İqtisadçılardan sabiq nazirə kəskin cavablar
Azərbaycanın keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin rəhbəri Fikrət Yusifov ölkənin tanınmış iqtisadçılarına qarşı ağır ittihamlar irəli sürüb.
"Xeberinfo.com": Məlumata görə, o, “Yalançı rəqəmlərlə oynayan “ekspertlər” kimi aldadır?” adlı yazı ilə çıxış edərək iqtisadçı ekspertlərin son günlər verdiyi açıqlamaların kökündən yanlış olduğunu qeyd edib.
Bu yazı ilə bağlı iqtisadçı ekspertlərin cavabı özünü çox gözlətməyib.
İqtisadçı-alim Qubad İbadoğlu AzNews.az-a açıqlamasında deyib ki, istənilən ixtisas sahibinin özü və peşəsi dürüst olanda onun şərhləri də inandırıcı görsənir.
“Mən Fikrət Yusifova uzun fasilədən sonra bizim yazdıqlarımızın oxucusuna çevrilməsinə görə minnətdarlıq edirəm. Onun yazısında bir çox iqtisadçıların "bostanına daş" atılır. Mənim daşım görünür ağırdır. Ona görə də mənim 1 ay bundan əvvəl beynəlxalq güzgü metodologiyası ilə apardığım Azərbaycanın 2008-2013-cü illər üzrə idxal əməliyyatlarının təhlilinin nəticələrinin üzərinə "şübhə" salınır. Bir vaxtlar onunla bağlı qoyulan suallara cavab verdim və bir daha deyirəm ki, mən tədqiqat aparanda çalışıram ki, bir mənbədən deyil, çoxsaylı mənbələrdən istifadə edim və həmin mənbələri də mətbuata açıqlayım. Əgər başa düşməyiblərsə və əlavə izahata ehtiyac varsa, o yazını yenidən oxusunlar. Başa düşməsələr də başa sala bilərəm. Nəzərə alsınlar ki, mən bu tədqiqati yalnız Azərbaycan üçün deyil, ayrı-ayrı hökumətlərin sifarişi ilə başqa dövlətlər üçün də aparmışam və nəticələr də dərc olunub”, - deyə Qubad İbadoğlu vurğulayıb.
İqtisadçı Zöhrab İsmayıl isə AzNews.az-a bildirib ki, yeni nəslin Fikrət Yusifovun yüksək dövlət vəzifələrində işlədiyi dövrlər haqda yəqin geniş məlumatı yoxdur: “Bizim bəzi media qurumlarımız onu tanınmış və peşəkar bir adam kimi təqdim etmək istəyirlər. Amma əslində o, Azərbaycanın ən uğursuz maliyyə naziri və iqtisadçısı kimi tarixə düşüb. Yusifov yeni nəsil iqtisadçılarına tez-tez hücumlar etməyə çalışır. Amma dövlət büdcəsi və iqtisadi göstəricilərlə bağlı elementar məsələlərdə məlumatsızdır və ya məlumatları qarışdırır. 2014-ci ilin noyabrında o deyirdi ki, neftin qiyməti bu il 70-80 dollar olacaq, amma gördüyünüz kimi hazırda 50 dollardır. O biri tərəfdən, o hay-küylə yazdığı yazılarda yeni nəsil iqtisadçılarının fikirlərini təhrif edir və sonra ona fikir bildirir. Heç kəs demir ki, 2015-ci ildə Azərbaycanın dövlət büdcəsinin əmək haqqı və müdafiə olunan sosial xərclərini ödəmək imkanı yoxdur. Əksinə deyilir ki, bu imkan var. Amma dövlət büdcəsi yalnız bu xərclərdən ibarət deyil. Müdafiə xərclərimiz var, ən əsası tikinti üçün böyük vəsaitlər ayrılıb. Ekspertlər də deyir ki, məhz bu tikinti xərclərində ciddi problemlər olacaq. Bunu əslində, hökumətin müxtəlif rəsmiləri də gizlətmirlər. Bu halda Yusifovun Roma Papasından artıq katolik olma çabaları gülünc görsənir”.