Yenixeber.org: Bütün dünyanın başının pandemiya ilə mübarizəyə qarışdığı bir vaxtda, 2020-ci il sentyabr ayının 27-də Azərbaycanda cəbhə xəttinə yaxın rayonlarda yaşayan insanlar səhərlərini raket partlayışı səsləri ilə açdılar. Bu səsləri onlar hələ 44 gün – səhər, günorta, axşam eşidəcəkdilər…
Tərtərin Şıxarx qəsəbəsində məskunlaşmış məcburi köçkün Almaz raket mərmisinin partlayış səsinə oyananda saat 8 olardı:
“Tez pəncərədən aşağı baxdım, – o xatırlayır. – Beşmərtəbəli binanın qarşısında səyyar satış avtomobili dayanmışdı. Onun ətrafına ertədən bazarlıq etməyə toplaşmış kişilər və qadınların qaçdığını gördüm. Amma çox adam hələ indi yuxudan oyanırdı. Paltarlarını geyinməyə macal tapmadan, valideynlərinin əlindən tutub pilləkənlərlə zirzəmiyə enən uşaqların ağlaşmaları qulaqlarımdan getmir”.
Bu qəsəbə birinci Qarabağ müharibəsi zamanı məcburi köçkünlər üçün inşa edilmişdi. 44 gün ərzində ən çox mərmi atılan yaşayış məntəqələrindən biri bura idi. Beşmərtəbəli binaların 37-dən 34-ü həmin günlərdə tamamilə, ya qismən dağıdıldı. Qəsəbədə yerləşən orta məktəb, bağça, musiqi məktəbi, ictimai iaşə obyektləri də mərmilərə hədəf oldu.
Humanitar Tədqiqatlar Cəmiyyətinin rəhbəri, konfliktoloq Əvəz Həsənov uzun illərdir ki, Azərbaycan-Ermənistan sərhədində və keçmiş cəbhə xətti boyunca yaşayan insanlarla işlədiklərini bildirir. Onun təşkilatı mövcud problemlərin həllində yerli icmaların rolunun və imkanlarının artırılması ilə məşğuldur.
“Biz İnmedio Berlin təşkilatı ilə əməkdaşlıq çərçivəsində Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə regionlarda icma fəallarının müəyyən olunması və onların dialoq bacarıqlarının artırılması üçün təşəbbüs göstərdik, – Əvəz Həsənov deyir. – Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar zamanı cəbhə xəttinə yaxın ərazilərdə yaşayan dinc vətəndaşların məruz qaldıqları travmalar bizi vaxt itirmədən onlara ilkin yardım göstərməyə sövq etdi”.
Bərdə rayonunda yerli icmalarla işləmək təcrübəsi olan Ülviyyə Babasoy isə gender məsələləri üzrə ekspertdir. O, müharibənin zərbələrinə məruz qalmış qadınların hansı əzablardan keçdiklərini yaxşı bilir: “Raket zərbələri endirilən günlərdə Bərdədə idim… Bunu təsvir etmək çətindir… Xüsusilə oktyabrın 27-28-də insanların sözün əsl mənasında arxa cəbhədə nələr yaşadıqlarını görürdüm”.
Bərdə şəhəri və ətraf kəndlərin artilleriya atəşinə tutulması nəticəsində 29 dinc sakin həlak olub, 108 nəfər yaralanıb. Bu faciədə 8 qadın həyatını itirib, hadisə baş verəndə təsadüfən küçədən keçən onlarla qadın xəsarət alıb. Ülviyyə həmin dəhşətlərdən sağ çıxanların fikirlərini və xatirələrini toplayıb.
Müharibədən sonrakı vəziyyəti təhlil etmək üçün Bərdə, Ağdam və Tərtərdə yaşayan qadınlar arasında sorğu keçirilib. Söhbətlərdə bilavasitə iştirak edən Ülviyyə deyir ki, insanların tarixçələrini dinləmək onun üçün ağır idi: “Qəhər məni boğurdu. Hətta arada peşmanlıq hissi də keçirdim ki, nə üçün bu qadınları danışdırıram, sonradan fikrimdən daşındım: bu hekayətləri hər kəs eşitməlidir”.
Döyüş meydanında vəziyyət gərginləşdikcə ətraf rayonlarda da dağıntılar artırdı. Daha çox zərbəyə Tərtər və Bərdə məruz qalmışdı. Hadisələrin qurbanları, zərərçəkənlər arasında qadınlar az olmayıb. 57 yaşlı Adilə şahidi olduğu hadisəni təsvir edir:
“Oğlum maşını saxlayıb mobil telefon mağazasına girmək istəyirdi. Birdən dəhşətli raket partlayışı eşitdim. Oğlumun yerə yıxıldığını gördüm, elə bildim ona dəydi. Özümü itirdiyimdən maşının qapısını aça bilmədim və qışqırırdım. Arxaya baxanda insanların yanan maşına doğru qaçdıqlarını gördüm. Oğlum ayağa qalxıb mənim qapımı açdı, sonra o da yanan maşına tərəf qaçdı. Mən oraya çatanda Fuadı qan içində gördüm. Bədəni dağılmışdı, gözləri isə hələ açıq idi. Fuad oğlumla bir yerdə işləyirdi, bir neçə gün əvvəl bizə kəndə gəlmişdilər.”
İşə gedərkən yolda rəfiqəsinin başına gələnləri görmüş 23 yaşlı qız da ağır psixoloji travma keçirib: “Bərdəyə atılan raket qəlpələrinin yaraladığı rəfiqəm atası ilə asfaltın üstündə uzanmışdı. İnsanlar onların yarasını sarımağa çalışır, su verirdilər. Polis, yanğınsöndürən və təcili yardım maşınları gəlmişdi. Gördüyüm dəhşətdən 2 gün əsdim, bundan qorxuya düşən atam məni həkimə apardı. Həkim stressdə olduğumu söylədi, atam məni Bakıya göndərdi ki, sarsıntımı sakit yerdə üstələyə bilim”.
Cəbhə xəttinə yaxın kəndlərin sakinləri raket atəşi altında olmalarına baxmayaraq, evlərini tərk etmək istəmirdilər. Ailələr uşaqlarını uzaq kəndlərə və şəhər mərkəzində yaşayan qohumlarının evlərinə aparır, özləri geri qayıdırdılar. Yenidən raket səsləri eşidəndə həyətdə qazdıqları xəndəklərdə gizlənirdilər. 41 yaşlı qadın həyat yoldaşı ilə birgə bütün müharibəni belə xəndəkdə gecələdiklərini deyir:
“Gecə 12-yə qalmış qonşunun həyətinə mərmi düşdü, partlayışdan torpaq bizim xəndəyin içinə doldu. Elə bildik, mərmi üstümüzə düşdü, yenə şükür, atəşin içindən salamat çıxdıq”.
Bərdədən olan başqa bir qadın isə ötən il oktyabrın 27-ni heç zaman unutmayacaq. Həmin gün yaşadıqları kəndə mərmi düşməsi nəticəsində o, həyat yoldaşını itirib, özü başından zədələr alıb, qızının qolu yaralanıb və barmaqları bugünədək işləmir.
Digər qadının oğlu müharibədən yaralı qayıdıb, hazırda psixoloji problemləri var. Kiminin qardaşı, kiminin əri şəhid olub… Elələri var ki, hər şeyini itirib, illərlə sahibləndikləri 44 günün içərisində yox olub… Qadınlar bu qədər yükü necə daşıyıblar? Necə daşıyırlar?
“Oktyabrın 19-da həyətimizə raket düşdü. Evimiz dağıldı. Anam, mən və həmin gün təsadüfən yaxınlıqda olan, bölgəyə ezam edilmiş televiziya jurnalisti yaralandıq. Mənim vəziyyətim nisbətən yaxşı idi, evə qayıtdım. Anam xəstəxanada qaldı. Noyabrın 4-də orduya könüllü getmiş 25 yaşlı böyük oğlum şəhid oldu. Onu Ağdamda Şəhidlər xiyabanında dəfn etdik. Bütün dünya başıma uçdu”, – deyə Ağdamın məcburi köçkünlər üçün salınmış Bənövşələr qəsəbəsinin sakini öz xatirələrini danışır. Və bu qadın dərdində tək deyil…
“Aysunun və Ofeliyanın qan içində cəsədlərini gördüm. 8 yaşlı Aysunun meyitini qucağıma götürdüm…”
“Huşum itib, özüm yaralandığımı bilməmişəm, sonradan qonşuda bildim ki, qolumu qan aparır. Belə… İnan, o, paltar sərdiyim yerə düşsəydi, Allah haqqı, tikəm ələ gəlməzdi…”
Bütün qadınlar təxminən eyni sözləri deyir: müharibənin fəsadları bitməyib və o, hələ uzun zaman can almağa davam edəcək. “İşğaldan azad olunmuş ərazilər minalardan təmizlənərkən, daha kimlərin minaya düşəcəyi məlum deyil.”
Post-müharibə dövrü əksər hallarda heç də müharibə dövründən asan olmur. Toplar susandan sonra “səsi çıxan” problemlər bütün cəmiyyəti əhatə edir. Hökumətlərin aldıqları qərarlar müharibə istəyən və istəməyən, ondan birbaşa zərər çəkən və çəkməyən hər kəsə təsir edir. Eyforiya dövrü bitir, reallığa qədəm qoyuruq. Haqqında danışdığımız qadınların indiki vəziyyəti, psixoloji durumlarındakı problemlər həmin reallığın təzahürləridir. Müharibədən sonra psixoloqlardan və sosial işçilərdən ibarət bir neçə qrup beynəlxalq layihələr çərçivəsində belə insanlarla ünsiyyət yaradıb. Amma bu yetərli olmayıb, yetərli deyil. Çünki müharibənin ağır zərbəsini almış qadınların reabilitasiyası prosesi dövlətin nəzarətində olmalı və davamlı hal almalıdır.
Ülviyyə Babasoy deyir ki, “müharibənin acısını ən çox qadınlar çəkir, amma onların problemləri çox vaxt nəzərə alınmır”.