Bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşdü. Ermənilərin birinci Gəncə terroru nəticəsində 1 mülki şəxs şəhid oldu, 30-dan çox insan yaralandı.
Yenixeber.org: Həmin hadisədə şəhid olan Tunar Əliyevin atası Qoşqar Əliyev danışıb, o anları xatırlamasının dəhşətli olduğunu bildirib.
Dosye: Əliyev Tunar Qoşqar oğlu. 2005-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2016-ci ildə orta təhsilini başa vurub. 2018-2019-cu illərdə həqiqi hərbi çağırılmış, MN-in “N” saylı hərbi hissəsində xidmətdə olmuşdur. Hərbi xidmət zamanı “Təşəkkürnamə” ilə təltif edilib, ona kiçik çavuş rütbəsi verilib. Gəncədə fəaliyyət göstərən kafelərin birində adminstrator vəzifəsində çalışırdı.
Q.Əliyev bildirir ki, oktyabrın 4-də səhər saatlarında ermənilər Gəncənin raketlə vuran zaman Tunar raketin düşdüyü ərazidən maşını ilə yoldan keçirmiş: “O, dostları ilə birlikdə əsgərlərə corab, papaq və digər isti paltarlar almağa gedirdi. Raketin atıldığı ərazidən yoldan keçəndə şəhid oldu. Hadisə baş verən yerlə evimizin məsafəsi 2 kilometr olar”.
Şəhidimizin atası deyir ki, həmin gün o qədər dəhşətli idi ki, o günü xatırlamağı yaddan çıxarmışıq: “Oğlumun şəhid olmasından xəbərimiz yox idi. Bütün şəhər hadisə baş verən yerə axın etmişdi, qohum-tanış hamısı orada idi. Biz da getdik. Ora yaxınlaşanda hərbi polislər, FHN işçiləri bizi əraziyə buraxmadı, bildirdilər ki, ermənilər buranı yenidən vura bilərlər. Oğlumu nə qədər axtarsam da tapa bilmədim, evə gəldim. Sonra dostları mənə dedi ki, narahat olma, Tunar Toğanadadır, əsgərlərə paltar aparıb. Nə qədər zəng etsək də zəng çatmadı, yenə də dedilər ki, narahat olma. Günorta saat 12:30 radələrində maşınının fotosu mediada yayılmışdı, getdim hadisə olan yerə, maşını orda qalmışdı, özü də şəhid olmuşdu, götürmüşdülər.
Əsgərlikdən 7-8 ay idi ki, gəlmişdi, 3 ay olardı ki, şəhid olarkən sürdüyü maşını ona almışdım. Polis olmaq istəyirdi. Hər şeyi uyğun idi. Amma bir müddətlik çay evi götürmüşdü, dostları ilə onu işlədirdi”.
Qoşqar Əliyev oğlunun arzularından danışır, köks ötürür. Deyir ki, Tunarın o qədər arzusu var idi ki, hamısını özü ilə apardı: “Arzuları da özü ilə getdi... Gənc oğlandır, valideynin arzusu ondan çox, özünün arzusu hamısından çox. Erməni terrorçuları yarım qoydu hər şeyi. Çox çətindir danışmaq. Deyirdik ki, hər şey yaxşı olacaq, hər şey düzələcək. Hərbi xidmətdən də fərqlənmə ilə qaytmışdı. Tunarı həmin vaxt orduya çağırmışdılar, səfərbərlikdən zəng etdilər ki Tunarı götürüb gəlin. Dedim yoxdu, şəhid olub oğlum, özləri də pis oldu. Həyatdır, nə edək, çox çətindir”
Q.Əliyev qeyd edir ki, ermənilərin bu vəhşiliyini bütün dünyaya göstərməliyik: “Müharibədə onların başına endirdiyimiz “Dəmir yumruğu” onların başının üzərində saxlamaq lazımdır. Ermənilər bizim mülki insanlarımızı öldürdülər, bundan başqa nə etmək olar ki?! Paralel olaraq təbliğatımızı da aparmalıyıq”.
4 oktyabr Gəncə terrorunda zərərçəkənlərdən biri də Ceyran Musayevadır. Ermənilərin Gəncəyə atdığı raket onun evinə düşüb, oranı tamamilə məhv edib.
C.Musayeva o günləri belə xatırlayır: “Həmin gün evdə idim, qonşumuz ehsan verirdi, məni ora çağırırdı. Bir də gördüm partlayış səsi gəlir. Pəncərədən çevrilib baxdım, gördüm ki, çayın kənarına göydən raket düşdü. Qışqırdım, həyətdəkiləri səslədim ki, raket atırlar, zirzəmiyə düşək. Bir qədər zirzəmidə gözlədik. Gördüm ki, sakitlikdir, çıxdım evdən nələrsə götürdüm, dedim birdən zirzəmidə çox oturmaq lazım olar. Pilləkənlərdə idim ki, raket bizim evimizə düşdü, darmadağın oldu. İlk olaraq Əli Nəzmi küçəsinin “erməni bazar” deyilən hissəsini vurdular, sonra çayın kənara, üçüncü raket isə bizim evimizə düşdü. İkimərtəbəli ev idi, orada 12 nəfər yaşayırdı. İkinci mərtəbədə olurdum, ev tamamilə yox oldu. Ermənilər evimi yerlə yeksan etdilər. Şükür, dövlət tərəfindən bizə qayğı göstərildi, evlə təmin olunduq. Sağ olsun dövlətimiz, bizi tək qoymadı. Sağ olsun ordumuz”.
C.Musayeva ermənilərin bu vəhşiliyini müxtəlif dillərdə dünyaya çatdırmağın, gələcək nəsillərə təbliğ etməyimizin vacib olduğunu vurğulayıb: “Hamımız bunu yaymalı, hər kəsə göstərməliyik. Övladlarımıza, gələcək nəsillərə təbliğ etməliyik. Hər yerdə bundan danışmalıyıq ki, bütün dünya bundan xəbərdar olsun. Mənfur düşmən cəbhədə məhv olduğu üçün, acizlik göstərib dinc əhalini vurmasını bütün dünya bilməlidir. Amma biz yenə də güclü idik, heç kəs Gəncəni tərk etmədi. Hamı ruh yüksəkliyi ilə Ordumuzun qələbəsini qeyd edirdi. Biz bilirdik ki, Azərbaycan əsgəri erməniləri məhv etdiyi üçün, onlar bizi hədəf seçir. Qələbəmizi təmin edən Ordumuza eşq olsun!.