Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Ukraynada müharibə təhlükəsi aradan qalxdı?-Rusiya bir addım geri atdı, Zelenski Qərbi qınadı...

Yanvarın 26-da Birləşmiş Qərb Rusiya prezidenti Vladimir Putinin ultimativ tələblərini rədd etdikdən sonra Moskvanın hansı addımları atacağı maraqla gözlənilirdi. Əksər ekspertlər bildirirlər ki, diplomatiyaya yer qalmayıb, müharibə labüddür. 

Yenixeber.org: Ancaq Vaşinqton Ukrayna böhranının həlli üçün ciddi diplomatik yol qaldığını bildirib, eyni zamanda, Rusiyanı, Ukraynanı işğal edəcəyi təqdirdə, görünməmiş iqtisadi sanksiyalarla hədələyib. Bunun ardınca Qərb ölkələri Rusiyanı sərhəd regionları və Belarusdan qoşunları geri çəkməyə çağırıb. ABŞ rəsmiləri mümkün sanksiyalar sırasında Rusiyanı SWIFT qlobal bank transferləri sistemindən çıxarmağı, Rusiyaya yüksək texnologiya məhsulları ixracına geniş qadağa qoyulacağını bəyan ediblər. 

Ukraynaya müdaxilənin qarşılığında Qərbin vəd etdiyi və həyata keçirdiyi tədbirlər Rusiya üçün fəlakət ssenarisi hesab olunurdu. Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Kanada  Kiyevə böyük həcmdə müasir silahlar, mütəxəssislər gətirir. Təkcə bu gün Amerikadan 45 silah dolu təyyarənin Kiyev hava limanlarına endiyi xəbər verilir. Bundan başqa, Avropa İttifaqı da Ukraynaya 1.2 milyard avro təxirəsalınmaz yardım ayırdığını elan edib. Paralel olaraq, ABŞ Şərqi Avropa və Baltikyanı müttəfiqlərinin müdafiəsini gücləndirmək üçün NATO-nun Şərq cinahını təşkil edən ölkələrə hərbi qüvvələr və silahlar gətirib. 

Bəzi siyasətçilər Qərbin qəsdən öz rəqibini bataqlığa çəkdiyini, ona “ikinci Əfqanıstan” aqibətini yaşadıb, postosvet məkanı ilə bağlı siyasi iddialarından əl çəkməyə çalışdıqlarını güman edirdilər. Son günlər Moskvadan və Kiyevdən verilən açıqlamalar müharibə ssenarisinin reallaşmayacağı barədə ümidlər yaradıb. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukrayna ilə müharibə etməyəcəyini deyir. Amma o, ölkəsinin gözardı olunan maraqlarını müdafiə edəcəyini bildirib. “Əgər Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibə istəmirik, amma maraqlarımızın tapdanmasına, gözardı olunmasına da imkan verməyəcəyik”, – nazir vurğulayıb.

Lavrov bir neçə həftə öncə ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşərək, böhranla bağlı yeni danışıqlar aparacağını, Amerikanın təkliflərinə necə cavab veriləcəyinə isə prezident Putinin qərar verəcəyini deyib. Onun sözlərinə görə, ABŞ-ın Moskvaya qarşı yeni sanksiyaları iki ölkənin münasibətlərinin kəsilməsinə səbəb olar.

Rusiya prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makronun telefon söhbətinin Kreml tərəfindən açıqlanan detalları da müharibə variantının ertələndiyi deməyə əsas verir. O, Makrona deyib ki, ABŞ və NATO Moskvaya cavablarında Rusiyanın əsas tələblərini görməzliyə qoyublar. Putin əlavə edib ki, Moskvaya cavabda Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsinə, Rusiya ilə sərhəddə zərbə silahlarının yerləşdirilməməsinə və hərbi potensialın və infrastrukturun 1997-ci ildəki həcmə endirilməsinə dair təklifləri nəzərə alınmayıb.

Rusiya prezidenti qeyd edib ki, Rusiya Moskvanın aldığı cavabı diqqətlə öyrənəcək və bundan sonra özünün gələcək hərəkətlərini müəyyənləşdirəcək.

Maraqlıdır, Kreml rəhbərinin “diqqətlə öyrənmək” istədiyi cavab tamamilə aydın dildə yazılıb və Moskva ilə yanaşı Kiyevə və Avropa İttifaqına, NATO ölkələrinə göndərilib: 

– ABŞ və müttəfiqləri Rusiya ilə NATO-nun genişlənib-genişlənməyəcəyi mövzusunu müzakirə etməyəcək, hər bir dövlətin müstəqil xarici və təhlükəsizlik siyasəti var, Şimali Atlantika Blokunun qapıları açıqdır; 

– ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək; 

– ABŞ və NATO Rusiya ilə silahlara nəzarət, şəffaflıq və risklərin azalması mövzularını müzakirə etməyə hazırdır. 

Beləliklə, ABŞ və NATO Rusiyanın 3 tələbindən ikisini rədd edib.

Lavrov və Putinin dedikləri müharibə şantajı ilə əsas hədəflərinə nail ola bilməyən Rusiya rəhbərliyinin ehtiyatla geri çəkilmək taktikası kimi qəbul olunur. Amma bu “geriçəkilmə” elə formada maskalanmalıdır ki, müharibəyə köklənmiş Rusiya daxili ictimai rəyində Putin hakimiyyətinin reytinqi korlanmasın. Bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya rəhbərini Ankaraya dəvət etməsi və bu dəvətin Kreml tərəfindən dərhal qəbul edilməsi də Putin üçün əlavə manevr imkanları yaradır. Məlumdur ki, Ərdoğan, müharibə olacağı təqdirdə, Rusiyanın çox ağır vəziyyətə düşəcəyi barədə Putinə xəbərdarlıq edib. Bu situasiyada Türkiyənin NATO ölkəsi kimi öhdəliklərinə sadiq qaldığını bəyan edən prezident dialoq təklif etməklə Kreml rəhbərini üzləşdiyi dilemmadan diplomatik yolla çıxmağa yardım təklif edib. 

Yanvarın 28-də Ukrayna prezidenti Vladimir Zelenskinin dünya liderlərinə müraciəti də müharibə təhlükəsinin azalmasının əlamətlərindən biri hesab edilə bilər. Zelenski Qərb siyasətçilərini Rusiyanın Ukraynaya genişmiqyaslı işğala hazırlığı ətrafında çaxnaşma yaratmamağa çağırıb. Prezident vurğulayıb ki, Rusiyanın işğal təhlükəsi ötən ilin yanvarında olduğundan yüksək deyil. Lakin yaradılan çaxnaşma səbəbindən Ukrayna iqtisadiyyatını itirə bilər:

“Hətta hörmətli dövlət liderlərindən siqnallar gəlir, hətta diplomatik dildə belə deyil, onlar artıq açıq deyirlər: “Sabah müharibə olacaq”. Bu, bazarlarda çaxnaşmadır, maliyyə sektorunda çaxnaşmadır”. “Əgər jurnalistlər, vəziyyətin necə olduğunu bilmək istəyirlərsə, qoy Kiyevə gəlsinlər… Küçələrdə gəzən tanklarımız varmı? Yox… KİV-ə görə, sanki bizdə müharibədir, bizdə küçələrdə ordu hərəkət edir, bizdə səfərbərlikdir, adamlar harasa gedir. Bu, belə deyil”.

Cümə axşamı Amerikanın CNN kanalı anonim yüksək rütbəli ukraynalı məmura istinadən xəbər verib ki, Zelenskinin ABŞ Prezidenti Co Baydenlə işğal təhlükəsi ilə bağlı fikir ayrılığı var. Telekanalın mənbəsinin sözlərinə görə, ABŞ Prezidenti Zelenskiyə Rusiyanın işğalı təhlükəsinin yaxında ola biləcəyini deyib. Ukrayna Prezidenti cavab verib ki, o, bunun baş verəcəyinə əmin deyil.

Cümə günü Ukrayna parlamentində prezidentyönlü “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia bildirib ki, Qərb və ABŞ ölkədəki vəziyyət ətrafında çaxnaşma səpir. “ABŞ-ın bunu etməsinin real səbəblərini bilmirəm, amma bu, qətiyyən Ukrayna iqtisadiyyatının xeyrinə işləmir”, – o qeyd edib.

Xatırladaq ki, ABŞ, Britaniya kəşfiyyatı, eləcədə bu ölkələrin rəsmi qurumları Rusiyanın Ukraynan müdaxilə planları barədə təfsilatlı məlumatlar yayıblar. Bu zaman Kremlin müdaxilə ssenarilərinin ən müxtəlif detalları geniş təsvir olunub. Habelə ABŞ başda olmaqla Qərb ölkələri diplomatik missiyalarını Kiyevdən təxliyə etməyə başlayıb, öz vətəndaşlarını qısa müddətdə Ukraynadan çıxmağa çağırıblar. 

Prezident Zelenskinin çıxışından məlum olur ki, o Qərbin müharibə riskini şişirtməsindən narazıdır. Maraqlıdır, Rusiya Ukraynaya müdaxilə etməsə, Kiyev yaranmış əlverişli situasiyadan istifadə etməklə Donbasın azad edilməsinə çalışacaqmı? Hazırda kollektiv Qərbin siyasi, hərbi dəstəyini əldə etmiş ölkə Rusiya heç zaman olmadığı qədər güclü imkanlara sahibdir. Vaşinqton, NATO Ukraynanın torpaqlarını separatçılardan güc yolu ilə təmizləmək hüququnu müdafiə edirlər. Silahlı qüvvələr də prosesi aparmaq üçün kifayət qədər yaxşı təchiz edilib, hərbi ekspertlərin qənaətinə görə, ordu Donbasdakı separatçıları qısa müddətdə darmadağın edərək, sərhəddən çıxarmağa qadirdir.

Maraqlıdır, Kiyev Qərbin bu dəstəyini 2015-ci ildə ölkənin maraqları əleyhinə qəbul olunmuş Minsk razılaşmasını dəyişdirməyə yönəldəcək, yoxsa güc yoluna üstünlük verəcək? Yaxın zamanlarda “Normandiya dördlüyü”nün bir araya gəlib müzakirə aparacağı barədə razılaşma var. Amma Moskvanın diplomatik müstəvidə əldə etdiyi üstünlükdən qısa zaman kəsiyində geri çəkiləcəyi ağlabatan görünmür. Ona görə də, qarşıdakı aylarda Ukraynanın Donbas separatçılarına qarşı hərbi əməliyyatlara start verəcəyi ağlabatan görünür. Bu ssenaridə isə yeni situasiya yaranır.(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam