Yenixeber.org: Ermənistanda 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra aylarla davam edən siyasi böhran Nikol Paşinyan hökumətinin növbədənkənar seçkilərə getməsi ilə nəticələndi. Doğrudur, bu qərar bir qədər gözlənilməz oldu, çünki 2020-ci ilin dekabrından 2021-ci ilin aprelinə qədər radikal müxalifətin təşkil etdiyi etirazlar cəmiyyətdən dəstək qazana bilməmişdi. Baş Qərərgah rəisi də daxil olmaqla, bir qrup generalın hökumət əleyhinə bəyanatı da nəticəsiz qalmışdı. Mart ayına qədər əksər siyasi qüvvələr, eks-prezidentlər, kilsə Paşinyana qarşı birləşsə də, onu hakimiyyətdən kənarlaşdırmaq mümkün olmadı. Rəy sorğularında əvvəlki rekord rəqəmlərlə müqayisədə baş nazirin reytinqinin azaldığı qeydə alınsa da, o, siyasi rəqiblərindən xeyli öndə öz mövqelərini qoruyurdu. Beləliklə, Nikol Paşinyan böhranın səngidiyi dönəmdə erkən seçki qərarı verdi və iyunun 20-də seçki qutularından çıxan nəticə göstərdi ki, o, böyük riskə getsə də, hesablamaları özünü doğruldub.
Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, “Vətəndaş Müqaviləsi” Partiyası 53,92 faiz səslə rəqiblərini xeyli geridə qoyub. Nikol Paşinyanın əsas rəqibi sayılan, keçmiş prezident Robert Koçaryanın “Hayastan“(Ermənistan) bloku 21,64 faiz səs qazanıb. Üçüncü yerdə Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyanın başçılıq etdiyi və keçmiş prezident Serj Sarkisyanın partiyasının da daxil olduğu “Pativ unem” (“Təzim edirəm”) blokudur. Bu blokun lehinə 5,23 faiz səs verilib və əslində onlar seçki blokları üçün tələb olunan 7 faizlik həddi aşa bilməyiblər. Lakin qanunvericiliyə əsasən parlamentdə azı 3 siyasi qüvvə təmsil olunmalıdır və müxalifət yerlərin azı üçdə birini tutmalıdır. İş adamı Qaqik Tsarukyanın “Firavan Ermənistan” Partiyası 3,96 faiz səs topladığı üçün bu dəfə parlamentdən kənarda qalıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi cəmi 1,54 faiz səs alıb.
Beləliklə, növbədənkənar seçki nəticəsində Ermənistanın yeni Milli Məclisində “Vətəndaş Müqaviləsi” Partiyası, “Hayastan” bloku və Artur Vanetsyanın başçılıq etdiyi blok təmsil olunacaq.
Paşinyan “Facebook” hesabında yazıb ki, rəhbərlik etdiyi siyasi qüvvə təkbaşına hökumət quracaq. Koçaryan isə hələlik seçkilərin nəticələrini tanımadığını elan edib. O, Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini, pozuntuları hərətərfli analiz etdikdən sonra iyunun 22-də media qarşısına çıxacağını bildirib.
Rusiya hökuməti nəticələri qəbul etdiyini açıqlayıb. Putinin sözcüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, seçkidə Nikol Paşinyanın partiyası əsaslı qələbə qazanıb. “Yerevandan gələn xəbərləri çox diqqətlə izləyirik, seçkinin baş tutması haqda Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatını alqışlayırıq. Əlbəttə, Paşinyanın partiyasının əsaslı qələbə çaldığını görürük”, – deyə o, jurnalistlərə söhbətində vurğulayıb. Mətbuat katibi Ermənistan xalqını seçki münasibətilə təbrik edib, Ermənistanı yaxın müttəfiq və tərəfdaş adlandırıb.
AŞPA nümayəndə heyətinin rəhbəri George Katrougalos bildirib ki, Ermənistandakı seçkini rəqabətli, amma qütbləşmiş mübarizə kimi dəyərləndirirlər: “Ermənistandakı erkən seçki rəqabətli və yaxşı, amma aqressivləşmiş ritorika ucbatından qütbləşmiş və qeyri-mükəmməl keçib. Dərin qütbləşmə yaxşı təşkil edilmiş seçkilərə xələl gətirməyib”.
Azərbaycanın seçkilərlə bağlı mövqeyini xarici işlər naziri Ceyhun Bayramov açıqlayıb. O bəyan edib ki, rəsmi Bakı Ermənistandan ölkədəki mürəkkəb siyasi böhrandan düzgün nəticə çıxarmağını gözləyir: “Yenidən hökumətin formalaşması gözlənir. Hesab edirik ki, bu proseslərin nəticəsində Ermənistanın siyasi rəhbərliyi həmin böhranın real nəticələrini düzgün anlayacaq və təhlil edərək düzgün nəticələr çıxaracaq”.
1. Bayramov deyib ki, Ermənistanda bu böhranı ölkənin məğlubiyyəti ilə bitən İkinci Qarabağ müharibəsi ilə əlaqələndirirlər, “amma bu böhranın səbəbi daha dərindir”.
Müharibədə ağır məğlubiyyətə, Rusiyanın təzyiqlərinə və daxili qüvvələrin təşkil etdiyi etirazlara rəğmən, Paşinyanın seçkilərdə qalib gəlməsi təkcə bölgədə deyil, dünyada maraqla qarşılanıb. Bu qələbəni bir neçə səbəblə izah etmək mümkündür.
Əvvəla, Paşinyanın 2,5 illik hakimiyyəti zamanı cəmiyyətə təqdim etdiyi nisbi demokratik və şəffaf idarəetmə müstəqillik dövründən bəri ilk dəfə xalqın qazanıb. Məlumdur ki, Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanda avtoritar rejim mövcud olub. 1999-cu ildə hakimiyyətə gələn Qarabağ klanı korrupsiyanı, yerlibazlığı çiçəkləndirib, seçkiləri saxtalaşdırıb, medianı boğub, ölkənin sərvətlərini ələ keçirib. Nəticədə Ermənistanda həyat səviyyəsi kəskin aşağı düşüb, miqrasiya fəlakətli həddə çatıb. Paşinyan isə ənənəvi idarəçilikdən imtina edib, klan liderlərini cəzalandırmağa çalışıb, korrupsiya ilə mübarizə aparıb. Erməni cəmiyyəti ilk növbədə əldə etdiyi bu üstünlüklərdən imtina etmədi.
İkincisi, müharibənin ağır nəticələri və Paşinyanın böhrandan çıxış üçün təqdim etdiyi resept geniş kütlələr arasında dəstək tapdı. Baş nazir müharibə ritorikasından imtina edir, nəqliyyat və kommunikasiyaları açmağa, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələr qurmağa səsləyir. Regionda dalan vəziyyətində olan Ermənistanın başqa seçimi olmadığı məlumdur və Paşinyanın rəqibləri bunun alternativini təqdim edə bilmədilər.
Üçüncüsü, Rusiya faktorunun Paşinyanın əleyhinə olması da cəmiyyətin qərbyönlü hissəsini onun ətrafında cəmləşdirdi. Çünki erməni xalqı Rusiyanın etibarlı müttəfiq olduğuna şübhə edir.
Əlbəttə, 20 iyunda ortaya çıxan nəticələrə təsir edən başqa faktorlar da var. Bu mövzunu diqqətdə saxlamağa davam edəcəyik.
İndi əsas sual ondan ibarətdir ki, xalqdan təkrar etimad almış Paşinyan hökuməti böhranı sabitləşdirib, seçkiqabağı elan etdiyi proqramı reallaşdırmaq, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün addımlar ata biləcəkmi? Buna siyasi iradəsi çatacaqmı?(pressklub)
Turqut