“Azərbaycan Paşinyanın mövqelərini möhkəmləndirə bilər – diversantları qaytarmaqla”
Ermənistanda siyasi müharibə davam edir, qarşıdakı 3 ayda proseslər pik nöqtəyə çatacaq
Yenixeber.org: Ermənistanda yaranan siyasi böhrandan çıxmaq üçün bu il iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı verilib. Ölkənin Baş naziri Nikol Paşinyan “Facebook” hesabında yazıb ki, iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub.
“Müxalifət lideri Qaqik Tsarukyanla görüşdüm. Ölkəni hazırkı siyasi böhrandan çıxarmağın ən yaxşı yolunun erkən seçkilərə getmək olduğu qənaətinə gəldik. Prezidentlə, “Mənim addımım” Partiyasının səlahiyyətliləri və “Çiçəklənən Ermənistan” Partiyasının liderləri ilə müzakirələrimdən sonra yekun qərar verdik ki, erkən parlament seçkisi bu il iyunun 20-də keçirilsin”, - deyə Paşinyan vurğulayıb.
Erməni mediasının məlumatına görə, Paşinyan, həmçinin müxalif “Maariflənmiş Ermənistan” Partiyasının rəhbərliyi ilə də görüşüb və onlarla da seçkilərin keçirilməsi məsələsində razılıq əldə edib. Növbədənkənar seçkilərin ölkəni böhrandan çıxarmasına inam az olsa da, hər halda Paşinyanın müxalifətin bir qismindən təminat aldığı bildirilir. Erməni analitiklər bildirirlər ki, Paşinyan hazırkı mərhələdə siyasi üstünlük qazanmış kimi görünür.
Məlumata görə, Ermənistanın tanınmış politoloqu Armen Badalyan növbədənkənar parlament seçkilərini şərh edərkən bildirib ki, Paşinyan “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyalarının liderlərindən Baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəklərinə dair zəmanət aldıqdan sonar erkən seçkilər elan edib: “Paşinyan erkən seçki qərarını sabiq Prezident Serj Sarkisyanın çağırışı ilə etməyib. Görünür, Baş nazir “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan”dan zəmanət aldı. Bu müddət ərzində pərdə arxasında danışıqlar aparıldı, nəticədə erkən seçkilər elan edildi və bu qərar İrəvanın Baqramyan prospektində baş verən proseslərlə əlaqəli deyil. “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan”ın gözləntiləri erkən seçkilərin keçirilməsində idi, lakin siyasi qüvvələrin konfiqurasiyası hələ aydın deyil. Məsələ seçkilərdə kimlərin iştirak edəcəyi və hansı Seçki Məcəlləsinə uyğun olaraq keçiriləcəyindədir”.
Badalyanın fikrincə, siyasi sahənin əsas oyunçuları erkən seçkilərə gedir: “Bu, “Vətənin Qurtuluşu” Hərəkatının nə etməsindən və etməməsindən asılı olmayaraq seçkilərin keçiriləcəyi deməkdir. Müxalifət hərəkatı öz gündəmini irəli sürə və proqramları həyata keçirə bilməyəcəyini göstərdi, buna görə də çoxdan ləğv edilmiş bir quruluşa çevrildi. Çünki oradakı siyasi qüvvələrin ortaq bir məqsədi yoxdur, artıq öz gələcəkləri haqqında düşünürlər”.
““Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” artıq erkən seçkilərdə iştirak etmək qərarına gəliblərsə, potensialı və imkanları ilə “Vətənin Qurtuluşu” Hərəkatı heç bir şəkildə 20 iyun seçkilərinə müdaxilə edə bilməz. Nəticə etibarilə mövcud vəziyyətlə barışmalı və hər bir siyasi gücün, siyasi strateqin özünə çalışacağı seçkilərdə iştirak etməlidirlər”, - Badalyan əlavə edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Ermənistanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı fərqli fikirdədir. O, deyir ki, Paşinyan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra yaranan dərin siyasi böhrana dözdü, idarə etməyə çalışdı, radikal müxalifət, kilsə, Baş Qərargahın sədrinin tələbləri qarşısında istefa vermədi: “Ancaq erkən parlament seçkisi də Ermənistanı hazırkı böhrandan xilas etməyəcək. Birincisi, küçələrə tökülüşən radikal müxalifət seçkinin nəticəsini tanımayacaq. Çünki küçələrdəki müxalifət seçkidə səs qazanmayacağını bəribaşdan bilir. Digər tərəfdən, iyunun 20-ə qədər başda Paşinyan olmaqla seçkiyə qatılacaq siyasi partiyalar təbliğat kampaniyasına başlayacaq. Aydındır ki, kampaniyanın əsas mübarizəsi Qarabağ mövzusu ətrafında olacaq və bu amil Ermənistanı bir neçə ay yenə gərgin vəziyyətdə saxlayacaq”.
“Buna baxmayaraq, Paşinyan seçkiyə qədər sağ qalsa – çünki ermənilər terroru yaxşı bacarırlar – o, yenidən ermənilərin səslərini qazanacağına ümidlidir. Onun qələbəsi partiyasına təkbaşına hökumət formalaşdırmağa imkan verməsə də, Paşinyan seçkinin nəticəsinə görə söz sahibi olan siyasətçilərdən biri olaraq qalacaq. “Qarabağ klanı” və onun liderləri - Robert Köçəryan və Serj Sarkisyan, böyük ehtimalla, yenə müxalifətdə qalacaqlar”, - Şahinoğlu bildirib.
Mərkəz rəhbərinin sözlərinə görə, Ermənistanda seçkinin nəticəsinə əsasən, koalisiya hökuməti formalaşarsa, yeni Baş nazir üçün qərarlar vermək çətin olacaq: “Ancaq Baş nazir kim olursa olsun, həmin şəxs Moskvanın vasitəçiliyi ilə qəbul edilən 10 noyabr Üçtərəfli Bəyanatı və 11 yanvar razılaşmalarını yerinə yetirmək məcburiyyətindədir. Paşinyanın yenidən Baş nazir kimi fəaliyyətini davam etdirməsi Azərbaycanın maraqlarına cavab verirsə, yaxın aylarda həbsxanalarımızda saxlanılan bir qrup erməni diversantının Ermənistana təhvil verilməsi mümkündür. Bu, Paşinyanın seçkiöncəsi erməni cəmiyyətində nüfuzunu bir az gücləndirə bilər”.(ayna)