Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Şərt tərəfdaşlığı-Belarusla bağlı bəndə qoşulmamaq bizə nə vəd edir?

 

Dekabrın 15-də Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığına (ŞT) daxil olan ölkələrin 6-cı zirvə toplantısı keçirilib və tədbirin yekununda birgə bəyannamə qəbul edilib. Sözügedən bəyannamənin 11-ci maddəsində Belarusun Şərq Tərəfdaşlığındakı iştirakını dayandırmasından təəssüf ifadə olunur. Bildirilir ki, bu ölkədə demokratik keçid zəruri şəraiti yaratdıqdan sonra, Minsklə əməkdaşlıq bərpa oluna bilər. Sənəddə o da qeyd olunur ki, Avropa İttifaqı Belarus vətəndaşlarını, bu ölkənin vətəndaş cəmiyyətini və müstəqil mediasını dəstəkləməkdə davam edəcək.

Yenixeber.org: Azərbaycan bəyanatın Belarusla bağlı bəndini öz qeyd-şərti ilə qəbul edib. Habelə bir neçə başqa məsələlərlə bağlı sənədə əlavələr edib. Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva bu barədə deyib ki, Azərbaycan hər zaman Şərq Tərəfdaşlığı proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub. Bu prinsip birgə bəyannamənin özündə də əks olunub:

“Burada qeyd olunur ki, ŞT konstruktiv əməkdaşlığa əsaslanır və heç kimə qarşı yönəlməyib. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, Aİ üzv ölkələri və tərəfdaş ölkələr üçüncü ölkələrlə münasibətlərində müşahidə olunan çağırış və çətinlikləri ŞT proqramına gətirməməlidirlər”.

XİN sözçüsü əlavə edir ki, ŞT proqramı tərəfdaş ölkələrin üçüncü ölkələrlə bu proqramdan kənarda qurduğu yüksək səviyyəli münasibətlərə xələl gətirən siyasət yürütməməlidir. Leyla Abdullayeva vurğulayıb ki, birgə bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlərin Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması səbəbindən ölkəsi onu yalnız öz qeyd-şərti ilə qəbul edib. Yəni, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirib. Onun dediyinə görə, Azərbaycanın digər qeyd şərti sözü gedən sənədin texniki əlavəsində “münaqişənin təsirinə məruz qalan ərazilər” ifadəsi ilə bağlı olub:

“Sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcək. Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Bu mövqe isə bilavasitə beynəlxalq hüquqa və dövlətlərin suveren hüquqlarına əsaslanır”.

Bundan başqa, Azərbaycan tərəfindən pandemiyanın qarşısının alınması, onun nəticələrinin yumşaldılması və aradan qaldırılmasında qlobal həmrəylik, gücləndirilmiş əməkdaşlıq və çoxtərəfliliyə çağırış edilib. “Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVİD-19 ilə mübarizə istiqamətində fəaliyyət prioritetləri ilə uyğunluq təşkil edir”, – L.Abdullayeva deyib.

XİN sözçüsü həmçinin vurğulayıb ki, sənəddə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər də əks olunub:

“Aİ bütün tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib, Azərbaycan – Aİ yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlanıb. Aİ-yə qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması alqışlanıb”.

Bu arada dünən Avropa Parlamentində ikinci böyük fraksiya olan sosial-demokratlar Avropa İttifaqını Belarus və Azərbaycanı Şərq Tərəfdaşlığı proqramından çıxarmağa çağırıb. Sosial-demokratlar fraksiyası adından bəyanatla çıxış edən fraksiyanın vitse-prezidenti Keti Piri qeyd edib: “Bizim qrup Şərq Tərəfdaşlığı proqramına yenidən baxılmasına çağırır. Biz siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı zorakı repressiyalara şahid olduğumuz ölkələrlə əməkdaşlıq edə bilmərik. Həm Belarus, həm Azərbaycan dərhal Şərq Tərəfdaşlığı proqramından çıxarılmalıdır”.

Xatırladaq ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrdə islahatlara dəstək verməklə yanaşı, ölkələrə çox ciddi maddi yardım da göstərir. Proqram çərçivəsində Gürcüstan 3.9 milyard, Ermənistan 2.6 milyard avro maddi yardım alacaq. 

Azərbaycanın Belarusla bağlı mövqeyini şərh edən hüquq müdafiəçisi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli xatırladır ki, həmin bəyanatda Belarusda insan haqlarının durumu, mediaya, müxalifətə, vətəndaş cəmiyyətinə təzyiqlər pislənir, siyasi məhbus məsələsi qaldırılır. O, vurğulayır ki, əslində həmin durum Azərbaycanla eynidir: “Yəni Şərq Tərəfdaşlığına daxil olan ölkələr arasında ancaq bu iki ölkədə insan haqlarının, demokratik təsisatların vəziyyəti biri-birinə uyğun gəlir. Əlbəttə, Belarusda siyasi məhbusların sayı daha çoxdur, 1000-ə yaxındır. Son iki ildə bu ölkədə dəhşətli repressiv durum var. Amma qalan məsələlərdə Azərbaycanla vəziyyət oxşardır”

A.Məmmədli güman edir ki, bu tip məsələlərlə bağlı Azərbaycanla Belarus arasında bir razılaşma var: Eyni şəkildə, Rusiya ilə belə bir anlaşmanın olduğuna inanıram. Belarus hazırda dünyadan təcrid olunmuş vəziyyətdədir. Bu ölkə beynəlxalq təşkilatlarda təmsil olunmasa da Azərbaycanla bu ölkənin özünəməxsus əməkdaşlığı var. Bu da hər iki hakimiyyətin avtoritar mahiyyətindən qaynaqlanır. Rəsmi Bakı çalışır ki, Belarusla bağlı belə sənədlərin altına imza atmasın, yaxud bitərəf qalsın”.

Siyasi şərhçi Rauf Mirqədirov bildirib ki, Aİ-nin bəyanatı ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü şərtləri və qeydləri iki qrupa  bölmək olar: “Birinci qrupa aid olan şərtlər Azərbaycanın və Şərq Tərəfdaşlığında iştirak edən bütün ölkələrin maraqlarına cavab verir. Bu ondan ibarətdir ki, münaqişə zonalarında fəaliyyət həyata keçirən təşkilatlar həmin ərazilərin mənsub olduğu dövlətin icazəsini almalıdırlar. 

İkinci qeyd-şərt koronavirus pandemiyası ilə bağlıdır. Bilirsiz ki, bu mübarizədən siyasi məqsədlər üçün istifadə olunur. Xüsusi ilə Rusiyanın vaksin siyasətinin əsas məqsədi başqa ölkələri öz orbitinə cəlb etməkdən ibarətdir. Başqa tərəfdən, vaksin millətçiliyi var, onu istehsal edib satmaq imkanı olan ölkələr ilk növbədə öz əhalisinin və müttəfiq ölkənin vətəndaşlarının peyvəndlənməsinə şərait yaradır. Daha sonra yoxsul, inkişafdan qalmış Afrika ölkələrinə təklif olunur. Hesab edirəm ki, inkişaf etmiş, güclü elmi potensialı olan ölkələrin dünya qarşısında öhdəlikləri var. Azərbaycanın bu məsələni qaldırması maraqlıdır və düzgündür”

R.Mirqədirov qeyd edir ki, Azərbaycanın Belarusla bağlı qeyd-şərti hər şeydən əvvəl İlham Əliyevlə Aleksandr Lukaşenkonun şəxsi münasibətlərindən irəli gəlir. “Məlumdur ki, Belarusa qarşı sanksiyalar tətbiq olunur. Ona qarşı ittihamlardan biri isə beynəlxalq terrorizm kimi dəyərləndirilə bilər. Xüsusən, “Renair” aviaşirkətinə məxsus təyyarənin terror təhdidi ilə Minsk aeroportuna endirilməsi ciddi təhdiddir. Azərbaycanın bu əməli pisləyən bəndi dəstəkləməməsi ölkənin beynəlxalq imicinə kifayət qədər mənfi təsir göstərəcək. Onsuz da Azərbaycanın bu addımı Avropa Birliyinin Belarusa qarşı siyasətində heç bir dəyişikliyə gətirib çıxarmayacaq. Bu, bir mövqe nümayişi idi. Azərbaycan tərəfi bunu milli maraqların tələbi ilə əsaslandıra bilər. Hökumətə yaxın ekspertlər, XİN sözçüsü buna işarə vurub ki, Belarus müttəfiqimizdir, KTMT-də bizə qarşı olan fəaliyyətlərin qarşısını alır və s. Biz də buna qarşı addımlar atırıq. Amma elə addımlar var ki, onu atmaq olmaz, çünki ölkənin maraqlarına cavab vermir, onu atmaq olmaz”, – siyasi şərhçi vurğulayıb.

Ekspert hesab edir ki, Azərbaycanın daha bir şərti Şərq Tərəfdaşlığı çərçivəsində, beynəlxalq səviyyələrdə Azərbaycanın dəstəyini azalda bilər: “Qeyd olunur ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər üçüncü dövlətlərlə münasibətlərə təsir göstərməməlidir. Məlumdur ki, hazırda Aİ ilə Rusiya arasında çox ciddi problemlər var. Bu da Ukrayna və Gürcüstana qarşı təcavüzlə bağlıdır. İkincisi, Rusiya xüsusi xidmət orqanlarının AB ölkələrində, Rusiyanın özündə həyata keçirdiyi terror aktları ilə bağlıdır. Britaniyada Skripalların zəhərlənməsi, Rusiyada Navalnı işi, mühacir çeçen döyüşçülərinin qətlə yetirilməsi və s. Azərbaycan sözsüz ki, bu bəndi də milli maraqlarla izah edəcək ki, Rusiya Qarabağda sülhməramlı missiya həyata keçirir, hazırki mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin gərginləşirilməsinə ehtiyac yoxdur. Bu da Azərbaycanın gələcəkdə iqtisadi-siyasi maraqlarının həyata keçirilməsinə zərbə vura bilər. Təbii ki, Bakının bu qeyd-şərtləri AB-nin siyasətinə təsir etməyəcək, bu, bir mövqe nümayişdir. Şübhəsiz, bizim Aİ ilə münasibətlərimizə müəyyən qədər neqativ təsir göstərəcək”

XİN-in bəyanatında o da əks olunub ki, Azərbaycan Aİ ilə Strateji Tərəfdaşlıq haqqında saziş imzalayacaq. Amma 10 ildən artıqdır ki, bu danışıqlar gedir və ortada nəticə yoxdur. R. Mirqədirov bildirir ki, ona 2017-ci ildə yüksək səviyyəli AB rəsmisi deyib ki, Azərbaycanla belə sənəd imzalamayacaqlar: “Çünki Azərbaycan yüksək səviyyəli tərəfdaş deyil. AB bu cür sazişləri Kanada, Yaponiya kimi yüksək inkişaf etmiş ölkələrlə imzalayır. Danışıqların uzanmasının əsas səbəbi Azərbaycanda insan haqları, demokratiya, söz azadlığı, qanunun aliliyi sahəsində olan problemlərlə bağlıdır. Bakı bu sahələrdə öz üzərinə öhdəliklər götürmək istəmir”.(pressklub)

Turqut  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam