ANKARA- MOSKVA XƏTTİNDƏ GƏRGİNLİK... -"Proseslər Azərbaycana da təsir edəcək..."
Rusiya təhlükəsizlik qüvvələri tərəfindən Krım Tatar xalqı Məclisi sədrinin müavini Nəriman Cəlalın saxlanılmasına Türkiyə Xarici İşlər Nazirliyi dərhal reaksiya verib.
Yenixeber.org: XİN-in mətbuat katibi Tanju Bilgiçin sözlərinə görə, Cəlal evinə basqın zamanı saxlanılaraq naməlum istiqamətə aparılıb. Bilgiç qeyd edib ki, indiyədək ondan heç bir xəbər yoxdur. “Nəriman Cəlal və digər dörd krım tatarının saxlanılmasından narahatıq və evlərinə tez qayıtmalarını diləyirik”, - deyə XİN sözçüsü bildirib. Nəriman Cəlalı və digər krım tatarlarını Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının həbs etdiyi deyilir. Ankaranın hadisəyə çevik reaksiyası Krım siyasətində Türkiyənin açıq mövqeyini ifadə edir.
Bundan əvvəl - avqustun 23-də isə Kiyevdə keçirilən “Krım Platforması”nda Türkiyənin xarici işlər naziri səviyyəsində iştirakı olmuşdu. Tədbirdə “Krım Ukraynadır!” bəyanatı verilməsinin ardından tatar siyasilərin həbsinə də XİN səviyyəsində reaksiya Ankara - Moskva xəttində ciddi gərginlik yarada bilər.
Məlumata görə, Kreml “Krım Platforması”nı anti-Rusiya tədbiri hesab edir. Eyni zamanda Moskvanın siyasi kulislərində Türkiyə-Ukrayna arasında genişlənən hərbi əməkdaşlıqdan narahatdırlar. Bunun üzərindən “Krım Platforması”nda iştirak, tatarların həbsinə rəsmi münasibət Ankara-Moskva əlaqələrinə soyuq duş ola bilər... Və iki paytaxt arasındakı münasibətlərdə gərginlik təbii ki, Bakının da xeyrinə deyil...
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bildirib ki, Türkiyə-Rusiya əlaqələri heç də strateji xarakter daşımır. Onun fikrincə, münasibətlər operativ-taktiki xarakterə malikdir. S.Əkbər hesab edir ki, dünya nizamının yeni quruculuğunun həlledici zamanında, çoxqütblülük yarandığı bir vaxtda Türkiyə əvvəlki rolu ilə barışmır deyə güc mərkəzləri arasında operativ-taktik gedişlər etməklə öz maraqlarını qoruyur.
“Rusiya-Türkiyə maraqlarının toqquşması Liviya, Suriya, Ukrayna və Qarabağda da görünür. Gələcəkdə Əfqanıstan və Mərkəzi Asiya siyasətində də ola bilər. Və dünyada gedən proseslər müəyyən mərhələdə Azərbaycandan tərəf seçməyi tələb edəcək. Əslində Şuşa Bəyannaməsini imzalamaqla bunu tərəf seçmək kimi qiymətləndirə bilərik. Ona görə proseslər Azərbaycana da təsir edəcək. Biz hadisələrin müəyyən nöqtədə geridönməz xarakter ala biləcəyini nəzərə almalıyıq”, - deyə S.Əkbər qeyd etdi.
Türkiyədə yaşayan professor Toğrul İsmayılın bildirdiyinə görə, Krım beynəlxalq hüquqa qarşı törədilmiş hadisədir: “Heç bir ciddi dövlət Rusiyanı bu məsələdə dəstəkləmir və Ukraynanın ərazi bütövlüyünü tanıyır. Ona görə Rusiyanın bu məsələdə Türkiyəni günahlandırması doğru deyil. Çünki bu addımı atanda Türkiyə ilə razılaşdırmayıb, Ankara hər hansı öhdəlik götürməyib. Rusiya yaxşı olar ki, beynəlxalq hüquqa hörmət etsin”.
T.İsmayılın fikrincə, Krım - tatar məsələsi Türkiyədə həmişə çox həssas mövzudur: “Rusiya Krım Tatar xalqı Məclisinə vəd versə də, onları dünya terrorçuları ilə eyni cərgəyə qoyur. Moskva PKK-nı terror təşkilatı kimi görmür, amma Krım Tatar Milli Məclisini görür. Eyni zamanda bu həbslər Türkiyəni ciddi şəkildə narahat edir. Bu, sadə insan haqları məsələsidir. Türkiyə Krım-tatar məsələsində dəfələrlə fəal rol oynayıb, aktivistlərin həbsdən azad edilməsinə nail olub. Bundan sonra baş verənlər Moskva-Ankara əlaqələrinə hər hansı zərər verəcəksə, elə başından artıq zərər verib. Ancaq ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq edəndə, Türkiyə onlara qatılmadı. Türkiyə Krımın ilhaq edildiyini söyləsə də, sanksiyalara qoşulmadı. O baxımdan, düşünmürəm ki, Krım məsələsi münasibətləri ağırlaşdıracaq. Təbii ki, Suriya, Liviya, Cənubi Qafqaz siyasəti olsun, bu proseslərdə Rusiyanın Türkiyə ilə maraqları üst-üstə düşmür. Ancaq məsələləri dərinləşdirmədən həll edirlər. Çünki bölgədə hər iki ölkənin gücü eyni dərəcədədir. Krım Tatar Milli Məclisi barışcıl məclisdir, silahı yoxdur, amma Rusiya belə təşkilatı ”Əl-Qaidə", İŞİD-lə bərabər tutur, əli qanlı PKK-nı terrorçu kimi tanımır".
Professor hesab edir ki, Türkiyə-Rusiya arasında münasibətlərdə gərginlik ola bilər, amma dərinləşməz.
Qeyd edək ki, Krımın Simferopol şəhərində 40-dan çox Krım tatarı saxlanılıb. Onların arasında “Grani.ru” internet nəşrinin və “Krım Həmrəyliyi” portalının müxbirləri Ayder Kadırov və Nuri Abduraşitov da var. Məlumata görə, adamlar Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası qarşısına toplaşaraq bir müddət əvvəl saxlanan 5 nəfərin harada olduğunu öyrənmək istəyiblər. Həmin şəxslər Perevalnoe kəndi yaxınlığından keçən qaz kəmərinə ziyan vurmaqda günahlandırılırlar.
Polis FTX-nin binası qarşısına toplaşanlara karantin qaydalarına əməl olunması ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra etirazçıların bir-birindən yarım metr uzaqlaşmasına baxmayaraq, polis onları həbs etməyə başlayıb. Avqustun 23-də Rusiya mətbuatı Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsinə istinadən naməlum şəxslər tərəfindən Perevalnoye kəndi yaxınlığındakı qaz kəmərinin zədələnməsi barədə məlumat yayıb. Əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi maddəsi ilə cinayət işi başlanıb. Sentyabrın 3 -də və 4 -də qaz boru kəmərinə ziyan vurulması faktı ilə əlaqədar beş Krım tatarının evində axtarış aparılıb. Daha sonra onlar saxlanılıblar. Onların arasında Məclis sədrinin müavini Nəriman Cəlal da var.
“Müsavat”