Erməni fürerin kapitulyasiyası, Makronun biabirçılığı: Dərviş bu dəfə Parisi deyil, İrəvanı “partlatdı”
Minsk Qrupu həmsədrlərinin 30 il ərzində nizamlaya bilmədiyi problemi Azərbaycan Ordusu cəmisi 30+14 günə həll etdi... Ermənistan baş naziri Nikol Paşinyan təxminən Adolf Hitlerin taleyini təkrarladı... Türkiyə-Rusiya ortaqlığı həlledici faktora çevrildi...
Yenixeber.org: Ermənistan kapitulyasiya sənədinə imza atdı. Həm də faşist Almaniyasının başına gələn biabırçılığa bənzər durumla üzləşdi. Belə ki, Almaniyanın füreri də kaptulyasıya sənədinə hamının gözü qarşısında imza atmaq istəməmişdi. Və intihar etmişdi, onun əvəzinə generalları təslimçi sənədi imzalamışdılar.
Ermənistanın füreri Nikol Paşinyan da bir qədər fərqli də olsa, təxminən oxşar situasiya ilə biabırçılığı yaşamalı oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putinlə birlikdə videobağlantı şəraitində kapitulyasiya sənədini imzalamaqdan imtina etdi.
Ancaq təbii ki, intihar etmədi. “İdeoloji ata”sı Adolf Hitlerdə olan cəsarəti özündə tapa bilmədi. Sadəcə, belə bir tarixi biabırçılığa məruz qaldığının video sənədinin olmasının qarşısını almaqla kifayətləndi. Nəticədə əslində, daha böyük aşağılanmaya məruz qaldı.
Məsələ ondadır ki, Çünki Rusiyanın İrəvandakı səfiri qoltuğunda qovluqla N.Paşinyanın iş otağına girdi, kapitulyasıya sənədini onun qarşısına atdı. N.Paşinyan da sakitcə imzaladı, səfir də nəsə bir şey demədən, tələsmədən sənədi yenidən qovluğuna qoydu, üzünü çevirib, asta addımlarla otağı tərk etdi.
Böyük biabırçılıqdır. Ermənistan və erməni toplumu uzun müddət bu biabırçılığın yaratdığı natamamlıq kompleksindən xilas ola bilməyəcək. Özgüvənləri son 30 il ərzində ən yüksək səviyyədə olan, ordularının məğlubedilməzliyi ilə bağlı əfsanələr uyduran erməni toplumu hazırda dərin ruh düşkünlüyü içərisindədir. Və zaman keçdikcə, qondarma dövlətlərinun də çökməsindən qaynaqlanan bu durum daha da dərinləşəcək, onlar tədricən acizləşərək, vəziyyətlə barışmalı olacaqlar.
Ortada böyük bir sarsıntı və mənəvi-psixoloji dağıntı var. Son 30 ildə işğal altında saxladıqları ərazilər Azərbaycan ordusu tərəfindən cəmisi 30+14 gün ərzində geri alınıb. Vərdiş elədikləri beynəlxalq dəstəkdən tam məhrum olublar və demək olar ki, bütün dünyada təklənmiş vəziyyətə düşüblər.
Azərbaycan dövlət, ordusu və xalqı isə tarixi qələbə qazanıb. Həm də 30 il davam edən, durmadan axan bir zamanı böyük fədakarlıq və əzmlı vuruşaraq, durdurmağı bacarıb. Zamanı yenidən – sıfırdan başlatmağa, həm də artıq Azərbaycanın xeyrinə işlətməyə nail olub.
Azərbaycan həm savaş meydanında, həm də diplomatiya masasında cəmisi bir neçə ay əvvəl sadəcə, xəyalları süstləyə biləcək bir zəfər qazanıb. Belə ki, rəsmi Bakı münaqişənin həllini əvvəl savaş meydanına daşıdı. Kənar müdaxilənin qarşısına qətiyyətlə sədd çəkdi. Savaşda mütləq qalibiyyətə nail olduqdan sonra isə “diplomatik müzakirə qapısı”nı bir qədər araladı.
Məsələ ondadır ki, rəsmi Bakının səyləri sayəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini son 30 il ərzində əngəlləmiş ATƏT-in Minsk Qrupu həmsədrlərini (ABŞ, Fransa və Rusiya) oyundan kənar vəziyyətə salındı. Onların savaşın inkişaf istiqamətlərinə və mümkün nəzticələrinə müdaxilə imkanlarını məhdudlaşdırdı.
Ancaq rəsmi hərbi zəfər qazandığına əmin olduqdan sonra müzakirələrə həmsədr ölkələrdən yalnız Rusiyanın daxil olmasına imkan yaratdı. Bununla belə, Rusiyanın sülhyaratma missiyasını Türkiyənin prosesdə birbaşa iştirakı ilə balanslaşdırdı. Nəticədə münaqişənin taleyinin həlli Ermənistana daha yaxın münasibət göstərməklə diqqəti çəkən ABŞ və Fransanın nəzarətindən çıxarıldı. Bu ölkələrin kənara itələnməsiylə Türkiyə və Rusiyanın siyasi iradəsi ön plana keçirilmiş oldu.
Nəticədə 30 illik Minsk Qrupu artıq yoxdur. İndi münaqişə tərəfləri arasında sülhyaratma prosesi Türkiyə və Rusiyanın ortaq fəaliyyətinin nəzarətinə keçib. Və bu durum yaxın 5 il ərzində dəyişməyəcək.
Çünki yaxın 5 il ərazində münaqişə regionunun bəlli bölgələrində Türkiyə və Rusiya sülhməramlıları yerləşdiriləcək. Əslində, Rusiyanın sülhməramlıları artıq bölgəyə göndərilib. Türkiyə sülhməramlılarının məsələsi isə hazırda rəsmi Ankara və Kreml arasında müzakirə mövzudur, tezliklə qəti qərarın qəbul ediləcəyi gözlənilir. Hətta Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov son açıqlamasında Türkiyə sülhməramlılarının yaxın vaxtlarda münaqişə bölgəsinə yeridilə biləcəyini qətiyyən istisna etməyib.
Göründüyü kimi, 30 illik münaqişə artıq özünün yekun mərhələsinə qədəm qoyub. Ən əsasısa hazırda bu prosesdə Ermənistanın “böyük bacı”sı hesab edilən Fransanın iştirakı olmadan davam etdirilir. Və bu, olduqca doğru qərardır.
Məsələ ondadır ki, Fransa və bu dövlətin prezidenti Emmanuel Makron Ermənistana tərəfkeşlik etdiyini, vasitəçilik missiyasının şərtlərini ən kobud şəkildə pozduğunu qətiyyən gizlədə bilmirdi. Hətta bəzi hallarda bunu gizlətməyə ehtiyac belə, duymurdu. Prezident E.Makronun vasitəçilik missiyasına sadəcə, Ermənistanın maraqlarının qeyd-şərtsiz dəstəklənməsi daxil olurdu.
Bəzi hallardasa, E.Makron demək olar ki, erməni fürerin direktivləri əsasında davranırdı. Belə ki, N.Paşinyan münaqişə bölgəsində Yaxın Şərqdən gətirilmiş terrorçuların olması barədə sərsəm iddiaları ortaya atırdı. E.Makron isə bu sərsəm iddiaları N.Paşinyanın ağzından alıb, dərhal olduğu kimi təkrarlayırdı.
Buna misal kimi, E.Makronun Baltikyanı regiona səfəri zamanı səsləndirdiyi sərsəmləmələri göstərmək olar. Belə ki, bu səfərdə əsas məqsədi Belarusdan qaçmış müxalifət liderinin dəstəklənməsi olsa da, E.Makron heç kimi sual vermədiyi halda, erməni fürerin suriyalı terrorçularla bağlı sərsəm iddialarını eynilə təkrarlamışdı.
Halbuki E.Makronun həmin açıqlamalarından artıq bir aya yaxın vaxt keçib, ancaq hələ də onun dediklərinin sübutu ola biləcək hər hansı fakt ortaya çıxarılmayıb. Bu isə nüfuzlu bir dövlətin başçısı üçün yolverilməz səhvdir. Çünki doğruluğu sübut olunmamış sərsəm iddialara ortaqlıq etmək nüfuzlu dövlətin tərəfsizlik imicinə sarsıdıcı zərbə vurur.
Amma E.Makronun erməni sevgisinin qaynağı çox keçmədən ortaya çıxdı. Belə ki, onun vaxtilə Fransada bir erməninin toy məclisində Ermənistanın füreri N.Paşinyan ilə qol-boyun halay çəkdiyi məlum oldu. Sən demə, N.Paşinyanla qol-boyun halay çəkmək E.Makronun o qədər xoşuna gəlibmiş ki, dərhal ermənilərin ən böyük təəssübkeşinə çevrilməkdən özünü saxlaya bilməyib.
Ancaq E.Makron erməni təəssübkeşliyi üçün tamamilə yanlış məkan seçmişdi. Çünki Azərbaycan torpaqları E.Makron və ya digər onun kimi qeyri-ciddi siyasətçilər üçün öz təəssübkeşlik ehtiraslarını təmin edəcək məkan deyil. E.Makron erməniləri belə çox sevirsə, Fransanın ermənilərin kompakt yaşadığı şəhərlərdən birini erməni krallığı elan edə bilər.
Ancaq artıq E.Makronun əcaib və yersiz təəssübkeşliyi də Ermənistana bir fayda verə bilməz. Çünki məsələ fəqrli məzmunda həll olunub, hər şey bitib. Və bu prosesdə iştirak edən dövlətlərin arasında Fransa adlı dövlət artıq yoxdur. İndi prosesin hecə getdiyinə E.Makron sadəcə, müzakirələrin aparıldığı otağın pəncərəsindən baxa bilər.
Hazırda bu proses Türkiyə və Rusiyanın vasitəçilik missiyası ilə böyük uğurla və sürətlə davam edir. Belə anlaşılır ki, vaxtilə bizim “dərviş Parisi partlatdığı” kimi, Rusiya və Türkiyənin ortaqlığı da E.Makronun erməni sevgisi ilə yüklənmiş vasitəçilik missiyasını darmadağın etdi. Bu, E.Makron üçün böyük siyasi biabırçılıq anlamına gəlir.
Ancaq bizim “dərviş” də dinc durmur. Hətta bu dəfə o qədər də uzağa getməyə həvəs göstərməyib. Elə ən yaxınlıqdakı İrəvanı “partladıb”.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert