenidənqurma və modernizasiya proqramının 2021-ci ildə başa çatacağı vəd olunsa da, bu, hələ də baş verməyib. SOCAR bəyan edib ki, bir neçə mərhələdən ibarət olan bu proqramın tamamında ölkədə yüksək oktanlı yanacaq istehsal olunacaq.
5 ildir bitməyən proqram
2017-ci il dekabrın 19-da NEZ və “Tecnicas Reunidas” şirkəti arasında zavodun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCM (Layihələndirmə, Satınalma, Tikinti, İdarəetmə) müqaviləsi imzalanıb. Müqavilə neftin ilkin emalı, katalitik krekinq qurğularının və ümumzavod təsərrüfatının rekonstruksiyasını əhatə edir.
Bu günə olan nəticələr ondan ibarətdir ki, SOCAR-ın 5 il əvvəl başladığı yenidənqurma proqramın icrası göstərilən müddətdə mümkün olmayıb. Bu ləngimənin səbəbləri ilə bağlı ictimaiyyətə hər hansı informasiya verilməyib.
2019-cu ildə SOCAR-dan mətbuata bildirilib ki, NEZ-də 2021-2022-ci illərdə Azərbaycanda Avro-5 standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə zavodun istehsalat həcminin 7,5 mln. tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır. Bu isə nəzərdə tutulduğundan 4 il daha çox ləngimə deməkdir.
Həm keyfiyyətsiz, həm də baha yanacaq alırıq…
İqtisadçı alim, iş adamı Nazim Bəydəmirli xatırladıb ki, SOCAR rəhbərliyi əvvəllər yeni neft emalı zavodunun tikintisi ilə bağlı səs-küylü bəyanatlar verib: “2010-cu ildə Qaradağ rayonu ərazisində böyük neft-kimya kompleksinin tikiləcəyini deyirdilər. Söhbət on milyardlarla dollar dəyəri olan müəssisənin tikintisindən gedirdi. Çox təəssüf ki, idarəetmədəki mövcud problemlər, monopoliya, yerliçilik və başqa neqativ keyfiyyətlər neft sənayesində özünü daha qabarıq göstərir”.
İqtisadçı vurğulayır ki, ötən illər ərzində sovet dövründə tikilmiş neftayırma zavodlarını rekonstruksiya edib müasir standartlara uyğunlaşdırmaq əvəzinə SOCAR-ın əli ilə on milyardlarla dollar həcmində dövlət investisiyalarını xaricdə neft emalı kompleksləri almağa, qurmağa yatırdılar. “Belə demək mümkündürsə, Azərbaycan vətəndaşı ikinci planda idi. Çünki bu tip layihələrdə keyfiyyət yox, vəsaitlərin mənimsənilməsi mexanizmlərindən istifadə etməklə qazanc əldə etmək, dövlət vəsaitlərini mənimsəmək məqsədləri güdülürdü”, – ekspert vurğulayıb.
N.Bəyədmirlinin sözlərinə görə, Nazirlər Kabinetinin son qərarından görünən odur ki, neft emalı zavodunda benzin istehsalı daxili tələbatı ödəmir, daha çox təşviq olunur ki, xaricdən gətiriləcək yanacaq bahalaşmasın: “Qiymət artımının qarşısının alınması üçün belə bir qərar verilib. SOCAR rəhbərliyinin verdiyi məlumata görə, rekonstruksiya işləri 2023-cü ilin sonuna qədər davam edəcək. Yəni biz hələ bir neçə ilə bu tipli məsələlərlə qarşılaşacağıq. Çox təəssüf edirəm ki, neft istehsal edən, bu qədər sərvətləri olan ölkədə enerji daşıyıcılarının qiymətləri çox bahadır. Biz daha keyfiyyətsiz, amma daha bahalı yanacaq almaq məcburiyyətindəyik”.(pressklub)
Elçin Eldaroğlu