Türkiyənin yeni strateji dəhlizə dair planları nə dərəcədə realdır? –"TURAN YOLU"NUN LEHİNƏ VƏ ƏLEYHİNƏ OLAN DƏLİLLƏR
Fehim Taştekin
“Əl-Monitor”, 04.12.2020
Dağlıq Qarabağda atəşkəsi izləmək üçün Rusiya ilə ortaq hərbi mərkəz barədə razılığa gələn Türkiyə indi müttəfiqi Azərbaycan, habelə Ermənistan arasındakı razılaşma çərçivəsində növbəti addımı – Ankaranın “strateji” adlandırdığı nəqliyyat dəhlizinin açılmasını səbirsizliklə gözləyir. Bu dəhliz Türkiyəyə böyük iqtisadi qazanclar və bölgədə daha çox təsir vəd edir.
Yenixeber.org: Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da imzalanmış müqavilədə Ermənistan zolağı ilə Azərbaycandan ayrılan və Türkiyə ilə kiçik sərhədi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin açılması nəzərdə tutulur.
Bu müddəa qeyri-müəyyən olsa da və bölgədə hamı ona rəğbəti bölüşməsə də, Ankaranın qəlbi Çinə qədər bir qapı qazanmaqdan coşğuyla doludur.
Müddəada deyilir: “Şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Ermənistan Respublikası Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verəcəkdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti nəqliyyat əlaqələrinə cavabdehdir”.
Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, bu təminat bölgədə “yeni nəqliyyat dəhlizi”ndən xəbər verir: “Azərbaycanı Türkiyə ilə əlaqələndirir. Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan, istərsə, bu dəhlizə qatıla bilər”.
Dekabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı vəzifədaşı Vladimir Putinin bu cür beştərəfli əməkdaşlıq fikrini alqışladıqlarını bildiriblər.
Doğrudur, Moskva hələ buna az maraq göstərib. Əliyevin bəyanatları ilə bağlı suala Kremlin sözçüsü Dmitri Peskov, Putin və Əliyevin bölgədəki nəqliyyat əlaqələrinin açılmasını müzakirə etdiklərini söyləyərək, əlavə şərh verməkdən imtina edib.
Bununla belə, bölgədə yeni boru kəmərləri, dəmir yolu və nəqliyyat layihələri perspektivində ölkənin Xəzər hövzəsinə, Orta Asiyada türk respublikalarına və Çinə strateji bir qapı qazanma perspektivləri üstünlük təşkil edir. Bəziləri ümid edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden administrasiyasının Rusiyaya qarşı “barışmaz siyasət”i Türkiyənin planlarını daha da gücləndirəcəkdir.
Bu arzuların əsas məqamlarını belə ümumiləşdirmək olar:
– Dəhlizdən keçən qaz kəməri Türkiyənin enerji xərclərini azalda bilər. Türkiyə İran qazının hər 1000 kubmetri üçün 490 dollar ödəyir, Naxçıvan vasitəsilə bir boru kəməri isə mavi yanacağın dəyərini 335 dollara düşürə bilər.
– Türkmənistan qazının da Türkiyəyə yolu açıla bilər.
– Naxçıvan dəhlizi, 2026-cı ildə İranla qaz müqaviləsinin yenilənməsi barədə danışıqlar aparıldıqda, Türkiyənin əlini gücləndirə bilər.
– ABŞ-ın dəstəklədiyi Transxəzər qaz kəməri layihəsi yenidən canlana bilər.
– Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün nəzərdə tutulmuş Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin gücü 2 dəfə artaraq illik 32 milyard kubmetrə çata bilər.
– Türkiyədən Naxçıvana uzanan 230 kilometrlik (143 mil) dəmir yolu – Bakı-Tiflis-Qars – İran-Əfqanıstan-Pakistan yolunu birləşdirən dəmir yolunu tamamlayaraq Türkiyəni tranzit mərkəzə çevirə bilər.
İqtidaryönlü gündəlik “Sabah” proqnozlarında daha cəsarətlidir. Dekabrın 2-də Naxçıvanla Azərbaycan arasındakı dəhliz barədə o yazıb: “…Türkiyəni Sakit Okean sahillərinə aparacaq strateji ticarət və enerji yolu açıldı. Bu, Türkiyə üçün enerji və ticarət tənliyini kökündən dəyişəcək. O, 3 milyard nəfərlik nəhəng bir bazara geniş qapıdır”.
Ancaq Türkiyənin arzuları İranın qayğılarıdır. İran illərdir Naxçıvanla Azərbaycan arasında alternativ quru yolu kimi xidmət edir, qazanc əldə edir və Bakı üzərində nüfuz qazanır. İndi İran bu təsir gücünü itirməkdən ehtiyatlanır.
İranın “Mashreqnews” onlayn jurnalının yazdığına görə, İran Naxçıvana qaz tədarükündən 15% komissiya qazanır. Eyni zamanda, türklərin Orta Asiyaya ixracatı üçün yol rolunu oynayır. Ayda orta hesabla təxminən 12 min türk yük maşını bu marşrutdan istifadə edir və İranın Türkmənistan sərhədinə 1800 kilometr (1120 mil) məsafədə gediş haqqı 800 dollara qədərdir. Bu gəlirlər indi azala bilər.
İranın gündəlik “Cavan” qəzeti yazıb ki, Türkiyə, Vaşinqtonun strategiyasına uyğun olaraq, həm İranın, həm də Rusiyanın geopolitik maraqlarını təhdid edir; deməli, Tehran “belə bir dəhlizi qəbul etməyəcək”.
Ankaranın strateji hesablamalarının üstünlüyü bir yana, Moskva və İrəvanın Ermənistan ərazisində – Zəngəzurda Naxçıvanla Azərbaycan arasında meydana gələcək 42 kilometrlik (26 mil) dəhlizə necə yanaşacağı daha aktual sualdır. İrəvan hələ də Dağlıq Qarabağda Türkiyənin dəstəklədiyi Azərbaycana məğlubiyyətinə dair konkret mövqe bildirməyib.
Amerikalı-erməni analitik Riçard Qiraqosyana görə, “Ermənistanın ərazisindən keçən belə bir dəhlizin mahiyyəti təhlükəli dərəcədə qeyri-müəyyən olaraq qalır, məsələ suverenlik, hüquqi vəziyyət və nəzarət baxımından həll olunmayıb”. Bu cür qeyri-müəyyənliklər və digər məsələlər ucbatından “birbaşa danışıqlara və gələcək razılaşmalara açıq ehtiyac” görünür.
Atəşkəs razılaşmasında həll olunmamış qalan Dağlıq Qarabağın statusu məsələsi Türkiyənin dəhliz ambisiyaları üçün əsas problemdir. Tərəflər hələ də bölgədə sülhün təmin edilməsi üçün qalıcı bir nizamlama təklifi etməyiblər. Ermənistanın belə bir razılaşma əldə olunmadan öz ərazilərindən sərbəst istifadəsinə icazə verməsini gözləmək real görünmür.
İkincisi, İrəvanla əlaqələri normallaşdırmaq Ankaranın ambisiyalarını irəliləməsi üçün ilkin şərt ola bilər. Dağlıq Qarabağda erməni işğalının sona çatması Ərdoğanın Ankara və İrəvanın 2009-cu ildə imzaladığı, lakin həyata keçirə bilmədiyi barışıq protokollarına qoyduğu şərt idi. Türkiyə-Ermənistan münasibətlərinin masadan kənarda qalması dəhliz planlarına dair hər hansı bir danışıqlarda çətinlik ola bilər.
Dağlıq Qarabağ münaqişəsinin və Türkiyə-Ermənistan əlaqələrinin həlli regional dinamikanı əsaslı şəkildə dəyişə bilər və bu, Türkiyə, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstan üçün qələbə effekti yaradır.
Bununla belə, o, Ankaranın strateji ambisiyaları ilə bölgə reallıqları arasındakı böyük boşluğu aradan qaldırmazdı.
Əvvəla, Azərbaycan, Türkmənistan və Qazaxıstan bəzi fövqəladə enerji tələbatlarını naminə boru kəmərləri üçün tam olaraq çalışmırlar. Eynilə, türk istehsalçıları Orta Asiyanın türk mallarına olan ifrat tələbatını qarşılamaq üçün nəqliyyat vasitələrində ümidsiz deyillər.
Üstəlik, Rusiya Xəzərdəki rəqib layihələrə razı olacaqmı? Rusiyanın “Qazprom”, “Transneft” və “Lukoil” kimi nəhəng enerji şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ruslar Azərbaycanın dövlət enerjisi şirkəti olan SOCAR-da və SOCAR Rusiyanın “Antipinsky” neft emalı zavodunda paya sahibdir. Rusiyada Moskvanın Türkiyəyə onsuz da çox güzəşt etdiyinə dair tənqidlər artmaqdadır. Məsələn, siyasi şərhçi Konstantin von Eggert bildirib ki, Dağlıq Qarabağdakı nəticə Moskva üçün “geosiyasi fəlakət”dir və “Türkiyə bölgədə çox əhəmiyyətli bir yer qazanıb”.
Onun sözlərinə görə, Türkiyə ilə yanaşı, İran və Çin kimi regional oyunçular da indi “Moskva ilə məsləhətləşmədən və ya Kremlin təsirlərindən qorxmadan Orta Asiyada və Cənubi Qafqazda daha da güclənməyə” cəsarətlənə bilər.
Bundan əlavə, Azərbaycanın Xəzərdəki qonşuları Avropaya enerji təchizatı üçün Rusiya boru kəmərlərindən istifadə edir və uzunmüddətli tərəfdaşlıq üçün getdikcə daha çox Çinə üz tuturlar. Avropanın enerji tələbatındakı eniş, Çinin genişmiqyaslı alış vədi ilə birlikdə, Trans-Anadolu ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Ərzurum qaz kəməri də daxil olmaqla, Türkiyədən keçən boru kəmərlərinin perspektivlərini azaldır.
Türk enerji mütəxəssisi Muhdan Sağlamın fikrincə, Türkiyənin arzuları “həddindən artıq nikbin”dir və Türkmənistanın Çinlə əlaqələrini, habelə Rusiya və İranın Xəzərdəki maraqlarını nəzərə almır: “Qaz axınının 32 milyard kubmetrə qədər arta biləcəyini deyirlər, bəs kimin qazı ilə? Azərbaycanın gücü qeyri-kafidir, Türkmənistan isə Çinlə işləyir… yəni perspektivdən məhrumdur. Bütün yollar Asiya-Sakit okean hövzəsinə aparır”.
Üstəlik, Avropanın təchizat çatışmazlığı problemi yoxdur, əksinə, tələbat azalır. “Ən yaxşı halda, Rusiyaya göndərilən yüklərin bir hissəsinin marşrutu dəyişdirilə bilər. Trans-Anadolu Qaz Boru Kəmərinə qoşulmaq üçün Türkmənistandan Azərbaycana yeni bir boru kəməri çəkilməlidir”, – deyə Muhdan Sağlam əlavə edib.
Türkmənistan və Azərbaycan arasında Transxəzər sualtı boru kəməri layihəsini canlandırmaq ümidlərinə toxunan Saglam, dəyərinin onsuz da ürəkaçan olmadığını sübut etdiyini, Türkmənistanın ümumi yanaşmasının isə “Çinlə problemsiz bir ortaqlığa sahib olmaq və Rusiya ilə qarşılaşmamaq” olduğunu söyləyib. Bundan əlavə, Türkmənistan Çinlə qaz kəmərinin tutumunun artırılmasına diqqət yetirir.
Mövcud Bakı-Tbilisi-Qars marşrutu hələ də strateji çəki qazanmadığı üçün yeni dəmir yollarına olan həvəs də şübhə altındadır. Hansı ölkələrin bu nəqliyyat əlaqələrindən və hansı məqsədlər üçün istifadə edəcəyi qaranlıq qalır. Türkiyə bu layihələri müasir İpək Yolu kontekstinə qoyduğu halda, Çinin geniş yayılmış “Bir kəmər-Bir yol” Təşəbbüsündə o, əhəmiyyətli rol oynamır.
Tərcümə: Strateq.az