Paşinyan Brüsseldə hakimiyyətini riskə ata bilər: Rusiya çevriliş mesajı verir
Erməni baş nazir Soçi göründən ciddi nəticələr çıxartmaq əvəzinə, Brüsseldə də Rusiyanı oyundankənar vəziyyətə salmağa cəhd göstərərsə, Kreml onun növbəti xəyanətini bağışlamaya bilər; Kreml sonun başlanğıcına sürətlə yaxınlaşan Paşinyan hakimiyyətini əvəzləyəcək yeni siyasi komandanın formalaşdırılmasına başlayıb...
Yenixeber.org: Ermənistanın üzləşdiyi problemlərin sırası genişlənir. Hazırda rəsmi İrəvan ölkədaxili siyasi və sosial-iqtisadi böhranla üz-üzədir. Üstəlik, Paşinyan hakimiyyətinin son davranışları Ermənistanın bu problemlərdən uzaqlaşmaq şanslarını da ciddi şəkildə məhdudlaşdırır.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti xarici siyasət böhranı ilə də qarşılaşmağa başlayıb. Hər halda, rəsmi İrəvanın xarici siyasət kursu hazırda ziddiyyətli xarakter daşımaqla yanaşı, həm də ardıcıl olaraq, fiaskoya uğraması ilə diqqəti çəkir. Və bu uğursuzluqda Rusiya faktoru xüsusi yer tutur.
Paşinyan hakimiyyəti son vaxtlara qədər Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırıb, Qərbə doğru çəkmək xətti yürüdürdü. Rəsmi İrəvanın Kremlin iradəsindən kənara çıxaraq, Brüssel görüşünün keçirilməsi barədə anlaşmaya nail olması da bu siyasi kursun tərkib hissəsi idi. Baş nazir Nikol Paşinyan Rusiyanı nəyin bahasına olursa-olsun, Azərbaycan-Ermənistan münaqişəsinin həllində vasitəçilikdən kənarlaşdırmağa çalışırdı. Əvəzindəsə, Qərb siyasi dairələrinin bu prosesdə əsas vasitəçi rolunda çıxış etməsinə can atırdı.
Ancaq baş tutmadı. Kreml dərhal müdaxilə etdi. Brüsseldən öncə görüşün məhz Rusiyanın Soçi şəhərində prezident V.Putinin vasitəçiliyi ilə keçirilməsinə nail oldu. Sonradan elan edilən anlaşma tezisləri isə Brüssel görüşünün formal xarakter daşıya biləcəyi ilə ilə bağlı ehtimalları ciddi şəkildə gücləndirdi.
Üstəlik, Paşinyan hakimiyyətinin uğursuzluğu yalnız bununla məhdudlaşmadı. Məlum oldu ki, rəsmi İrəvanla Kreml arasında olduqza ciddi ziddiyyətlər mövcuddur. Kremlin Paşinyan hakimiyyəti ilə münasibətlərinin artıq qopma həddinə gəldiyi müşahidə edildi. Və Ermənistanın Rusiya ilə qarşılıqlı münasibətlərinin necə olacağı indi daha çox Paşinyan hakimiyyətinin Brüssel görüşündə tutacağı mövqedən də asılıdır.
Məsələ ondadır ki, Soçi görüşündən bir neçə gün öncə Kreml Paşinyan hakimiyyəti ilə siyasi təmaslara o qədər də həvəsli olmadığını qabarıq şəkildə biruzə vermişdi. Belə ki, baş nazir Nikol Paşinyan və onun yaxın ətrafının Soçi görüşü ərəfəsində İrəvanda səfərdə olan Rusiya baş naziri Mixail Mişustin ilə birbaşa təmaslara cəhd etdiyi barədə məlumatlar mövcuddur.
Həmin məlumatlara görə, erməni baş nazirin bütün cəhdələri boşa çıxıb. Rusiya baş naziri erməni həmkarı ilə görüşdən imtina edib. Erməni mətbuatı hesab edir ki, bu imtinanın əsas səbəbi Kremlin Ermənistanda Rusiya əleyhinə etiraz aksiyalarının keçirilməsinə məhz baş nazir N.Paşinyan tərəfindən birbaşa göstəriş verildiyinə əmin olması ilə bağlıdır.
Maraqlıdır ki, Rusiya siyasi dairələri cəmisi bir il əvvəl savaşın dayandırılması üçün Kremlə yalvaran erməni baş nazirin davranışlarını bağışlamaq istəmirlər. Hətta son vaxtlar Kremlə yaxın siyasi dairələrdə Paşinyan hakimiyyətinə münasibətdə daha sərt mövqe tutulmasının vaciblıyi xüsusi olaraq, gündəmə gətirilməyə də başlanılıb. Və Rusiya politoloqları artıq bu mövqeni açıq mətnlə ictimailəşdirməyə də çalışırlar.
Rusiyalı politoloq Vitali Arkovun fikrincə, ABŞ və Fransanın sadəcə, müşahidə etdiyi 44 günlük savaş dövründə Rusiyanın Ermənistanı tamamilə xəritədən silinmək təhlükəsindən xilas etməsinin qarşılığında Paşinyan hakimiyyətinin davranışları sadəcə, nankorluq təsiri bağışlayır: “Elə məhz Kremlin razılığı ilə baş nazir N.Paşinyan Ermənistan hökumətinin başında qala bildi. Ancaq N.Paşinyan özünü yenidən “qüdrətli Nikol” kimi hiss edəndə isə fikirləşdi ki, o, artıq Moskvaya arxa çevirə bilər. Prezident V.Putinin vasitəçiliyi nəticəsində rəsmi Bakı ilə əldə olunan sülh razılaşmalarını yerinə yetirməkdən yayına və əvəzindəsə, qərbli ağalarının tapşırıqlarını icra edə bilər”.
Kremlə yaxın siyasi dairələr hesab edirlər ki, belə prinsipsiz davranışlarla Paşinyan hakimiyyəti Ermənistanı ciddi risk altında buraxır. Çünki, II Qarabağ müharibəsinin nəticələrindən sonra Rusiya, Azərbaycan və Türkiyə bu regionda öz nüfuz və təsir imkanlarını gücləndiriblər. 44 günlük savaş dövründə həm ABŞ, həm də Avropa İttifaqı müxtəlif səbəblərdən hərbi-siyasi situasiyaya müdaxildən imtina etmişdilər, nəticədə regionda öz əvvəlki mövqelərini itirmişdilər. Və indi erməni baş nazirə Qərbin regiona geri qaytarılmasına üçün çalışmaq tapşırığı verilib.
Təbii ki, Vaşinqton, Paris və Brüssel tərəfindən bu gün müşahidə edilən bütün təşəbbüslərdə bu, əsas məqsəd rolunu oynayır. Əlbəttə ki, Paşinyan hakimiyyətinin və ümumiyyətlə, Ermənistanın gələcək taleyi Qərbdə heç kimi qətiyyən narahat etmir. Yəni, Paşinyan hakimiyyəti də, Ermənistan da Qərbə regionda gərginliyi saxlamaqla, Rusiya, Azərbaycan və Türkiyəyə qarşı təzyiq faktoru rolunu oynaması üçün lazımdır.
Bütün bunlar onu göstərir ki, Qərb siyasi dairələri tərəfindən erməni baş nazirin qarşısına müxtəlif bəhanələrlə prezident V.Putinin vasitəçiliyini sabotaj etmək, Rusiyanın Cənubi Qafqazdakı siyasi proseslərdə rolunu zəiflətmək vəzifəsi qoyulub. Ona görə də, erməni baş nazirin Brüssel görüşünə hansı tezislərlə gedəcəyi maraq doğurmaya bilməz. Çünki Brüssel görüşündə tutacağı mövqe Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan qoparmaq baxımından, sonuncu siyasi manevrinə çevrilə bilər.
Əgər, erməni baş nazir Soçi göründən ciddi nəticələr çıxartmaq əvəzinə, Brüsseldə yenə Rusiyanı oyundankənar vəziyyətə salmağa cəhd göstərərsə, bu, Kremlə açıq “meydan oxuma” anlamı daşıyacaq. Üstəlik, Brüssel görüşünə Rusiya əleyhinə mövqe ilə qatılıb, nəticəsiz qayıdacağı təqdirdə, bu, baş nazir N.Paşinyan üçün sonun başlanğıcına da yol aça bilər. Hər halda, Kremlin erməni baş nazirə növbəti xəyanəti bağışlamayacağı daha inandırıcıdır.
Məsələ ondadır ki, Rusiyanın yüksək siyasi dairələrində erməni baş nazirə etibar edilmədiyi artıq qətiyyən şübhə doğurmur. Bəzi məlumatlara görə, hətta Kreml hər ehtimala qarşı Ermənistanda hakimiyyət dəyişikliyi variantını da düşünməyə başlayıb. Paşinyan hakimiyyətini əvəzləyəcək şəxsin siyasi mübarizəyə qatılması, onun komandasının formalaşdırılması istiqamətində müəyyən hazırlığın olduğu barədə müəyyən məlumatlar da mövcuddur. Bu baxımdan, Brüssel görüşünün məzmunu və nəticələri daha çox erməni baş nazirin gələcək taleyinin dəqiqləşməsi anlamında önəm daşıya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert