Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şuşa Bəyannaməsi:Azərbaycan-Türkiyə müttəfiqliyi

Turquie News, Fransa
21.06.2021


Müəllif: Zeynab Kazımova (“Le Carrefour” qəzetinin təsisçisi)
Bu günlər Azərbaycan tarixi hadisələrə şahidlik etməkdədir. İyunun 15-də Qarabağda, Azərbaycanın qədim şəhəri Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.

Yenixeber.org: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin əbədi olduğunun bütün dünyaya nümayiş etdirilməsidir. Dövlət başçıları bu tarixi sənədi iki ölkə arasındakı əlaqələrdə yeni mərhələ üçün yol xəritəsi kimi dəyərləndiriblər. Bəyannamədə ümummilli maraqlar baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində koordinasiya edilmiş fəaliyyətin təşviqinə xüsusi diqqət yetirilir. Sənəddəki maddələrdən ən əhəmiyyətlisi isə tərəflərdən hər hansının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə müdafiə tədbirlərinin görülməsi ilə bağlıdır.

Əslində, Azərbaycanla Türkiyə strateji tərəfdaşlıq münasibətlərinə dair dövlətlərarası sənədlər, həmçinin hərbi sahədə yaxın tərəfdaşlıq və müttəfiqlik prinsiplərini əks etdirən müqavilələri çoxdan imzalayıblar. İyunun 15-də isə Şuşada Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması mərasimi keçirilib. Sənədə iki ölkə prezidentləri imza atıb. Beləliklə, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hərbi-siyasi müttəfiqliyini rəsmiləşdirib.

Bakı ilə Anakaranın dünyaya ünvanladıqları əsas mesajlardan biri 44 günlük müharibədən sonra regionda yaranmış əməkdaşlıq imkanlarından faydalanmağa çağırışdır. İndi bu iki ölkə Cənubi Qafqazı sülh bölgəsinə çevirmək üçün əllərindən gələni edir.
“Bu gün imzalanmış Birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı özü-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”, - deyə prezident İlham Əliyev bildirib.

Ərdoğan isə öz növbəsində, bölgədə nüfuzu olan hər kəsi Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa çağırıb.
Azərbaycanla Türkiyə regionun bütün dövlətlərini bu əməkdaşlıqda görmək istəyir. Bütün bunların fonunda Türkiyə işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə kömək etmək niyyətini də bir daha ifadə edib.
“Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik”, - deyə Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatında bildirib: “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək”.

Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının əhəmiyyətinə toxunan Türkiyə prezidenti deyib: “Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
Türkiyə prezidentinin Qarabağa, Şuşaya səfəri zamanı “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib. Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.

Tədbir zamanı Ərdoğana ən qədim at cinslərindən olan, “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib. “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

İmzalanma mərasimində mühüm bir məqam da diqqət çəkib. Bəyannamə işğal dövründə ermənilər tərəfindən dağıdılmış binanın fonunda imzalanıb. O, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın evi olub.

Bu, erməni təcavüzünün nümunələrindən biridir. 30 il ərzində ermənilər şəhərləri, kəndləri dağıdıb, Azərbaycan irsini silməyə çalışıblar.
Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanması təkcə Azərbaycan-Türkiyə əlaqələri baxımından deyil, eyni zamanda, bölgənin və türk dünyasının gələcəyi üçün önəmli hadisədir.

Ümumiyyətlə, Bakı ilə Ankara arasında ikitərəfli əlaqələrə dair imzalanmış müxtəlif sənədlər mövcuddur. Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu il 16 avqust tarixli Müqavilə bu sahədə ən önəmli sənəd hesab oluna bilər. 2010-cu il sentyabrın 15-də yaradılmış Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası isə bu istiqamətdə ən mühüm təsisatdır. Başqa sözlə, yeni sənəd bu prosesin davamıdır.

Son Bəyannamənin Şuşada imzalanmasının isə xüsusi mənası var. Bu, təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də müharibədən sonrakı vəziyyətin müəyyən məqamlarını və türk dünyasının inteqrasiyasını tənzimləmək baxımından geniş əhatəli sənəddir. Türkiyənin Şuşada Baş konsulluq açmaq qərarı isə onun bölgədə mövqeyini möhkəmləndirməsi kimi qiymətləndirilməlidir. Bu, eyni zamanda, Azərbaycanın güclənməsi deməkdir. Çünki, dövlət başçılarının da bəyan etdikləri kimi, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam