Paşinyanın icra etdiyi məkrli planın şifrələri açılır: ABŞ və Fransa bölgəyə qoşun yeritmək, KTMT-nı isə dağıtmaq istəyir
Erməni baş nazirin Azərbaycan-Ermənistan sərhədlərində Rusiya sərhədçilərinin və KTMT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı çağırışı ABŞ-Fransa cütlüyünün Kremlə qarşı qurduğu "geopolitik tələ" təsiri bağışlayır; Kreml razılaşsa, Azərbaycan və Türkiyə ilə münasibətləri pozulacaq, ancaq imtina etsə, Rusiya hərbi müttəfiq kimi öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edilə bilər...
Yenixeber.org: Cənubi Qafqaz regionu üzərində məkrli oyunların qurulduğu artıq şübhə doğurmur. Bu məkrli oyunu məhz Ermənistan vasitəsilə reallaşdırmağa çalışırlar. Və oyunu planlaşdıranların hədəfində yalnız Azərbaycan deyil, Rusiya ilə Türkiyə da var.
Onu da qeyd edək ki, Rusiya Cənubi Qafqazda baş verən olaylardan məmnun olmadığını qətiyyən gizlətmir. Kreml hər imkanda Ermənistan və Azərbaycanı üçtərəfli anlaşmaların icrasına çağırır. Yəqin ki, Rusiya bu mövqeyində israrını davam etdirəcək.
Məsələ ondadır ki, Kreml Paşinyan hakimiyyətinin xarici himayədarlarının sifarişi ilə hərəkət etdiyini bilməmiş deyil. Kreml ABŞ və Fransanın Cənubi Qafqaza can atdığını nəzərə alır. Bu iki dövlətin təhlükə altında olan regional maraqlarının qarşısında əsas əngəlin məhz Azərbaycan, Türkiyə və Rusiya olduğunun fərqindədir.
Ona görə də, Paşinyan hakimiyyətinin hərbi təxribatlarına üstüörtülü xəbərdarlıqlarla mesajlar verir. Bir neçə gün öncə ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhəd bölgəsində silahlı insidentlərdən narahatlığını ifadə edən açıqlama yaydı. Həmin açıqlamada ilk dəfə həmsədrlər tərəfləri üçtərəfli anlaşmaların icrasına çağırdılar. Bu çağırışın məhz üçtərəfli anlaşmaların üzərində indeksləşməsinin məhz Kremlin israrı sayəsində baş verdiyi isə qətiyyən şübhə doğurmur.
Rusiya Xarici İşlər Nazırliyi növbəti açıqlamasında yenə də mübahisəli məsələlərin həllində hərbi vasitələrdən imtina edilməsini ön plana çıxarıb: "Bakı və İrəvanı problemləri siyas-diplomatik yolla həll etməyə çağırırıq".
Kreml müraciəti Azərbaycan və Ermənistana ünvanlarsa da, iradın əslində, kimə aid olduğunu anlamaq çətin deyil. Rusiya siyasi dairələri sərhəd bölgələrində hərbi təxribatların Ermənistan tərəfindən törədildiyini bilirlər. Və bu baxımdan, rəsmi İrəvana açıq mətnlə mesaj verildiyi qətiyyən şübhə doğurmur.
Eyni zamanda, Kreml Paşinyan hakimiyyətinin bu hərbi təxribatlar ilə üçtərəfli anlaşmaların icra prosesini pozmaq sifarişini yerinə yetirdiyindən də xəbərdardır. Ancaq bu məkrli oyunların daha uzaqgedən hədəflərinin olduğunu da hesablamamış deyil. Hər halda, Kremldən verilən son açıqlamaların məzmunu belə düşünməyə tamamilə əsas verir.
Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə iki ölkənin sərhəd bölgəsində Rusiya sərhədçilərinin və KTMT müşahidələrinin yaradılması ilə bağlı çağırış edib. Belə anlaşılır ki, rəsmi İrəvan istənilən halda, Rusiyanı və KTMT-nı öz hərbi təxribatlarına bulaşdırmağa can atır. Halbuki erməni baş nazirin bu çağırışının arxasında olduqca hiyləgər məqsədin gizləndiyi də şübhə doğurmur.
Artıq hər kəs tam dəqiqliyi ilə anlayır ki, baş nazir Nikol Paşinyanın bu çağırışı birmənalı şəkildə siyasi hoqqabazlıqdır. Çünki mövcud problemlərin yeganə həlli üçtərəfli anlaşmaların icrasından və yekun sülh müqaviləsinin imzalanmasından keçir. Erməni baş nazir isə bu önəmli və Ermənistan da daxil olmaqla, region ölkələrinə sərfəli bir istiqaməti yaxına belə, buraxmaq istəmir.
Bunun əvəzindəsə, erməni baş nazir israrla Rusiya sərhədçilərini və KTMT müşahidəçilərini Ermənistanın davamlı olaraq, hərbi təxribatlar törətdiyi bölgələrə çağırır. Böyük ehtimalla bu, rəsmi İrəvanın ABŞ və Fransanın dəstəklədiyi gizli planın reallaşdırılmasına hesablanıb. Və həmin gizli planın reallaşdırılması erməni baş nazirin çağırışlarına Rusiyadan və KTMT-dan veriləcək reaksiyaların məzmunundan asılıdır.
Kreml ilk reaksiyasını Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov vasitəsilə verib. Belə ki, o, əvvəlcə Rusiyanın erməni baş nazir tərəfindən gündəmə gətirilən çağırışlara şərh vermədiyini bildirib. Ardıncasa, Azərbaycan-Ermınistan sərhədlərində Rusiya sərhədçilərinin və KTMT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı məsələnin hələlik müzakirə mövzusu olmadığını vurğulayıb.
Kreml təmsilçisinin bu açıqlaması əslində, müəyyən mənada, erməni baş nazirin siyasi hoqqabazlığını ifşa etmək cəhdi təsiri də bağışlayır. Belə ki, Rusiya sərhədçiləri və KTMT müşahidəçilərinin bölgəyə yerləşdirilməsi elə də asan məsələ deyil. Buna ilk növbədə Azərbaycanın da razılığı alınmalıdır. Halbuki rəsmi Bakının belə bir addımın atılmasına müsbət yanaşmayacağını əvvəlcədən anlamaq o qədər də çətin deyil.
Digər tərəfdən, bu məsələdə Türkiyənin də mövqeyi mütləq nəzərə alınmalıdır. Böyük ehtimalla bu addım atılarsa, rəsmi Ankara da etiraz edə bilər. Üstəlik, alternativ addım kimi Türkiyə hərbi bazalarının bölgədə yerləşdirilməsi məsələsinin gündəmə gətirilmə ehtimalı olmamış deyil.
Göründüyü kimi, Kremlin erməni baş nazirə müsbət cavab verəcəyi təqdirdə, bölgədə siyasi gərginliyin yüksəlmə ehtimalı mövcuddur. Eyni zamanda, Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri də zədələnə bilər. Halbuki Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Azərbaycan və Türkiyə ilə münasibətlərin həm qorunmasında, həm də dərinləşdirilməsində xüsusi həssaslıq göstərdiyini vurğulayıb.
Əlbəttə, bu variantın baş tutması, Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin korlanması Ermənistan üçün olduqca sərfəlidir. Ancaq Kremlin Azərbaycan və Türkiyəni narazı sala biləcək addımlara həvəs göstərməyəcəyi şübhə doğurmur. Və bu, erməni baş nazirin siyasi hoqqabazlığında nəticə olaraq, nəzərdə tutulmuş ikinci variantın reallaşmasına yol aça bilər.
Məsələ ondadır ki, ABŞ və Fransa üçün Ermənistanın Rusiyadan tamamilə uzaqlaşması tamamilə məqbul variant sayıla bilər. Əgər, Rusiya erməni baş nazirin çağırışını qulaqardına vurarsa, bu halda, ABŞ və Fransanın rəsmi İrəvanı Rusiyanı və KTMT-nı öz hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirməkdə suçlamağa cəsarətləndirmə ehtimalı da mövcuddur. Və bu, bölgədə qüvvələr nisbətinin dəyişdirilmə cəhdinə yol aça biləcək ehtimaldır.
Məsələ ondadır ki, ABŞ və Fransa erməni baş naziri Kremli öz hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirməkdə ittiham etməyə yönəldəcəyini ehtimal etmək olar. Ardıncasa, Rusiyanı bölgəyə ABŞ və ya Fransanın timsalında xarici hərbi kontingentin gətirilməsi ilə hədələmək də mümkündür. Yəni, ABŞ-la Fransanın rəsmi İrəvanı Rusiya və KTMT-dan uzaqlaşdıraraq, öz hərbi qüvvələrini Ermənistanda yerləşdirmək planı qətiyyən istisna deyil.
Onu da qeyd edək ki, sentyabrdan etibarən Ermənistan KTMT-ya sədrlik edəcək. Bu, Paşinyan hakimiyyətinə Ermənistanın əsasız "kaprizlər"ini "rus NATO"-da ön plana çıxartmaq imkanları verə bilər. ABŞ və Fransa KTMT-nın hərbi-siyasi gündəmini rəsmi İrəvanın məntiqsiz iddiaları ilə yükləyərək, bu qurum daxilində ciddi gərginlik yaratmaq imkanı qazanmış kimi görünür.
Əgər, proseslər bu istiqamətdə inkişaf edərsə, Ermənistanın KTMT-dan kənarlaşdırılması variantı da istisna deyil. Çünki, əks halda, rəsmi İrəvanın avantürist davranışları KTMT-nın fəaliyyətini iflic edib, bu qurumu tamamilə nüfuzdan sala bilər. Nəticədə proseslərin KTMT-nın ümumiyyətlə, dağılmasına qədər inkişaf edə biləcəyi qətiyyən istisna deyil.
Ona görə də, "geopolitik xəyanəti" bağışlamaq vərdişləri olmayan Kremlin erməni baş nazirin avantürist siyasi hoqqabazlığına necə qarşılıq verəcəyi maraq doğurur. Böyük ehtimalla Rusiyanın cavabı regionda atacağı addımlarda özünü büruzə verə bilər. Və bu addımlardan ilk növbədə məhz Ermənistanın ziyan çəkə biləcəyini də nəzərə almaq vacibdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert