Rusiya və Ukrayna arasında müharibə həddinə çatan gərginlik, ilin əvvəlindən Qazaxıstanda baş verən hadisələr Azərbaycan-Ermənistan münaqişəsini az qala unutdurmuşdu. Liderlərin Soçi və Brüsseldə keçirdiyi görüşlərdən sonra təmas xəttində silahlar susmuşdu, diplomatik müstəvidə gərgin əhval-ruhiyyəni nisbətən pozitiv bəyanatlar əvəzləmişdi. Bu arada Azərbaycan Macarıstanın vasitəçiliyi bir qrup erməni əsiri qarşı tərəfə təhvil vermişdi.
Yenixeber.org: Yanvarın 11-də gözlənilmədiyi halda sükut pozuldu. Kəlbəcərdə – dövlət sərhədində Azərbaycan hərbi qulluqçusu Azər Nəzərov snayperlə vurulduqdan sonra şiddətli atışmalar baş verdi. Ermənistanın təsdiqlədiyi məlumatlara görə, 3 hərbçisi öldürülüb, 5-i yaralanıb. Azərbaycan hərbi mənbələri isə düşmənin iki postunun dağıdıldığını, ölü və yaralı sayının daha çox olduğunu bildirir.
Əsas sual budur ki, Azərbaycan-Ermənistan sərhədində növbəti gərginlik nəyə və kimə lazım idi? Brüssel görüşündə formalaşan mülayim atmosferi niyə yenidən müharibə situasiyası əvəzlədi?
Bu suallara cavab axtarmaq üçün hadisələrə daha geniş miqyasda baxmağa ehtiyac var. Hazırda Rusiya və Qərb arasında geosiyasi gərginlik davam edir və qlobal güclərin toqquşma nöqtələrindən biri Cənubi Qafqazdır. Moskva və Vaşinqton təmsilçiləri masa arxasında problemləri müzakirə etmək və uzlaşma imkanlarını dəyərləndirmək üçün Cenevrədə bir araya gəlsələr də, 7 saatlıq görüş nəticəsiz bitdi. Məlumdur ki, bu görüşdə Rusiyanın Qərbə təklif etdiyi 5 maddəlik razılaşma sənədi müzakirə edilib. Moskva tələb edir ki, NATO postsovet ölkələrinin inteqrasiyasını dayandırmalıdır. Konkret olaraq, Ukrayna, Gürcüstan, Moldova bu təşkilata üzv olmayacaq. Eyni zamanda, Cənubi Qafqaz, Orta Asiya bütövlükdə Rusiyanın nüfuz zonası kimi tanınmalı, Şərqi Avropa ölkələrindəki NATO silahları dərhal çıxarılmalıdır. Kreml bunları Rusiyanın təhlükəsizliyinə verilməsi məcburi olan qarantiyalar adlandırıb.
Vaşinqton bu tələblərin hamısını rədd edib, bu gün keçirilən NATO-Rusiya şurasının toplantısından da eyni nəticənin çıxacağı ehtimal edilir. Bu ərəfədə Rusiyanın elan etdiyi təsir zonasında vəziyyət necədir? Ukrayna sərhədində yüzminlik Rusiya ordusu hücuma hazır vəziyyətdə dayanıb, Orta Asiyanın ən inkişaf etmiş dövləti olan Qazaxıstanda KTMT hərbçiləri yerləşdirilib. Cənubi Qafqazın qanayan yarası olan Azərbaycan-Ermənistan münaqişəsinin yenidən alovlanması isə mənzərəni tamamlayır. O da mümkündür ki, Gürcüstanla separatçı rejimlər arasında, yaxud Moskva-Tiflis münasibətlərində yeni bir gərginik baş versin. Yəni Rusiya bu regionlarda münaqişələri açıq fazada tutmaqla Qərbə aydın mesaj verir: bura, Putinin ifadə etdiyi kimi, “bizim evimizdir”, orada hər hansı hərəkətlənmələrə imkan verməyəcəyik. Buna hansı yollarla nail olunması isə sirr deyil. Moskvanın Ermənistan kimi bütün vassallarının müdafiə və təhlükəsizlik sektorunda çox ciddi dayaqları var, onlar sifariş edilən istənilən miqyasda təxribatlar törətmək iqtidarındadırlar.
Bu gün Prezident Putinlə Ermənistanın Baş naziri N. Paşinyan arasında telefon danışığı olub və onlar həm Qazaxıstanı, həm də Qarabağı müzakirə ediblər. Telefon danışığının kimin təşəbbüsü ilə baş tutması önəmli deyil, önəmli olan müzakirə edilən mövzulardır.
Paşinyan Qazaxıstana KTMT silahlı qüvvələrinin yeridilməsində Putinin tələblərini yerinə yetirib və öz imicini zərbə altında qoysa da Qırğızıstan kimi tərəddüd keçirməyib. Əlbəttə, Ermənistanın təşkilata sədrlik etməsi formaldır, bütün qərarlar Kremldən verilir. Amma Paşinyanın 3 illik hakimiyyət təcrübəsindən məlumdur ki, o, Putinin direktivlərini sözsüz icra edən lider kimi qəbul olunmaq istəmir. Budəfəki fərqlilik Ermənistan rəhbərinin bəzi umacaqları ilə bağlı ola bilər. Xatırladaq ki, 44 günlük müharibə zamanı və ondan sonra baş verən sərhəd gərginliyi zamanı Ermənistan 3 dəfə KTMT-dən hərbi yardım istəyib, amma bu tələb heç ölkə başçıları səviyyəsində müzakirə edilməyib. Hazırda fərqli situasiya yaranıb, Putin KTMT-nin üzv dövlətlər üçün qarant rolunu böyütməyə çalışır və Paşinyan da bunu fürsət bilib, hərbi təşkilatın Azərbaycana qarşı mümkün təzyiqindən bəhrələnmək istəyir. Bu qənaəti Ermənistanda hakimiyyətə yaxın mediada aparılan təbliğat tezisləri daha da gücləndirir. İddia olunur ki, Kəlbəcərdə baş verən toqquşmalar Ermənistanın Qazaxıstan kampaniyasında aktiv iştirakı ilə bağlıdır. Yəni Azərbaycan Türk Dövlətləri Şurasında sıx əməkdaşlıq etdiyi ölkəyə erməni hərbçilərinin getməsindən ciddi narahat olub. Ona görə sərhəddə təxribat törətməklə Ermənistanı təzyiq altında saxlamağa çalışır.
Böyük ehtimalla, Putinlə danışıqlarda Paşinyan da məsələni bu cür təqdim edib və onu Moskvanın, KTMT-nin Azərbaycana qarşı ciddi təzyiq göstərməsinin vacibliyinə inandırmağa çalışıb.
Gün ərzində Rusiya Prezidentinin İlham Əliyevə zəng etməsi barədə heç bir məlumat verilməyib. Görünür, Bakıdan belə bir telefon danışığına ehtiyac duyulmayıb. Bununla, belə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dərhal sərhəddə baş verənlərlə bağlı ABŞ Dövlət katibinin müavini məlumatlandırıb. Türkiyənin müdafiə naziri Hulusi Akar isə azərbaycanlı həmkarı Zakir Həsənova zəng edib və qardaş ölkənin hər zaman gərəkən dəstəyi verməyə hazır olduğunu ifadə edib. Beləliklə, hər iki münaqişə tərəfi öz müttəfiqləri ilə təmasa keçib. Azərbaycanın Türkiyə kimi güclü region dövləti ilə sıx münasibətdə olması mürəkkəb beynəlxalq situasiyada əvəzsiz rol oynayır. Ankara gərgin vəziyyətlərdə dərhal özünü göstərir və şübhəsiz ki, bu amil Moskvanı daha ehtiyatlı davranışlara vadar edir.
Müharibədən sonra Rusiya və Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan müzakirələr hələ ki, konkret nəticə verməyib. 10 noyabr, 11 yanvar bəyanatlarında razılaşdırılan öhdəliklər icra edilməyib, Soçi və Brüsseldə əldə olunan razılaşmalar yerinə yetirilmir. Nə kommunikasiyaların açılması, nə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı proses nəticə verib. İşçi qrup bu il ərzində bir dəfə toplaşmayıb, Naxçıvana çəkiləcək yolun marşrutu dəqiqləşdirilməyib, Laçın dəhlizində dövlət sərhədinə Azərbaycanın postlar yerləşdirəcəyi sual altındadır. Bir sözlə, qeyri-müəyyənlik davam edir və bu situasiyada xırda toqquşmaların irimiqyaslı hərbi əməliyyatlara çevrilməsi an məsələsidir. Onu da nəzərə alaq ki, regionun ağası Rusiya belə gərginliyin tez-tez baş verməsini arzulayır…(pressklub)
Turqut