Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İranın Azərbaycana qarşı aqressiyasının əsl səbəbi: Narkotrafik Tehranın əlindən çıxır -TƏHLİL

Tehran rejimi ən müxtəlif səviyyələrdə Azərbaycanı aşağılayan, 44 günlük savaşın nəticələrinə qeyri-adekvat baxışı ilə “əsəb müharibəsi”ni daha da alovlandırır.
Yenixeber.org: Əslində, rəsmi Bakı Tehranın “şıltaqlığı”na uzun illər dözüb. Sentyabrın 12-də Azərbaycanın Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb etməsi isə cənub qonşumuzun xoşuna gəlməyib. Yəqin Tehranda düşünürlər ki, Azərbaycan onların “şıltaqlığına” dözməyi davam etdirməliymiş.
Rəsmi Bakı buna qədər İrana etirazını bildirmiş, bu ölkənin avtomobillərinin Qafan-Gorus yolunda Azərbaycan ərazisinə keçməsinə, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərinə qeyri-qanuni yük daşımasına son qoyulmasını tələb etmişdi.
Lakin İran bu etiraza önəm vermədən, ermənilərə yanacaq və digər zəruri materiallar ötürməkdə davam edirdi. Bununla kifayətlənməyən İran Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlər də keçirdi. Aydın məsələ idi ki, Tehran rejimi Bakıya əzələ nümayiş etdirir və bütün bunlar Azərbaycanda etirazlara səbəb oldu.
Azərbaycan ictimai rəyi İranın addımlarına qarşı daim həssas olub. Tehranın 30 ilə yaxın bir müddətdə erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirakı heç kimə sirr deyil. İşğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evləri tikinti materialları kimi İrana satırdı. Meşələrin qırılması və onların İrana daşınması da hər kəsə bəlli idi.
1997-ci ilin dekabrında İslam Konfransı Təşkilatının Tehranda keçirilən dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün İrana səfər Prezident Heydər Əliyev İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşündə diplomatik dildə öz etirazını çatdırmışdı. “Azərbaycanlı qaçqınlara etdiyi humanitar yardıma görə İran İslam Respublikasının rəhbərliyinə minnətdarlığımı bildirməklə, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında qeyri-konstruktiv mövqeyindən əl çəkməyən Ermənistana bir çox dövlətlərin siyasi və iqtisadi dəstək verməsindən təəssüfləndiyimi bildirirəm”, - deyə Heydər Əliyev bildirmişdi.

Lakin İran bu iraddan nəticə çıxartmadı. İslam Respublikası adlanan İranın verdiyi yanacaqla Ermənistan tankları Azərbaycan torpaqlarında hərəkət edib, dinc insanlarımızı qətlə yetirirdi.
Bu gün Tehran Ermənistana benzin ötürməsini ticarət maraqları ilə izah edir. Lakin faktlar onu göstərir ki, İran hətta öz maraqlarını da işğalçı ölkəyə qurban verib. 44 günlük müharibədən əvvəl İrandan işğalçı ölkəyə benzin 35 drama (12 qəpik) ixrac edilib. 2018-ci ilin nəticələrinə əsasən, İslam Respublikası ilə Ermənistan arasında ümumi ticarət dövriyyəsi 364 milyon dollar təşkil edib. Bu, 1991-ci ildən bəri ən böyük rəqəm sayılır. 2020-ci ildə bu rəqəm 400 milyon dollara çatıb. 2021-ci ilin ilk 6 ayında ölkələr arasında ticarət dövriyyəsi 224 milyon dollar təşkil edib. Məsələ yalnız iqtisadiyyatla bitmir. İrandan Xankəndiyə benzin daşıyan sürücülərin yol vərəqəsində “Armeniya - Stepanakert” kimi qeyd edilməsi haqlı olaraq Azərbaycan dövləti və xalqı tərəfindən narazılıqla qarşılanır.
Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. Ən acınacaqlısı budur ki, özünü İslam ölkəsi adlandıran İran da bu prosesdə yaxından iştirak edib. İranın işğal altında olan ərazilərimizdəki maddi sərvətləri - meşə, yataqlar, təbii minerallar və s.-in talan edilməsində iştirakı, qonşu ölkənin şirkətlərin işğal altındakı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti barədə çox yazılıb, çox deyilib, təkzibedilməz faktlar göstərilib.
İşğal dövründə Ermənistanla İran arasında geniş miqyasda iqtisadi əlaqələri, birgə iqtisadi layihələri mövcud olub. İranla Ermənistan arasında uzunluğu 140 kilometr olan qaz kəməri çəkilib. Boru xəttinin tikintisinə 2006-cı il dekabrın 20-də başlayıblar, açılışı 2007-ci il martın 19-da reallaşıb.
Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi yük maşınları ilə yanacaq və silah daşıyıb. Azərbaycanın İranla sərhəddə yerləşən, işğal altında olan ərazilərinə bu illər ərzində faktiki olaraq SEPAH nəzarət edib. Qərb mətbuatının məlumatlarına görə, Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə - Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Dağlıq Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyıb, bu barədə aparıcı dünya mediasında kifayət qədər materiallar dərc edilib.
İranın ümumilikdə narko-ticarətlə məşğul olması təkzibolunmaz faktlarla sübuta yetirilib. Azərbaycanın gömrük orqanlarının məlumatlara nəzər salsaq, aydın olur ki, Azərbaycan gömrükçüləri tərəfindən 2020-ci ilin noyabr ayından 2021-ci ilin oktyabr ayına qədər narkotik vasitələrin və psixotron maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 46 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 675 kq 418 qram narkotik və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 99%-dən çoxu, başqa sözlə desək 904 kq 152 qram geroin, 529 kq 545 qram tiryək, 44 kq 646 qram həşiş, 195 kq 808 qram metamfetamin İran İslam Respublikası ilə həmsərhəd Astara, Biləsuvar və Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük postlarından ölkəmizə keçirilməsi zamanı aşkarlanıb. Qeyd olunan faktlar üzrə başlanmış cinayət işlərinin istintaqı zamanı müəyyən edilən hallar onu deməyə əsas verir ki, bu narko-qaçaqmalçılıq cinayətləri əsasən geroin, metamfetamin və digər təhlükəli ağır narkotikləri İran-Azərbaycan-Gürcüstan-(və ya Rusiya) Ukrayna marşrutu ilə Avropa qara bazarlarına çatdırmağa cəhd edən transmilli mütəşəkkil cinayətkar dəstələr tərəfindən hazırlanıb həyata keçirilir. Narko-qaçaqmalçılar bu narkotiklərin gömrük nəzarətindən gizli keçirilməsi məqsədilə beynəlxalq yükdaşımaları həyata keçirən avtonəqliyyat vasitələrində xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən istifadə etməklə və ya digər malların görünüşü verilməklə pərdələməklə keçirməyə cəhd göstəriblər.
İşğal altında olan ərazilər həm narkotik plantasiyalarının yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Azərbaycanın işğal altında olan ərazilərindən narkotrafik marşrutu kimi istifadə məsələsində İran İslam Respublikası xüsusi fəallığı ilə seçilib. Əfqanıstandan Qərbə doğru gedən marşrutlar həm də İrandan keçməklə Azərbaycanın işğal altında olan ərazilərindən Ermənistana, oradan da Avropaya istiqamətlənib. Azərbaycanın İranla həmsərhəd olan Zəngilan və Cəbrayıl rayonları Ermənistanın işğalı altında olduğuna görə narkotikin bu ərazilərdən ötürülməsində hər hansı problem yaranmayıb. Lakin 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibədə Azərbaycanın qələbəsi və torpaqların işğaldan azad olunması İranla 132 km-lik sərhədin bərpa edilməsinə şərait yaratdı. Bu, həm də 30 ilə yaxın dövrdə maneəsiz işləyən narkotrafik marşrutunun qapanmasına səbəb oldu. Sonrakı dövrdə Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 23 km-lik hissəsinin nəzarətə götürülməsi ilə narkotrafiklə bağlı olan-qalan imkanlar da məhdudlaşdı. Tehran rejimini əsəbiləşdirən də narkotik ticarətindən əldə etdiyi milyonları itirməsidir.
Tehran rejimi anlayır ki, tezliklə bu sahədə işləri daha da çətinləşəcək. Belə ki, Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması nəzərdə tutulur. Bu dəhlizin yaradılmasına maneə törətməyə çalışan ölkələrdən biri məhz İrandır. İran tərəfi ehtimal edir ki, dəhlizin işə düşməsi bu ölkədən Ermənistana istiqamətlənmiş narkotrafik marşrutunu tam qapadacaq. Mollakratiya narkotik ticarətə nəzarəti itirməkdən qıcıqlanır. O da məlumdur ki, narkotrafik məsələləri İslam İnqilabı Keşikçiləri Korpusunun birbaşa nəzarətində olub və buradan əldə olunan vəsait bu qurumun tələbatlarının ödənilməsinə, o cümlədən xaricdəki terrorçu təşkilatlar və qrupların maliyyələşdirilməsinə yönəlib.

Maraqlıdır ki, Vətən müharibəsinə qədər, hətta müharibədən sonra bir il ərzində Azərbaycanla heç bir problemi olmayan İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb.
Onu da qeyd edək ki, Ermənistana və Qarabağın işğal olunmuş ərazisinə göndərilən yük maşınlarının əksəriyyəti İranın şimal-qərb şəhərləri olan Sufiyan və Təbrizdə yerləşən “Nasr Novin Mishu” şirkətinə məxsusdur. “Nasr Novin Mishu” şirkəti İranın şimal-qərbində SEPAH-ın himayəsi ilə fəaliyyət göstərən “Nasr” şirkətinin törəmə şirkətlərindən biridir. İranın şimal-qərb hissəsindən gələn yük maşınları ən azı iki fərqli marşrutdan istifadə edərək Azərbaycan Qarabağ bölgəsinə daxil olublar, bununla yanaşı, peyk görüntülərində iki kəsişmə nöqtəsi göstərilir. Ən çox yayılmış marşrutlardan biri Təbrizdən Ermənistanla İranın sərhədinə, Mehriyə tərəf gedən və Xankəndinə aparan Gorus-Laçın şosesidir. İkinci marşrut İranın Ərdəbil əyalətindəki Xumarlının şimal-şərqindən 1990-cı illərin əvvəllərindən bəri Ermənistan tərəfindən nəzarət edilən İran-Azərbaycan sərhədinin bir hissəsini keçən Cəbrayıl rayonuna aparır. İranın şimal-qərb bölgəsi ilə həmsərhəd olan Azərbaycan torpaqlarına Ermənistanın nəzarət etməsi siyasi baxımdan da Tehran üçün əlverişlidir. Bu, Azərbaycanla İranın azərbaycanlılar yaşayan şimal-qərb bölgələri arasında “bufer zona”sı demək idi.
Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir. Lakin hər kəsə bəllidir ki, rəsmi Bakı ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini düşünüb. Tehran isə Bakının bu jestini heç vaxt dəyərləndirməyib. Rəsmi Tehranın guya Azərbaycanda sionistlərin və terrorçuların olması, bunun İranın maraqlarına cavab verməməsi və İslam dövləti üçün təhlükə yaratması ilə bağlı iddiaları əsassızdır. Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra zaman-zaman, elə 2010-cu illərdə İran ardıcıl şəkildə Azərbaycana qarşı İsraillə əməkdaşlıq ittihamları irəli sürür və hədələr yağdırırdı. Lakin Tehran bu günə qədər bircə fakt belə aşkarlamayıb. Bakının isə İranı ittiham etməyə əsası kifayət qədərdir. İran Azərbaycan ərazilərini işğal edən bir ölkə ilə ən sıx münasibətlər qurur. İranı Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verən Tehran Fars körfəzindən Qara dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı əldə etmək istəyib, lakin bundan istifadə edərək, İrəvanı işğala son verməyə səsləməyib.
Bu gün Bakıya barmaq silkələyən Tehran unudur ki, İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığından xeyli dərəcədə cəlbedicidir. Azərbaycan kimi regional gücü Ermənistan kimi cırtdan ölkəyə qurban vermək praqmatik maraqlara da cavab vermir. Öz maraqları naminə Tehran Azərbaycanla əməkdaşlığı genişləndirməyə məhkumdur.
Tehran artıq uzun illərdir, görür ki, Azərbaycan dostları ilə hər zaman dost kimi davranır, kiminsə təhdidi ilə ondan üz döndərmir. Bu illər ərzində Azərbaycan İsraillə münasibətlərində mənfiyə doğru heç bir dəyişiklik etməyib, əksinə, ikitərəfli əlaqələr daha da möhkəmlənib, Azərbaycan İsrailin enerji təchizatında aparıcı ölkəyə çevrilib, eyni zamanda, İsrail silahlarını ən çox alan ölkələrdən biri məhz Azərbaycandır.
44 günlük savaş da sübuta yetirdi ki, heç kəs Bakı ilə şantaj dilində danışa bilməz. Bu baxımdan, nə qədər gec deyil İran da normal qonşuluq münasibətlərinə qayıtmalıdır.
APA Analytics

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam