Ermənilərin yəhudi gedişi: Rusiya Qafqazı tərk edir, Ermənistan yeni ağa axtarışında...
2008-ci ilin 17 fevralında Kosovo Serbiyadan ayrılaraq, müstəqilliyini elan etdi. ABŞ və Avropa Birliyinin israrı və xeyir-duası ilə Avropanın göbəyində balaca müsəlman dövləti yarandı.
Yenixeber.org: Sirr deyil ki, Rusiya Balkan yarımadasında Osmanlı İmperiyasına və digər Avropa güclərinə qarşı müharibələrdə məhz serblərə “stavka” edib. 5 əsrdən çox Osmanlı imperiyasının nəzarətində olan bu ərazi 1912-ci ildə Rusiyanın müdaxiləsi ilə Serbiyaya verildi.
Qərb, Rusiyanın Balkanlara girişini bir dəfəlik qapatmaq üçün Serbiyanın parçalanmasına qərar verdi. Təbii ki, Rusiya Kosovo dövlətinin müstəqilliyini tanımadı. Ümumiyyətlə, hələ də Kosovo mübahisəli məsələdir. İndiyə qədər BMT üzvü olan 113 ölkə Kosovo dövlətinin müstəqilliyini tanıyıb, bir müddət sonra isə 15 ölkə öz qərarından imtina edib. Hazırda 98 ölkə tərəfindən Kosovo müstəqil dövlət kimi qəbul olunur.
Serbiya isə bu bölgəni öz daxilində Kosovo və Metohiya muxtar vilayəti sayır.
Dağlıq Qarabağı və ətraf rayonları işğal etmiş Ermənistan üçün Kosovo göydəndüşmə bir hadisə oldu. Çünki yeni bir presedent yarandı. Avropanın mərkəzində suveren bir ölkənin ərazi bütövlüyü pozuldu. Bu olaya ən çox sevinən ölkə Ermənistan oldu.
Çünki bu presedent Ermənistana Azərbaycanın parçalanması üçün hüquqi əsas verirdi. Buna baxmayaraq, Ermənistan Kosovonun müstəqilliyini tanıyan ölkələr sırasında yoxdur. Səbəb də bəllidir. Rusiya buna imkan vermədi.
Ermənistan respublikasının üçüncü prezidenti Serj Sarkisyan (2008-2018) 2008-ci ilin martında ehtiyatla belə bir bəyanat verdi ki, Ermənistan Kosovonun müstəqilliyini tanıya bilər və bu, Ermənistan-Rusiya münasibətlərinə hər hansı gərginlik yaratmaz. Ancaq nəticədə Ermənistan 2008-ci ildə Rusiyanın
Gürcüstandan zorla qopardığı və müstəqil dövlət kimi tanıdığı Abxaziya və Cənubi Osetiyanın da müstəqilliyini tanımaqdan imtina etdi. Bununla bağlı Serj Sərkisyanın belə bir açıqlaması var: “Bəziləri təəccüb edir ki, nədən Ermənistan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. Biz elə eyni səbəbdən də Kosovonun müstəqilliyin tanımamışdıq. Ermənistan Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub, Ermənistan Dağlıq Qarabağ Respublikasını tanımadan hər hansı etnik zəmində yaranmış ölkəni tanıya bilməz. Belə ölkələrin tanınması üçün bir az zamana ehtiyac var”.
Başqa bir çıxışında isə Serj Sərkisyan prosesi belə dəyərləndirmişdi: “Kosovoda xalqın öz müqəddəratını təyin etmək hüququ əsas götürülmüşdü. Rusiya Abxaziya və Cənubi Osetiyanı məhz bu prinsipdən çıxış edərək tanımışdı. Ancaq Rusiyanın bu addımı xoş qarşılanmadı”.
Ermənistan Kosovonun timsalında ortaya çıxmış fürsətdən yararlanmaq üçün xeyli çalışdı, ancaq istəyinə nail ola bilmədi.
İndi isə ortaya yeni bir fürsət çıxıb. Hər halda,Ermənistanın siyasi elitası belə hesab edir.
Bəs, bu fürsət nədən ibarətdir?
2020-ci ilin yanvarında ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrail-Fələstin qarşıdurmasına son qoyacaq və “Əsrin razılaşması” adını alan sülh planını İsrail lideri Benyamin Netanyahu ilə birlikdə təqdim etdi. 2017-ci ildən üzərində hazırlıq gedən sülh planını Trampın yəhudi əsilli kürəkəni Cared Kuşner yaxın ətrafı ilə birlikdə hazırlayıb.
İsrail baş naziri Benyamin Netanyahu Trampın planını sülh üçün ən real imkan saysa da, Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas planı qəbuledilməz adlandırdı. Tramp isə tərtib etdiyi təşəbbüsün fələstinlilərə dövlət qurmaq üçün son şans hesab etdiyini bildirdi. 72 ildir ki, davam edən İsrail-Fələstin münaqişəsinə son qoymağa hesablanmış bu plan ABŞ və İsraildən başqa bütün ölkələr tərəfindən rədd edildi.
İranın dini lideri Ayətullah Xamneyi,- "sözügedən layihə Tramp ölməmişdən öncə öləcək",- dedi. Mahmud Abbas və Rəcəb Tayyib Ərdoğan bu planı İsrail tərəfindən işğal edilmiş Fələstin ərazilərin qanununla rəsmiləşdirilməsi cəhdi kimi dəyərləndirdi. Ərəb Dövlətləri Liqası bütövlükdə Fələstin dövlətinə dəstəyini ifadə etdi. Bildirdi ki, 1967-ci ildə müəyyən edilmiş sərhədlər çərçivəsində-Şərqi Qüds paytaxt olmaq şərti ilə Fələstin dövləti qurulmalıdır. Avropa Birliyi isə bəyan etdi ki, ABŞ prezidentinin təqdim etdiyi “Əsrin müqaviləsi” beynəlxalq səviyyədə razılaşdırılmış parametrlərə uyğun gəlmir.
Ən maraqlısı isə odur ki, Donald Trampın bu planı Ermənistanda aşırı rəğbətlə qarşılanıb. Bədnam qonşumuz bu rəğbəti açıb-ağarda bilmir. Ən azı ona görə ki, Rusiya da bu plana etiraz edənlər sırasında yer alır.
Ancaq erməni analitiklər bildirirlər ki, Donald Trampın planında Ermənistan üçün cazibədar olan əsas məqam onunla bağlıdır ki, İsrail işğal etdiyi ərazilərdə məskunlaşma siyasəti aparıb və həmin ərazilərə 400 min yəhudi yerləşdirilib. Təqdim olunan plana əsasən, həmin yaşayış məntəqələri İsrail ərazisi elan olunur. Halbuki, BMT-nin onlarla qətnaməsi var. Həmin sənədlərdə dönə-dönə vurğulanır ki, altı günlük müharibə zamanı İsrailin işğal etdiyi ərazilər, o cümlədən, Şərqi Qüds fələstinlilərə qaytarılmalıdır. Bu işğal beynəlxalq qanunlara ziddir. Sonuncu dəfə BMT 2016-cı ilin dekabrında (2334 saylı) bu səpkili qətnamə qəbul edib. Bütün bunlara baxmayaraq, İsrail işğal etdiyi ərazilərdə məskunlaşma siyasəti aparıb. Düşünüb ki, tez və ya gec dünya bu məskunlaşma siyasəti ilə razılaşmaq zorunda qalacaq. Çünki həyatın reallığı bunu tələb edir.
Erməni analitiklər yazır ki, İsrail İordan çayının Qərb sahilində məskunlaşma siyasətini aparmaqla yanaşı, ordu quruculuğunda da ciddi uğurlar əldə edib. Bölgənin ən güclü ordusu məhz İsrailə məxsusdur. Bu amil qonşu ərəb ölkələrini bu münaqişəyə müdaxilə etməkdən çəkindirir. İsrailin ABŞ kimi super-güclə strateji müttəfiq olması da düşmənlərini onunla daha ehtiyatlı davranmağa vadar edir.
Ermənilərin yanaşmasına görə, Fələstində olduğu kimi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə aktiv şəkildə cəlb olunublar. Atəşkəs elan edildikdən sonra 1994-cü ildə ATƏT-ın Minsk qrupu (Rusiya, ABŞ, Fransa) yaradıldı. Bu qrup münaqişənin dalana dirənmiş həllini tapmaq üçün müxtəlif təkliflər irəli sürdü. Təfərrüata varmadan sadəcə onu deyək ki, bütün təkliflərdə hazırda Dağlıq Qarabağ ordusunun nəzarət etdiyi ərazilərin önəmli bir hissəsinin Azərbaycana qaytarılması nəzərdə tutulur. Ermənistan rəhbərliyi təklif olunan bu yolla getməyə 3 dəfə meylləndi: 1997-ci ildə münaqişənin mərhələli həlli, 2001-ci ilin yazında ABŞ-ın Key Vest şəhərində, 2011-ci ilin iyununda isə Qazan şəhərindəki görüşləri bu sıraya daxil etmək olar. Ancaq indiyə qədər heç bir anlaşma əldə olunmayıb.
Erməni tərəfi hesab edir ki, bu kimi təkliflər həm Ermənistanda, həm də Qarabağda böyük çoxluq tərəfindən mənfi qarşılanır: “İsrailin səsləndirdiyi arqumentləri ermənilər də dilə gətirirlər. Hər hansı bir ərazi itkisi Qarabağın müdafiə sistemini zəiflədəcək. Bu isə heç bir halda məqbul sayıla bilməz. Yəhudilərlə ermənilərin daha bir oxşarlığı var: erməni soyqırımı amili. Bu amil də təhlükəsizliyi erməni əhalisi üçün prioritetə çevirir.
2016-cı ilin aprelində baş vermiş dörd günlük müharibə ermənilərin beynəlxalq təşkilatların verdiyi qarantiyaya inamını sarsıtdı. Bir daha aydın oldu ki, ən etibarlı qarantiya güclü milli ordunun olmasından keçir”,-deyə erməni ekspertlər bildirilər.
Erməni ekspertlər hesab edir ki, Azərbaycanla Ermənistan arasında qüvvələr balansı son illərdə xeyli dəyişib: “ Neft bumundan dolayı 2006-cı ildə Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yüksəliş oldu. Ancaq neft ixracının ən qızğın dövrü çoxdan arxada qalıb. 2014-cü ildə neftin qiyməti kəskin şəkildə aşağı düşdü, Azərbaycan ciddi itkilərlə üzləşdi. 2015-ci ildə Azərbaycan iqtisadiyyatı kəskin şəkildə gerilədi. Neftin qiymətindəki enişdən sonra Azərbaycan hələ də özünə gələ bilməyib. Ermənistanda isə iqtisadi yüksəliş müşahidə olunur: ÜDM 2017-ci ildə 7.5 %, 2018-ci ildə 5.2 % və 2019-cü ildə 7.5 % artım qeydə alınıb. Belə bir məntiqli sual ortaya çıxır: Əgər Ermənistan və Qarabağ Azərbaycan daha güclü olduqda ona qarşı dayana bilibsə, zəiflədiyi bir vaxtda nədən ona güzəştə getsin ki? Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında iqtisadi güc fərqi getdikcə azalır”.
Əlbəttə, erməni tərəfi öz arzularını reallıq kimi sırımağa çalışır. Zaman-zaman ermənilər özləri də etiraf edib ki, Azərbaycanın sadəcə hərbi büdcəsi, Ermənistanın dövlət büdcəsindən çoxdur.
Bəs, Ermənistan və Qarabağ cənab Trampın Fələstin-İsrail münaqişəsinə yanaşmasından necə yararlana bilər? Erməni ekspertlər bu suala aşağıdakı kimi cavab verirlər:
“Birincisi, Trampın planı Ermənistan və Qarabağa yeni stimul verir. Dağlıq Qarabağın nəzarətində olan ərazilərin məskunlaşdırılması gələcəkdə ərazi itkilərindən sığortalanmağa şərait yaradır. Belə ki, ələ keçirilmiş ərazilərdə məskunlaşma prosesi güclənsə, beynəlxalq təşkilatlar nə vaxtsa reallıqla barışacaqlar və yerli əhalinin maraqlarını nəzərə almaq zorunda qalacaqlar. Beynəlxalq anti-bohran qrupunun 2019-cü ilin dekabrına olan hesablamasına görə, Azərbaycana qaytarılması nəzərdə tutulan mübahisəli ərazidə cəmi 17 min nəfər yaşayır. Bu isə o deməkdir ki, məskunlaşdırma siyasəti o qədər də effektli şəkildə həyata keçirilməyib”.
Bir daha qeyd edim ki, bunu erməni ekspertlər yazırlar.
Erməni mətbuatı dönə-dənə yazır ki, Dağlıq Qarabağda 150-151 min arası əhali var. Əminliklə demək olar ki, Dağlıq Qarabağın ərazisindən kənardakı rayonlarda məskunlaşan 17 min nəfər də həmin siyahıya daxildir. Bizim bəxtimiz onda gətirib ki, yəhudilərdən fərqli olaraq ermənilərin işğal olunan əraziləri məskunlaşdırmaq üçün əhalisi yoxdur. Heç fəlakət içində olan Livan erməniləri belə Dağlıq Qarabağda yaşamağa maraq göstərmirlər. Ermənistanın dövlət olaraq məskunlaşdırma siyasəti aparmaq üçün maliyyə imkanları da yox səviyyəsindədir.
Aşağıda ikinci və üçüncü yarımbaşlığı ilə təqdim etdiyimiz fikirlər də ermənilərə məxsusdur:
İkincisi, əgər Ermənistan və Qarabağ Azərbaycan tərəfindən mütəmadi olaraq hərbi şantajla üzləşmək istəmirsə, ona güclü ordu lazımdır. Yerevan və Stepanaker o fikirdədir ki, onlar demək olar ki, bu məqsədə nail olublar. Bu yaxınlarda alınmış (Rusiyadan) “İsgəndər” operativ-taktiki raketləri və “Su-30” qırıcı təyyarələri qarşı tərəfi hərəkətə keçməkdən çəkindirir. Ermənistana stabil iqtisadi inkişaf lazımdır. Yalnız iqtisadi cəhətdən güclü ölkə güclü ordu saxlaya bilər.
Üçüncüsü, İsraildən öyrənəcəyimiz ən önəmli məqam ona bağlıdır ki, əgər qarşı tərəf güc baxımından (Azərbaycan və Türkiyə) səndən üstündürsə, sənə güclü strateji tərəfdaş lazımdır. Həmin dövlət bizim regionda açar oyunçu olmalıdır. Hazırda Ermənistanla Rusiya arasında olan ittifaq İrəvana təhlükəsizlik qarantiyası verir. Buna baxmayaraq, ehtiyat variantlar üzərində də işləmək lazımdır. Rusiya Cənubi Qafqazdan çəkiləcəyi təqdirdə pis vəziyyətə düşməmək üçün bu barədə indidən düşünmək gərəkir.
Gördüyünüz kimi, Ermənistan Rusiyanın nə vaxtsa Cənubi Qafqazdan çəkiləcəyi ehtimalını xeyli real hesab edir və bəri başdan həmin situasiyaya hazırlaşmaq üçün axtarışdadır.
O da aydındır ki, Kosovo presedentində olduğu kimi, Ermənistan yeritdiyi işğalçılıq siyasətinə bəraət qazandırmaq üçün İsrail-Fələstin münaqişəsindən də yararlana bilməyəcək.
Elbəyi Həsənli, Sürix