AMEA-na sualım var:hanı sənin övladların?
Yenixeber.org: Araşdırmalara görə son illər dünyanın elm xəzinəsində 12 milyon 640 nəfər şəxs vəfat etmişdir. Onların bir qismi aclıqdan, bir qismi epidemiyalardan, bir qismi onlara atılan böhtan və şərəfsiz davranışlardan, çətinliklərdən, itirilmiş dəyərlərdən əzab-əziyyət içində vəfat ediblər. Mən burada fikirlərimi dayandırıb, Azərbaycan səmtinə uzaqdan qanadları qırılmış təsiri bağışlayan qartal kimi qanadlarını açmış Milli Elmlər Akademiyasına sual edirəm. Hanı sənin övladların? Hanı Ümummilli liderimizin fəxr etdiyi alim dəstəsi? Hanı tədqiqatçıların, yerin altını üstünə çevirən qeyrətli və qüdrətli, imanlı, dəyanətli alim dəstəsi? Hanı sənin övladların, Akademiya? Bir qismi böyük Allahın cəzasını çəkir, şikəstlikdən qovrulur. Bir qismi elmin boğazına zəncir kimi keçib tərpənməyə, nəfəs almağa qoymur. Bir qismi Avropa qapılarında, özgə universitetlərdə bir tikə çörəkdən ötrü qələminə sarılıb dilənir. Bir qismi də atılan böhtanların, şər-xətaların, murdarçılığın qirdabında qovrulur.
Düşünürəm; alimə, tədqiqatçıya, axtarıb arayana nə qədər böhtan demək olar? Onların üstünə, süfrəsinə nə qədər murdar su tökmək olar?
MEA-nın həyətində vaxtsız itirdiyim, ölümün pəncəsinə verdiyimiz şərəf və ləyaqət bildiyimiz insanları axtarıram. Bəs hanı ləyaqətiniz, hanı şərəf və mürvətiniz, Akademiya?
Elm fədaisi var: Cəmil Həsənli. O, tarixçidir, professordur. Azərbaycan tarixinin həqiqətlərini, qara tarixin ləkələrin, başımıza gətirilən fəlakətləri dünyaya tanıdıb. Akademiya: hanı sənin övladların? Kimi axtardın, kimi tapdın, kimi itirdin?
Cəmil Həsənli Cəlilabad rayonunda, Alar kəndində anadan olub. Onun şərəfli, namuslu və vicdanlı ailəsi var. Bu gün TV kanallar, internet saytları və sosial şəbəkələr Cəmil müəllimdən yazır, ondan danışırlar. Onun ailəsinə atılan böhtanları araşdırıb təhlil edirlər. Düşünürəm, bütün bunlar nə üçündür? Bu ləyaqətsiz və abırsız kampaniyanın arxasında kimlər dayanır? Görən bu işarəni hansı akademik verir? Hanı sənin övladların?
Mən bu yaxınlarda Yasamal qəbristanlığından keçirdim. Orda yanaşı dəfn edilmiş 3 alim qardaşın məzarı var. Məzarın birinin üstündə yazılıb:”Mən gəldim”, ikincisinin üstündə yazılıb:”Mən gördüm”, üçüncünün üstündə yazılıb:”Mən getdim”.
Qəbirqazan Sucu deyir ki, bu alimləri onlara atılan böhtan, şər-xəta öldürdü. Bu gün həmin böhtanlardan professor Cəmil Həsənliyə və onun kimi elm fədaisinə atılır. Məqsəd C. Həsənlini sıradan çıxarmaq, öldürüb bağrını çatladıb, məhv etməkdir.
Bu gün Cəmil müəllim faciəli bir həyat keçirir. Onun ailəsi, övladları müxtəlif internet saytlarında təhqir olunur, məsxərəyə qoyulur. Amma bir nəfər MEA-dan tapılmadı ki, durub desin ki, əl saxla kişi. Öz ədəbini hifs elə. Ədəb elə bir əzəmətli şeydir ki, onu çirkləndirmək olmaz. Əqlin toxumu-fikrin zəkası və fəzilət ünvanıdır. Ədəb, kişinin mədəniyyəti, onun ağlının tərcümanıdır. Ədəb, kişini gözəl əxlaqa yönəldən bələdçidir.
Bu gün mən Sizinlə narahat olan hisslərimi bölüşdüm. Sabah bu ədalətsiz hörgüdən, ləyaqətsiz tordan bizim hər birimizin taleyinə hörülə bilər.
Akademiya, hanı sənin övladların? Hanı sənin itirilmiş mənəvi dəyərlərin?
Rövşən Novruzoğlu: xüsusi olaraq yenixeber.org üçün