Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərsu”nun xalqa qarşı “su savaşı”-ARAŞDIRMA

 

 

               

              Deyəsən, dünyada gözlənilən su müharibəsi Azərbaycandan başlayır…

Yenixeber.org: Qlobal su çatışmazlığı ilə ifadə olunan narahtçılıqların ilk əlamətləri ölkədə bu yaxınlarda su qiymətlərin bahalaşması ilə özünü biruzə verməyə başladı. Məsəllərimizdə ifadə olunan – “Allahın suyu”, “su qədər ömrün olsun”, “su kimi əziz olasan” deyimləri qiymət yox, həyata, yaşama səbəb olması baxımından suyun hansı əhəmiyyətə malik olduğunu gözlər önünə sərir.

İlk öncə suyun həyatımızın müxtəlif sahələrində nə qədər zəruri olduğunu aydınlaşdıraq. Son illərdə ölkədə bütün mənbələrdən orta hesabla ildə 10-14 milyard kub/metr su toplanır. Bu həcmdən 70% kənd təsərrüfatına, 20-25% sənayeyə, yerdə qalanı isə ev təsərrüfatına və əhalinin içməli su ilə təmin edilməsinə sərf olunur. Azərbaycanın 32,2 milyard kub/metr olan səth sularının həcmi quraqlıq illərində azalaraq 22,6 milyard kub/metr olur. Su sərfiyyatının 70%-nin əkinçiliyin payına düşməsinin nəzərə alsaq, suvarılan torpaqların təxminən üçdə birindən çoxu (565 min hektarı) mexaniki üsulla, o cümlədən 349,4 min hektar elektrikləşdirilmiş, 68,2 min hektar dizel nasos stansiyaları ilə, 147,7 min hektarı isə subartezian quyuları vasitəsi ilə suvarıldığını deməliyik.

Müharibədən sonra Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması çayboyunca yaşayan və əkinçiliklə məşğul olan əhalinin sevincinə səbəb oldu. Azərbaycanın iri su anbarı olan Tərtərçay üzərindəki ikinci su anbarı Sərsəng su anbarıdır. Sərsəng su anbarı həm elektrik enerjisi istehsalında, həm də suvarmada geniş istifadə edilirdi. Bu su anbarı da yaxın zamanlarda azadlığa qovuşacaq və istər-istəməz müsbət təsirini göstərəcək. Dağlıq Qarabağ təbiətinin formalaşmasında önəmli rol oynayan bir sıra çaylarımız – Həkəriçay, Oxçuçay, Bəsitçay, Bərgüşad və s. azadlığına qovuşdu. İşğaldan azad olmuş ərazilər həm də zəngin yeraltı qaynaqlarına malikdir. Kiçik Qafqazdan axan çayların Qarabağ düzünə açıldığı sahələrdə yaratdığı, dərəli-təpəli səthi malik gətirmə konusları və ətraf sahələrdəki yeraltı sulardan suvarmada və məişətdə istifadə etmək məqsədi ilə vaxtilə 1000-ə yaxın subartezian quyusu qazılmışdı. Bu quyuların azad edilməsi də əhalinin su təminatına kömək edəcək və məntiqlə su resurslarının bollaşması istər-istəməz prosesə opozitiv təsir göstərməlidir.

Beləliklə, Azərbaycanın çox hissəsinin rayonlar və kəndlərdən ibarət olduğu bölgələrdə işğaldan azad olunmuş ərazilərin su resurslarından istifadə etməklə, burada yeni su infrastrukturu qurmaqla su təchizatı məsələsini həll etmək olar. Əhalinin əsasən şəhərlərdə su təminatını həyata keçirən “Azərsu”nun strategiyası da, təfəkkürü də sovet vaxtından qalmadır, halbuki yeni dövrün yeni də tələbləri var.

İstifadə məqsədinə görə, su ən azı iki növə bölünür. Sadə şəkildə ifadə etsək – içməli su və texniki su. İçməli su nədir? İçməli su tam şəffaf, qoxusuz, pis dadlar və patogen bakteriyaların olmadığı mayedir. Eyni zamanda, içməli sudakı duz miqdarı 7 mq-ekv / l-dən çox olmamalıdır və bakteriyaların tərkibi (Xəstəlik törətməyən bakteriyalardan söhbət gedir) – 1 ml suda 100 bakteriyadan çox olmamalıdır.

Sənaye suyu isə demək olar ki, hər mənbədən – yerdən (göl, çay) və ya yeraltıdan (quyu, artezian quyusu) alınan sənayedə istifadə olunan sudur. Texniki su da istifadə olunduğu sənaye sektorunun xüsusiyyətlərindən asılı olan müəyyən tələblərə cavab verməlidir. Ancaq texniki suyun istehlakçıları onun qoxusu, rəngi, dadı və içərisində bakteriyaların olub-olmaması ilə bağlı heç bir xüsusi tələb qoymurlar. Suyun texniki məqsədlər kimi istifadəsinə: məhsulun istehsalında xammal kimi- məsələn dərman, kosmetik vasitələr,gigyena məhsulları-  istehsal prosesində köməkçi vasitə kimi – elektronika sənayesi, toz rəng vasitələri, həmçinin istilik, soyutma və kondisioner sistemlərində suyun istifadəsi aiddir. Məsələn, İES, SES, AES və qışda istilik təchizatı üçün isti su verən qazanxanalardır. Burada suyun karbonat sərtliyinə və qatı maddələrin müəyyən həddə konsentrasiyasına xüsusi tələblər qoyulur, çünki rabitənin istismar müddəti birbaşa bundan asılıdır.

Bəs, “Azərsu” içməli suyu istehlakçıya hansı keyfiyyətdə təqdim edir? Bu da özü-özlüyündə bir mövzudur. İçməli suyun ən təmiz forması olan yağış suyudur ki, burada “Azərsu”nun heç bir rolu yoxdur. Ümumiyyətlə “Azərsu” suyun yaradılma prosesində iştirak etmir, sadəcə su təchizatının qurğularla şəbəkə sistemi quraraq ünvanlara çatdırılmasını həyata keçirir. Bahalaşmanın səbəbləri arasında “bəzi abonentlərin suyu açıq qoyması” kim tezisin yer alması o qədər absurddur ki, verəcəyi su pulunu sayğac hesablamasına görə ödəyən kiminsə belə səhlənkarlığı sadəcə qeyri-mümkündür. Bunun əvəzində deyə bilərik ki, ölkədə su qaynaqlarının qıt olması iddia olunursa və ya su çatdırılması üçün yeni quruculuq işlərinin görülməsini səbəb gətirirsə, içməli su kateqoriyasında Ceyranbatandan verilən suyun tutaq ki, həm maşın yuyulması, həm də içməli su kimi işlədilməsi nə qədər məntiqlidir? Əgər su mənbələri məhduddursa, içməli su nəyə görə israf olunur və qənaət olunmur? Həm də “Azərsu” tərəfindən.

Suyu istifadəsinə görə kateqoriyaya ayırmağı düşünə bilməmək ən azı iqtisadi savadsızlıqdır. İçməli suyun əsas tələblərindən biri təhlükəsiz tərkibə malik olmasıdır. “Azərsu” bu standartı hansı səviyyədə təmin edir? Az öncə qeyd etdiyimiz kimi, nə “Azərsu”, nə də digər qurumlar suyun yaradılması prosesində iştirak etmir və xalq məsəlində deyildiyi kimi, bu həyati nemət – Allahin suyudur. Suyun təchizatına cavabdeh orqanlar isə yalnız suyun müəyyən qurğular ilə əhaliyə və kommersiya müəssisələrinə çatdırılmasını təmin edir. Bu qurğular hansı mərhələlərlə, neçə ildən bir yenilənir? Axı su müəssisələrinin texniki bazasının yaradılması dövlət maliyyəsi hesabına baş verir. Həmçinin, ərazilərin suyla təmin ediməsi dünya səviyyəsində müxtəlif maliyyə qurumlarının, bankların vəsaiti hesabına baş verir. Belə görüntü yaranır ki, su pullarının artırılması yalnız dövlət subsidiyasının kəsilməsi və özünümaliyyələşdirməyə keçidi əsaslandırmaq üçün baş verdi. Suyun yaradılmasında iştirak etməyən, amma dövlət büdcəsi hesabına infrastruktur quran şirkətin xərclərini vətəndaşların belindən çıxarması doğru yanaşma deyil, əksinə istismarçı yanaşmadır. İstismara uğrayan isə əhalidir. Halbuki əhali su dövriyyəsində ən az pay alan halqadır.

Məsələyə fərqli bucaqdan baxa bilmək üçün qonşu Gürcüstan təcrübəsinə diqqət edək. Amma məlum deyil ki, bu təcrübə bizdə tətbiq olunarsa, gözü doymaq bilməyən və qarşısı alınması qeyri-mümkün olan məmurlar prosesə necə təsir göstərəcəklər. Gürcüstanda su təchizatı və kanalizasiya sisteminin mühəndis infrastrukturu bələdiyyə mülkiyyətindədir. 2008-ci ildən su təchizatı məsələsi “Rustavivodokanal ASC”, “Msxetovodokanal ASC”, “Tiflisskaya voda ASC” və “Qruzvodokanal” kimi şirkətlərin idarəçiliyinə verilib. Araşdırma əsnasında Batumi şəhərinin məntəqələrinə su xətlərinin çəkilməsi ilə bağlı bir məqama rast gəldim – şəhərin Çavka məntəqəsinə sakinlərin su ilə təminatı şəhər bələdiyyəsi və bələdiyyənin “Batumi Tskali” müəssisəsi tərəfindən aparılıb. Bütün xərclər də layihənin reallaşdırılmasına cavabdeh qurumlar tərəfindən qarşılanıb. Büdcəsi Azərbaycanınkından az olan Gürcüstanda su xəttləri sakinlərin maliyyəsi ilə aparılmır. Demək, məsələ maliyyədə deyil, elementar iş etikasındadır. Maliyyələşdirmə Almaniyanın KfW bankı və Avropa Birliyinin vasitəçiliyi ilə təmin edilib.

Sovet dövründə Bakı kəndlərinə verilən kanal suyunun da içməli su israfının qarşısını almaqda müəyyən rolu var idi. İndi isə bu ehtiyac içməli su hesabına ödənlir.

Deyilən texniki məsələlərdən başqa Tarif Şurasının son qərarı cəmiyyətdə inflyasiya gözləntilərini gücləndirir. Çünki qiymət artımı davamlı prosesdir və artımı dövlət tərəfindən tənzimlənən malların qiymət zəncirində də özünü göstərəcək. Necə ki, yanacağın qiymətinin artması avtomatik olaraq mal və məhsulların qiymətinin artmasında özünü göstərirsə, suyun istehsalında istifadə olunduğu mal və məhsullar da məntiqlə bahalaşacaq.

Tarif Şurası qiymət artımının səbəblərindən biri kimi su sektoru üçün elektrik enerjisi tarifinin artırılmasını və “şirkət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə imkanlar” adını çəkir. Ancaq elektrik enerjisinin dəyəri 40%, əmək haqqı 30% artdısa, suyun qiymətləri 100% həddinə sıçradı.

Bundan əlavə, “Azərsu” ASC əhali üçün bahalaşmaya əsas kimi dövlət şirkətinin “dövlət maliyyəsindən asılılıqdan” qurtaracağını bildirir. Yəni şirkətin dövlət büdcəsindən maliyyələşməsi dayandırılacaq və qənaət edilmiş vəsait dövlətin sosial siyasətinin problemlərini həll etməsinə yönələcək.

Bu məntiqlə qiymətlərin əvvəlki bahalaşması da işin səmərəliliyinin artırılmasına və dövlət büdcəsindən xərclərin azaldılmasına təsir göstərməli idi, amma belə olmadı…

(Davamı var)

Ülviyyə ŞÜKÜROVA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam