“AZƏRBAYCAN ORDUSUNUN TAM QƏLƏBƏSİ VƏ ERMƏNİLƏR ÜÇÜN BREST MÜQAVİLƏSİ...” -Qarabağ savaşındakı qələbəmiz postsovet məkanını nədən hərəkətə gətirib?
Azərbaycan Ordusunun Vətən Müharibəsindəki şanlı qələbəsi bütün dünyada hərb tarixinə düşəcək möhtəşəm hadisə kimi qiymətləndirilir. Postsovet məkanında isə bu savaş ərazi bütövlüyü problemi olan Ukrayna, Moldova və Gürcüstan kimi ölkələr üçün nümunə olaraq göstərilir və bununla bağlı xüsusilə Rusiya mətbuatında tez-tez müzakirələr açılır. Rusiyanın məlum dairələrində eyni prosesin xüsusilə Donbasda və Dnestryanıda təkrarlanmasından qorxanların sayı getdikcə çoxalır.
Yenixeber.org: Ən çox rast gəlinən mövzulardan biri Ukraynanın son günlər Donbasda fəallaşması və bunun Azərbaycanın Qarabağdakı qələbəsindən qaynaqlandığına dair iddialardır.
Məsələn, məşhur “Nezavisimaya Qazeta” dərgisində bu gün dərc olunan əsas məqalələrdən biri “Qarabağ ssenarisi Donbasda mümkündürmü? Kiyev cəbhə xəttinə qoşun və hərbi texnikanı niyə toplayır?” başlığı ilə yayımlanıb.
Qəzet yazır ki, Azərbaycanın bu müharibədəki qələbəsi şübhəsizdir və bu fakt postsovet məkanındakı “dondurulmuş münaqişələr”in həllilə bağlı yeni presedent yarada bilər: “Azərbaycanın tam qələbəsi və ermənilər üçün Brest müqaviləsinin analoqu ilə nəticələnən Qarabağ kampaniyası belə bir sual yaratmaya bilməzdi: Bu ssenarinin postsovet məkanındakı “dondurulmuş münaqişələr”in həllində təkrarlanması mümkündürmü? Daha konkret desək, bunu Kiyev Donbasda təkrarlaya bilərmi?”
Xatırladaq ki, 1918-ci ildə bağlanmış Brest-Litovsk sülh müqaviləsi Rusiya ilə Dördlər ittifaqı - Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı arasında imzalanıb və bu müqavilə Osmanlı dövlətinin torpaq qazandığı son müqavilə olub.
Eyni zamanda, həmin müqavilə nəticəsində bolşevik Rusiyası faktiki olaraq, məğlubiyyətini etiraf edərək, xeyli ərazilərdən çəkilməli olmuşdu.
Daha sonra məqalə müəllifi hər vəchlə Kiyevin Azərbaycanın uğurunu təkrarlamasının mümkünsüzlüyünü sübut etməyə çalışır və bildirir ki, bir sıra məqamları nəzərə almaqla, Qarbağla Donbas arasında paralellər aparmaq doğru deyil: “İlk növbədə ona görə ki, hərbi əməliyyatların bərpası Rusiyanın münaqişəyə birbaşa müdaxiləsini qaçılmaz edəcək. Prezident Vladimir Putin dəfələrlə qeyd edib ki, bu, onun üçün şəxsi məsələdir və xəbərdarlıq edib – sülhü pozmaqla Ukrayna öz dövlətçiliyi üçün təhlükə yaradar. Lakin “DNR” kəşfiyyatının məlumatına görə, Ukrayna cəbhə xəttinə qoşun və hərbi texnika yığmaqla, buradakı hərbi gücünü artırır. KİV-də müdafiə naziri və hərbi qüvvələr komandanının dəyişdiriləcəyi barədə məlumatlar dərc olunur. Bu, bəzi şərhçilər tərəfindən Donbas probleminin hərbi yolla həllinə hazırlıq kontekstinə uyğun məlumat hesab olunur.”
Qəzet hesab edir ki, Ukraynanı bu problemin hərbi yolla həllinə motivasiya edən bir neçə səbəb var: “Birincisi, Qarabağ müharibəsi itirilmiş torpaqların hərbi yolla qaytarılmasının mümkünlüyünü nümayiş etdirdi. Bakının uğuru Ukraynanın hərbi-siyasi rəhbərliyini motivasiya edir.”
Müəllif bildirir ki, rəsmi Kiyev Qarabağdakı münaqişənin həllində Moskvanın rolunu nəzərə almaq istəmir: “Əsas odur ki, hədəfə çatıldı, ərazilər qaytarıldı”.
Lakin qəzetin fikrincə, Ukrayna elitası vəziyyəti düzgün təhlil etmək bacarığına malik deyil. Bununla da müəllif bir növ Ukraynanın Donbasla Qarabağ arasında paralellər aparmaqda səhv etdiyini sübut etməyə çalışır.
“Novaya Qazeta” yazır ki, Ukrayna ABŞ-da demokrat Co Baydenin prezident seçilməsindən maksimum istifadə etmək fikrindədir. Belə ki, Baydenin Rusiyaya qarşı sərt mövqeyi yeni xəbər deyil. Qəzet xatırladır ki, Bayden Obama administrasiyasında Ukrayna məsələsini kurasiya edən əsas fiqur olub və onun Kiyevə qarşı loyal, Moskvaya qarşı isə sərt mövqedə durduğu sirr deyil. Lakin müəllifin fikrincə, Baydenin bu münaqişənin yenidən alovlanmasında nə dərəcədə maraqlı olacağı hələ məlum deyil.
Nəhayət, bildirilir ki, Qarabağda olduğu kimi, Ukraynada da münaqişənin hərbi yolla həllini mümkün edən məqamlardan biri də Rusiyanın Qərbdə heç bir dəstəyə malik olmamasıdır: “Aşkar görünür ki, Rusiyanın Qərbdə müttəfiqi yoxdur. Deməli, Rusiya Ukraynadakı münaqişəyə müdaxilə edəcəyi təqdirdə, heç kəs onun tərəfini tutmayacaq. Moskva üçün pis olan odur ki, ona dayaq duracaq heç kim yoxdur.”
Müəllif bildirir ki, Ukrayna yaxın aylarda Donbas məsələsini hərbi yolla həll etməyə girişsə və Rusiya da bu məsələyə müdaxilə etsə, o zaman rəsmi Moskvanın Qərblə münasibətləri birdəfəlik və birmənalı şəkildə darmadağın olacaq. Lakin qəzetin fikrincə, bunun üçün ilk öncə Ukraynadakı müharibə tərəfdarları Vladimir Zelenskini belə bir addımın effektivliyinə inandırmalıdırlar: “Zelenski isə hakimiyyətə sülh tərəfdarı kimi gəlib”.
Göründüyü kimi, Rusiyanın aparıcı qəzetlərindən biri Qarabağdakı qələbəmizin Ukrayna və digər ölkələr üçün presedent yaratdığını qeyd etməklə yanaşı, bunun Rusiyanın maraqlarına qətiyyən uyğun olmadığına eyham vurur.
Onu da qeyd edək ki, Zelenskinin sülh tərəfdarı olduğu vurğulansa da, Ukrayna prezidentinin son zamanlar doğrudan da Donbas məsələsində aktivləşdiyi müşahidə olunur. Ötən gün prezident şəxsən Donbas bölgəsinə, cəbhə xəttinə gedərək, hərbçilərlə görüşüb və “Ukraynanın müdafiəçiləri günü” münasibətilə onları təbrik edib, həmçinin hərbçilərin cəbhədəki vəziyyətlə bağlı hesabatlarını dinləyib.
Onu da əlavə edək ki, Ukrayna Türkiyə ilə hərbi əməkdaşlığı xeyli gücləndirib və Türkiyənin “Bayraktar” PUA-larının alışı və birgə istehsalı ilə bağlı müqavilələr bağlayıb. Bu fakt da Rusiya mətbuatında ən çox müzakirə olunan və təhlükə mənbəyi hesab edilən mövzular sırasındadır.
Tam Ukraynadakı kimi olmasa da, Moldovada da işğal olunan ərazilərin qaytarılması istiqamətində canlanma müşahidə olunmaqdadır. Yeni prezident Maya Sandunun tutduğu kurs və Kişinyovda ölkənin suverenliyinin bərpasına dair siyasi çağırışların çoxalması, eləcə də Rusiyayönümlü parlamentə qarşı təzyiqlərin artması onu deməyə əsas verir ki, bu ölkədə də onillər boyu davam edən “dondurulmuş münaqişə”nin həlli istiqamətində yeni addımlar atılacağı istisna olunmur.
Bir sözlə, Rusiya, Ukrayna və hətta Qərb ölkələri KİV-lərində dərc olunan yazılar, eləcə də tanınmış politoloqların fikirləri onu deməyə əsas verir ki, Azərbaycanın Qarabağdakı hərbi-siyasi qələbəsi bir növ postsovet məkanındakı “dondurulmuş münaqişələrin əridilməsi” prosesinin başlanğıcı hesab oluna bilər.(azpolitika)
C.Məmmədov