Yenixeber.org: Azərbaycan və Ermənistan arasında 6 həftəlik müharibə Rusiya prezidentinin vasitəçiliyi ilə əldə olunan razılaşma ilə bitdi. Üç ölkə rəhbərinin imzaladığı sənədin ən vacib maddəsi – Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi dərhal icra olundu. Bu gün artıq İrəvandan Laçın dəhlizi və Dağlıq Qarabağdakı təmas xəttinə Rusiyanın 1960 sayda hərbi qulluqçusu, 90 zirehli texnikası, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti gətirilib. Laçın dəhlizində nəzarət postları qurulub.
Beləliklə, Rusiya Cənubi Qafqazda uzun müddətdən bəri həyata keçirməyə çalışdığı məqsədinə nail oldu. Məlumdur ki, Qarabağa göndərilən hərbi kontingent təkcə sülhməramlı missiyasını həyata keçirəcək qrup deyil, həm də Moskvanın Azərbaycanda hərbi varlığını təmin edən hərbi bazadır. Kontingentin çoxlu sayda hava hücumundan müdafiə və reaktiv atəş sistemləri, artilleriya qurğuları ilə təmin edilməsi də bu fikri təsdiq edir. Eyni zamanda, Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoyun hədə-qorxu dolu bəyanatı Kremlin sülhpərvər missiyasına dəlalət etmir. “Qarabağdakı sülhməramlılarımızın başından bir tük əskik olsa, Saakaşvilinin yuxusunda belə görmədiyi hadisələr olacaq. O vaxt Tiflisi götürmədik, amma bu dəfə başqa cür olacaq” – deyə vitse-spiker bildirib. Bu mesajın daha çox Azərbaycana ünvanladığı şübhə doğurmur.
Hələlik məlum olan odur ki, Azərbaycanın müttəfiqi Türkiyənin də prosesdə iştirakı nəzərdə tutulub. Amma türk hərbçiləri sülhməramlı missiya həyata keçirməyəcək, atəşkəsə birgə nəzarət mərkəzində iştirakçı olacaq. Bu struktur hələ formalaşdırılmayıb, tərkibi, səlahiyyətləri, fəaliyyət dairəsinin nədən ibarət olacağı məlum deyil. Dünən prezident İlham Əliyevin qəbulunda olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan və müdafiə naziri Hulusi Akarın bu barədə müzakirələr apardığı xəbər verilib. Bir gün əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində deyib ki, Türkiyə Rusiya ilə birlikdə atəşkəsə nəzarət etmək məqsədilə Azərbaycan tərəfindən müəyyən edilmiş yerdə müşahidə mərkəzi yaradacaq. Türkiyə lideri bildirib ki, bu mərkəz Azərbaycanın erməni işğalından azad etdiyi torpaqlarda qurulacaq.
Əlbəttə, Azərbaycanın milli maraqları Türkiyənin Rusiya ilə birgə sülhməramlı missiya həyata keçirməsini diktə edirdi. Yəqin danışıqlarda Bakı Ankara ilə bərabər buna nail olmaq üçün cəhdlər göstərib, amma Rusiyanın mövqeyi dəyişməyib. Əldə olunan nəticə atəşkəsə nəzarət mexanizmində Rusiya ilə birgə təmsilçilikdən ibarətdir.
Altı həftəlik müharibənin əsas nəticələrindən biri Türkiyənin Cənubi Qafqazda hərbi-siyasi varlığının möhkəmlənməsidir. Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, müasir hərbi sistemlərlə təchizi, habelə F-16 hərbi təyyarələrinin, məhdud hərbi kontingentin Azərbaycanda saxlanması bu istiqamətdə görülən işlərdir. Hər iki ölkənin liderləri bildirmişdilər ki, Azərbaycana kənardan xarici müdaxilə təhlükəsi yaranarsa, Türkiyə də hərbi müdaxilə edəcək. Ötən həftə prezident İlham Əliyev iki ölkə arasındakı hərbi müqavilənin qarşılıqlı hərbi yardım göstərməyi nəzərdə tutduğunu demişdi.
Proseslərin gedişi onu göstərir ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq yüksələn xətt üzrə davam etdiriləcək. Bu məqsədlə Bakıda, Naxçıvanda və ölkənin qərb sərhədlərində təlim mərkəzlərinin qurulması mümkündür. Türkiyə artıq Qətərdə və Liviyada belə təcrübəyə sahibdir. Azərbaycan ordusunun təkmilləşdirilməsi, arsenalının yenilənməsi üçün yeni proqramlar da icra oluna bilər.
Rusiya qoşunlarının Qarabağa gətirilməsi Türkiyənin Azərbaycanda hərbi varlığını daha gücləndirməsini zəruri edir. Mümkündür ki, müttəfiq ölkənin silahlı qüvvələrinin işğaldan azad olunmuş bölgələrdə, habelə İran və Ermənistan sərhədinə yaxın ərazilərdə müəyyən bir statusla yerləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılsın. Çünki Rusiya sülhməramlılarının Gürcüstanda və Moldovadakı pis təcrübəsi Bakını əlavə tədbirlər görməyə vadar edir. Azərbaycanın Rusiyanın gələcəkdə mümkün eskalasiyasını önləmək üçün başqa alternativi yoxdur. Yalnız Türkiyənin ölkədəki hərbi mövcudluğunu gücləndirib, risklərdən sığortalanmaq mümkündür.(pressklub)
Turqut