Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Paşinyanın ritorikası niyə dəyişir?-ŞƏRH

 

        Döyüş meydanında uduzan Ermənistan siyasi-diplomatik müstəvidə də çətinliyə düşüb

Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyanın “Ermənistan və Dağlıq Qarabağ Azərbaycan güzəştə getməyə hazır olduğu qədər güzəştlərə hazırdır” bəyanatı geniş rezonans doğurdu. Cəbhədə Ermənistan ordusunun hər gün mövqelərini itirdiyi bir vaxtda bu açıqlama fərqli yozumlara səbəb oldu. Bunu Ermənistanın geri çəkilməsi kimi qiymətləndirənlər də var, vaxt qazanmaq üçün taktiki gediş sayanlar da. Təbii ki, döyüşlərin qızğın vaxtında Ermənistan rəhbərliyinin belə bir açıqlama verməsi təsadüf deyil, konkret məqsədlərə istiqamətlənib. Onları şərh etməzdən əvvəl son iki gündə baş verən əsas hadisələrə diqqət yetirək.

-BMT-nin baş katibi növbəti dəfə Azərbaycana və Ermənistana müraciət edərək döyüşləri dayandırmağa, dinc əhalini hədəfə almamağa çağırdı;

-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya ölkələrinə müraciətində bir daha Azərbaycanın haqlı mövqeyini dəstəkləməyin vacibliyi qeyd olundu;

-Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi ilə görüşündə Qarabağ problemini geniş müzakirə etdi;

-Çavuşoğlu Brüsseldən Bakıya gəldi və Azərbaycan prezidenti, xarici işlər naziri ilə görüşdü;

-Azərbaycanın müdafiə naziri Zakir Həsənov ordu rəhbərliyi ilə döyüş şəraitini müzakirə edib, hərbi əməliyyatları davam etdirməyi tapşırdı;

-İran prezidenti Həsən Ruhanı prezident İlham Əliyevə telefon açaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etdi;

– Rusiya prezidentinin Paşinyanın telefon zənginə çavab vermədiyini əks etdirən videomaterial yayıldı. Putinin köməkçisi Peskov isə Ermənistana xitabən “indiki vəziyyətdə daha aktiv addımlar təsəvvür etmək çətindir” dedi.

-Nəhayət, Rusiya prezidenti Putin müharibənin Ermənistan ərazisində getmədiyini söyləyərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsindəki razılaşmaların hazırkı vəziyyətdə keçərli olmadığını bildirdi. Yəni Rusiya Qarabağdakı hərbi əməliyyatlara müdaxilə etməyəcək.

Hadisələrin xronologiyası göstərir ki, hərb cəbhəsində olduğu kimi, diplomatik və siyasi müstəvidə də Ermənistan çətin vəziyyətə düşüb. Rusiya neytrallığını saxlamaqla bərabər, erməni cəmiyyətinə Paşinyanla əməkdaşlıqda maraqlı olmadığı mesajını ötürür. Müharibənin 8-ci gününə qədər səssiz qalmağa üstünlük verən İran İslam Respublikasının rəhbərliyi də Azərbaycana dəstək ifadə etməyə məcbur oldu. Bu açıqlama Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bır sıra kəndlərini azad etməklə İranla sərhəd xəttininin bir hissəsini işğaldan qurtardığı dövrə təsadüf edir.

Həmin gün NATO baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edən Türkiyə xarici işlər nazirinin görüşdən sonra verdiyi açıqlama diqqət çəkdi: “Azərbaycan öz torpaqlarını geri almaq üçün mübarizə aparır. Həm Türkiyə, həm də Qərb ölkələri olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Hər kəsin Ermənistana bu əraziləri tərk etməsi barədə çağırış etməsi lazımdır. Bu ixtilaf 30 ildir davam edir. Ermənistan işğalın dadını çıxarır. Kimdən cəsarət alırsa, Azərbaycana hücum edir. Hər kəs haqlının yanında olmalıdır”.

Brüsseldən Bakıya uçan Çavuşoğlunun Azərbaycanda verdiyi “lazım gələrsə, iki dövlət-tək millətdən bir dövlət olarıq”açıqlaması kifayət qədər qədər ciddi mesajdır. Türkiyə NATO dövlətidir, təşkilatdaxili məsləhətləşmələrdən sonra nazirin Azərbaycana tam dəstək ifadə etməsi şübhəsiz ki, Ermənistan rəhbərliyini narahat edib. Çavuşoğlu atəşkəsin əleyhinə olduğunu bildirib:

“30 ildir eyni çağırışlar var. İşğalçı ilə Azərbaycanı eyni səviyyədə tuturlar. Belə getməyəcəyini bütün dünya anlamalıdır. Biz bu məsələnin sülh yolu ilə həll olunması üçün bütün cəhdləri etdik. Bu, həlli dondurulmuş bir ixtilaf idi. Bu problemin qısa bir zamanda həlli mümkündürmü? Bəli, Ermənistan geri çəkilsə, mümkündür. Məsələnin kökündən həlli üçün Ermənistan Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın işğal altında olan torpaqlarından çıxması ilə bağlı konkret addım atmalıdır”.

Çavuşoğlu daha sonra prezident İlham Əliyevlə görüşdə deyib:

“Azərbaycan xalqına dəstəyimi göstərmək üçün bu gün Bakıya gəldim. Prezident Rəcəb Tayyib Ərdoğanın salamını sizə çatdırıram. Biz Azərbaycanla kədərdə də, sevincdə də bir olacağıq”.

Bakıda keçirilən Türkiyə-Azərbaycan məsləhətləşmələrindən sonra müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xüsusi xidməti müşavirədən verilən açıqlamada deyilir: “Müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb”.

Beləliklə, Nikol Paşinyanın güzəştlər barədə açıqlamasının İrəvan üçün yaranmış çətin diplomatik-siyasi vəziyyətdən qaynaqlandığı aydın olur. Yaxın günlərdə bu tip açıqlamaların konkret məzmun kəsb edəcəyi gözləniləndir. Cəbhədə, beynəlxalq müstəvidə və ölkə daxilində sıxışdırılan Ermənistan hakimiyyətinin alternativ variantları tükənmək üzrədir. Prosesin sürətlənməsi Azərbaycan Ordusunun yeni uğurlarından da asılıdır. Hazırda cəbhədən gələn xəbərlərin Azərbaycan üçün nikbin olması da Paşinyanın ritorikasının dəyişməyə davam edəcəyini göstərir. Gözləyək…(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam