Brejnevin parta yoldaşı Fransa məhkəməsində SSRİ-ni necə məğlub edib – Əsrin məhkəməsi
Yenixeber.org: II dünya müharibəsindən sonra güc dövlətinə çevrilən SSRİ-nin, kommunist ideologiyasının nüfuzunun yüksəldiyi bir vaxtda Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Mən azadlığı seçirəm” kitabı beynəlxalq müstəvidə böyük siyasi qalmaqala səbəb olub.
Viktor Kravçenko müəllifi olduğu kitabda Stalin rejiminin qəddarlığını, məcburi əmək düşərgələrində baş verən haqsızlıqları, “NKVD” qurumlarının özbaşınalığını, SSRİ-nin həbsxanalarındakı acınacaqlı vəziyyəti, repressiyaları konkret faktlarla yazıb, bütün bunlar barədə geniş açıqlamalar verib.
Qeyd edək ki, Viktor Kravçenko 1905-ci ildə Dnepropetrovsk şəhərində anadan olub. Dneprodzerjinsk Metallurgiya İnstitutunda ali təhsil alıb. Leonid İliç Brejnevlə eyni qrupda oxuyub və aralarında dostluq münasibətləri olub. Viktor Kravçenkonun ixtisası metallurq olsa da, o, ixtisası üzrə işləməyib. Bir müddət Ukraynada kənd təsərrüfatı və taxıl tədarükü sahələrində çalışdıqdan sonra o, fəaliyyətini Amerika Birləşmiş Ştatlarında davam etdirib, SSRİ-nin Vaşinqtondakı satınalma komissiyasının üzvü olub.
1944-cü ilin aprel ayında Viktor Kravçenko heç kimə məlumat vermədən xidməti vəzifəsinin icrasını dayandırıb. SSRİ-nin ABŞ-dakı xüsusi xidmət orqanları məsələyə aydınlıq gətirmək istəsələr də, Viktor Kravçenko bir müddət gözdən yayına bilib və o, ABŞ rəhbərliyinə rəsmi müraciət edərək siyasi sığınacaq istəyib. Vaşinqton rəsmiləri Viktor Kravçenkonun müraciətini müsbət cavablandırıb. Bununla da Viktor Kravçenko Piter Mardin adı ilə Amerikanı özünə daimi yaşayış yeri seçib.
Viktor Kravçenkonun qələmə aldığı “Mən azadlığı seçirəm” kitabı 1946-cı ildə işıq üzü görüb. Kitab qərb ölkələrində sürətlə tirajlanıb, böyük populyarlıq qazanıb.
Fransada “Mən azadlığı seçirəm” kitabı 500 min tirajla buraxılıb. Həmin dövrdə Fransada Kommunist Partiyası böyük nüfuza malik olub və parlamentin dörddə bir hissəsindən çoxunu bu partiyanın üzvləri təmsil ediblər. Bu baxımdan Kravçenkonun kitabı Fransada böyük narazılıqla qarşılanıb. Ölkədə çıxan qəzetlərin bir çoxunda Viktor Kravçenko sərt tənqid olunub. “Les Lettres Françaises” qəzeti isə kitabın müəllifini satqınlıqda, böhtanda, Amerika kəşfiyyatına işləməkdə ittiham edib.
Viktor Kravçenko yazılanları sakitliklə qarşılamayıb. O, “Les Lettres Françaises” qəzetini məhkəməyə verib. 1949-cu ildə Parisdə məhkəmə prosesi başlanıb. Sonralar bu məhkəmə tarixə “Yüzilliyin məhkəməsi” adı ilə düşüb.
Məhkəmə prosesinə SSRİ tərəfindən də müdaxilə edilib. Sovet ideoloqları məhkəməyə dünyanın ayrı-ayrı ölkələrində yaşayan kommunist yönümlü tanınmış alimləri, elm və mədəniyyət xadimlərini cəlb ediblər ki, onlar məhkəmədə SSRİ, kommunist rejimi haqqında müsbət fikirlərini bildirsinlər. SSRİ rəhbərliyi bununla yanaşı, Viktor Kravçenkonun keçmiş həyat yoldaşının və iş yoldaşlarının da Parisə getməsini, məhkəmədə iştirak etməsini təmin ediblər. Onlar Kravçenkonun əleyhinə ifadə veriblər.
Sözsüz ki, bu hücumların qarşısında Viktor Kravçenko da lazımi tədbirlər görüb. O, SSRİ-dən xarici ölkələrə mühacirət edən yüzlərlə insanın məhkəmə prosesində iştirak etməsinə nail olub. Bu insanlar 1930, 1940-cı illərdə SSRİ-də yaşayan, rejimdən əziyyət çəkən sovet vətəndaşları olublar. Onlar ən kiçik detallara qədər kollektivləşdirmə dövründəki aclıq, haqsız repressiyalar, sürgünlər, Sibir düşərgələrindəki işgəncələr, Stalinin bütöv bir ölkəni xof içərisində saxlaması haqqında məhkəmədə geniş və ətraflı ifadə veriblər, özlərinin yaşadıqları və gördükləri hadisələri danışıblar.
Uzun çəkən məhkəmə prosesində Viktor Kravçenko qalib çıxıb. Prosesin sonunda isə o, onu satqın adlandıranlara müraciət edib:
“Siz SSRİ-də yaşayan xalqlarla sovet rejimini səhv salmayın. Sovet rejimi xalq demək deyil. Mən sovet xalqına qarşı heç vaxt mənfi fikir söyləməmişəm. Mənim tənqidi yanaşmalarım sovet rejiminə qarşıdır. Stalin və Molotov kimilər hakimiyyətdən nə vaxtsa gedəcəklər. Xalq isə əbədi bir zümrədir və o, böyük bir kütlə olmaqla öz haqqını rejimdən tələb etməlidir. Stalin rejimində ölkədə nələrin baş verdiyini artıq bütün dünya bilir. Bu rejimə susmaq mütilik əlamətidir. Mənim məhkəmədə məğlub olmağım üçün SSRİ rəhbərliyi bütün variantlara əl atdılar. Hətta mənim doğmalarımı, dostlarımı mənə qarşı qoydular. Bəs sonda nə oldu? Haqq, ədalət öz terini tutdu...”
Məhkəmə prosesindən sonra Viktor Kravçenkonun növbəti “Mən ədaləti seçirəm” kitabı işıq üzü görüb. Əvvəlki kitabından fərqli olaraq bu kitab çox da populyarlıq qazanmayıb.
Viktor Kravçenko 1966-cı ildə müəmmalı şəkildə vəfat edib. Rəsmi məlumatda onun intihar etdiyi bildirilib. Qeyri-rəsmi versiyalara görə isə Viktor Kravçenkoya sui-qəsd edilib.
İlham Cəmiloğlu