Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Klassik "neft silahı" meydanda - SSRİ üzərindəki uğur təkrarlana bilər -ŞƏRH

 

ABŞ Prezidenti Donald Tramp oval kabinetdə jurnalistlərə Meksikanın Kubaya "neft göndərməyi dayandıracağını" bildirib. Təfərrüatlar və bunu Meksika hakimiyyətinin təsdiqlədiyi hələlik bilinmir.

Yenixeber.org: Meksikanın Kubaya neft ixracını dayandıracağı xəbəri Ağ Evin rəsmi Havanaya siyasi-iqtisadi təzyiqidir. Bununla da Kubanın enerji böhranı - uzun müddətdən bəri üzləşdiyi elektrik enerjisi çatışmazlığına yeni problem də əlavə olunacaq.

Bildirilib ki, Meksika son zamanlarda "Azadlıq adası" üçün ən böyük neft tədarükçüsü olub. Tədarükün dayandırılmasının ölkə iqtisadiyyatına önəmli zərbə vuracağı istisna deyil. Düzdür, bu il yanvarın sonunda Meksika Kubaya neft ixracatının "humanitar" xarakter daşıdığını bildirmişdi. Ancaq neftlə bağlı sanksiyalara məruz qalmış ölkələrin "humanitar" istiqamətli layihələrdən hakimiyyətin və müxtəlif qrupların, hətta ölkələrin maraqları üçün istifadə edildiyi təsdiqlənib.

Səddam Hüseynin hakimiyyəti dövründə vaxtilə İraq neftinə sanksiya qoyulmuşdu. Ona "humanitar" məqsədlə neft satmaq üçün müəyyən kvota verilmişdi. Ovaxtkı rəsmi Bağdad nəzarətsizlikdən sui-istifadə edərək bu kvotanı qanunsuz yolla artırmış, bununla da hakimiyyətinin ömrünü uzatmağa nail olmuşdu.

Yanvarın sonunda Donald Tramp Kuba hakimiyyətinin Birləşmiş Ştatların milli təhlükəsizliyi və xarici siyasətinə "qeyri-adi və fövqəladə təhlükə" yaratdığına görə milli fövqəladə vəziyyət elan edib, bununla bağlı fərman imzalayıb. Fərmanın mətnində deyilir ki, Kuba hakimiyyəti Rusiya, Çin və İranı da əhatə edən "çoxsaylı düşmən ölkələrlə", həmçinin HƏMAS və "Hizbullah"la əməkdaşlıq edir. Bu səbəbdən ABŞ administrasiyası Ştatlara düşmən strukturların fəaliyyəti üçün "təhlükəsiz mühit" təmin edir.

 

Sənəddə o da vurğulanıb ki, Kuba ərazisində ABŞ-yə "birbaşa təhlükə yaradan" xarici hərbi və kəşfiyyat strukturlarına yer ayırıb.

Donald Tramp, həmçinin "Azadlıq adası"na neft satan və ya başqa şəkildə tədarük edən ölkələrdən olan mallara gömrük rüsumlarının tətbiqi barədə hazırlıq aparılmasına göstəriş verib. Əlavə rüsumlar birbaşa və ya dolayı yolla Kubanı neftlə təmin edən dövlətlərdən idxala tətbiq oluna bilər.

ABŞ "neft silahı"nı Rusiya və İranın ən yaxın tərəfdaşlarından sayılan Hindistana münasibətdə də tətbiq edib. Yanvarın 31-də Donald Tramp Hindistanın İran əvəzinə, Venesuela neftini alacağını bildirib.

Venesuela nefti ABŞ-nin nəzarət altında olduğundan o, Hindistan, Çin və başqalarının Rusiya və İran neftindən imtina etmələrini istəyir. Bunun üçün adıçəkilən Latın Amerikası ölkəsi alternativ olaraq göstərilir.

Maduro əməliyyatından sonra Ştatların nəzarəti altında ixracın bərpasından sonra Venesuela dövlət neft-qaz şirkəti hasilatı artırmağa başlayıb. ABŞ artıq Karakasla yeni razılaşma çərçivəsində Venesuela neftinin satışına start verib. İlk sövdələşmələrdən əldə olunan təxminən 500 milyon dollar gəlir ABŞ administrasiyasının nəzarətində olan bank hesablarına yerləşdirilir. Razılaşmanın ümumi həcmi 2 milyard dollar həcmində qiymətləndirilir.

 

Donald Trampın sözlərinə görə, Hindistanın Baş naziri Narendra Modi Rusiyadan neft idxalını dayandıracağına söz verib. Ağ Ev Nyu-Delhinin bu xidməti qarşılığında Hindistan mallarına tətbiq etdiyi gömrük rüsumunu 25 faizdən 18 faizə endirir. Modi Trampla rüsumların azaldılmasını razılaşdırdığını təsdiqləyib, ancaq Rusiya neftindən bəhs etməyib.

2025-ci ilin avqustunda Ağ Evin rəhbəri Hindistan mallarına 50% məbləğində rüsum tətbiq etmişdi. Onda Tramp bunu Hindistanın Rusiyadan enerji daşıyıcıları idxal etməklə Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə köməklə izah etmişdi.

ABŞ Prezidenti "Truth Social"dakı səhifəsində Hindistan hökumətinin başçısı ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması barədə söhbət etdiklərini vurğulayıb: "O, Rusiya neftini almağı dayandırmağa, Ştatlardan və potensial olaraq Venesueladan daha çox neft almağa razılaşdı. Bu, hər həftə minlərlə insanın ölümü ilə davam edən müharibənin başa çatdırılmasına kömək edəcək".

Donald Tramp onu da vurğulayıb ki, Modi ABŞ-dən 500 milyard dollardan artıq dəyərdə enerji, texnologiya, kənd təsərrüfatı, daş kömür məhsulları alacaqlarına da söz verib.

Deməli, ABŞ və Venesuela Hindistan üçün Rusiya və İranı əvəzləyəcək.

2024-cü ildə Rusiya və Hindistan arasında 70,6 milyard dollarlıq ticarət dövriyyəsi olub. 2025-ci ilin təkcə birinci yarımilində bu, 69,2 milyard dollara çatıb. Bu, Nyu-Delhi üçün rekord göstərici sayılır. Rusiya neft və daş kömür, qarşı tərəf isə texnika və dərman preparatları ixrac edir. Moskva və Nyu-Delhi dövriyyənin həcmini 100 milyard dollara çatdırmağı hədəfləyirlər. Bundan başqa, iki ölkə arasında hesablaşmanın 90 faizi milli, yaxud alternativ valyuta ilə aparılır.

Yayılan məlumatlara əsasən, Hindistan Rusiyaya müharibə ilə bağlı canlı qüvvə də göndərir.

 

Növbədə Çindir. İran və Rusiyadan ən çox neft alan başqa bir ölkə odur. Çinin Rusiya ilə ticarət həcmi 2025-ci ildə beş ildən sonra ilk dəfə azalaraq 2024-cü ilin rekord səviyyəsindən aşağı düşüb. Çinin rəsmi statistikasına əsasən, 2025-ci ildə iki ölkə arasında ticarətinin həcmi 1,63 trilyon yuan (təxminən: 201 milyard avro) təşkil edib. Bu da əvvəlki ilin səviyyəsindən 6,5 faiz azdır. Xüsusilə, Çin ixracı RF-yə 9,9%, Rusiyadan idxal isə 3,4 faiz azalıb.

Qərb sanksiyalarının tətbiqindən sonra Rusiya və Çin arasında mal dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artmışdı.

Rusiya mənbələrinin məlumatına əsasən, utilizasiya yığımının artırılması və avtokredit dəyərinin kəskin bahalaşması səbəbindən ÇXR-dən 2024-cü illə müqayisədə iki dəfə az maşın alınıb. Habelə Qərb texnologiyalarının əvəzinə, Çindən digər avadanlıq tədarükü də 2024-cü illə müqayisədə 11% azalıb.

Rusiyadan ÇXR-ə neft, təbii qaz və daş kömür ixrac edilir. Bundan başqa, mis və mis filizi, ağac, yanacaq, dəniz məhsulları da var. Çin RF-yə çoxçeşidli məhsul ixrac edir - avtomobil, traktor, kompüter, smartfon, sənaye və xüsusi avadanlıqlar, uşaq oyuncaqları, tekstil və s.

Çin Donald Trampın istəyini qəbul etsə, RF Hindistandan sonra ən böyük, ən yaxın ticarət tərəfdaşından məhrum olacaq.

 

Yanvarın 31-də ABŞ Prezidenti "Çin də Venesuela neftini almaq üçün ABŞ ilə sövdələşmə bağlaya bilər" ismarışını verib.

Misal kimi qeyd etdiyimiz Çin və Hindistanın Rusiya ilə ticarət dövriyyəsinə dair göstəricilər rəsmidir. Nəzərə almaq lazımdır ki, onlar həm də "kölgə donanma" vasitəsilə "qara bazar"da "qara qızıl" alveri edirlər. ABŞ-nin neft və məhsullarını daşıyan "kölgə donanma"lara qarşı əməliyyat keçirməsi halında Rusiya və İran iqtisadiyyatına ciddi ziyan dəyə bilər.

"Neft silahı"ndan istifadə beynəlxalq münasibətlərdə sınaqdan çıxmış metoddur. 1973-cü ildə ərəb ölkələri "Qiyamət günü" müharibəsində İsrailə dəstəyə cavab olaraq ABŞ və onun müttəfiqlərinə qarşı "neft silahı" tətbiq etmişdi. Bu, hasilatın məhdudlaşdırılması və tədarüklərin qadağası qlobal enerji böhranına, neft qiymətlərinin iki dəfədən çox artmasına səbəb olmuşdu.

Bundan başqa, "soyuq müharibə" illərində ABŞ bu "silah"dan keçmiş SSRİ-nin iqtisadiyyatını çökdürmək üçün istifadə etmişdi. Bu onda SSRİ-nin ixrac gəlirlərinin sarsılması üçün dünya bazarında neftin qiymətinin aşağı salınmasında müşahidə olunurdu. Bu üsul başqa məhdudlaşdırıcı tədbirlərlə birlikdə Sovet İttifaqının iqtisadiyyatına təzyiq göstərmək alətinə çevrildi. O dövrdə ABŞ məqsədyönlü şəkildə böyük diametrli boruların və müasir neft-qaz avadanlığının SSRİ-yə tədarükünü məhdudlaşdıraraq yeni yataqların mənimsənilməsini və infrastrukturun inkişafını çətinləşdirməyə nail olmuşdu. Bu strategiya SSRİ-nin ərzaq və malların alınması üçün lazım olan valyuta daxilolmalarını birbaşa azaltmışdı.

 

Bu üsulla 1980-ci illərdə dünya bazarında neft qiymətlərinin aşağı düşməsi SSRİ-nin iqtisadiyyatına əhəmiyyətli çətinliklər yaşatdı. Bunun ardınca, 1982-ci ilin mayında ölkədə ərzaq proqramı tətbiq edildi. Bunun 1990-cı ildə başa çatması planlaşdırılmışdı. Ancaq 1989-cu ildən sonra sovetlər çökməyə başladı. Həmin illərdə Sovet qoşunları Əfqanıstandan, başqa ölkələrdən çıxarıldı. Almaniya birləşdi. Beləliklə, "Neft silahı" dünyanın iki nüvə nəhəngindən birini güllə atılmadan tam çökdürdü.

Venesuela əməliyyatının nəticəsini İran və Rusiya üçün ən optimal "neft silahı" saymaq olar. Bu üsul dünyanın yarısına nəzarət etmiş bir imperiyanı, kommunizmi böyük güclər arasında müharibə olmadan süquta uğradıbsa, deməli, səmərəlidir. Odur ki, ABŞ və müttəfiqlərinin oxşar "silah"ı yenidən tətbiq edərək vaxtilə SSRİ üzərində qazanılan uğuru təkrarlayacaqları ehtimalı böyükdür.(Report)

Sədrəddin İsmayılov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam