Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi - regionun sabitliyi və inkişafı -ŞƏRH
Yenixeber.org: Müttəfiq respublikalarda hələ keçmiş SSRİ-nin son illərində bir sıra problemlər yarandı. Bunların bir çoxu kənardan idarə edildiyindən və heç bir əsası olmadığından süni idi. Onlardan biri də Azərbaycanla Ermənistan arasında yaradılan, yaranan münaqişə idi. Ermənilər Cənubi Qafqaza köçürülmə olduqlarından onların yaratdığı və adlarından yaradılan problem, münaqişə də əsassız idi.
Ermənilər və Ermənistan 20-ci əsrin əvvəlində olduğu kimi, son illərində də Qarabağ iddiasını irəli sürdü. Keçmiş SSRİ rəhbərliyi o zaman bu problemi asanlıqla həll etməyə qadir olduqları halda, məsələnin böyüməsinə bilərəkdən şərait yaratdılar. Kremlin o vaxtkı başçısı Mixail Qorbaçovun ermənilərə olan sevgisi Azərbaycan SSR-in ərazi bütövlüyünün pozulması ilə nəticələndi. O vaxtkı Moskvanın və havadarlarının dəstəyi Azərbaycan vətəndaşlarının öz yurdlarından qaçqın düşməsinə səbəb oldu. Bir milyondan çox azərbaycanlı 30 ilə yaxın qaçqın vəziyyətində yaşadı.
Əslində, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyasına mane olub. Başqa sözlə, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək öz ərazisini genişləndirməyə və Qarabağda yeni bir erməni dövləti yaratmağa səy göstərdi. Odur ki, Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb. Ancaq 44 günlük İkinci Qarabağ müharibəsi onların bu arzusunu gözündə qoydu. Azərbaycan Ordusunun torpaqları işğaldan təmizləməsi sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını zəruri edib.
Ümumiyyətlə, SSRİ dağılandan sonra onun yerində müstəqilliyini elan edən bütün respublikalar ərazilərini sovetlərdən qalma xəritə əsasında müəyyən ediblər. Hətta Rusiya Federasiyası da öz ərazisini həmin xəritəyə uyğun formalaşdırıb, qonşularla sərhədini SSRİ-nin xəritəsi əsasında müəyyənləşdirib. Baltikyanı respublikalar, Latviya, Estoniya və Litvanın əraziləri, Kalininqradın Rusiyanın vilayəti olaraq qalması da həmin xəritə əsasında bölünüb. Başqa sözlə, həmin xəritə beynəlxalq hüquqi aktdır. Əks halda tamam başqa mənzərə yaranardı. Sonradan adlarına müttəfiq respublika yaradılan bir sıra etnosların heç vaxt yerləşdikləri regionda dövləti olmayıb. Onlardan biri də erməni etnik qrupudur. Odur ki, keçmiş sovetlərdən əvvəlki dövr əsas götürülsə idi, o zaman Ermənistan Azərbaycanın tərkibində bir region olardı. Ancaq keçmiş müttəfiq respublikalar SSRİ xəritəsi əsasında dövlət sərhədlərinin müəyyənləşməsini məqbul sayıblar. Bu həm də yeni münaqişələrin yaranmasından yayınmağa yardım edərdi. Düzdür, keçmiş müttəfiq respublikaların bir-birinə ərazi iddiaları qalır. Ancaq bunun yeni regional münaqişəyə çevrilməməsi üçün problemlərin danışıqlar, diplomatik yolla həllinə üstünlük verilir.
Yeri gəlmişkən, sərhədlərin müəyyənləşməsi adətən iki mərhələdən keçir: demarkasiya və delimitasiya. Demarkasiya xətti nədir? “Demarcation” fransızca “ayırma” deməkdir. Bir-biri ilə döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanı sülh müqaviləsi, yaxud hər hansı saziş əsasında daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt, zolaq müəyyənləşir. Sərhədlərin delimitasiyası latınca “delimitatio” - "qeyd" deməkdir. Qonşu ölkələr arasında dövlət sərhədi ümumi mövqe və istiqamət, danışıqlar yolu ilə müəyyənləşdirillir. Delimitasiya dövlət sərhədlərinin yaradılması və ya dəyişdirilməsinə dair sülh müqavilələrinin və ya xüsusi razılaşmaların ayrılmaz hissəsidir. Delimitasiya zamanı razılığa gələn tərəflər bir qayda olaraq bir xəritə üzərində, yerdə iş aparılmadan - sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar. Delimitasiya prosesi çərçivəsində tərəflər xəritə üzrə sərhəd xəttini müəyyən edirlər. Delimitasiyanın materialları sərhədin müəyyənləşdirilməsinin digər mərhələsi - demarkasiyası üçün əsas olur.
Azərbaycan Ordusu işğalçı Ermənistanın qoşununu öz ərazisindən çıxarıb. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın o vaxtkı baş naziri Nikol Paşinyan atəşkəslə bağlı üçtərəfli bəyanat imzalayıblar. Bu həm də Ermənistanla Azərbaycan arasında Qarabağda müharibənin başa çatması demək idi. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilər. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi, yaxud dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər.
Bu arada Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası demək olar başa çatıb. 2020-ci ilin fevralında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı heç bir problemin olmadığını bildirmişdi. Onun sözlərinə görə, demarkasiya komissiyası işini davam etdirir: "Bir müddət əvvəl Moskvada iclas keçirib protokolları imzaladıq. Yeni iş cədvəlimizi müəyyən etdik. Hazırda delimitasiya olunmuş sərhədlərdə sərhəd nişanlarının qoyulması ilə bağlı işlər davam etdirilir". Onda nazir müavini bildirmişdi ki, təxminən 100 kilometrdən çox yer artıq sərhəd nişanları ilə təchiz olunub: “Qalan hissələr də mərhələli şəkildə davam etdiriləcək”.
Beləliklə, 30 ilə yaxın bir müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması bu ölkədə bəzi qüvvələrdə məsələ ilə bağlı yanlış təsəvvür yaradıb. Ermənistanda həmin qüvvələr və ermənilərin saxta istəklərinin havadarları elə zənn edirlər ki, işğal altında saxladıqları Azərbaycan torpaqları Ermənistan ərazisidir. Azərbaycan SSRİ dövrünün xəritəsi əsasında öz ərazisni bərpa edəndə isə erməni hay-küyü və onun yalanı, təbliğ edən KİV-i, diplomatik missiyası, diaspor və lobbisi fəaliyyətə başlayır. Bu zaman onlar uydurma erməni ərazisi və torpaqlarından danışmağa başlayırlar. Ona görə də Ermənistan işğal dövründə sərhəd anlayışını qoşunların təmas xətti üzrə təsəvvür edib və hazırkı dövrdə yaranmış yeni reallıqdan çıxış etmək üçün hazır olmaya bilər. Ancaq hazırkı reallıq əsasında beynəlxalq hüquq amili dayanır və bütün məsələlər bu çərçivədə həllini tapmalıdır. Bu işdə BMT, ATƏT və digər beynəlxalq təşkilatlar, ayrı-ayrı maraqlı ölkələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasına öz dəstəklərini verməlidirlər. “Report”un məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər arasında əldə edilən ilkin razılaşmaya əsasən Rusiya sərhədlərin demarkasiya və delimitasiyasına başlamasına səy göstərmək üçün təklif irəli sürüb: “Bu məqsədlə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişik. Eyni zamanda Rusiyanın prosesdə məsləhətçi və vasitəçi kimi iştirakını təklif etmişik”.
Nəhayət, bölgənin bərpası, burada həyatın öz axarına qayıtması, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, təhlükəsizliyin təmin edilməsi ümumilikdə Ermənistanla Azərbaycan arasında münasibətlərin yaranmasından asılıdır. Bu həm də iki dövlət arasında sərhədlərin müəyyənləşməsindən keçir. Bu baxımdan beynəlxalq ictimaiyyətin, regionda marağı olan güclərin fəaliyyətinin əsas istiqaməti Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs rejiminin inkişaf etməsi və bu iki dövlətin əlaqələrinin qurulması, sülh sazişinin imzalanması olmalıdır.(report)