Yenixeber.org: Azərbaycan və Ermənistan rəhbərləri hər Putinin adını çəkəndə mütləq Rusiya prezidentinə Dağlıq Qarabağdakı sülhə görə minnətdarlıq bildirirlər.
Belə tez-tez ürəkdən minnətdarlıq etməzlər.
Heç Dağlıq Qarabağda sülh də bərqərar olmayıb – indi orada əvvəlkindən, bəlkə, daha güclü qorxu və nifrət hökm sürür. Orada azərbaycanlılarla ermənilərin dinc şəraitdə birgə yaşayışına hazırlaşmaq əvəzinə, tərəflər arasında yeni “təmas xətti” qururlar.
Noyabr ayında Rusiya prezidentinin az qala öz əli ilə yazdığı bəyanatı tələsik imzalatmaq üçün Ermənistan və Azərbaycan liderlərinin qollarını necə burduğunu kim yadından çıxarıb? Ay yarım ərzində Əliyev və Paşinyan axıra qədər getməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər – Azərbaycan prezidenti bunu açıq söyləyib, erməni baş naziri isə hərəkətləri ilə göstərib. Tərəflər onlara Moskvanın və Vaşinqtonun sırıdığı atəşkəsi üç dəfə pozublar. Düşünürəm ki, buna ərazi mübahisələri və etnik münaqişələr zamanı coşan hisslərin təsiri altında gedilməyib. Münaqişəni bu dəfə də gələcəyə xeyli sual saxlamadan köklü həll etmək istəyiblər. Məncə, bu, iki başlıca məqamın dərkindən doğan düşünülmüş addım olub: birinci – nə qədər ki, Qarabağ problemi qalır, Ermənistanın da, Azərbaycanın da suverenliyi təhdid altındadır, seçim imkanı və inkişaf perspektivləri (xüsusən Ermənistanın) məhduddur; ikinci – iki qonşu xalq öz aralarındakı bir əsrlik mübahisəni silahsız çözməyə qadir deyildir.
XIX əsrin əvvəlləri daxil 32 illik dövlət müstəqillikləri dövründə Azərbaycanla Ermənistan bir gün də sülh münasibətində olmayıblar, dörd dəfə ağır müharibə aparıblar (noyabr 1919, mart-aprel 1920 və son iki Qarabağ müharibəsi), heç zaman bir-birlərinin ərazi bütövlüyünü qarşılıqlı tanımaq barədə müqavilə imzalamayıblar. İndi də aralarında belə müqavilə yoxdur. Ortada yalnız dar macalda gecəyarı Putinlə birgə imzalanmış, çoxlu sual yaradan və buna görə də vaxtaşırı qanlı toqquşmalar doğuran bəyanat var. Həmin toqquşmaların qığılcımları axıra qədər yanmamış müharibə ocağını yalnız ona görə yenidən alovlandırmir ki, araya sülhməramlılar qismində bölgəyə yeridilmiş rus qoşunu girib.
Ancaq müharibə bunun üçün – Qarabağda “sülhməramlıların məsuliyyət zonası” müəyyənləşdirmək, onun xəritəsini cızıb hər gün təzələmək üçün Rusiya Müdafiə nazirliyinə imkan yaratmaq məqsədi ilə başlanmayıb. Təkrar edirəm: o, qarşıdurmadan yorulmuş iki xalq arasında problemin birdəfəlik həlli üçün ən sonuncu vasitə olub. Amma bölgədə üçüncü ölkənin sülhü qoruyan hərbi qüvvəsinin peyda olması göstərir ki, başlıca məqsəd hələ ki, əldə edilməyib. Necə deyərlər, harada sülhməramlılar varsa, orada münaqişə də var. Yeri gəlmişkən, çox ikibaşlı ifadədir. Avropa qitəsində Rusiya yeganə ölkədir ki, onun qoşunları qonşu dövlətlərin ərazilərində fəal surətdə “sülh yaratmaqla” məşğuldurlar – Moldova, Ukrayna, Gürcüstan, Ermənistan, Azərbaycan. Heç yerdə də dayanıqlı sülh yaranmayıb.
Rusiya noyabrın 9-dan 10-na keçən gecə razılaşdırılmış, ona Qarabağa qoşun göndərməyə əsas verən üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyi həm Azərbaycandan, həm Ermənistandan təkidlə tələb edir. Özü isə istədiyi vaxt razılaşmanın mühüm prinsiplərini pozur. Bəyanatın 4-cü bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağa oradan erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Diqqət yetirin: mətndə söhbət yalnız Ermənistan ordusundan yox, bütün növ erməni silahlı qüvvələrindən gedir. Bəs 44-günlük müharibəni dayandırmış sənədin qüvvədə olmasının 55-ci günündə biz Qağlıq Qarabağda hansı real mənzərənin şahidiyik?
Nəinki tərksilah edilməmiş, əksinə, yeni nizami ordu yaratmağa başlamış separatçı rejimin Təhlükəsizlik şurasının katibi Vitali Balasanyan dekabrın son günlərində hay-küylü bəyanatla çıxış etdi. “Artsax hərbi birləşmələri”ndə islahatlar barədə danışarkən o bildirdi ki, tezliklə burada sərhəd qoşunları, Müdafiə ordusu, müqavilə əsasında ehtiyat qüvvələri, digər ehtiyat qüvvələri yaradılacaq. “Bizim öz Silahlı qüvvələrimiz, gücləndirilmiş batalyonlara malik polis və milli təhlükəsizlik strukturlarımız olacaq”.
Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanındığını Putin öz çıxışlarında dəfələrlə qeyd edib. Amma Balasanyan açıqdan-açığa “biz bərabər tərəflər kimi əməkdaşlıq edirik” söyləyə bilirsə, deməli, Rusiya Qarabağda separatçılara faktiki olaraq dəstək verir. O, “Qarabağın Azərbaycan ərazisi olması barədə Bakının bəyanatları reallıqdan uzaqdır”, deyir, Dağlıq Qarabağın “Azərbaycan Silahlı Qüvvələri tərəfindən pozulmuş” sərhədlərini bərpa edəcəyinə, “antiterror əməliyyatları” həyata keçirəcəyinə söz verir və Ermənistanla Rusiyadan dəstək alacağına əminlik ifadə edir: “Əminəm ki, gələcəkdə öz təsəvvürlərimizi RF hərbi-siyasi rəhbərliyi ilə həyata keçirə biləcəyik”.
Sülhməramlılar onların “məsuliyyət zonasına” daxil olan ərazidə belə təhrikçi bəyanatların səsləndirilməsinə, televiziya ilə yayılmasına və həmin bəyanatlarda “RF hərbi-siyasi rəhbərliyi”nə istinad edilməsinə reaksiya göstərmirlər. Bəs bu halda vasitəçi ölkənin “sülh yaratma” missiyası nədən ibarətdir? Azərbaycanın dövlət orqanlarının bölgəyə girişini məhdudlaşdırmaqdan və Qarabağ ermənilərini qanadı altına alıb onlara hərbi potensialını bərpa etmək, “antiterror əməliyyatlarına” başlamaq üçün şərait yaratmaqdan?
Müharibə nəticəsində Ermənistan Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonları üzərində nəzarəti itirdi. Bunun əvəzində isə o, 27 il əvvəl həmişəlik buradan çıxardığımızı düşündüyümüz rus ordusunun qayıtmasına və Dağlıq Qarabağın əhəmiyyətli hissəsini nəzarətinə götürməsinə “nail oldu”. Mən ermənilərin bunda özlərinə təsəlli tapdıqları, Azərbaycana nəsə bir yamanlıq etdiklərinə sevindikləri barədə çox oxuyur, çox eşidirəm. Təəssüf ki, onların bir mühüm məsələni anladıqlarının əlamətləri görsənmir: indi biz lap 1920-ci ildə olduğu qədər bir-birimizə bağlanmışıq. Bu bağların yenə də rus əsgərlərinin əlində olması dərin narahatlıq doğurur və nəhayət, mümkün qədər qısa müddətdə onları başqa formada əlaqələr, diplomatik və iqtisadi münasibətlərlə əvəzləməyə çalışmağımız lazımdır.
Balasanyanla bərabər Dağlıq Qarabağda və Ermənistanda bir çoxlarına elə gəlir ki, onlar gələcəyə baxırlar, əslində isə keçmişə qayıtmağa can atırlar. Qarabağ ermənilərinin müharibədən sonrakı liderlərinin xəyallarının nə dərəcədə təhlükəli olduğunu, hansı real nəticələrə gətirib çıxara biləcəyini ən son təcrübə əsasında söyləmək mümkündür. Rusiya isə bölgəyə Ermənistanın maraqlarını qorumaq, yerli ermənilərə “Dağlıq Qarabağın pozulmuş sərhədlərini bərpa etməkdə” kömək göstərmək üçün gəlməyib. Onun özünün burada daha sanballı və əhatəli maraqları var. Aydındır ki, geosiyasi baxımdan belə maraqların mövcudluğu təbiidir və nəhəng bir dövlət qonşularını onlarla hesablaşmağa məcbur etmək üçün çeşidli mexanizm və vasitələrə malikdir. Amma biz imkan verməməliyik ki, bu mexanizm hərbi bazalardan, vasitə isə yerli münaqişələri idarə etməkdən ibarət olsun. İndən belə Azərbaycanla Ermənistan bir-birlərinə kömək durmadan yuxarıdakı məqsədə çata bilməzlər. Bu prosesə başlamağın ən yaxşı üsulu isə iki ölkənin ərazi bütövlüyünün onlar arasında dövlətlərarası münasibətlər tarixində ilk dəfə qarşılıqlı olaraq tanınmasıdır.
Mixail Qorbaçov Sovet İttifaqının dağılması, Ermənistanla Azərbaycan da daxil 14 respublikanın müstəqillik əldə etməsi ilə nəticələnən yenidənqurmaya başlayanda ABŞ-a xitabən demişdi: “Biz sizin üçün dəhşətli bir şey etməyə hazırlaşırıq. Biz sizi düşməndən məhrum etməyə hazırlaşırıq”. Bir-birini düşməndən məhrum etmək – Qafqazlarda dayanıqlı sülh yaratmağın və gələcək inkişafa yol açmağın üsulu budur.