Noyabrın birinci ongünlüyündə Moskvada planlaşdırılan üçtərəfli görüş baş tutmadı, amma az sonra bəlli oldu ki, Azərbaycan və Ermənistan liderləri sürpriz şəkildə Brüsseldə ikitərəfli görüşə razılıq veriblər.
Yenixeber.org: Avropa Şurasının rəsmi saytında verilən məlumata görə, dekabrın 15-də İlham Əliyev və Nikol Paşinyan Şərq Tərəfdaşlığı proqramının sammitində bir araya gələcəklər. Avropa Şurasının prezidenti dünən hər iki liderlə telefonda danışdıqdan sonra onları razı sala bilib. Avropa Şurasının məlumatında deyilir: “İki lider regional vəziyyəti, habelə çiçəklənən və stabil Cənubi Qafqaz naminə fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılıq veriblər”.
Brüsselin rəsmi məlumatında o da deyilir ki, Şarl Mişellə söhbətdə Əliyev və Paşinyan habelə ölkələrinin müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəliblər. Birbaşa əlaqə gələcəkdə insidentlərin qarşısının alınmasına kömək edə bilər.
Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş 3 görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutub. Amma müharibənin ildönümü ərəfəsində Nikol Paşinyan Moskvaya getməkdən və orada sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması ilə bağlı razılaşmaya imza atmaqdan imtina edib.
Nəticədə əvvəlcə Laçın dəhlizində, daha sonra Qaragöldə və Laçın-Kəlbəcər istiqamətindəki dövlət sərhədində itkilərlə müşayiət olunan hərbi toqquşmalar baş verib. Ağır silahların da işə düşdüyü atışmalar Rusiyanın müdaxiləsindən sonra dayandırılıb.
İki gün sonra – noyabrın 18-də Ermənistan hakimiyyəti bəyan edib ki, Rusiya Ermənistana Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası prosesinə sıfırdan başlamağı təklif edib. Baş nazir Nikol Paşinyan bu təşəbbüsə razılıq verib, amma təklifin detallarını açıqlamayıb.
Dünən isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli sammitinin baş tutacağına əmin olduğunu deyib. “Konsensusun olması üçün görüşə hazırlaşanların hamısı görüşə razı olmalıdır. Əminəm ki, belə bir görüş baş tutacaq”,- vurğulayıb.
Bundan əvvəl isə prezident V. Putinin köməkçisi Dmitri Peskov bildirib ki, üçtərəfli sammit müəyyən mərhələdə zəruri olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır.
Rusiya rəsmilərinin açıqlamaları göstərir ki, belə bir görüşün olması üçün konsensus yoxdur. Məlumdur ki, söhbət Azərbaycan və Ermənistan liderlərindən birinin razılığından gedir. Rəsmi Bakı Moskva görüşündə iştiraka hazır olduğunu bəyan edib, amma Paşinyan əks mövqedədir. Əvəzində, o, Şarl Mişelin təşəbbüsünə dərhal müsbət reaksiya verib. Bu da səbəbsiz deyil.
Əvvəla, Paşinyanın əsas hədəflərindən biri Qərbin prosesdə iştirakıdır. Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, danışıqlar Minsk Qrupu formatında yenidən davam etdirilməlidir. Bu, Ermənistan üçün ən rahat danışıqlar müstəvisidir. Əvvəla, ABŞ və Fransa Ermənistanın mövqeyini dəstəkləyir və Qarabağda erməni separatçılarına status verilməsinə təkid edir.
İkincisi, Paşinyan iqtidarı Rusiyanın ciddi təzyiqlərini Qərb ölkələrinin hesabına balanslaşdırmaq istəyir. Məlumdur ki, hazırkı proseslərdə İrəvan Moskvanın sərt təzyiqləri ilə üzləşir. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir, amma Ermənistan 10 noyabr razılaşmasında əks oluna maddələrin yerinə yetirilməsinə qarşıdır və əlavə şərtlər irəli sürür. Söhbət dəhliz məntiqindən imtina, Naxçıvana gedən yola gömrük postu və sərhəd nəzarətinin həyata keçirilməsindən gedir. Azərbaycan və Rusiya isə buna qarşıdır, çünki üçtərəfli bəyanatda dəhlizdən gediş-gəlişin heç bir maneə olmadan həyata keçirilməsi əks olunub. Paşinyan dilə gətirməsə də, bu yolun Rusiya Federal Kəşfiyyat Xidmətinin nəzarətində olmasını da istəmir. Bu, Moskvanın İrəvana daha bir təzyiq alətinin formalaşması deməkdir.
Üçüncüsü, qeyd olunanlardan dolayı, Paşinyan Rusiyanın təkbaşına moderatorluğunun ikitərəfli görüşlərlə əvəzlənməsini istəyir. Qərb də bu məsələdə ona dəstək verir. Çünki Moskva nəinki Qarabağ məsələsi, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı bütün problemlər üzrə yeganə vasitəçi qismində çıxış etməyə çalışır. İki gün əvvəl prezident Putinin iki ölkə sərhədinə Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə danışması bu niyyətin təzahürüdür.
Müharibədən sonra Rusiya açıq-gizli şəkildə Ermənistanda Paşinyanın rəqiblərini dəstəkləyib və onların siyasi mövcudluğunu gücləndirib, legitimləşdirib. Əgər yanvar ayında eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi siyasi qüvvələrin reytinqi 2-3 faiz aralığında dəyişirdisə, iyunda keçirilən parlament seçkilərində onlar 22 faiz səslə parlamentdə müxalif fraksiya formalaşdırmağa nail oldular. Hazırda Ermənistanda bu qüvvələrin revanşı üçün ciddi proseslər aparılır. Paşinyanın mövqeyi ciddi şəkildə zəifləyib və Baş nazir anlayır ki, Rusiya tədricən onun siyasi varlığını bitirməkdə qərarlıdır. Ona görə də maksimum səy göstərərək, Qərbi prosesə qatmağa, Rusiyanın artan təzyiqlərini neytrallaşdırmağa çalışır.
Azərbaycan niyə Brüssel görüşünə razılıq verib? Rəsmi Bakı bu məsələdə xeyli dərəcə rahatdır və daha çox manevr imkanlarına malikdir. Əvvəla, İlham Əliyev Rusiyanın proseslərdəki patronajlığına etiraz eləmir, bununla belə, başqa mexanizmlərin işə düşməsindən də narahat deyil. O, müharibədə qalib gəlmiş ölkənin başçısı kimi daha üstün, diktə mövqeyindədir, istər ikitərəfli, istərsə vasitəçilərlə aparılan danışıqlarda özünü rahat hiss edir.
İkincisi, Qərbin Qarabağ prosesinə buraxılmamasında Azərbaycan və Rusiyanın mövqeləri üst-üstə düşür. Təbii ki, rəsmi Bakının öz çıxarları var. Çünki Minsk Qrupu mövcud olduğu müddətdə münaqişənin həllinə heç bir töhfə verməyib, əksinə, Azərbaycan güzəştlərə razılaşmaq üçün ciddi təzyiqlərə məruz qalıb. Müharibədən sonra regionda ortaya çıxan reallıqlar həmsədrləri (Fransa və ABŞ-ı: – red.) oyundankənar vəziyyətə saldı, onlar hazırda ciddi cəhdlə prosesə qayıtmağa çalışırlar və Ermənistan bu məsələdə onlara dəstək verir. Amma Azərbaycan Rusiya ilə birgə onları oyuna buraxmamaqda qərarlıdır.
Brüsseldə planlaşdırılan görüş həmsədrlərin geridönüşü deyil və bu, Rusiyasız təmas imkanıdır. Rəsmi Bakı onu dəyərləndirmək istəyir. Çünki 16 noyabrdakı toqquşmalardan sonra Qərbdən verilən bəyanatlar İlham Əliyevi xeyli məmnun etdi. ABŞ, BMT, həmsədrlər tərəfləri 10 noyabr razılaşmasını tam icra etməyə, sərhədlərin dəqiqləşdirilməsinə, kommunikasiyaların açılmasına çağırmışdılar. Bakı da bu sənədin yerinə yetirilməsini istəyir. Nikol Paşinyan isə yaranmış vəziyyətdən xeyli məyus olmuşdu, onun parlamentdə dedikləri də reallıqların Ermənistanın əlehyinə dəyişdiyindən xəbər verirdi:
“…Biz Qarabağ məsələsinin ermənilərin xeyrinə həllinə xidmət edirdik. Beynəlxalq ictimaiyyəti isə bu yox, məhz problemin həlli maraqlandırırdı. Eyni şey demarkasiya-delimitasiya prosesinə də aiddir. Beynəlxalq ictimaiyyət bizə də, Azərbaycana da deyir: bəsdir, həftəbaşı atəşkəs rejiminin pozulmasından, təcavüzdən danışdınız, bir-birinizi ittiham etdiniz. Öz aranızda danışın, biz yorulmuşuq, bizim çoxlu problemlərimiz var. Niyə sizə elə gəlir ki, bütün dünya sızın qayğılarınızla və problemlərinizlə yaşamalıdır? Onlarla özünüz yaşayın. Beynəlxalq ictimaiyyət bizə təxminən bunu deyir”.
Bəs Moskvanın Brüssel görüşünə reaksiyası necə olacaq? Bu suala cavab tapmaq üçün Sergey Lavrovun və Dmitri Peskovun yuxarıda qeyd olunmuş açıqlamalarına diqqət etmək lazım gəlir. Rəsmi Moskva üçtərəfli görüşün və sərhəd, kommunikasiya razılaşmasının imzalanmasında israr edir. Ehtimal ki, Brüssel görüşünə qədər, yaxud ondan dərhal sonra Moskvada bu formatda sammit keçiriləcək. Paşinyanın bundan uzun müddət qaçmaq imkanları yoxdur, regionda, xüsusən Ermənistanın daxilində iplər Kremlin əlindədir. Azərbaycan da belə bir sənədin imzalanmasına dünəndən razıdır.
Yekun olaraq qeyd edək ki, Brüssel görüşündən ciddi nəticələr gözləmək olmaz. Çünki tərəflər kompromisə gəlməkdən xeyli uzaqdır, Qərbin regiona təsir imkanları minimum həddə düşüb, nəhayət, bölgənin “ağası” Rusiyanın razılığı olmadan hər hansı razılaşma imzalana bilməz. İmzalansa belə, onun həyata keçirilməsi üçün zəmin yoxdur. Bütün ciddi qərarların ünvanı Moskvadır…(pressklub)
Turqut