İndi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev nəinki ölkəsində, dünyada kəskin qınaq obyektidir. O, Rusiyanın Qazaxıstana qarşı təcavüzkar planlarını bilə-bilə onun ordusunu ölkəyə gətirib. Üstəlik, silahlı qüvvələrə nümayişçilərin sorğu-sualsız güllələnməsini əmr edib.
Yenixeber.org: Moskvanın peyk qurumu olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kremlin maskaladığı vuran əldir və ilk dəfə Qazaxıstanda ondan istifadə edildi. Rusiyanın sülhməramlı libası geyindirdiyi hərbçilərə isə 2014-cü ildə Krımın işğalına rəhbərlik etmiş hava-desant qoşunlarının komandanı, general-polkovnik Andrey Serdyukov rəhbərlik edir. Prezident Putinin “danışan dili” RLDP sədri Jirinovski isə Qazaxıstanın iki yerə parçalanmasını, şimal ərazilərin Rusiyaya birləşdirilməsini təklif edir…
Hazırkı informasiya blokadası şəraitində Qazaxıstan xalqının Tokayev hakimiyyətinin qərarlarına reaksiyası haqda ətraflı bilgilər yoxdur. Xarici KİV-lərin qazax mühacirlərə istinadən dərc etdiyi xəbərlərdə isə hakimiyyətin repressiyalarına və KTMT qüvvələrini ölkəyə çağırmasına qarşı müqavimətdən bəhs olunur.
Prezident Tokayevin bu qərarı niyə qəbul etməsi də eyni dərəcədə sirr pərdəsinə bürünüb. Qazaxıstanda hakim-mütləq olan avtoritar sistem güclü polis qüvvələrinə və xəfiyyə sisteminə malikdir. Hər il büdcədən onların saxlanmasına, xüsusi vasitələrlə təchizatına milyardlarla dollar sərf olunur. Bundan başqa, ölkənin silahlı qüvvələri də sayına görə MDB-də ilk beşlikdə yer alır. Hökumətin əlində bu qədər güc olduğu halda KTMT-nin 3-4 min hərbçisinə nədən ehtiyac duyulub? Bu sual artıq beynəlxalq müstəvidə də səsləndirilir. Bu günlərdə ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstanın ölkədə təhlükəsziliyi, sabitliyi təmin etməyə yetərli qədər qüvvəsi olduğu halda KTMT hərbçilərinin ölkəyə çağırılmasının müəmmalı olduğunu bəyan edib.
Təhlilçilər bu məsələdə iki əsas ehtimal üzərində baş sındırırlar. Birincisi, üsyandan əvvəl (yaxud hadisələrin gedişində) Qazaxıstan hakim elitasında parçalanma baş verib. Bütün güc strukturlarına rəhbərlik edən eks-prezident, Dövlət Şurasının rəhbəri Nursultan Nazarbayev təhlükəsizlik qüvvələrini prezidentin sərəncamına verməkdən imtina edib. Məlumdur ki, həm DİN, həm DTK, həm də Prezident Qvardiyası Nazarbayevin ən yaxın adamlarının nəzarətində olub. Bu ehtimalı gücləndirən hadisə dünən baş verdi. DTK-nın rəhbəri Kərim Mənsimov həbs edilib, prezident Tokayev çıxışlarının birində onu üsyanın qarşısını almamaqda, vətənə xəyanətdə ittiham etmişdi.
Bu versiyada qeyd olunur ki, güc strukturlarının dəstəyindən məhrum olan Tokayev KTMT-yə müraciət etməkdən başqa çıxış yolu görmür və özünü xəyanətkar kimi damğalayan bu addımı atmağa vadar olur.
İkinci versiyada Qazaxıstanda baş verənlərin bütün məsuliyyəti Prezident Tokayevin üzərinə qoyulur. İddia olunur ki, Tokayev Rusiya imperializminə qarşı sistemli müqavimət təşkil edən, qazax dövlətçiliyinin milli, ideoloji tarixi əsaslarını gücləndirən, qazax etnosunun ölkədə aparıcı qüvvəyə çevirən Nazarbayev sistemini məhv etmək üçün Rusiya ilə işbirliyində olub. Nazrbayevin Qazaxıstan-Türkiyə əlaqələrini gücləndirməsi, Türk Dövlətləri Təşkilatını formalaşdırması və yüz milyardlarla dollar Qərb sərmayəsini ölkəyə gətirməsi Kremli qıcıqlandırıb. Onun latın əlifbasına keçid, rus dilinin dövlət dili statusunu ləğv etməsi, dövlət strukturlarında rusların sıxışdırılması kimi addımları da Moskvada qəzəblə qarşılanıb.
Sovet təhlükəsizlik xidmətinin yetirməsi olan Tokayev isə müstəqillik illərində də Moskvaya sıx tellərlə bağlı idi və onun varis seçilməsi Kremlin gərgin əməyi sayəsində baş tutub. Üsyanın Nazarbayev klanının biznes imperiyasına daxil olan sənaye rayonunda başlaması, ilk günlərdən Nazarbayevə ünvanlanan “Qoca, rədd ol!” şüarlarının populyarlığı, bir gün sonra aksiyaların dağıdıcı xarakter alması təsadüfi sayılmır. İddia olunur ki, Tokayev proseslərin qarşıdurma mərhələsinə keçidini təşkil etməklə KTMT hərbçilərini ölkəyə gətirməyə zəmin hazırlayıb.
Bəs, təşkilatın Qazaxıstana tələsik hərbi personal göndərməsi haqda qərar verməsi nə dərəcə hüquqi addım olub? KTMT-nin nizamnaməsi, beynəlxalq hüquq buna imkan verirmi?
KTMT-yə sədrlik edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə deyib: “Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar və Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, kənar müdaxilə də daxil olmaqla, təhdid səbəbindən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası, kollektiv təhlükəsizlik haqqında müqavilənin 4-cü maddəsinə uyğun olaraq, ölkədə vəziyyətin sabitləşdirilməsi və normallaşdırılması məqsədilə, vaxt məhdudiyyətilə sülhməramlı qüvvələrinin göndərilməsi barədə qərar qəbul edib”.
Kollektiv təhlükəsizlik haqqında müqavilənin 4-cü maddəsində yazılıb: “Əgər iştirakçı dövlətlərdən biri təcavüzə (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücum) məruz qalarsa, bu, iştirakçı dövlətlər tərəfindən bu müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcək. İştirakçı dövlətlərdən hər hansı birinə qarşı təcavüz törədildikdə, həmin dövlətin xahişilə digər iştirakçı dövlətlər dərhal ona hərbi yardım da daxil olmaqla, zəruri yardımı göstərəcək, həmçinin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, kollektiv müdafiə hüququnun həyata keçirilməsi qaydasında sərəncamlarında olan vəsaitlərlə dəstək verəcəklər”.
Qazaxıstanda baş verən hadisələrdə isə bu maddədə yer alan “həmsərhəd və ya digər dövlətlərin Qazaxıstana qarşı təcavüzünə” dair heç bir fakt yoxdur. Yəni, 4-cü maddədən istifadə edilə bilməz.
Prezident Tokayev də rus dilində xalqa ilk müraciətində Paşinyanın göstərdiyi “səbəblərdən” bəs etməyib, “quldurluq, xuliqanlıqlıq edən yüksək mütəşəkkil ünsürlərdən, maddi motivasiyalı sui-qəsdçilərin” diqqətlə düşünülmüş planından danışıb. Onun nitqində “terrorizm” və “təcavüz” ifadələri yer almayıb.
Prezident Tokayev yanvarın 5-də etdiyi ikinci müraciətinin məzmunu isə bir qədər fərqlidir. Bu dəfə o, etirazçıların xarici qüvvələrlə əlaqələrindən danışsa da xarici qüvvələr, xüsusilə də təcavüz haqda heç bir şey deməyib.
Kollektiv təhlükəsizlik haqqında müqavilənin 4-cü maddəsində istinad olunan BMT Nizamnaməsinin 51-ci maddəsində isə deyilir: “Bu Nizamnamə təşkilatın üzvünə silahlı hücum zamanı Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün zəruri tədbirlər görməyincə, fərdi və ya kollektiv özünümüdafiə üçün ayrılmaz hüquqa şamil edilmir. Təşkilat üzvlərinin bu özünümüdafiə hüququnun həyata keçirilməsində gördüyü tədbirlər dərhal Təhlükəsizlik Şurasına çatdırılmalı və bu Nizamnaməyə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və ya bərpası üçün zəruri hesab etdiyi hərəkətlərin istənilən vaxt qəbulu ilə bağlı Təhlükəsizlik Şurasının səlahiyyətlərinə və məsuliyyətlərinə heç bir vəchlə toxunmamalıdır”.
Politoloq Fərhad Məmmədov bildirib ki, KTMT sülhməramlılarının Qazaxıstana göndərilməsi beynəlxalq hüquqa zidd deyil: “Çünki Qazaxıstan KTMT-nin üzvüdür. Bu, hərbi-siyasi alyansdır. İkincisi, alyansın əsas qayəsi ondan ibarətdir ki, xarici təhdid olduğu zaman (ərazi bütövlüyünə, suverenliyinə qəsd red.) KTM dövlətin, legitim hakimiyyətin müraciəti olduğu halda işə qarışa bilər.
Qazaxıstan situasiyasında burada 3 komponent var:
Legitim hakimiyyət var, dövlət müraciət edib və orada qeyd edib ki, suverenliyə təhdid var. Eyni zamanda bu, xaricdən idarə olunan təhdiddir. Bu da onu deməyə əsas verir ki, bu üç komponent tamamlanır. Deməli, Qazaxıstanın KTMT-yə müraciəti beynəlxalq hüquqa uyğun addımdır”.
F.Məmmədovun sözlərinə görə, KTMT-nin Operativ Reaksiya Mərkəzi adlı qurumu var, hansı ki, mütəmadi olaraq bu işlərlə məşğul olur: “Yəni təşkilata üzv dövlətlərə xarici təcavüz faktı olarsa, dərhal hərbi missiya göndərilir. Qazaxıstan isə təşkilatdan onları yox, sülhməramlı qüvvələrin göndərilməsini istəyib. Beləliklə, Qazaxıstana yollanan hərbçilər hərbi deyil, humanitar missiya ilə yollanıblar. Bu, vacib məqamdır”.(pressklub)
Turqut