Sabiq nazirdən həmkarlarına ağır ittiham
Azərbaycanın keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifov ölkənin tanınmış iqtisadçılarına qarşı ağır ittihamlar irəli sürüb.
"Xeberinfo.com": O, “Yalançı rəqəmlərlə oynayan “ekspertlər” kimi aldadır?” adlı yazı ilə çıxış edərək iqtisadçı ekspertlərin son günlər verdiyi açıqlamaların kökündən yanlış olduğunu qeyd edib.
Həmin yazını təqdim edirik:
“Artıq ikinci aydır ki, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi fəaliyyət göstərir. Bu müddət ərzində ölkədə baş verən iqtisadi proseslərə, dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi, büdcə - vergi və digər iqtisadi, maliyyə məsələlərinə dəfələrlə münasibət bildirib, müxtəlif təkliflər irəli sürmüşük. Bu yazıda isə son 1 aydan artıq vaxt ərzində apardığımız bir müşahidənin nəticələrini hörmətli oxucularımızla bölüşmək istəyindəyik.
Apardığımız müşahidələr onu göstərir ki, iqtisadi mövzuda yazan və danışanların əksəriyyəti praktik olaraq faktları dərindən araşdırmırlar və apardıqları “araşdırmanın nəticələrini” sonda cəmiyyətə “şok effektlə” təqdim etməyə cəhd edirlər. İqtisadi məsələləri dərindən bilməyən və onları kifayət qədər təhlil etmək imkanları olmayan oxucu kütləsinə hesablanmış bu hay-küy, onu qaldıranları əslində “öz məqsədlərinə” çatdırmış olur. Keçən ilin dekabr ayının əvvələrində ölkəyə idxalın həcmi ilə bağlı mətbuatda gedən və ciddi yanlışlığa yol verilən bir yazıya münasibət bildirmişdik. Qarşı tərəf sorğumuza çox formal münasibət bildirsə də əsas suala cavabdan yayındı. Sual isə belə idi: “Nə üçün idxalla bağlı Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərini təhrif edirsiniz?” Təbii ki, belə sulın cavabı yoxdur. Çünkü müəllifin yazısı və orada göstərilən rəqəmlər də ortadadır, Dövlət Statistika Komitəsinin internet saytindakı rəqəmlər də...
Başqa bir misal. Ölkəyə gətirilən avtomobillərə aksiz vergilərinin bu ilin əvvəlindən artırılması ilı bağlı mətbuatda müxtəlif çıxışlar oldu. Yenə də müəlliflərdən biri yazır: “Son dəyişikliyə görə, idxal olunan avtomobillərə tətbiq edilən yeni aksiz dərəcələri istehlakçıların xərclərini mühərrikin həcmindən asılı olaraq ən azı 100 manat və ən çoxu 13300 manat artıracaq.” Sual olunur: 13300 manat qiymət artımı haradan götürülüb? Bunu necə hesablayıb müəllif? Həqiqətdə mühərrikinin həcmi 5000 kubsantimetr olan avtomobillərdə qiymət artımı 13300 manat deyil, 7300 manat təşkil edir. Bu rəqəmi 6000 manat şişirdib cəmiyyətə təqdim etmək kimə baş ucalığı gətirir? Bax, bunu başa düşmək olmur.
Bəziləri daha irəli gedərək rəqəmlərlə manipulyasiyanı maksimum həddə qaldırıblar. Dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsini Azərbaycan üçün fəlakətə çevirənlərdən biri yazır: “Azərbaycan büdcədən maaşlara ildə 6 milyard ayırıb. Əslində neft sektoru nəzərə alınmasa Azərbaycan maaşlara 1 milyarddan artıq pul ayıra bilməz. Deməli, maaşlara ayrılmış əlavə 5 milyard neftin satışından gələn pullardır.”
Əvvəla Azərbaycanın Dövlət büdcəsindən büdcə təşkilatlarının əmək haqlarının ödənilməsinə 2015-ci ildə 6 milyard deyil, 3,45 mlyard manat və ya 4,4 mlyard dollar həcmində vəsait nəzərdə tutulub. İkincisi isə dəfələrlə desək də eşitmək istəməyənlərə bir daha xatırladırıq ki, Neft Fondundan daxilolmalar nəzərə alınmadan Azərbaycanın büdcəsi kifayət qədərdir ki, bütün əmək haqları və digər müvafiq ödənişlər vaxtında ödənilsin. Bir daha qeyd edirik, 90-cı illərin sonuna yaxın illik büdcəsinin həcmi 1,0-1,2 mlyard ABŞ dolları olduğu halda Azərbaycan dövləti büdcədən əmək haqlarının və müavinətlərin ödənişini vaxtında həyata keçirə bilirdisə, indi bunu çox asnlıqla edəcəkdir. Çünkü indiki büdcə neftdən gələn bütün daxilolmalar (Neft Fondundan birbaşa transferlər və neft sektorundan yığılan vergilər) nəzərə alınmasa belə, həmin dövrün büdcəsindən on dəfəyə qədər artıqdır. Digər tərəfdən, neft sənayesindən daxil olan vergilər nə üçün nəzərə alınmamalıdır? Neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsi ilə əlaqədar bu vergilərin həcmi də bir qədər azala bilər ki, bu da normal hal sayılmalıdır. Deməli, neft sənayesindən daxil olan vergilər də nəzərə alındıqda Azərbaycanın Dövlət büdcəsinin imkanları daha da artıq olmalıdır.
Cəmiyyət qarşısında məsuliyyətsiz çıxışlar heç kimə baş ucalığı gətirə bilməz. Hesab edirik ki, özünə hörmət edən hər bir kəs mətbuatda səsləndirdiyi rəqəmlərin məsuliyyətini dərk etməlidir. İnsanlarda xof yaratmaq xatirinə rəqəmləri şişirtmək özünə hörmətsizlikdən başqa bir şey ola bilməz. Belə müəlliflər unutmamalıdırlar ki, “sadə çoxluğa” hesabladıqları bu cür çıxışları mütəxəsis olanlar və bu işlərin içində olanlar da oxuyurlar”.