Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan və Gürcüstanın maraqları toqquşur: Rəsmi Tiflis öz gəlirlərini ermənilərə "oğurlatmaq" istəmir

 

Rəsmi Tiflisin regional siyasətində ciddi ziddiyyətlərin olduğu nəzərə çarpır; Ermənistanın Azərbaycana və Türkiyə ilə münasibətlərinin normallaşması Gürcüstana o qədər də sərfəli deyil...

Yenixeber.org: Son vaxtlar Cənubi Qafqaz regionu ətrafında geopolitik proseslərin intensivləşdiyi müşahidə edilir. Hər halda, region ölkələri nisbətən daha fəal geopolitik manevrlərə üstünlük verirlər. Və nəticədə region dövlətlərinin bölgənin gələcəyi ilə bağlı maraqları tədricən aydınlaşmağa başlayıb.

Onu da qeyd edək ki, Cənubi Qafqazın önəmli ölkələrindən olan Gürcüstanın bəzi davranışları xüsusi maraq doğurur. Rəsmi Tiflis əsasən Qərbə inteqrasiya yoluna yaxın dövlətdir. Rusiya ilə kəskin siyasi və ərazi bütövlüyü problemi yaşayır. Və Rusiyanın olduğu bütün geopolitik proseslərdən uzaq durmağa üstünlük verir.

Məhz bu səbəbdən də rəsmi Tiflisin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 6 dövlətin (Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan) əməkdaşlıq modelinə soyuq yanaşması qətiyyən təəccüb doğurmur. Rəsmi Tiflis bu modeldə iştiraka müsbət yanaşmamasının əsas səbəbini Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə təcavüz etməsilə arqumentləşdirir. Və heç şübhəsiz ki, olduqca tutarlı, haqlı arqumentdir.

Ancaq rəsmi Tiflisin "6-lar modeli"ndən kənarda dayanmağa üstünlük verməsinin səbəblərinin yalnız Rusiya-Gürcüstan münasibətləri ilə məhdudlaşdığına inanmaq sadəlövhlük olardı. Böyük ehtimalla bu səbəblərin sırasında rəsmi Tiflisin açıq səsləndirməyə həvəs göstərmədiyi başqa faktorlar da yer almamış deyil. Və həmin faktorların kifayət qədər ciddi olduğunu düşünmək olar.

cqaf-unnamed.jpg (27 KB) 

Məsələ ondadır ki, Cənubi Qafqaz dövlətlərinin milli maraqlarını nəzərə aldıqda, yeni regional şərtlərin Gürcüstanın mənafelərinə o qədər də uyğun gəlmədiyini müəyyən etmək çox da çətin deyil. Hər halda, yeni geopolitik proseslər digər region dövlətlərindən fərqli olaraq, Gürcüstana maliyyə-iqtisadi itkilər vəd edir. Bu baxımdan, açıq deyilməsə belə, rəsmi Tiflisin yeni situasiyadan narahat olduğunu düşünmək üçün əsaslar olmamış deyil.

Azərbaycan-Ermənistan düşmənçiliyi Rusiya və Gürcüstana tamamilə sərfəlidir. Rusiya bu düşmənçilik sayəsində regionda müəyyən geopolitik manevrlər edə bilir. Gürcüstan isə bu düşmənçilikdən maliyyə-iqtisadi mənfəət əldə edir.

Əgər, bu düşmənçilik olmasaydı, Bakı-Tiflis Ceyhan, Bakı-Tiflis Qars və s. bu kimi gəlirli layihələrdə Gürcüstan deyil, Ermənistan iştirak edə bilərdi. Rəsmi Tiflis də onilliklər boyu milyardlarla dollarlıq maliyyə gəlirləri əldə edə bilməzdi.

Ancaq indi bütün bunlar sona çata bilər. Hər halda, Ermənistan ilə nəqliyyat-kommunikasiya xətlərinin açılmasına hazırlıq gedir və bu, yaxın gələcəkdə reallığa çevriləcək. Bu, baş verdiyi andan Gürcüstanın regional geoiqtisadi layihələrdən əldə etdiyi illik gəlir tədricən azalmağa başlayacaq. Rəsmi Tiflis bu reallığı anlayır və artıq indidən narahat olduğunu gizlədə bilmir.

Maraqlıdır ki, bir neçə gün öncə Gürcüstan parlamentinin hökumətin iştirakı ilə keçirilən qapalı toplantısında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. Ancaq bu müzakirələrin məzmunu açıqlanmadı, gizli tutuldu. Halbuki nə qədər gizli tutulsa da, həmin toplantıda müzakirələrin ümumi məzmununu təxmin etmək o qədər də çətin deyil.

5eef3dc68fa6ae9f74b08683a555f89f.jpg (121 KB) 

Gürcüstan Dağlıq Qarabağ probleminə son 30 ildə heç vaxt ciddi maraq göstərməyib, sadəcə, kənardan müşahidə edib, neytrallığını qorumağa çalışıb. Ancaq indi gözlənilmədən bu məsələ Gürcüstan parlamentinin qapalı toplantısında əsas mövzuya çevrilib.

Böyük ehtimalla gürcü deputatları və hökumət üzvlərini Dağlıq Qarabağ problemi ümumiyyətlə, maraqlandırmır. Onlar yəqin ki, bu problemin olmadığı şəraitdə Gürcüstanın mümkün maliyyə-iqtisadi itkilərini və bu təhlükədən yayınmağın optimal variantlarını müzakirə etməyə çalışıblar.

Bu istiqamətdə Gürcüstana faydalı ola biləcək elə də çox variantın olduğu inandırıcı deyil. Əsas variant ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətləri normallaşmasın, Gürcüstanın indiki geoiqtisadi gəlirləri dəyişməz qalsın. İkinci uyğun variant isə demək olar ki, yoxdur. Və rəsmi Tiflisin ümumiyyətlə, geopolitik şərtləri dəyişdirmək imkanları mövcud deyil.

Ona görə də, son vaxtlar yeni geopolitik şərtlərə uyğun şəkildə nəqliyyat-kommunikasiya layihələrinin icrasına başlanması da Tiflisdə narahatlıqları müəyyən qədər artırmaqdadır. Türkiyədə Naxçıvan-İqdır-Qars dəmiryolu xəttinin inşasına hazırlığın başlaması Gürcüstanda bəzi suallara cavab axtarışına ehtiyac yaradıb.

Xüsusilə də, Gürcüstanın siyasi dairələrini Bakı-Tiflis-Qars dəmiryolu xəttinin gələcək taleyinin necə olacağı ciddi şəkildə düşündürür. İlkin ehtimallara görə, Azərbaycan və Türkiyə arasında Gürcüstandan yan keçməklə, birbaşa nəqliyyat-kommunikasiya xəttinin yaradılması indiyə qədər olan marşrutların önəmini nisbətən azaltmış olacaq.

salome-zurabishvili-armenia.jpg (67 KB) 

Göründüyü kimi, Azərbaycanın hərbi zəfəri əslində, Gürcüstanın maliyyə-iqtisadi maraqlarına zərbə vurmaqla yanaşı, rəsmi Tiflisin strateji əhəmiyyətini də azaldır. Ona görə də, rəsmi Tiflis üçün indi yeni geopolitik şərtlərə uyğun mənfəət qaynağı qazanmaq ehtiyacı yaranıb. Və belə bir situasiya rəsmi Tiflisi regionda balans siyasəti yürütmək məcburiyyətində qoyur.

Məsələ ondadır ki, nə qədər sərfəli olmasa da, rəsmi Tiflis regionda sülhün və əmin-amanlığın bərqərar olmasını dəstəkləmək məcburiyyətindədir. Çünki artıq hər şey dəyişib, geriyə dönüş ehtimalı qalmayıb. Deməli, rəsmi Tiflis üçün hazırda regionun ümumi inkişaf perspektivlərindən yararlanmaq şansını qaçırtmaq əsas milli hədəfə çevrilməyə başlayıb.

Maraqlıdır ki, Gürcüstan prezidenti Salome Zurabişvili bir neçə gün öncə Ermənistan prezidenti Armen Sarkisyanla görüş çərçivəsində ölkəsinin regional maraqları ilə bağlı müəyyən mesajlar verdi: “Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”. Yəni, Gürcüstan prezidenti ümumi regional inkişaf perspektivlərindən kənarda qalmaq istəmədiklərini gizlətmir.

Ancaq bununla yanaşı, rəsmi Tiflis Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin düşmənçilik səviyyəsində qalmasında maraqlı olduğunu da qətiyyən gizlədə bilmir. Hər halda,  Ermənistan prezidenti A.Sarkisyanın Gürcüstan dövlət başçısının fəxri qonaqları kitabına yazdıqlarına verilən reaksiya heç də müsbət məzmun daşımır. Belə ki, Ermənistan prezidenti həmin kitaba Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib.

Prezident Salome Zurabişvili isə buna etiraz etmək əvəzinə, həmin yazının fotosunu hətta sosil şəbəkədə paylaşıb. Böyük ehtimalla Gürcüstan prezidenti Ermənistanın Azərbaycana və Türkiyəyə münasibətinin heç vaxt dəyişməyəcəyini qabarmağa cəhd göstərib.

cqf-Ekran Alıntısı.JPG (38 KB) 

Təbii ki, Gürcüstan prezidentinin bu davranışı hansı məqsədə xidmət göstərsə də, qətiyyən xoş deyil. Əksinə, qeyri-etik və həm Azərbaycanın, həm də Türkiyənin Gürcüstana güvənini zədələyə biləcək davranışdır. Yəqin ki, yeri gəldiyində rəsmi Tiflisə Gürcüstan prezidentinin bu davranışı xatırladılacaq.

Bütün bunları nəzərə aldıqda, rəsmi Tiflisin hazırda ziddiyyətlər içərisində olduğunu düşünmək olar. Gürcüstan uzun illər Azərbaycan və Türkiyə ilə dostluq münasibətləri olan ölkədir. Digər tərəfdən, indiyə qədər Gürcüstan Azərbaycanın geoiqtisadi layihələrindən geninə-boluna faydalana bilib. Və bütün bunlar Gürcüstana sərfəlidir.

Ancaq Zəngəzur dəhlizi reallığa çevrilərsə, Gürcüstan bundan elə bir ciddi fayda əldə etməyəcək, əksinə, itkilər ilə üzləşəcək. Deməli, Gürcüstana uzun illər milyardlarla dollar gəlir qazandırmış Azərbaycan-Ermənistan hərbi qarşıdurmasının sona çatmasından rəsmi Tiflisin məmnun qalacağı qətiyyən inandırıcı görünmür.

Bu baxımdan, rəsmi Tiflisin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına əngəl törədən faktorların daha güclü qalmasında maraqlı olduğu qətiyyən şübhə doğurmur. Və ona görə də, Gürcüstan və Ermənistanın artıq toqquşan maraqlarında daha kəskin ziddiyyətlərin yarana biləcəyini ehtimal etmək olar. Yəni, rəsmi Tiflis Gürcüstanın gəlirlərini Ermənistana "oğurlamaq" istəmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam