Ermənistanda “seçki terroru” ssenarisi işə salına bilər: Paşinyana sui-qəsd ehtimalı ciddiləşir
Ermənistan qaranlıq keçmişə dönüş və ya yeni inkişaf mərhələsinə keçid arasındakı təhlükəli dövrdə ilişib, qalıb; Seçkidə qələbə şansları ümidverici olmayan revanşistlərin Ermənistan baş nazirinə qarşı terror planları hazırlaya biləcəkləri qətiyyən istisna deyil...
Yenixeber.org: Ermənistanda suyasi böhran kulminasiya nöqtəsinə yaxınlaşmağa başlayıb. Siyasi qarşıdurmadan mümkün çıxış yollarının axtarışı davam etsə də, anlaşma ehtimalı artmış kimi görünür. Və yaxın günlərdə konkret siyasi nizamlanma variantının ortaya çıxa biləcəyi göslənilir.
Ötən ilin 10 noyabrından sonra Ermənistanda olduqca kataklizmli bir dönəm yaşandı. Artıq 5-ci aya keçən siyasi böhhran Ermənistanı vətəndaş müharibəsi təhlükəsinə belə, yaxınlaşdırmışdı. Müxalifət vaxtaşırı kütləvi etiraz aksiyaları keçirtməklə Paşinyan hakimiyyətini daim siyasi gərginlik altında saxlamağa nail oldu.
Bu müddətdə baş nazir Nikol Paşinyana qarşı bir çox təzyiq metodları sınaqdan keçirildi. Onu 44 günlük savaşda məğlubiyyət səbəbilə Ermənistana xəyanətdə suçlayan revanşist müxalif siyasi düşərgə hətta baş nazirə qarşı zorakılıq addımları belə atdı. Erməni baş nazirin keçdiyi yolları bağlamağa və ona fiziki xəsarət yetirməyə də çalışdılar.
Ancaq baş nazir N.Paşinyan bu qədər güclü təzyiqlərə tab gətirə bilməsi ilə müşahidəçiləri təəccübləndirə bildi. Üstəlik, revanşist siyasi rəqiblərinin bütün təxribatlarını dəf edərək, onlara öz gücünü də nümayiş etdirdi. Tərəfdarlarına çağırış etdi və müxalifətin aksiyalarında olduğundan daha çox nümayişçi ilə yürüş keçirdi.
Erməni diasporunun baş nazir N.Paşinyanın devrilməsinə ayırdığı 30 milyan dollarlıq büdcə də işə yaramadı. Ermənistanda bir neçə dəfə dövlət çevrilişi etmək üçün bəs edə biləcək həmin məbləğ revanşist müxalifətin liderləri tərəfindən mənimsənildi. Və öz siyasi rəqiblərinin günahı ucbatəndan Paşinyan hakimiyyəti çevriliş təhlükəsindən də yayına bildi.
Erməni generaliteti baş nazir N.Paşinyanın istefası tələbiylə revanşist müxalifətə dəstək verdi. Ancaq ABŞ və Qərbin dövlət çevrilişi cəhdinin yolverilməz olması barədə sərt reaksiyasından sonra erməni generaliteti geri çəkilməli oldu. Paytaxt İrəvanın küçə və meydanlarına tankların çıxarılmasına cəsarət etmədi.
Nəticədə, baş nazir N.Paşinyanın bütün siyasi rəqibləri onu istefa verməyə məcbur etməyin mümkün olmadığı ilə barışdı. İndi revanşist siyasi müxalifət həvəssiz də olsa, son varianta ümid bəsləmək məcburiyyətində qalıb. Yəni, Ermənistanda Paşinyan hakimiyyətinin gələcək taleyinin siyasi yolla həll olunmasından başqa çıxış yolu qalmayıb.
Ancaq bu yol Paşinyan hakimiyyətinin siyasi rəqibləri üçün o qədər də sərfəli deyil. Əksinə, kifayət qədər ciddi risklərə açıqdır. Hər halda, baş nazir N.Paşinyan siyasi böhranın yaradıldığı ilk günlərdən reavnşist qüvvələrə ölkədə növbədənkənar seçkilərin keçirilməsinə hazır olduğunu bildirmişdi. Revanşistlərsə, bu variantı yaxına belə, buraxmaq istəmirdilər. Onlar erməni baş naziri xəyanətdə suçlayaraq, istefa verməsini və kənara çəkilməsini tələb edirdilər.
Yəni, növbədənkənar parlament seçkilərinin məhz N.Paşinyanın iştirakı olmadan keçirilməsinə nail olmağa çalışırdılar. Çünki növbədənkənar seçkilərdə baş nazir N.Paşinyanın iştirak edəcəyi təqdirdə, ona qalib gələ biləcəklərinə o qədər də əmin deyillər.
Hər halda, xarici sorğu şirkətlərinin keçirdiyi rəy sorğularında baş nazir N.Paşinyanın reytinqi siyasi rəqiblərini qabaqlayır. Ermənistan əhalisi vaxtilə hakimiyyətdə olan Qarabağ klanına bağlı müxalifət düşərgəsinə rəğbət bəsləmir. Bunu revanşist siyasi qüvvələr də anlamamış deyillər.
Ancaq indi anlaşılır ki, artıq N.Paşinyanın iştirakı olmadan seçki variantının baş tutma ehtimalı demək olar ki, aradan qaldırılıb. Revanşist müxalifət istənilən halda, baş nazir N.Paşinyanla seçki rəqbətinə girməli olacaq. Və bu, Paşinyan hakimiyyəti üçün mövcud siyasi böhrandan çıxmaq üçün ən uyğun variant hesab olunur.
Bununla belə, siyasi rəqibləri baş nazir N.Paşinyanın istefa verməsi ilə yanaşı, parlamentin də özünü buraxmasında israrlı mövqe tuturlar. Çünki yalnız bu halda, bütün inzibati resursları və seçki prosesinə nəzarəti Paşinyan hakimiyyətinin əlindən almaq mümkündür. Və ona görə də ən yaxın günlərdə Paşinyan hakimiyyətindən bu barədə qərar verməsini tələb edirlər.
Təbii ki, bu siyasi oyunda hakimiyyətin itirilməsi ilə nəticələnə biləcək bu variant baş nazir N.Paşinyanı qətiyyən qane etmir. Ona görə də, baş nazir N.Paşinyan öz siyasi rəqiblərinə alternativ variant təklif edib. O, özünün istefa verməyə hazır olduğunu bəyan edir və bununla da növbədənkənar seçkilərin yolunu açmış olur.
Ancaq parlamentin buraxılmayacağını da birmənalı şəkildə vurğulamağı unutmayıb. Bu halda, N.Paşinyan seçkilərin keçirildiyi günə qədər baş nazir səlahiyyətlərini müvəqqəti olaraq, icra etmək hüququ qazanacaq. Deməli, dövlətin inzibati resursları və seçki prosesinə siyasi nəzarət də onun əlində cəmləşmiş olacaq.
Göründüyü kimi, baş nazir N.Paşinyan yenidən siyasi manevrlərlə öz reavnşist rəqiblərini çıxılmaz vəziyyətə salıb. İndi müxalif düşərgənin seçkidə qələbə şansları o qədər də yüksək qiymətləndirilmir. Baş nazir N.Paşinyan isə növbədənkınar seçkilərdə qələbə qazanarsa, öz hakimiyyət müddətini uzatmaq şansına malikdir.
Təbii ki, belə vəziyyət revanşist siyasi qüvvələr üçün qətiyyən sərfəli deyil. Bir tərəfdən seçki məğlubiyyəti onları ümumiyyətlə, siyasi səhnədən silə bilər. Digər tərəfdənsə, hakimiyyətini yenidən möhkəmləndirəcəyi təqdirdə, baş nazir N.Paşinyanın öz siyasi rəqiblərinə qarşı yarımçıq qalmış “qisas əməliyyatı”nı bərpa edəcəyi də şübhə doğurmur.
Məsələ ondadır ki, keçmiş prtezidentlər Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işləri mövcuddur. Eyni zamanda, baş nazir postuna iddia edən Vazgen Manukyan və keçmiş baş qərargah rəisi Onik Qasparyana qarşı da istintaq prosesi başladılıb.
Üstəlik, hakimiyyətdə qalacağı təqdirdə, baş nazir N.Paşinyan savaşda məğlubiyyətə şərik çıxartmağa çalışdığı özündən əvvəlki iqtidar təmsilçiləri ilə bağlı korrupsiya faktları üzrə araşdırmaya start verə bilər. Bu araşdırmalara ordu ilə bağlı önəmli korrupsiya faktları da əlavə edilərsə, Ermənistanda qalmaqallı həbslərin ola biləcəyi qətiyyən istisna deyil.
Ona görə də 20 iyunda keçirilməsi planlaşdırılıan seçki Ermənistan üçün taleyüklü xarakter daşıyır. Bu seçki Ermənistan üçün keçmişlə gələcək arasında körpü rolunu oynaya bilər.
Əgər, revanşistlər qalib gələrlərsə, Ermənistan yenidən keçmişə - ötən əsrin 90-cı illərinə doğru istiqamət alacaq. Paşinyan hakimiyyətinin bu sınaqdan uğurla çıxacağı təqdirdədsə, ermənilər yeni inkişaf dövrünə keçmək şansı qazana bilərlər.
Ancaq bu seçkinin sakit şəraitdə keçəcəyi də qətiyyən inandırıcı görünmür. Revanşistlər baş nazir N.Paşinyan hakimiyyətini qorumaq şərtilə iştirak edəcəyi şəraitdə keçiriləcək seçkidə qələbə şanslarının ümidverici olmadığını anlamamış deyillər. Ona görə də, baş nazir N.Paşinyanın seçki prosesindən kənarlaşdırılması ilə bağlı ən sonuncu ssenarinin işə salınma ehtimalı tamamilə inandırıcı görünür.
Bəzi ehtimallara görə, baş nazir N.Paşinyan özünün mühafizəsi barədə indi daha ciddi şəkildə düşünməlidir. Hər halda, hazırda ona qarşı sui-qəsd planlarının işə salına biləcəyi indi daha inandırıcı təsir bağışlayır.
Ermənistanda artıq bir dəfə dövlət başçılarına qarşı terror aksiyası ilə hakimiyyət dəyişdirilib. Bu sahədə artıq ciddi təcrübəyə malik Ermənistanda seçki terroru ilə bağlı eyni taleyi baş nazir N.Paşinyanın da yaşaya biləcəyi qətiyyən istisna olunmur.
Elçin XALİDBƏYLİ:
Siyasi ekspert